Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Tarixin Gizli Səhifəsi, Yoxsa Qondarma Əfsanə? Ümmü Qirfə məsələsi
Şübhə: Əgər Muhəmməd ﷺ peyğəmbər rəhmət peyğəmbəridirsə, o zaman necə ola bilər ki, o onu tənqid edən bir yaşlı qadını ikiyə bölüb öldürülməsini əmr edib?
Cavab: Bu şübhəni İslam dünyasında adətən xristianlar müsəlmanları dinlərində şəkk-şübhəyə salmaq üçün gətirirlər. Lakin, görünür bizim ateistlər bu şübhəni hardansa eşidib tələm-tələsik yaymağa çalışıblar. Lakin nə bu rəvayətin batil olduğunu, nə də bu şübhədə öz həqiqətini tapmayan bir məzmun və kontekstindən çıxarılmış məlumatların olduğunu bilməyiblər. Ümumiyyətlə o qadının, Ümmü Qirfənin - əsl adı Fatimə binti Rabiadır(1) – Peyğəmbəri ﷺ sadəcə tənqid etməsinə görə öldürülməsi yalandır, onun cəsədinin ikiyə bölünməsi və ya cəsədinə işkəncə verilməsi də yalandır, nə də peyğəmbər ﷺ ona işkəncə edilməsini əmr etmişdi. Mümkün deyil ki, Allahın elçisi ﷺ onu tənqid edən bir insanı qətlə yetirsin, özü də durduğu yerdə ona nə isə cəza verilməsini tələb etsin! Bu, məhz emosionallıq üzərində qurulmuş şübhədir və batil, yalan bir rəvayətə əsaslanır. Rəhmət peyğəmbəri olan Muhəmməd ﷺ peyğəmbərin döyüş əxlaqından və bu mövzuda olan sünnəsindən məlumdur ki, ümumiyətlə o döyüşməyən kateqoriyadan olanları, xüsusən də yaşlı qadın və kişiləri daim toxunulmaz saxlamış, öz səhabələrinə onları qorumağı tövsiyə etmişdir. Peyğəmbərdən ﷺ sonra da onun xəlifələri bir Peyğəmbər tövsiyəsi olaraq yaşlılardan müsəlmanlar əleyhinə döyüşənlər xaric olmaqla döyüş zamanı olsa belə heç kimə toxunmamışdılar. Amma döyüşə təhrik edən, müsəlmanlar əleyhinə döyüş propoqandası edənlərin bu şər əməlləri İslam tarixində nəzərə alınmış, əli silah tutmasa da müsəlmanlara qarşı cəbhədə yer alanlar, döyüşə təhrik edənlərlə etməyənlər arasında fərq qoyulmuşdur. Ümmü Qirfə müsəlmanlara qarşı döyüşə təhrik edən biri idi. Döyüşə təhrik etməklə kifayətlənməmiş, müsəlmanlar əleyhinə vuruşacaq dəstənin əmələ gəlməsinin səbəbkarı məhz o idi. O öz qövmündə nüfuz sahibi olub bu propoqandanın başında dayanan əsas şəxs idi. Tarix kitablarında qeyd olunur ki, onun oğullarından və nəvələrindən ibarət 40 nəfərlik bir dəstə müsəlmanların üzərinə hücum etmək üçün məhz Ümmü Qirfə tərəfindən göndərilmişdi. Ona görə də o, İslam şəriətinə görə döyüşə heç qarışmayan yaşlı kəslərdən hesab olunmamışdır. Yəni, peyğəmbər üzərinə dəstə, ordu göndərmək hara? Onu tənqid etmək hara? Təhrifin böyüklüyünü yəqin ki görmək çətin deyil. Şübhəni gətirənlər mövzunu təhrif edir edib elə təqdim edirlər ki, sanki Ümmü Qirfə nə vaxtsa ağzından peyğəmbərə ﷺ qarşı bir xoşagəlməz söz işlədib, guya bu söz peyğəmbərin ﷺ qulağına çatıb və onun bu tənqidə qarşı qəlbi sıxılıb, guya rəhmət hislərinə sahib çıxa bilməyib. Təsəvvür edə bilirsinizmi? Sənin üstünə səni öldürmək üçün ordu göndərən biriylə səni haçansa bir sözlə tənqid edəni müqayisə etmək doğrudurmu? Amma təəssüflər olsun ki, din əleyhdarları şübhəyə məhz belə bir don geyindirirlər. Buradan da emosional şübhə atanların bu yaşlını "mələk" kimi təqdim etmələri yalanı ortaya çıxır. Üstəlik də bəzi mənbələr onun təkcə İslam əleyhinə vuruşan deyil, həm də mürtəd hökmündə olduğunu bildirir. Çünki o, həmin rəvayətlərə əsasən Uhud döyüşündən öncə müsəlman idi(2), sonradan İslam dinini tərk edir və müsəlmanlara qarşı vuruşmaq propoqandasının başında durur. Onun mürtəd olması haqqında rəvayətlər də alimlərə görə zəifdir. Bəzi rəvayətlərdə isə Ümmü Qirfənin Peyğəmbər zamanında deyil, Əbu Bəkrin (Allah ondan razı olsun) mürtədlərə qarşı vuruşması zamanı qətl edildiyi bildirilir. Lakin ümumilikdə hədis mütəxəssislərinə görə, bu mövzuda, istər Peyğəmbərin ﷺ zamanında, istər də Əbu Bəkrin zamanında Ümmü Qirfənin öldürülməsi haqqında mötəbər bir rəvayət yoxdur. İndi isə keçək şübhənin bəzi detallarının daha ətraflı şəkildə çözülməsinə:
Birincisi: Gəlin, əslində bu hadisənin necə baş verməsinə nəzər yetirək; İbn Əsakir (Təbəriyə istinadən) və İbn Hişamın tarix kitablarındakı rəvayətlər göstərir ki, Ümmül-Qifra öz oğul-uşaqlarından toplanan 40 nəfərlik miniklə təchiz edilmiş bir dəstəni müsəlmanlara qarşı vuruşmaq üçün göndərir(3). Bu döyüşün səbəbi haqqında üç iddia irəli sürülür:
1 – Ümmü Qirfənin öz dəstəsini Peyğəmbəri öldürmək üçün göndərməsi (İbn İshaq və Zəhəbinin rəvayətlərinə əsasən).
2 – Fəzarə qəbiləsinin müsəlmanlara qarşı Əhzab döyüşündə iştirak etmələri (Bu hadisə çoxsaylı məşhur rəvayətlərlə sabitdir) .
3 – Daha məşhur olan iddia isə, Ümmü Qirfənin Peyğəmbərin ﷺ əshabının Şamdan qayıdarkən (qafilənin başlarında Zeyd ibn Harisə idi) Qura vadisindən keçərkən onların üzərinə hücum edib quldurluq edən, mallarını yağmalayıb özlərini döyən, bəzilərini isə öldürən bir dəstə göndərməsi göstərilir(4). Bunun üzərinə Peyğəmbər ﷺ də bir dəstə hazırlayıb Zeyd ibn Harisənin (Allah ondan razı olsun) komandanlığı altında Ümmü Qirfənin yaşadığı Fəzarə qəbiləsinin üzərinə göndərir. Bu hadisəni Peyğəmbərin ﷺ məşhur səriyyə döyüşləri(5) barədə mötəbər mənbələrə əsasən məqalə yazmış misirli tarixçi professor Nədiyə Həsəni Saqr deyir:
"Zeyd ibn Harisənin "Qura" vadisində(6) olan Ümmü Qirfə üzərinə hərbi yürüşü: Ramazan ayı, hicri təqvimlə 6-cı il (miladi 627-ci il). Zeyd ibn Harisə Şamdan ticarət məqsədilə qayıdarkən yolda Bəni Bədr qəbiləsindən olan Fəzarə oğulları onun qarşısını kəsmiş (ona qarşı quldurluq etmiş), onu döyərək mallarını əllərindən almışdılar. Buna görə də o, Mədinəyə əliboş qayıtmışdı. Elə bu səbəbdən Peyğəmbər ﷺ Ramazan ayında Zeyd ibn Harisəni bir dəstə müsəlmanla Qura vadisi istiqamətinə göndərmişdi. Bu hərbi dəstə Bəni Bədr qəbiləsindən qisas almağa müvəffəq olmuş, Rəbiə ibn Bədrin qızı Fatimə adlı yaşlı bir qadını isə əsir götürmüşdü. Zeyd və səhabələrinə qarşı kişilərini təhrik etdiyinə görə onun (Ümmü Qirfə) aqibəti ölüm olmuşdu(7).
İkincisi: Nəql edilən rəvayət batildir, mütəxəssis hədis alimləri yekdil şəkildə bunu qeyd etmişlər:
Ümmü Qirfənin iki yerə bölünməsi haqqında rəvayəti mütəxəssis alimlərin heç biri qəbul etməyiblər. Bu rəvayətdə bir neçə aspektdən problem olduğunu bəyan ediblər:
1 – Qeyd olunan rəvayəti Təbəri Vaqididən götürüb, ona istinad edib. Vaqidi haqqında isə alimlər kəskin sözlər deyiblər. Buxari onun "mətrukul-hədis" (yazdığı hədislərin tərk edilmiş) olduğunu, imam Əhməd onun "kəzzab" (yalançı) olduğunu, Yəhya ibn Məin onun "zəif" olduğunu, Əli ibnil-Mədini onun "mətrukul-hədis" (yazdığı hədislərin tərk edilmiş) olduğunu, imam Müslim də onun "mətrukul-hədis" olduğunu, İshaq ibn Rahaveyh onun "hədis uydurduğunu" demişdir. Vaqidi haqqında başqa şiddətli sözlər də çoxdur. Belə olduğu halda Vaqididən bu rəvayəti necə qəbul etmək olar?
2 – Bunun əksini deyən və ziddiyyət təşkil edən rəvayətlər var; İbn Həcər əl-Əsqalani (Allah ona rəhmət etsin) demişdir: "Elə eyni yerdə Təbəri, Bəni Fəzarə qəbiləsinə hücum edən hərbi dəstənin rəhbərinin Əbu Bəkr ibn Əbu Quhafə olduğunu bildirən başqa bir rəvayət nəql edir ki, bu da yürüşün Zeyd ibn Harisənin komandanlığı altında olduğunu deyən əvvəlki rəvayətlə ziddiyyət təşkil edir. Hətta Beyhəqi və Darəqutni kimi digər alimlər qeyd edirlər ki, Ümmü Qirfənin öldürülməsi Əbu Bəkr ibn Əbu Quhafanın xilafəti dövründə baş vermişdir, o, İslamdan dönmüş (mürtəd olmuş), tövbə etməyə dəvət olunsa da tövbə etməmiş və nəticədə öldürülmüşdür. Başqa rəvayətlər isə onun dindən dönənlər vaxtı öldürüldüyünü söyləyir. Beləliklə, görürük ki, Ümmü Qirfənin həqiqəti barədə tarixi rəvayətlər bir-biri ilə ziddiyyət təşkil edir. Bundan əlavə, onların əksəriyyəti ya "mürsəl" (8), ya da "zəif" rəvayətlərdir ki, hər iki halda onlara istinad edilməz və onlara etibar olunmaz" (9).
3 – İşkəncə ilə əlaqədar başqa mənbələrdə keçmiş heç bir rəvayət mötəbər deyil;
İbn Həcərin "əl-İsabə" əsərindəki rəvayət (c. 4, s. 197). Bu rəvayət əsasən əl-Vaqidi-yə söykənir və o, əvvəldə qeyd olunduğu kimi zəifdir. Zəhəbinin "Siyər" əsərindəki rəvayət (c. 1, s. 228), İbrahim ibn Yəhya və atasının zəifliyi və İbn İshaqın rəvayəti "an`anə" vasitəsilə rəvayət etməsi səbəbilə (kimdənsə eşitmədiyini gizlədərək, "-dən" şəkilçisi ilə qeyd etməsi) isnadı zəifdir. Əz-Zərəklinin "əl-Əaləm" əsərindəki rəvayət (c. 5, s. 131), Zeyləinin "Nəsb ər-Rayə" əsərindəki rəvayətdə (c. 3, s. 459) rəvayətçilərdən Səidin Əbu Bəkri görmədiyi, buna görə də isnadın (münqati) kəsintili olduğu deyilmişdir. Beyhəqinin "Əs-Sünən əl-Kübra" əsərindəki rəvayətin isə (c. 8, s. 204) zəif və kəsintili (münqati) olduğu məlumdur. Zəhəbinin "Mizan əl-İtidal" əsərindəki rəvayət isə (c. 4, s. 406) münkərdir (hədis istilahina görə pisdir).
Bütün bu rəvayətlər eyni isnada, yəni: İbrahim ibn Yəhya ibn Muhəmməd ibn Abbad əl-Mədini, o da atasından, o da Muhəmməd ibn İshaqdan, o da Əz-Zuhridən, o da Urvədən, o isə Aişədən olan silsiləyə malikdir.
Buna da belə cavab verilir ki: Bunların hamısı Məhəmməd bin İshaqdan rəvayət edilmişdir və bu rəvayətin sənədi yoxdur, yəni səhih deyil və ona etibar edilmir. Həmçinin bu rəvayət "Əl-Bidayə vən-Nihayə" və İbn Hişamın "Əs-Sirə" əsərlərində də qeyd olunmuşdur. Necə ki, İbn İshaq "Əs-Sirə Ən-Nəbəviyyə" kitabında bu əhvalatı (Ümmü Qirfənin öldürülməsi) qeyd etmiş, lakin əhvalatın isnadını (ötürücülər zəncirini) göstərməmişdir. Bu səbəbdən də İbn İshaq ilə bu hadisənin baş verdiyi dövr arasında kəsinti (inqita) olduğu üçün bu rəvayət səhih sayılmır.
Qeydlər və istinadlar:
1 – Ümmül-Qifrə: əsl adı Fatimə binti Rabia ibn Bədr ibn Amr əl-Fəzaridir. Bəni Fəzarə qəbiləsindəndir. O, Malik ibn Hüzeyfə ibn Bədr ilə evlənmiş, ondan on üç övladı dünyaya gəlmişdi. Bəzi rəvayətlər isə onun otuz övladı olduğunu bildirir. Ən böyük övladının adı Qifrə idi, elə onun adını da künyə olaraq götürmüşdü. Onun bütün övladları qəbilədə rəhbər şəxslər idilər və onun özü də nüfuz sahibi idi.
2 – İbn Həcər əl-Asqalani "əd-Dirayə fi Təxric Əhadis əl-Hidayə" əsərində (2/417) bu rəvayəti qeyd etmişdir.Darul-Mərifət. Beyrut çapı. Səhifə sayı "Şamil" elektron kitabxanasına da uyğun gəlir.
3 –İbn Əsakir. "Tarixu Dəməşq". 19/364-365; İbn Əsakir öz kitabında bu rəvayətin sənəd zəncirini (isnadını) birbaşa Təbəriyə bağlayaraq nəql edir; İbn Hişamın "əs-Sirə ən-Nəbəviyyə". 4/280. Beyrut nəşri. Darl-Mərifət. Qeyd: Bu rəvayətlərdə Ümmül Qirfənin cəsədinə işkəncə verilməsi haqqında danışılmır. Doğru olan da budur.
4 – Əslində bu üç səbəbin üçünün də bir arada olması mümkündür.
5 – Səriyyə: "Səriyyə" dedikdə, Rəsulullahın ﷺ şəxsən iştirak etmədiyi hərbi yürüşlər nəzərdə tutlur, onun özünün qatılıb döyüşdüyü yürüşlər isə "qəzvə" adlanır. Tarixçilər Peyğəmbərin ﷺ səriyyələrinin və göndərdiyi hərbi heyətlərin sayı barədə fərqli fikirdə olmuşlar. İbn Hişam Peyğəmbərin ﷺ səriyyələrinin və göndərdiyi heyətlərin ümumi sayının otuz səkkiz olduğunu bildirmiş, İbn Səd isə "Ət-Təbaqat" əsərində bu rəqəmin qırx yeddi səriyyə olduğunu qeyd etmişdir. (Tarixçi prof. Nədiyə Həsəni Saqrın "Peyğəmbərin səriyyələri" adlı məqaləsindən).
6 –əl-Qura vadisi (Kəndlər vadisi) Hicaz bölgəsində tarixi vadidir. Coğrafi olaraq Səudiyyə Ərəbistanının Mədinə bölgəsində yerləşən Əl-Ula quberniyasında yerləşir. Vadi Teyma və Xeybər məntəqələri arasında uzanır. Qədim mənbələrdə Mədinə şəhərindən Şama (Levanta) gedən karvan yolunun üzərində yerləşən vadi kimi tanınırdı.
7 – Tarixçi prof. Nədiyə Həsəni Saqrın "Peyğəmbərin səriyyələri" adlı məqaləsindən. السرايا النبوية – أ.د / نادية حسني صقر
8 – Mürsəl: Sənədindəki tabeinin rəvayəti birbaşa Peyğəmbərdən və ya səhabədən rəvayət etməsinə deyilir.
9 – Təhzibut-Təhzib. İbn Həcər əl-Asqalani. 9/366.
Yazdı: Sahib Əsədov
SON ƏLAVƏLƏR