Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Cənazənin yuyulması

Cənazəni yuyarkən aşağıdakı qaydalara diqqət olunmalıdır:

1. Azı üç dəfə yumaq. Cənazəni yuyan kəs məsləhət bilsə, artıq da yuyula bilər;
2. Qüsl sayının tək olması: üç dəfə, beş dəfə və s;
3. Yuyarkən azı bir dəfə sidr ilə, yaxud onu əvəz edəcək başqa bir maddə, məsələn sabunla yumaq;
4. Sonuncu yumada suya ətirli bir maddə qatmaq. Kafur qatılsa, daha yaxşı olar;
5. Hörüklərin açılıb yaxşıca yuyulması;
6. Saçı daramaq;
7. Qadının saçına üç hörük vurub arxasına sallamaq;
8. Cənazəni yuyarkən sağ tərəfdən və dəstəmaz əzalarından başlamaq.
Bütün bu qeyd edilənlərin dəlili Ummu Ətiyyənin rəvayətidir. O demişdir: Biz Peyğəmbərin ﷺ qızı Zeynəbi yuyarkən o, yanımıza gəldi və dedi: “Onu su və sidr ilə üç, beş və yeddi dəfə, lazım olsa, daha da artıq yuyun”. Mən dedim ki, tək sayda yuyaq? Cavabında “bəli”, – dedi. Sonra dedi: “Sonda isə kafur və ya bir az kafur istifadə edin. Siz bunu bitirdikdən sonra məni çağırın”. Biz işimizi bitirdikdən sonra onu çağırdıq... Ummu Atiyyə deyir ki, biz onun saçını üç hörük toxuyub arxa tərəfinə salladıq. (Digər rəvayətdə) Sonra Peyğəmbər ﷺ bizə belə dedi: “Onu sağ tərəfindən və dəstəmaz əzalarından yumağa başlayın”.(1)

9. Lakin ehramlı halda vəfat etmiş kəsin cənazəsi yuyularkən ətirli maddədən istifadə olunmur və kəfənləndikdə başı örtülmür. İbn Abbas (Allah ondan razı olsun) demişdir: Ərəfatda bir kişi miniyindən yıxıldı və boynu qırılaraq öldü. Peyğəmbər ﷺ belə dedi: “Onu su və sidrlə yuyun, öz libası (ehramı) ilə kəfənləyin, lakin başını və üzünü örtməyin, habelə ətirləməyin. Çünki o, Qiyamət günü qəbrindən təlbiyə gətirərək qalxacaqdır”.(2) Yəni yarımçıq qalan həcc və ümrəsini Qiyamət günü tamamlayacaqdır.

10. Cənazənin paltarlarını çıxartdıqdan sonra bir süngər ilə örtük altından bədənini yumaq. Aişə anamız demişdir: “Peyğəmbər ﷺ vəfat etdikdə və əshabı onu yumaq istədikdə belə dedilər: Allaha and olsun ki, bilmirik necə edək, öz cənazələrimizi soyundurduğumuz kimi, onu da soyunduraq, yoxsa paltarı üstündə olduğu halda yuyaq? Onlar ixtilafda olduqları halda Allah onları yatırtdı, hər birinin çənəsi sinəsinin üstünə düşmüşdü. Sonra evin bir tərəfindən tanımadıqları bir kəs onlara səslənərək: “Peyğəmbəri paltarı üzərində olduğu halda yuyun!” – dedi. Beləcə onlar qalxıb Peyğəmbərin ﷺ yanına getdilər və paltarı əynində olduğu halda yudular. Suyu libasın üstündən tökür, əlləri ilə deyil, paltarı ilə ovalayırdılar. Aişə anamız demişdir: “İndi bildiyimi daha əvvəl bilsəydim, onu xanımlarından başqa heç kəs yumazdı”.(3)

11. Kişiləri kişilər, qadınları isə qadınlar yumalıdır. Lakin qadının öz ərini, kişinin də öz yoldaşını yuması icazəlidir. Bunun dəlili isə yuxarıda qeyd olunan hədisdəki Aişə anamızın sözüdür.

12. Cənazəni yumağı öz öhdəsinə bu işi daha yaxşı bilən və onun ailə üzvlərindən, yaxud qohumlarından olan birisi götürməlidir. Habelə cənazəni yuyan şəxs iki mühüm məsələyə diqqət yetirməlidir:
Birincisi, cənazədə (məsələn, üzün qaralması və s. bu kimi) görülə biləcək xoş olmayan şeyləri gizlətməli və bu barədə heç kəsə danışmamalıdır. Peyğəmbər ﷺ demişdir: “Kim bir müsəlmanı yuyar və eyiblərini gizlədərsə, Allah onu qırx dəfə əfv edər. Kim onun üçün qəbir qazıb onu dəfn edərsə, Qiyamət gününə qədər bir miskinə sığınacaq vermiş kimi əcr qazanar. Kim onu kəfənləyərsə, Qiyamət günü Allah ona Cənnət libaslarından geyindirər”.(4)
İkincisi, bütün bunları edərkən yalnız Allah rizası üçün etmək. Peyğəmbər ﷺ demişdir: “Bu ümmətə uzun bir ömür, ölkələrdə hakimiyyət və qüvvət, din xüsusunda isə zəfər və ucalıq müjdəsini ver! Hər kim Axirətə aid olan işlərdən birini dünya mənfəəti üçün edərsə, o kəsin Axirət günü həmin əməldən heç bir nəsibi olmayacaqdır”.(5)

13. Cənazəni yuyan kəsin qüsl alması müstəhəbdir. Belə ki, Peyğəmbər ﷺ demişdir: “Cənazəni yuyan qüsl, onu daşıyan isə dəstəmaz alsın!”.(6) Hədisdəki əmr vacibliyə deyil, müstəhəbliyə dəlalət edir. Çünki İbn Ömər (Allah ondan razı olsun) belə demişdir: “Biz ölü yuyar, sonra da aramızdan bəziləri qüsl alar – yuyunar, bəziləri isə yuyunmazdı”.(7) İbn Abbas (Allah ondan razı olsun) belə deyərdi: “Ölünüzü yuduğunuza görə sizin də yuyunmağınız vacib deyildir. Çünki ölünüz natəmiz deyildir. Əllərinizi yumaq kifayət edər”.(8)

14. Su olmadıqda cənazə təyəmmüm edilməlidir. Uca Allah buyurur: “Su tapmadıqda təmiz torpaqla təyəmmüm edin!(9) Həmçinin qadın ona naməhrəm olan kişilərin arasında vəfat edib, onu yumaq üçün qadın olmadıqda da təyəmmüm edilməlidir. Naməhrəm qadınlar arasında vəfat edən kişi də bu qayda üzrə təyəmmüm edilir. Hər ikisi də bu halda su tapmayan kəsin hökmündədirlər.

(1) Buxari, 1263 və 1253, Müslim, 939, Muvatta 1/222, Əbu Davud, 3142.
(2) Buxari, 1266 və 1839, Müslim, 1206, Əbu Davud, 3238.
(3) Əbu Davud, 3141, Hakim (3/59) hədisin səhih olduğunu demişdir. Bax: Əlbani “Əhkəmul-cənaiz” 49.
(4) Hakim (1/354) Müslimin şərtləri əsasında səhih olduğunu demiş, Zəhəbi də bununla razılaşmışdır.
(5) Əhməd 5/134, Hakim (4/311) səhih olduğunu demiş, Zəhəbi də bununla razılaşmışdır.
(6) Hədis səhihdir. Əbu Davud, 3161, Tirmizi 2/132, Əhməd 2/280.
(7) Dəraqutni, 191 və Xatib əl-Bağdadi “Tarix” əsəri 5/424. Hafiz İbn Həcər “Təlxis” əsərində (1/138) hədisin səhih olduğunu qeyd edir. Bax: Əhkəmul-cənəiz, 54.
(8) Hakim (1/386) səhih olduğunu demiş, Zəhəbi də bununla razılaşmışdır. Beyhəqi 3/398. Hafiz İbn Həcər “Təlxis” əsərində (1/138) hədisin həsən olduğunu qeyd edir.
(9) Əl-Maidə, 6.