Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Bizim haqqımızda

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Əziz saytımızın ziyarətçisi! İlk öncə Allahdan bu saytı və əhatə etdiyi məlumatları hər kəs üçün faydalı etməsini istəyirik. Həqiqətən də bərəkət də müvəffəqiyyət də Allahdandır.

Bildiyimiz kimi hər bir müsəlmanın öz dinini doğru şəkildə öyrənib maariflənməsinə ehtiyacı vardır. Bu, ən birinci onun özünün daha sonra isə ətrafının Allahın sevib razı qaldığı şəkildə Ona ibadət etməsi üçündür. Bu yolda isə insan addımlarını müəyyən bir tərtiblə qoymalıdır ki, bu tərtibdə ilk və ən böyük yeri Tövhid alır. Allaha etdiyimiz hər bir ibadətin qəbul olunması üçün iki şərt mövcuddur. Bunlardan biri Tövhid, digəri isə o ibadəti Peyğəmbərimiz Muhəmmədin (salləllahu aleyhi va səlləm) etdiyi kimi etməkdir, bir sözlə desək – şəriətə müvafiq olaraq.

Tövhidə gəldikdə isə o – Allahdan başqa ibadət olunanları inkar etmək və yalnız Allaha ibadət etməkdir. Lakin bu söz, qısa tərifindən fərqli olaraq, daha geniş mənaları və daha çox məsələləri özündə əhatə edir. Tövhidə zidd olan isə şirkdir. Şirk Allahla yanaşı ibadətdə kimisə Ona bərabər tutmağa deyilir. Bir müsəlmanın da şirkdən son dərəcə həzər etməsi gərəkdir. Bu da Tövhid və Şirk barəsində dərin məlumatlara yiyələnmədən baş verməsi qeyri-mümkün olan bir şeydir. Həmçinin insan bilməlidir ki, yalnız Allahın bəxş etməyə qadir olduğu dünya və axirət səadətinə, qəlb rahatlığına, problemlərdən qurtulmağa və s nailiyyətlərə insan yalnız Tövhidi doğrultmaqla nail ola bilər.

Elə saytımızın da əsas hədəfi – Tövhidi, onun əhəmiyyətini və əhatə etdiyi məsələləri böyük İslam alimlərinin qələmindən öz dilimizə tərcümə edərək insanlara çatdırmaqdır.

Yuxarıda da qeyd etdiyimiz kimi ibadətin qəbul olunması üçün olan şərtlərdən ikincisi, həmin ibadəti şəriətə müvafiq olaraq yerinə yetirməkdir. Beləki əgər bir insan, etdiyi ibadəti şəriətdə olmayan bir formada edərsə, bidət etmiş olar ki, bidət olduqca təhlükəli qapılardan biridir.

Sonda onu da qeyd edək ki, digər YouTube kanallarından sayta yerləşdirilən materiallar mövzuya uyğun və ictimai olduğu üçün istifadə edilmişdir. Materialları götürərkən əsas meyar onların şəriət dəlillərinə və faktlara müvafiq olmasıdır. İstifadə etdiyimiz YouTube kanallarının digər videolarına görə saytımız məsuliyyət daşımır.