Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Quranın qorunması

Uca Allah Qurani Kərimin qorunacağını qəti bir şəkildə vəd etmiş və belə buyurmuşdur: "Şübhəsiz ki, Zikri (Quranı) Biz nazil etdik və əlbəttə, Biz də onu qoruyacağıq" (Hicr surəsi, 9). Bu ayə hələ Quranın nazil olması tamamlanmamışdan və vahid bir kitab halında toplanmamışdan əvvəl endirilmişdi. Halbuki o vaxtlar yazılan parçaların itməsi, əzbərlənən hissələrin isə unudulması təhlükəsi var idi. Lakin Quranın vədi qəti və sarsılmaz idi: bu Kitab onu nazil edən Allahın inayəti ilə mütləq qorunacaqdı.

Bu gün biz, aradan keçən uzun əsrlərə nəzər saldıqda, Allahın bu Zikri qorumaq barədə verdiyi haq vədinin şahidi oluruq. Biz bu qorunma faktında bu kitabın rəbbaniliyinə, yəni ilahi mənşəli olduğuna dəlalət edən canlı bir möcüzə görürük. Anlayırıq ki, ötən əsrlər boyu bu kitabın məruz qaldığı bütün hadisələr, ağır şərtlər, qarmaqarışıq vəziyyətlər və müxtəlif amillər, onun tək bir sözünün belə dəyişmədən, tək bir cümləsinin belə təhrif olunmadan günümüzə qədər qorunub saxlanmasını imkansız etməli idi. Əgər bəşər iradəsindən kənar, bütün o şərtlərdən, hadisələrdən və amillərdən qat-qat ucada duran bir Qüdrət bu kitabı hər növ dəyişiklikdən mühafizə etməsəydi, onu müdaxilə və təhriflərdən qorumasaydı, Quran bugünkü saflığında qala bilməzdi.

Tarix boyu müsəlmanların zəif düşdüyü, düşmənlərin isə onlara üstün gəldiyi ağır dönəmlər olmuşdur. Düşmənlər İslamı və müsəlmanları hər vəchlə sarsıtmağa çalışmışlar; lakin nə qədər cəhd etsələr də, Quranın mətnini dəyişməyə, tək bir ləfzini belə təhrif etməyə gücləri yetməmişdir. Onlar heç də bu arzudan uzaq qalmamışlar; əksinə, əgər mümkün olsaydı, bu hədəfə çatmağa, bu istəyi gerçəkləşdirməyə hamıdan çox can atardılar. Lakin hər şeyə gücləri çatsa da, bu 'Qorunmuş Kitab'da bircə dəyişiklik belə etməyə qadir olmadılar. Bu fakt Quranın ilahi bir kitab olduğuna dair ən böyük dəlildir. Bu möhtəşəm möcüzə sübut edir ki, Quran mütləq güc və hikmət sahibi olan Allah tərəfindən nazil edilmişdir.

Allahın bu vədi Peyğəmbərin ﷺ zamanında sadəcə bir müjdə idi. Lakin bu gün – o nəhəng tarixi hadisələrin və aradan keçən uzun əsrlərin ardınca – bu vəd artıq Quranın rəbbaniliyinə dəlalət edən canlı bir möcüzədir. Elə bir möcüzə ki, onun qarşısında yalnız inadkar bir cahil mübahisə edib həqiqəti danmağa cəhd göstərər.

Uca Allah nə qədər doğru buyurmuşdur: "Şübhəsiz ki, Zikri (Quranı) Biz nazil etdik və əlbəttə, Biz də onu qoruyacağıq" (Hicr surəsi, 9).

Budur, bu gün biz müxtəlif zamanlarda və müxtəlif coğrafiyalarda qələmə alınmış yüz minlərlə Quran əlyazmasına şahidlik edirik; onların arasında tək bir söz fərqi belə yoxdur. Dünyanın hər bir nöqtəsinə yayılmış milyonlarla Quran hafizi görürük ki, onlardan birinin əzbəri digərininkindən əsla fərqlənmir. Müsəlmanlar bu gün öz məscidlərində Quranı hələ də elə bir ahənglə oxuyurlar ki, bu, Peyğəmbərin ﷺ məscidində vəhy nazil olduğu ilk günlərdəki qiraətin (oxunuş tərzinin) eynisidir.

Əgər hər hansı bir nüsxədə bircə xəta olarsa, minlərlə digər nüsxə o xətanı dərhal aşkara çıxardar; əgər bir qari (Quran oxucusu) qiraətində yanlışlığa yol verərsə, milyonlarla hafiz həmin an o yanlışı düzəldər.

Halbuki kitabxanalar 'Kitabi-Müqəddəsin' (Bibliyanın) minlərlə əlyazma nüsxəsi ilə dolu olsa da, onların arasında bir-birinin eynisi olan iki nüsxəyə rast gəlmək mümkün deyil. Üstəlik, hər dəfə yeni bir əlyazma nüsxəsi kəşf edildikdə, mövcud ixtilafların və fərqliliklərin sayı daha da artır.(1)

(1) Doktor Sami Amirinin "Bərahin ən-nubuvvə" (Peyğəmbərlik dəlilləri) əsəri, səh. 94