Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Nə üçün Qurani-Kərimdə "göyqurşağı" sözü qeyd olunmayıb?

Cavab: Bu şübhəyə cavabımız iki aspektdən olacaqdır:
Birincisi: Qurani-Kərim hidayət və dini qanunlar toplusu olan kitabıdır. Bu kitab biologiya, kimya, fikiza zoologiya və ya astronomiya kitabı deyil; Ona görə də, bu kitabın əsas mahiyyəti etiqad, inanc, hidayət, dini hökmlər, dini qanunlarla bağlı məsələləri çatdırmaqdır. Zatən Qurani-Kərimin dünyəvi elmlərin təfsilatlarını vermək kimi bir öhdəliyi də yoxdur. "Biz bu kitabda heç bir şeyi ehmal etmədik" (Ənam. 38) ayəsi Qurani-Kərim kitabına deyil, səmada olan "Lövhi-Məhfuz" kitabına aiddir ki, Allah o kitabdan danışır. Yəni, uca Allah göyləri və yeri yaratmazdan əvvəl hər şeyin qədərini (ölçüsünü), məxluqatın əcəllərini və ruzilərini Lövhi-Məhfuza yazmışdır.
Biz "Qurani-Kərimi təfsiri ilə oxumaq lazımdır" deyəndə, belə incəlikləri anlamağı da nəzərdə tuturuq. Çünki ayələrin nazil olma səbəblərini bilmədikdə hərfi oxunuş yanlış anlaşılmaya gətirib çıxarır. Əvvəlki yazılarımızda olduğu kimi, bu yazımızda da qeyd etmək istərdik ki, kimsə Azərbaycanın Konstitusiyasında "nə üçün zürafələrdən və ya göyqurşağından danışılmayıb?" - deyə sual vermir, heç bu barədə düşünmür belə, lakin söhbət ilahi qanunlar kitabı olan Qurani-Kərimdən gedəndə, dənizdəki suitiləri belə bəzilərinin yadlarına düşür, gah Qurani-Kərimi "Zoologiya", gah "Biologiya", gah da "Astronomiya" kitabı kimi təsəvvür etməyə başlayırlar.
İkincisi: "Göy qurşağı"na ərəbcə "qövs-i quzeh" قوز قزاح deyilir. Bu ifadə Qurani-Kərimdə qeyd olunmamışdır. "Quzeh" sözü əslində cahiliyyə dövründə (müşrik) ərəblərin "hava və yağış tanrısı"na işarə edirdi. Bu səbəbdən qədim müşrik ərəblər bu təbii hadisəni həmin inanc ilə əlaqələndirmək üçün bu addan istifadə edirdilər. Qurani-Kərim isə insanları köhnə əsatirlər və ya inanclarla bağlı adlar üzərində dayanmadan, yalnız Allahın yağış, bulud, gecə ilə gündüzün növbələşməsi kimi ümumi ayələri, nişanələri barədə düşünməyə yönəltmişdir. Ona görə də deyirik ki, bu şübhənin ortaya atılmasının əsas səbəbi Qurani-Kərimin təbiətini bilməməkdən irəli gəlir. Çünki, Qurani-Kərim detalları deyil, ümumi qaydaları zikr edir: Qurani-Kərim hər bir təbii hadisəni öz adı ilə sadalayan bir "meteorologiya və hava proqnozu" kitabı da deyil, o, yuxarıda da qeyd etdiyimiz kimi, bir hidayət kitabı, ilahi qanunlar toplusu olan bir kitabdır.
Bəzi Qurani-Kərim araşdırmaçıları qeyd edirlər ki, Qurani-Kərim göyqurşağının əsas kökü olan şeyi, yəni "yağış", "bulud" və "rənglərin müxtəlifliyini" zikr etmişdir. Məsələn, Uca Allahın bu ayəsində olduğu kimi: "Məgər Allahın göydən yağmur endirdiyini və onunla müxtəlif rəngli meyvələr yetişdirdiyimizi görmürsənmi?!..." (Fatir. 27). "Göyqurşağı" isə sadəcə bu asılı vəziyyətdə qalan yağış damcılarında işığın sınmasının təbii və fiziki nəticəsidir. Ayəni tam oxuduğumuz zaman onun növbəti hissəsində yenə rəngbərəng dağlar haqqında məlumat verilir: "Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara cığırlar əmələ gətirdik". (Fatir. 27). Bu öz yerində... Amma biz Qurani-Kərimdən bütün təbiət hadisələri və ya bütün fiziki, kimyəvi detallar üzərində dayanmağı tələb edə bilmərik, baxmayaraq ki, Qurani-Kərimdə bəzi təbiət hadisələrinə də toxunulmuşdur. Bu ilahi kitabın əsas qayə və məqsədi təbiət hadisələrinin hamısını qeyd etmək olmadığı üçün Qurani-Kərim bəzi qeydləri etməklə kifayətlənmişdir.
Bir də, əgər biz Qurani-Kərimdə bütün təbiət hadisələrinin və elmi məsələlərin qeyd olunmasını tələb etsək, o zaman gərək bu kitab 600 səhifə deyil, yüzminlərlə səhifə olsun. O zaman isə, bu kitab ilahi qanunlar kitabı olmaqdan çıxıb dünyəvi elmlər ensiklopediyasına çevrilərdi ki, belə bir iddianı etmək nə əqli cəhətdən, nə də dini cəhətdən məqbul deyil.


Yazdı: Sahib Əsədov