Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Cənazə namazı ilə əlaqəli mühüm məsələlər
1. Həddi-büluğ yaşına çatmamış uşaqlara cənazə namazı qılmaq vacib deyildir. Çünki Peyğəmbər ﷺ oğlu İbrahimə cənazə namazı qılmamışdır. Aişə anamız demişdir: “Peyğəmbərin oğlu İbrahim on səkkiz aylığında vəfat etdi, Allah rəsulu ﷺ ona cənazə namazı qılmadı”.(1) Buna rəğmən, o ﷺ, ənsarın uşaqları üçün cənazə namazı qılardı.(2) Uşaq üçün cənazə namazı qılanın bu cür dua etməsi müstəhəbdir: “Allahummə-c'alhu lənə fəratan və sələfən və əcran” (Allahım! Onu bizim üçün (Cənnətə girməkdə bizləri) qabaqlayan, sələf və mükafat et!)
2. Özünə ruh verilmiş, yəni dörd ayını tamamlamış və ana bətnindən düşən körpələrə də cənazə namazı qılmaq olar. Lakin dörd ayından öncə düşmüş uşaqlara isə cənazə namazı qılınmır. Çünki onlar can sahibi və dolayısı yolla da cənazə sayılmırlar.
3. Adam öldürdüyünə, zina etdiyinə və s. səbəblərə görə üzərinə hədd cəzası tətbiq edilən kəslərə də cənazə namazı qılınır. Çünki Peyğəmbər ﷺ Ğamidi qəbiləsindən olan və zinadan hamilə qalmış bir qadına cənazə namazı qılmışdır. Bu barədə ondan soruşduqda isə belə demişdir: “O qadın elə bir tövbə etmişdir ki, əgər onun tövbəsi Mədinə əhlindən yetmiş nəfər arasında paylaşılsaydı, bəs edərdi ”.(3)
4. Ölüm cəzasını tələb edən, cinayət törədən və bu əməlindən tövbə etdiyi bilinməyən kəslərə gəldikdə isə ümumi camaat onların cənazə namazını qılsa da, ibrət olsun deyə, müsəlmanların rəhbərləri, habelə elm və fəzilət əhli kimsələr onların cənazə namazlarını qılmamalıdırlar. Çünki Peyğəmbərin ﷺ yanına öz canına qəsd etmiş birini gətirirlər,(4) cənazə namazını qılmaqdan imtina edərək belə deyir: “Elə isə mən cənazəsini qılmıram”.(5)
5. Küfr diyarında ölən və orada cənazə namazını qılmağa heç kəsi olmayan müsəlmanların cənazə namazları qiyabi olaraq qılınır. Belə ki, Nəcaşi xaçpərəstlərin arasında vəfat etmiş və Peyğəmbər ﷺ onu müsəlman saydığına görə cənazə namazını qiyabi olaraq qılmışdır. Lakin Peyğəmbər ﷺ günümüzdə bəzi insanların adət etdiyi kimi qiyabi olaraq hər kəsin cənazə namazını qılmazdı. Əgər vəfat etmiş həmin şəxs insanlar arasında tanınmış, şəni uca birisi idisə, o zaman qiyabi olaraq cənazəsini qılar, əks halda isə qılmazdı. Belə ki, Peyğəmbərdən ﷺ sonra raşidi xəlifələr, o cümlədən də digər çoxsaylı səhabələr vəfat etmiş, lakin kənar ölkələrdə yaşayan müsəlmanlar qiyabi olaraq onlara cənazə namazı qılmamışlar.
6. Uqbə ibn Amirin (Allah ondan razı olsun) rəvayətində, əsasən, namaz qılınması qadağan olunan üç vaxtda cənazə namazını da qılmaq icazəli deyildir: “Peyğəmbər ﷺ bizə üç vaxtda namaz qılmağı və cənazələrimizi dəfn etməyi qadağan etmişdir. Günəş doğduqdan sonra azacıq yüksələnəcən olan vaxt, günəşin zenit xəttini keçdiyi vaxt və qüruba endikdən batanacan olan vaxt”.(6)
Cənazənin qoxusu dəyişməyəcəyi təqdirdə, bu qayda əsasında hərəkət etmək daha yaxşıdır.
Ümumiyyətlə, bu üç vaxtdan başqa Peyğəmbərin ﷺ də tövsiyə etdiyi kimi, cənazə işlərində əli tez tutmaq daha yaxşıdır. Cənazənin qoxusunun dəyişəcəyi ehtimalı olduğu təqdirdə, qadağan olunmuş üç vaxtda da cənazəni dəfn etmək icazəlidir.
(1) Əbu Davud, 3187, Əhməd 6/267. Hafiz İbn Həcər hədisin səhih olduğunu qeyd etmişdir.
(2) Müslim, Nəsai və Əhməd rəvayət etmişdir.
(3) Müslim, 1696.
(4) Müslim, 978.
(5) Əbu Davud, 3185, Tirmizi, 1068, İbn Macə, 1526. Həmçinin imam Müslim (978) müxtəsər şəkildə rəvayət etmişdir.
(6) Müslim, 977.
SON ƏLAVƏLƏR