Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Quranın təkzibolunmaz dəlilləri
Allah elə bir peyğəmbər göndərməmişdir ki, onunla bərabər, peyğəmbərliyinin doğruluğuna dəlalət edən və bəşər övladının bənzərini gətirməkdə aciz qaldığı bir nişanə (möcüzə) göndərmiş olmasın. Necə ki, Allah peyğəmbəri Musaya asanı bir ayət (dəlil) olaraq vermişdi; o, asanı yerə atdıqda sürətlə hərəkət edən canlı bir ilana çevrilərdi. Habelə onunla dənizə vurduqda sular yarılıb quru bir yola dönər, daşa vurduqda isə ondan büllur tək su fışqırardı.
İsa peyğəmbərə də özünəməxsus nişanələr bəxş edilmişdi; o, ölüləri dirildər, anadangəlmə korları və cüzam xəstəliyinə tutulanları sağaldardı. Bu cür maddi və gözlə görülən möcüzələr əvvəlki ümmətlərin dövrünə uyğun idi. Lakin Məhəmməd peyğəmbərin ﷺ risaləti təkcə öz dövrünə xas olmadığı üçün ona bəxş ediləcək peyğəmbərlik dəlili də hər bir nəsil və hər bir millət üçün daim təzələnən, əbədi bir möcüzə olmalı idi. Bu da Allahın ona nazil etdiyi Qurandır; peyğəmbərliyinin aşkar dəlili sayılan bir kitab.
Allah rəsulu ﷺ buyurmuşdur: "Elə bir peyğəmbər yoxdur ki, ona bəşəriyyətin (görüb) iman gətirəcəyi bir möcüzələr verilmiş olmasın. Mənə verilən möcüzə isə Allahın mənə vəhy etdiyi vəhydir (Qurandır). Bu səbəbdən qiyamət günü ardıcılları ən çox olan peyğəmbərin mən olacağına ümid edirəm".(1)
Quran Uca Allahın kəlamıdır; Onu Öz elçisinə nazil etmiş, Peyğəmbər də Allahın buyurduğu şəkildə onu insanlara çatdırmışdır. İnsanlar o vaxta qədər bənzərini eşitmədikləri bir kəlam eşitdilər. Uca Allahın kəlamının – həm sözləri, həm də mənası baxımından – bəşər övladının kəlamı ilə müqayisə olunacağını necə düşünmək olar? Təbii ki, Allah kəlamının bəşər kəlamından üstünlüyü, elə Yaradanın Öz yaratdığından üstünlüyü kimidir.
Quran öz bəyanı (ifadə tərzi) ilə seçilən bənzərsiz bir kəlamdır. O, nə şairlərin şeirinə, nə natiqlərin nitqinə, nə də hikmət sahiblərinin kəlamına bənzəyir. O, bənzəri olmayan bir üslubda surələri və ayələri ilə misilsiz bir kəlamdır. Nə ondan əvvəl, nə də ondan sonra gələn heç bir kəlamda belə bir nizam, belə bir ahəng mövcud deyildir.
Onun ayələri heyrətamiz şəkildə öz yığcamlığı ilə seçilir; adətən yalnız uzun-uzadı cümlələrlə izahı mümkün olan böyük məsələləri cəmi bir neçə kəlmə ilə ifadə edir.
Quranın insanlara xitabı da valehedicidir. Onda həm əqli dəlillər, həm də qəlbi duyğulandıran ifadələr vəhdət təşkil edir. O, ağlı dəlillərlə qane edicilik metodu və qəlbi riqqətə gətirən üslubu özündə cəm etmişdir. Məhz buna görə də Quran, onu eşidən hər kəsə öz hökmünü diktə edir; hər kəsi sükutla dinləməyə, dərindən düşünməyə və təsirlənməyə məcbur qoyur.
Bundan əlavə, Quranın bu valehədici xitabı müxtəlif səviyyəli bütün insanları eyni dərəcədə əhatə edir; o, nə zəka sahiblərinin idrakından aşağı, nə də sadə insanların anlaya bilməyəcəyi qədər əlçatmazdır. Çox qəribə bir kitabdır! Hər kəs öz elmi və intellektual səviyyəsi nisbətində ondan öz payını götürür.
İnsan hər hansısa bir mətni, kəlamı təkrar-təkrar oxuduqda, adətən, ondan usanar, lakin Quran istisnadır; onu hər dəfə təkrar oxuduqca ona olan heyranlıq və şövq daha da artır. Hər hansısa bir mətni yenidən mütaliə etdikdə onda olan qüsurlar kəşf olunur, lakin Quran təkrar-təkrar oxunduqca hər dəfəsində onun üstünlükləri üzə çıxır.
Allah elçisi bu Quranı insanlara gətirdiyi zaman, tam bir qətiyyət, arxayınlıq və əminliklə onlara belə deyirdi: "Bu, o kitabdır ki, onda heç bir şəkk-şübhə yoxdur" (əl-Bəqərə, 2). Sonra o, insanların diqqətini bu kəlamın əzəmətinə yönəldərək, onlardan Quranın nizamına və mənasına bənzər cəmi bircə surə gətirmələrini tələb etdi. Daha sonra bu cəhdin nəticəsini onlara öncədən xəbər verdi: "nə qədər cəhd etsəniz də, kimdən kömək istəsəniz də və bunun üçün sizə nə qədər möhlət verilsə də, yenə bunu əsla bacarmayacaqsınız". Uca Allah bu haqda belə buyurur: "Əgər bəndəmizə nazil etdiyimizə (Qurana) şübhəniz varsa, onda ona bənzər (kiçik) bir surə gətirin və əgər doğru deyirsinizsə, Allahdan başqa (köməkçilərinizi) şahidlərinizi də çağırın! Əgər bunu etməsəniz – ki, əsla edə bilməyəcəksiniz..." (əl-Bəqərə, 23-24). Uca Allah buyurur: "De ki: Əgər insanlar və cinlər bu Quranın bənzərini gətirmək üçün bir yerə toplansalar və bir-birinə kömək etsələr belə, yenə də onun bənzərini gətirə bilməzlər" (əl-İsra, 88). Bu meydanoxuma təkcə Peyğəmbər ﷺ ilə öz qövmü olan ərəblər arasında deyildir; bu, onunla bütün bəşəriyyət – müxtəlif dillərə və irqlərə mənsub olan hər kəs arasındadır. Hətta bu, Peyğəmbər ﷺ ilə həm onun öz zamanında, həm də ondan sonra gələcək bütün dövrlərdəki insanların və cinlərin arasındakı bir sınaqdır.
Onun qövmündən olan müşriklər bu tələb qarşısında sarsıldılar. Axı onlar bəlağət və fəsahət sənətini hamıdan yaxşı bilən, kəlamın müxtəlif çalarlarını hamıdan yaxşı tanıyan insanlar idilər. Axı onlar, sözün əsl mənasında, söz sehirbazları idilər. Məhz buna görə də heyrət içində donub qaldılar; hiss etdilər ki, bu, elə bir ali və əlçatmaz kəlamdır ki, oraya yüksəlmək qeyri-mümkündür və heç kəs onun bənzərini gətirməyə cəhd etməyə belə cürət edə bilməz.
Quranın nazil edildiyi və bu tələbin elan edildiyi o gündən bu günə qədər onun bənzərini gətirmək üçün heç bir ciddi cəhd göstərilməmişdir və bundan sonra da əsla göstərilməyəcəkdir.
Bu ilahi kitabın – Quranın təsiri və valehedici gücü hələ də davam etməkdə və özünü göstərməkdədir. Belə ki, bu gün İslamı qəbul edən ziyalı insanların, mütəfəkkirlərin əksəriyyəti məhz Quranı oxuduqdan və onun mənalarından – hətta o mənaları başqa dillərə tərcümə olunmuş variantda oxusalar belə – təsirləndikdən sonra müsəlman olmuşlar. Qurandan təsirlənən insanlara nəzər salsanız, görərsiniz ki, onları hidayətə gətirən tək bir ayə və ya hamısına eyni dərəcədə təsir edən vahid bir mövzu yoxdur. Əksinə, hər kəsin Quranla bağlı özünəməxsus bir xatirəsi, digərlərindən fərqli bir hekayəsi vardır. Biri müəyyən ayələrdən elə təsirlənir ki, sanki o ayələr məhz onun üçün, onun halına özəl olaraq nazil edilmişdir. Bir başqası isə elə ayələrdən təsirlənir ki, həmin ayələrin birbaşa özünə xitab etdiyini və daxili aləmini təsvir etdiyini demişdir. Beləliklə, hər kəs ondan fərqli bir yöndən təsirlənir; çünki hər kəs Quranda axtardığını tapır, probleminin həllini və sıxıntısının dərmanını orada görür. Əgər Quran müxtəlif düşüncəli insanlara daimi olaraq təsir edirsə, hər kəs öz ruhunun ehtiyacını və onu narahat edən böyük sualların cavabını orada tapırsa, deməli, bu kəlamın mənbəyi və sahibi elə həmin ruhları, həmin düşüncələri yaradan, onların ən incə nöqtələrini, meyllərini, həyəcan və təsir məqamlarını, həmçinin sual və tərəddüdlərini ən yaxşı biləndir: "Məgər yaradan (hər şeyi) bilməzmi? O, (hər şeyi bütün incəliklərinə qədər bilən) Lətifdir, (hər şeydən) Xəbərdardır!" (əl-Mülk, 14).(2)
(1) Buxari, 4981 və Müslim, 152
(2) Əlavə məlumat üçün bax: Şeyx Məhəmməd Abdullah Drazın, «ən-Nəbəul-Azim» (Böyük Xəbər) və dr. Qari Millerin (Gary Miller), «əl-Quranul-Muciz» (Möcüzəvi Quran) adlı əsərləri.
SON ƏLAVƏLƏR