Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Cənazə namazının qılınma qaydası və əsasları

Cənazə namazını qılmaq fərzu-kifayədir.(1) Əsasları isə aşağıdakılardır:
1. Niyyət etmək. Peyğəmbər
demişdir: “Əməllər niyyətlərə bağlıdır”.(2)
2. Cənazə namazını ayaq üstə qılmaq. Gücü çatdığı halda oturaraq, yaxud minik üzərində qılınan cənazə namazı batildir.
3. Dörd dəfə təkbir gətirmək. Əsas olan budur, lakin təkbirlərin sayını beş dəfədən doqquz dəfəyəcən artırmaq olar. Bunların hamısı Peyğəmbərdən
varid olmuşdur.
Dörd təkbirin dəlili Cabirin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdir. Hədisdə qeyd edilir ki, Peyğəmbər
Nəcaşi üçün cənazə namazı qıldı və dörd təkbir gətirdi.(3)
Beş təkbirin dəlili: “Zeyd ibn Ərqam (Allah ondan razı olsun) cənazə namazı qıldı və beş dəfə təkbir etdi. Daha sonra Peyğəmbərin
də belə təkbir etdiyini söylədi”.(4)
Altı və yeddi dəfə təkbir gətirmək Əlidən və İbn Məsuddan (Allah ondan razı olsun) səhih sənədlərlə sabit olmuşdur.(5)
Doqquz təkbirin dəlili: İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər
əmisi Həmzənin cənazə namazını qıldı və doqquz təkbir gətirdi.(6)
4. Məhz birinci təkbirdə əlləri qaldırmaq. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər
cənazə namazını qılarkən təkbir gətirdi və əllərini məhz birinci təkbirdə qaldırdı, daha sonra sağ əlini sol əlinin üzərinə qoydu.(7) İbn Abbasın (Allah ondan razı olsun) rəvayətində isə belə qeyd edilir: “Bir daha etmədi”.(8) Yəni bir daha əllərini qaldırmadı. Peyğəmbərdən cənazə namazında birinci təkbirdən başqa təkbirlərdə əllərin qaldırılmasına dair səhih heç bir şey varid olmamışdır. Lakin rəvayət olunmuşdur ki, səhabə İbn Ömər (Allah ondan razı olsun) hər təkbirdə əllərini qaldırardı.(9) Böyük ehtimalla o bunu özündən etmirdi. Peyğəmbərin belə etdiyini görməsəydi, etməzdi.
5. Birinci təkbirdən sonra səssiz şəkildə əl-Fatihə surəsini oxumaq. Əbu Uməmə (Allah ondan razı olsun) demişdir: “Cənazə namazında birinci təkbirdən sonra Ummul-Quran (yəni əl-Fatihə) surəsini səssiz oxumaq sünnədir”.(10)
Talha ibn Abdullah ibn Aufun rəvayətinə əsasən, Fatihə ilə birlikdə başqa bir surə də oxumaq olar. O demişdir: İbn Abbasın (Allah ondan razı olsun) arxasında cənazə namazı qıldım. O, Fatihəni və başqa bir surə oxudu, oxuyarkən də səsini qaldırdı. Daha sonra bizə belə dedi: “Mən özüm bilərəkdən səsimi qaldırdım ki, biləsiniz ki, bu cür etmək sünnədir və haqdır”.(11)
6. Yuxarıda qeyd edilən Əbu Uməmənin (Allah ondan razı olsun) rəvayətinə əsasən, daha sonra ikinci təkbir gətirilir və Peyğəmbərə
dua edilir. Rəvayətdə belə qeyd edilir: “Sonra Peyğəmbərə dua edilir”.
7. Daha sonra üçüncü təkbir gətirilir və Peyğəmbərdən
varid olan dualardan biri oxunur. Həmin dualardan bəziləri aşağıdakılardır:
Birincisi, Auf ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər
bir cənazəyə namaz qıldırdı və namazda oxuduğu duanı əzbərlədim. Belə deyirdi: “Allahumməğfir ləhu vərhəmhu və afihi va'fu anhu və əkrim nuzuləhu və vəssi' mudxaləhu vəğsilhu bil-məi vəs-səlci vəl-bəradi və nəqqıhi minəl-xətayə kəmə nəqqaytəs-səubəl-əbyəda minəd-dənəsi, və əbdilhu dəran xayran min dərihi, və əhlən xayran min əhlihi, və zəucən xayran min zəucihi və ədxilhul-cənnətə və əizhu min əzabil-qabri və əzabin-nəri” (mənası: “Allahım! Onu bağışla, ona rəhm et, ona salamatlıq ver, onu əfv et, onu gözəl tərzdə qarşıla, onun yerini geniş et! Onu su, qar və dolu ilə yu! Ağ paltarı kirdən təmizlədiyin kimi, onu da günahlardan təmizlə! Ona evinin əvəzinə daha xeyirli ev, ailəsinin əvəzinə daha xeyirli ailə, zövcəsinin əvəzinə daha xeyirli zövcə ver! Onu Cənnətə daxil et! Onu qəbir əzabından və Cəhənnəm əzabından qoru!”)
Auf deyir ki, hətta o cənazənin yerində olmağı təmənni etdim.(12)

İkincisi, “Allahummə abdukə vəbnu əmətik əhtacə ilə rahmətikə və əntə ğaniyyun an əzabihi. Kənə yəşdəhu əllə iləhə illə əntə və ənnə Muhəmmədən abdukə və rasulukə, və əntə ələm bihi. Allahummə in kənə muhsinən fəzid fi həsənatihi və in kənə musiən fətəcavəz an seyyiətihi. Allahummə lə təhrimnə əcrahu və lə tudillənə bə'dəhu” (mənası: “Allahım! O Sənin qulun, Sənin kənizinin oğludur və Sənin mərhəmətinə möhtacdır. Sənin ona əzab verməyə ehtiyacın yoxdur. O Sənin yeganə haqq məbud olduğuna, Muhəmmədin Sənin qulun və elçin olduğuna şahidlik edirdi və Sən bundan halisən. Əgər o, yaxşı əməl sahibidirsə, savabını artır! Yox, əgər pis əməl sahibidirsə, günahından keç! Allahım! Onun əcrindən bizi məhrum etmə və ondan sonra bizi azdırma!”) (13)
8. Daha sonra bir dəfə salam verilir. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər
cənazə namazı qıldı, dörd dəfə təkbir gətirdi və bir dəfə salam verdi.(14)

(1) Yəni bir qrup insan bu namazı qılsa, digərlərinin boynundan məsuliyyət düşər.
(2) Buxari və Müslim.
(3) Buxari, 1317 və Müslim, 952.
(4) Müslim, 957, Əbu Davud, 2384, Beyhəqi 4/36, Əhməd 4/367.
(5) Hədis Buxari və Müslimin şərtləri əsasında səhihdir. Hakim 3/409, 4/36-37. Bax: “Əhkəmul-cənaiz” 113.
(6) Təbərani “Mucəm əl-kəbir”də (3/107) yaxşı sənədlə rəvayət etmişdir. Bax: “Əhkəmul-cənaiz” 112-113.
(7) Tirmizi, 1077, Dəraqutni, 192, Beyhəqi 4/82.
(8) Dəraqutni raviləri etibarlı olan sənədlə rəvayət etmişdir. Bax: “Əhkəmul-cənaiz” 116.
(9) Beyhəqi (4/44) yaxşı sənədlə rəvayət etmişdir.
(10) Nəsai 1/281, habelə Şafi “əl-Umm” (1/270) Zuhridən səhih sənədlə rəvayət etmişdir.
(11) Buxari 1335, “başqa bir surə” əlavəsini isə Nəsai (1/281) səhih sənədlə rəvayət etmişdir.
(12) Müslim, 963, Əhməd 6/23.
(13) Duanın axırını imam Şafi, əvvəlini isə Hakim (1/359) rəvayət etmişdir. Hakim hədisin səhih olduğunu demiş, Zəhəbi də razılaşmışdır.
(14) Dəraqutni, 191, Beyhəqi 4/43, Hakim 1/360. Əlbani isnadının yaxşı olduğunu demişdir. Bax: “Əhkəmul-cənaiz” 128.