Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Cənazənin daşınması

Cənazəni daşımaq və onu izləmək vəfat etmiş kəsin diri olan müsəlman qardaşları üzərində haqqıdır. Peyğəmbər ﷺ demişdir: “Müsəlmanın müsəlman üzərində haqqı beşdir: salamına cavab vermək, xəstə olduqda ziyarət etmək, cənazəsində iştirak etmək, dəvətinə icabət etmək, asqırıb “əlhəmdulilləh” deyənə “yərhəmukallah” demək”.(1)

Cənazəni izləmək iki cür olur:
Birincisi, ailəsinin yanından götürüldükdən cənazə namazı qılınana qədər izləmək.
İkincisi, ailəsinin yanından götürüldükdən dəfn işləri tamamlanana qədər izləmək.
Şübhəsiz ki, ikincinin savabı birincinin savabından daha çoxdur. Peyğəmbər
demişdir: “Kim cənazənin ardınca gedərsə və (cənazə) namazı qılarsa, ona qirat (savab) vardır və kim cənazənin ardınca gedərsə və (dəfn) qurtarana qədər dayanarsa, ona iki qirat (savab) vardır”. Peyğəmbərdən qiratın nə olduğu soruşulduqda o belə cavab vermişdir: “Qirat – iki dağ böyüklüyündə (digər rəvayətdə: Uhud dağı qədər) savab deməkdir”.(2) Abdullah ibn Ömər (Allah ondan razı olsun) cənazə namazını qılar və ayrılardı. Bu hədis ona çatdıqda belə demişdir: “Deməli, çox qiratlar (savablar) əldən vermişik”. İbn Ömər (Allah ondan razı olsun) bu hədisi eşitdikdən sonra cənazəni dəfn işləri bitənəcən izləyərdi.

v Cənazəni izləməyin ədəbləri

1. Ağı deməklə, Quran qiraəti ilə, yaxud Quran ayələrini pula satan mollaları çağırmaqla, buxur (ətirli tüstü) yaymaqla cənazəni izləmək icazəli deyildir. Nəvəvinin də qeyd etdiyi kimi, bütün bunlar insanların sonradan uydurduqları və şəriətə müxalif olan bidət əməllərdir. Peyğəmbər ﷺ demişdir: “Cənazə arxasınca od yandırılaraq, yaxud səsi qaldıraraq gedilməz”.(3) Qeys ibn Abbad demişdir: “Peyğəmbərin əshabı  cənazənin yanında səsi qaldırmağı bəyənməzdi”.(4)
2. Cənazəni daşıyanların onu dəfn yerinəcən tələsərək aparmaları. Peyğəmbər ﷺ demişdir: “Cənazəni tez aparın. Əgər o, əməlisalehdirsə, siz onu xeyirə qovuşdurursunuz. Yox, əgər əməlisaleh deyilsə, onda siz şəri özünüzdən uzaqlaşdırmış olursunuz”.(5) Digər rəvayətdə isə belə qeyd edilir: “Cənazə qoyulduqda və kişilər onu öz çiyinləri üstünə qaldırdıqda, əgər o, saleh bir insandırsa, “məni tez aparın, tez aparın!” deyər. Yox, əgər saleh birisi deyilsə, “vay onun halına! Onu hara aparırsınız?” deyər. Onun səsini insandan başqa hər kəs eşidər. Əgər insan onun səsini eşitsəydi, özündən gedərdi”.(6)
3. Piyada birinin cənazənin həm arxası, həm də önü ilə yürüməsi icazəlidir, lakin arxası ilə getməsi daha yaxşıdır. Çünki Peyğəmbər ﷺ belə demişdir: “Cənazələrin arxasınca gedin!(7) Minikdə olanın isə cənazənin arxası ilə getməsi daha yaxşıdır. Peyğəmbər ﷺ demişdir: “Minikdə olan cənazələrin arxası ilə gedər, piyada isə istədiyi yöndən yürüyə bilər”.(8)
4. Cənazəni izləməkdə əsas məqsədlərdən biri də ölümü və Axirəti xatırlamaqdır. Peyğəmbər ﷺ belə demişdir: “Cənazələrin arxasınca gedin! Çünki sizə ölümü xatırladar”. Bu səbəbdən cənazəni insanların gözündən gizləyərək maşının içində aparmaq düzgün deyildir. Çünki belə etməklə cənazənin arxasınca getməkdə olan əsas qayə itmiş olur. Yəni insanlar ölümü xatırlayıb ibrət almaqdan, habelə cənazəni daşımaqla əldə edəcəkləri savabdan məhrum olmuş olurlar. Həmçinin onu da qeyd edək ki, bu adət məhz xaçpərəstlərin və digərlərinin adətidir. Onların adətlərinə tabe olaraq Peyğəmbərin ﷺ adətini tərk etmək icazəli deyildir. Lakin qəbiristan uzaq olduğu təqdirdə, məsafənin uzunluğunu və çiyində daşımağın çətin olduğunu nəzərə alaraq, cənazəni maşınla aparmaq olar.
5. Ölən kəs kafir birisi olsa belə, cənazə gəldikdə ayağa qalxmaq icazəlidir. Buxari və Müslimin ittifaqla Qeys ibn Səd və Səhl ibn Hənifdən rəvayət etdikləri hədisdə qeyd edilir ki, bir dəfə Peyğəmbərin ﷺ yanından cənazə keçdikdə o ayağa qalxdı. Ona deyildi ki, bu, yəhudi birinin cənazəsidir. O ﷺ isə belə cavab verdi: “Məgər o da bir insan deyil?(9)

(1) Buxari və Müslim.
(2) Buxari və Müslim.
(3) Hədis həsəndir. Əhməd 2/427, Əbu Davud 3171. Bax: “Əhkəmul-cənaiz” 70.
(4) Hədisin raviləri etibarlıdır. Beyhəqi 4/74. Bax: “Əhkəmul-cənaiz” 71.
(5) Buxari və Müslim.
(6) Buxari, 1314, 1316 və 1380.
(7) Hədis həsəndir. Buxari “Ədəbul-mufrad”da rəvayət etmişdir. İbn Hibban, Əhməd 4/247.
(8) Əbu Davud, 3180, Hakim (1/363) Buxarinin şərtləri əsasında səhih olduğunu demiş, Zəhəbi də bununla razılaşmışdır.
(9) Buxari, 1312 və Müslim, 661.