Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Cənazənin kəfənlənməsi

Cənazə yuyulduqdan sonra mütləq kəfənlənməlidir. Cənazəni kəfənləyərkən aşağıdakı qaydalara diqqət olunmalıdır:

1. Gərək kəfən ölən kəsin öz malından olsun. Əgər ölənin malı olmazsa, o zaman sağlığında ona baxması vacib olan kəs kəfəni təşkil etməlidir.
2. Kəfən bütün bədəni örtəcək uzunluqda olmalıdır. Çünki Peyğəmbər
belə demişdir: “Sizdən biriniz öz qardaşını kəfənlədikdə bacardığı qədər kəfənini gözəl etsin!(1) Kəfənin gözəl olmasında məqsəd onun təmiz, möhkəm və bütün bədəni örtəcək şəkildə geniş olmasıdır. Məqsəd kəfənin bahalı, nəfis parçadan olması və israfçılıq etmək deyildir.
3. Kəfən qısa olacağı təqdirdə, meyitin baş tərəfi örtülməli, açıq qalan yerlərinə “izxir” adlı ətirli qamış, yaxud başqa növ ot qoyulmalıdır. Çünki Peyğəmbər
Musab ibn Umeyrin (Allah ondan razı olsun) kəfənlənməsi qissəsində belə demişdir: “Kəfəni baş tərəfdən üstünə örtün, ayaqları tərəfdən isə izxir otundan qoyun!(2)
4. Ölülər çox olsa və onları kəfənləmək üçün kifayət qədər kəfən olmazsa, bir kəfənlə bir neçə cənazəni kəfənləmək olar. Bu halda Qurandan ən çox bilən qiblə tərəfinə qoyulmalıdır. Uhud günü müsəlmanların səflərində şəhid olanların sayı çox olduqda Peyğəmbər
bir parça ilə iki, üç nəfəri kəfənləyər, iki, üç nəfəri bir qəbrə qoyar və belə deyərdi: “Mən bu gün sizlərin hamınıza şahidəm”. Həmçinin şəhid olanlardan hansının Qurandan daha çox ayə bildiyini soruşar və əzbərində olan Quran hörmətinə onu qəbirdə qiblə istiqamətinə yaxın edərdi.(3)

Kəfən üçün müstəhəb olan şeylər:

1. Kəfənin ağ olması. Peyğəmbər demişdir: “Ağ libas geyinin. Çünki bu ən yaxşı libasdır. Ölülərinizi də ağ parça ilə kəfənləyin!(4)
2. Kəfənin üç parçadan ibarət olması. Aişə anamız deyir ki, Peyğəmbər
vəfat etdiyi gün üç Yəmən parçası ilə kəfənləndi.(5)

(1) Müslim, 943, Əhməd 3/295, Əbu Davud, 3148.
(2) Buxari, 1276, Müslim, 940, Əbu Davud, 2876.
(3) Əbu Davud, 3138, Hakim (1/365) Müslimin şərtləri əsasında səhih olduğunu demiş, Zəhəbi də bununla razılaşmışdır.
(4) Əbu Davud, 4061, Hakim (1/354) Müslimin şərtləri əsasında səhih olduğunu demiş, Zəhəbi də bununla razılaşmışdır.
(5) Hədis səhihdir. Əhməd 6/40, Beyhəqi 3/399. Bax: “Əhkəmul-cənaiz” 63.