Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Quranın doğruluğuna dair sübutlar

1. Quran ərəb millətinin ilk yazılı mənbəyi sayılır. Belə ki, ondan əvvəl ərəblərin əlində hər hansısa bir yazı nümunəsi yox idi. Bu faktın özü sübut edir ki, Peyğəmbər ﷺ özündən əvvəlki heç bir yolu təqib etməmiş, heç bir nümunədən örnək almamışdır. Beləcə yazıb-oxumağı bacarmayan Məhəmməd, yazı-pozu ilə heç bir tanışlığı olmayan bir xalqa (bütün tarixin axarını dəyişəcək) bir kitab gətirdi. O ﷺ, savadsız bir toplumun içində yetişmiş, onların məclislərində iştirak etmiş, onlar kimi ömür sürmüş yazması və oxuması olmayan bir insan idi. Nə elmlə, nə də alimlərlə bir bağlılığı vardı. Ömrünün qırx ildən çoxunu bu şəkildə keçirmişdi. Bu müddət ərzində ondan nə bir şeir qoşduğu, nə bədahətən nitq söylədiyi, nə də zamanının bəlağət ustalarından rəvayət olunan sözlərə bənzər bir söz söylədiyi eşidilmişdi. Sonra isə qəfildən ortaya çıxaraq insanlara həyatı boyunca heç tanış olmadığı, bircə hərfini belə dilə gətirmədiyi həqiqətlərdən danışmağa başladı. Onlara qədim dövrlərin xəbərlərini, keçmiş elçilərin hekayələrini, insanlara təbliğ etdiklərinin mahiyyətini, dünya və axirətin həqiqətini xəbər verdi. İndi hansı məntiq bu yeni elmi mərhələni həmin o savadsız keçmişin təbii bir nəticəsi kimi qəbul edə bilər? Ağıl və məntiq nöqteyi-nəzərindən bu qaçınılmaz bir həqiqətdir ki, bu cür kəskin bir dəyişimin arxasında, insanın daxili aləmindən və köhnə biliklərinin hüdudlarından kənarda axtarılmalı olan başqa bir sirr dayanır.
2. Peyğəmbərin ﷺ kəlamındakı, xütbələri və məktublarındakı üslub hər kəsə məlumdur və bunların hamısı nəql olunmuş və qorunub saxlanılmışdır. Lakin burada olan dil üslubu tamam başqa, Quranda olan üslub isə tamamilə başqadır. Sanki iki ayrı aləmdir: bədiilik və bəlağət baxımından nə Quran ona bənzər, nə də ki, o, Qurana yaxın düşər.
3. Yusif, Musa, Davud, Süleyman, Əyyub, İsa (Allahın onlara salamı olsun!) kimi peyğəmbərlərin, eləcə də onlardan əvvəlkilərin qissələri ərəb xalqının mədəni irsində nəql olunmurdu; onlar bu tarixin təfərrüatlarına bələd deyildilər. Ərəblərin biliyi yalnız ulu babaları İbrahim və İsmayıl haqqındakı məlumatlarla məhdudlaşırdı. Lakin bu qissələr Quranda bütün təfərrüatı ilə aşkara çıxdı: "Bunlar, sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl onları nə sən, nə də sənin qövmün bilirdi" (Hud surəsi, 49). Elə isə sual olunur; Məhəmməd ﷺ bu bilikləri haradan almışdı?
4. Nə özünün, nə də qövmünün bələd olmadığı keçmişin xəbərlərini çatdırdığı kimi, o ﷺ, həm də gələcəyə aid elə sadiq vədlər verdi ki, o vədləri söylədiyi gün onlara dair nə bir ipucu, nə də bir işarə var idi. Bunlar bir insanın mücərrəd ağıl və hiss ilə əldə edə biləcəyi məlumatlar deyildi. O, keçmişə dair nə dedisə, tarixin şahidliyi onu təsdiq etdi; gələcəkdən nə xəbər verdisə, gələcək illər və əsrlər onun doğruluğuna şahidlik etdi; Xaliqdən, mələklər və qeyb aləminin sirlərindən nə danışdısa, əvvəlki peyğəmbərlər və kitablar onu eynilə təsdiqlədi.
5. Məlumdur ki, Peyğəmbərin ﷺ ömür yolu çox ağır sınaqlardan keçmişdi; qızı Fatimədən başqa bütün övladları o sağ ikən vəfat etmişdi. Həyatında və qəlbində çox böyük yeri olan zövcəsi, xanım Xədicə isə ömrünün ən çətin anlarında dünyasını dəyişmiş və onu tək qoymuşdu. Lakin bütün bunlara rəğmən, Qurani Kərimdə bu hadisələrin heç birinə – nə övladlarının, nə də yoldaşının vəfatına dair tək bir kəlməyə belə rast gəlinmir. Halbuki bu itkilər ona böyük acı vermiş və ruhunu sarsıtmışdı. Əgər Quran onun şəxsi yaradıcılığının məhsulu olsaydı, o zaman onun qəlbindəki bu sarsıntılar və psixoloji yaşantılar mütləq ayələrin ruhuna da yansımış olardı.
6. Həmçinin Quran oxucusu böyük bir təəccüblə şahid olacaq ki, bu kitabda nə Peyğəmbərin ﷺ anasının adı, nə çox sevdiyi yoldaşının, nə də qızlarının adları zikr olunmuşdur. Hətta onun ən yaxın sirdaşı sayılan Əbu Bəkr, əmisi oğlu Əli və ya əmisi Həmzə kimi ən yaxın səhabələrindən belə heç birinin adı orada keçmir. Əksinə, Quranda təkrar-təkrar zikr olunan adlar və ancaq peyğəmbərlərin – İbrahimin, Musanın, İsanın və digərlərinin mübarək adlarıdır. Quranda adı birbaşa qeyd olunan, ismi təkrar-təkrar vurğulanan və bütöv bir surəyə adı verilən yeganə qadın isə İsa peyğəmbərin anası Məryəmdir. Bütün bunlar bir daha sübut edir ki, Məhəmməd ﷺ özünə nazil olanları öz iradəsi ilə öz istəyinə uyğun seçmirdi; o, vəhyi sadəcə qəbul edir və ona necə çatdırılıbsa, o şəkildə də insanlara bəyan edirdi. Xülasə, bu Quran, Allahın özündən əvvəlki peyğəmbərlərə vəhy etdiyi kimi, Məhəmməd peyğəmbərə ﷺ də nazil etdiyi bir vəhydir. Məhəmmədin ﷺ bu vəhydəki tək rolu onu qəbul etmək və olduğu kimi insanlara çatdırmaqdan ibarət idi: "Bu Quran Allahdan başqası tərəfindən uydurulmuş bir kitab deyildir. Lakin o, özündən əvvəlkiləri (Tövratı, İncili) təsdiqləyən və aləmlərin Rəbbi tərəfindən nazil edilmiş və heç bir şəkk-şübhə olmayan hökmlərin (halal-haramın) təfərrüatlı izahıdır" (Yunus surəsi, 37). Şübhəsiz ki, Quran Məhəmmədin ﷺ özündən gəlmiş bir kəlam deyil, əksinə, Məhəmmədə ﷺ gəlmiş bir kəlamdır. O, Peyğəmbərin ﷺ qəlbindən çıxmamış, əksinə, onun qəlbinə Allah tərəfindən feyz edilmişdir.