Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Tövbə necə edilməlidir?

SUAL:
Salam Aleykum. İnsan bütün etdikləri qünahlara görə necə tövbə etməlidir? Təşəkkür edirəm!
CAVAB:

Vaaleykum salam va rahmayullah!

Böyük günahların bağışlanması üçün tövbə şərtdir. Uca Allah buyurur: Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi ağacları altından çaylar axan Cənnət bağlarına daxil etsin” (Ət-Təhrim: 8). Səmimi-qəlbdən edilən həqiqi tövbənin isə dörd şərti vardır:

1. Yol verilmiş günahdan uzaq durmaq: Əgər həmin günah tərk edilməsi vacib olan bir asilikdirsə, o asilik tərk edilməlidir. Yox, əgər həmin günah əməl edilməsi vacib olan bir ibadətin tərki ilə əlaqəlidirsə, həmin ibadət yerinə yetirilməlidir. Əgər günah hər hansı bir kəsin haqqı ilə əlaqəlidirsə, o zaman həmin kəsin haqqı ödənilməli, yaxud halallıq alınmalıdır;

2. Səmimi-qəlbdən peşmançılıq: Peyğəmbər (Allahın ona salamı olsun!) demişdir: “Peşmançılıq tövbədir”  (İbn Macə, 4252, Əlbani “Səhihul-cəmi”, 6802) Yəni peşmançılıq tövbənin əslidir və əsas rükünlərindəndir;

3. Bir daha həmin günaha qayıtmayacağına dair söz vermək və bu istiqamətdə əzmkar olmaq;

4. Tövbənin, qəbul olunma vaxtında olması: Uca Allah iki hal istisna olmaqla bəndənin tövbəsini hər zaman qəbul edir. Həmin iki hal:

Birincisi: Günəşin (Qiyamət gününə yaxın) batdığı yerdən çıxması: Peyğəmbər demişdir: “Günəş batdığı yerdən çıxmayınca Qiyamət qopmaz. Batdığı yerdən çıxdıqda insanlar onu görəcək və hamı iman edəcəkdir. Həmin vaxt isə imanın heç kəsə fayda vermədiyi vaxtdır”  (Buxari, 4636)

İkincisi: Can boğaza gələndə: Uca Allah buyurur: “Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!”  (ən-Nisa, 18) Peyğəmbər (Allahın ona salamı olsun!) demişdir: “Can boğaza gələnə qədər Allah qulunun tövbəsini qəbul edir”  (Tirmizi, 3537, İbn Macə, 4253, Əlbani “Səhihul-cəmi”, 1903)