Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Yuxunun çin çıxmasının cadu ilə əlaqəsi ola bilərmi?

SUAL:
Salam Aleykum va Rahmatullahi va Barakatuhu. Mənim bir dostum var. Bu aralar özünü o qədər də yaxşı hiss etmir. Yuxuda tanış sinif yoldaşını görür. Və qısa bir müddət keçəndən sonra həmin adam onunla əlaqə saxlayır. Bu hadisə artıq ilk dəfə deyil. Və təsadüf olacağına inanmırıq. Dostumun sadəcə üzərində əməl (cadu) olub olmadığını öyrənmək üçün falçı yanına getsə, günah olar? Sadəcə cadunun olub olmadığını öyrənmək üçün getsə haram olarmı?
CAVAB:

Vaaleykum salam va rahmatullah va barakətuh!

Ümumiyyətlə görülən yuxuların çin çıxması heç də qorxulu və ya təhlükəli bir hal sayılmır və bunun sehr və cadu ilə də bir əlaqəsi yoxdur. Sadəcə ola bilər ki, bəzi insanlar mənəvi, yaxud psixoloji yöndən zəif olduqlarına görə belə hallar onlara mənfi təsir göstərir və bunu dərhal cadu və s. kimi yerlərə yozurlar. Elə şeytan da həmin insanda gördüyü bu zəif nöqtədən istifadə edərək öz vəsvəsəsini çoxaldır. Belə adamlara məsləhətimiz bu cür hallarda və daima Uca Allaha pənah aparmaları, dua və zikri çoxaltmalarıdır. Bu kimi şeylərə fikir verməsinlər və çalışsınlar ki, saleh insanlarla oturub-dursunlar və salehləri özlərinə dost tutsunlar!

Belə hallarda və ümumiyyətlə falçı yanına getmək qətiyyən olmaz, bu yolverilməzdir və küfrdür. Falçı yanına getmək, həmin insanın "dərdi"nə dərman olmayacaq, əksinə onu dərdə salacaq. O mənada ki, falçı öz ayağı ilə onun yanına gələn müştərisinə "səndə heç bir şey yoxdur" deyib yola salmayacaqdır. Təbii ki, ona "sənə cadu edilib" deyərək qorxudacaq ki, daha sonra da cadunu "təmizləmək" adı altında ondan maddi yöndən istifadə edə bilsin. Ona görə də bu kimi hallarda həm imanla, həm də ağılla hərəkət etmək lazımdır.

Saytımızda olan bu elmi materiallardan da istifadə edə bilərsiniz:

Münəccimlərə və Ulduz Fallarına inanmağın İslam dinində hökmü

Falçıların və ekstrasenslərin ifşası