Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Səhv səcdəsi barədə

SUAL:
Salam Aleykum Səhv səcdəsi namazda salamlardan əvvəl edilməli idisə, unudulsa, salamlardan sonra edilə bilərmi?
CAVAB:

Vaaleykum salam va rahmatullah!

Sualın cavabında qısa olaraq onu deyək ki, bəli, bu halda səhv səcdəsi salamlardan sonra da edilə bilər.

Ümumiyyətlə səhv səcdəsinin salamlardan əvvəl, yaxud sonra edilməsi haqda alimlər ixtilaf etmişlər. İmam Şəfi bu  rəydədir ki, səhv səcdəsi daima salamlardan əvvəl edilməlidir. Bu, əksər fəqihlərin, xüsusən də, qədim dövrün Mədinə alimlərinin: Yəhya ibn Səid və Rabianın rəyidir. Tabiinlərdən Məkhul, Zuhri, Auzai və İbn əl-Museyyəbdən rəvayət olunan da məhz bu rəydir. İmam Əbu Hənifə, Nəxai və Sufyan əs-Souri; bir sözlə Kufə fəqihləri isə bu rəyin tam əksini müdafiə etmişlər. Ancaq bəzi alimlər bu fikirdədirlər ki, namazda nə isə əksik edildikdə (məsələn, təşəhhüdə oturmadan qalxdıqda) səhv səcdəsi salamlardan qabaq, nə isə artıq edildikdə  salamlardan sonra edilməlidir. Bu, imam Məlikin, Muzəninin və Əbu Sourun rəyidir. İmam Əhməd  də bu rəyə yaxın olmuşdur. Ancaq o və İshaq ibn Rahaveyh hədislərdə gəldiyi kimi əməl etməyi daha münasib bilmişdir (“əl-Fətava” 23/24-25).

Əgər səhv səcdəsinin nə zaman - salamlardan qabaq və ya sonra ediləcəyi bilinməsə və ya unudulsa, o zaman səhv səcdəsinin ya salamlardan qabaq ya da sonra edilməsində heç bir problem yoxdur. Çünki, yuxarıda izah edilmiş qaydaya əsasən səhv səcdəsinin bəzən salamlardan qabaq, bəzən isə sonra edilməsi vacib olan bir şərt yox, sadəcə olaraq sünnətə daha müvafiq olan bir formadır. Bu barədə Nəvəvi demişdir: “Qazi İyad və məzhəbimizin alimləri belə demişdir: Səhv səcdəsinin salamlardan qabaq yoxsa sonra edilməsində ixtilaf edən bu alimlərin arasında heç bir ixtilaf yoxdur ki, əgər, namazda səhvən yol verilən hər hansı bir əksiklik və ya artıqlıq səbəbi ilə səhv səcdəsi salamlardan qabaq ya da sonra edilsə, hər iki halda da namazı keçərlidir. Alimlərin səhv səcdəsinin salamlardan qabaq və ya sonra edilməsində olan ixtilafları isə, bu iki haldan hansının daha əfzəl olduğu ətrafındadır” (Nəvəvi “Şərhu Səhihi-Müslim” 5/56-57).