Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Münəccimlərə və Ulduz Fallarına inanmağın İslam dinində hökmü

Bürclərə, ekstrasenslərə, kahinlərə inanmaq, onların dediklərinə etimad etmək Allaha şərik qoşmaq və Allahdan başqasının qeybi bilməsini iddia etməkdən ibarət olan və Qurana zidd olan bir küfrdür. Bu video çarxımızda ulduzlara baxaraq və ya başqa formada insanları azdıran ekstrasenslərin, münəccimlərin, falçıların, ulduz falı nəşr edən qəzet, jurnal və digər media vasitələrinin iç üzlərini açacağıq və etdiklərinin həm İslama, həm də ağıla zidd olmasını isbat edəcəyik. Həmçinin, videonun sonunda ulduzların insan xasiyyətinə və təbiətinə təsiri iddiasının batil olmasını əqli yollarla isbat edəcəyik.
Falçılıq, münəccimlik, sehrbazlıq, kahinlik cahiliyyət dövrünün əməllərindəndir. İslam dini bütün bunların küfr və şirk olmasını bəyan etmişdir. Bunlara inanmaqla insan aşağıdakı küfrlərə və zəlalətlərə düşür:
— Allahdan başqasına təvəkkül edir, bel bağlayır, hətta ibadət edir və Allaha bu baxımdan şərik qoşur.
— Allahdan başqasının qeybi bildiyinə etiqat edir, bu da batildir, şirkdir və küfrdür. “Allahdan başqa göylərdə və yerdə qeybi heç kim bilməz.” (Nəml surəsi, 65). Həmçinin, Quranda Allah Peyğəmbərinə belə əmr edir: “De: "Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yanız mənə vəhy olunana tabe oluram.” (Ənam surəsi, 50)
— Bu işi görmək, həm də bu işi görənlərin yanına getmək küfrdür və İslama ziddir. Peyğəmbər (Allahın salamı və xeyir-duası ona olsun) belə demişdir: “Fala baxan və baxdıran, sehr edən və etdirən bizdən deyildir.” (Bəzzar)
— Aldanılır, insanların pullarını yalan və zülmlə yeyən fırıldaqçıların qurbanına çevrilir.
— Sehirbazların və cadugərlərin ətrafında olan şeytanların və cinlərin hədəfinə çevrilir.


Ulduz falı və münəccimliyin İslamda yeri nədir?

İslam alimləri ulduzlarla bağlı olan elmi iki hissəyə bölürlər.
Birinci: Ulduzların adlarını, trayektoriyalarını, istiqamətlərini, zaman və məkana görə yerlərini öyrənən elmdir ki, təcrübə və müşahidələr bu elmdə müəyyən səbəb və nəticə əlaqələrinin olduğunu göstərmişdir. Bu elm Astronomiya adlanır və bu elmi ehtiyac olduğu halda öyrənməyə və öyrətməyə şəriət icazə vermişdir.
Hətta Quranda bunun icazəli olması və bunun Əziz və Cəlil olan Allahın insanlara neməti olması barədə bir çox ayələr vardır.
Uca Allah belə buyurur: “Qurunun və dənizin qaranlıqlarında yolu tapa biləsiniz deyə sizin üçün ulduzları yaradan Odur” (Ənam surəsi, 97)
“Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər müəyyən edən Odur.” (Yunus surəsi, 5)
İkinci: Ulduzların düzülüşünün və hərəkət trayektoriyalarının yer üzərindəki hadisələrə, ölümə, övladlara, bəla gəlməyə, faciə və ya səadətin hasil olmasına və digər bu cür şeylərə təsiri iddia olunur ki, bu şeylərin ulduzların hərəkəti ilə nə əqli, nə də təcrübi cəhətdən əlaqəsi yoxdur. Bütün bu cür iddialar boş zənlər və yalan ehtimallardır və buna heç bir açıq-aydın dəlil yoxdur.
Bu cür "elm" Astrologiya adlanır və şəriət dəlilləri astrologiya ilə məşğul olmağı, öyrənməyi və öyrətməyi qəti olaraq haram edir, qadağan edir.
Böyük islam alimi ibn Teymiyyə belə demişdir: “Mövzusu hökm vermək, təsir etmək olan Astrologiya - bürclərin, ulduzların düzülüşlərinə və hərəkətlərinə isnad edərək yer üzərindəki hadisələrə hökm vermək və guya ulduzların gücü ilə yerdəki qüvvələrin qarşılıqlı əlaqələrinin olmasını araşdırmaqdır ki, bu işlə məşğul olmaq Quran, Sünnə və İslam ümmətinin ittifaqı ilə haramdır.” Bu məsələ nəinki bizim şəriət tərəfindən, habelə, bütün əvvəlki peyğəmbərlər tərəfindən də qadağan olunmuşdur. Uca Allah bu barədə belə deyir: "Sehrbaz isə hara gedirsə getsin uğur qazanmaz." (Ta-Ha surəsi, 69)
"Onlar (Kafirlər) cibtə və Tağuta iman gətirmişlər." (Nisa surəsi, 51)
Ömər (Allah ondan razı olsun) demişdir ki, cibt sehrdir. Sehr isə özlüyündə Quran və Sünnə ilə qadağan edilmiş bir əməldir və sahibini İslam dinindən çıxardır.
Əbu Davud öz Sünnəsində etibarlı sənədlə Qabisə bin Məxariqdən nəql etmişdir ki, Peyğəmbər (Allahın salamı və xeyir-duası ona olsun) sallallahu aleyhi və səlləm belə demişdir: “Quşları qovmaqla və uçurtmaqla, yerdə xətlər çəkməklə olan fallar cibtdəndir, yəni sehrdəndir.”
Xətt çəkmək özlüyündə astrologiyadan - sehrdən bir hissədirsə, Astrologiyanın özü necə? Yerdə xətlər çəkməklə fala baxmaq ulduzların səmada olan düzülüş şəkillərinə baxaraq fala baxmaqdan daha sadədir.
Həmçinin, Əhməd, Əbu Davud, İbn Macə və digər hədis alimləri səhih sənədlə İbn Abbasdan nəql etmişlər ki, Peyğəmbər (Allahın salamı və xeyir-duası ona olsun) belə demişdir:
“Kim Astrologiya elmindən bir hissə öyrənərsə, sehrdən bir hissə öyrənmiş olar. Daha artıq öyrənən daha artıq sehrdən öyrənmiş olar.”
Allah Elçisi açıq-aydın bəyan etmişdir ki, Astrologiya sehrin bir növüdür və bu, doğrudan da, reallıqdır. Astrologiya ilə məşğul olanların sehrlə, maqiya ilə məşğul olduğu bilinən bir şeydir. Uca Allah isə belə söyləmişdir:
“Sehrbaz isə hara gedirsə getsin uğur qazanmaz.” (Ta-Ha surəsi, 69) Yəni, nə dünyada, nə də axirətdə uğur qazanmaz.
Əhməd və Müslim, Səfiyyə bint Ubeyddən, o da Peyğəmbərin (Allahın salamı və xeyir-duası ona olsun) bəzi zövcələrindən rəvayət etmişdir ki, Peyğəmbər (Allahın salamı və xeyir-duası ona olsun) belə demişdir: “Kim Arrafın (qeybdən xəbər verənin) yanına gedərsə, 40 gecə namazı qəbul olunmaz.” (Əhməd və Müslim)
Münəccimlər də bir çox alimə görə arraf sayılırlar. Bəzi alimlər isə söyləmişlər ki, arraf elə münəccim deməkdir. Qeybdən xəbər verən kəsin yanına gedənin, ondan soruşanın halı budursa, bəs soruşulan o münəccimin vəziyyəti necə olacaq?!
Başqa səhih hədisdə Müaviyyə bin Həkəm Peyğəmbərdən belə rəvayət edir. “Bəzilərimiz kahinlərin yanına gedir” dedilər. Peyğəmbər (Allahın salamı və xeyir-duası ona olsun) isə belə deyir: “Onların yanına getməyin.” Beləliklə, Peyğəmbər (Allahın salamı və xeyir-duası ona olsun) kahinin yanına getməyi qadağan etdi. Münəccim də elə kahin deməkdir. Xəttabi kimi alimlər bunu ərəb dili alimlərindən nəql etmişlər.
Bəzilərinə görə isə, münəccim kahin cinsindən olsa da, ondan daha pisdir.
Bəqəvi, Qadi İyad və digər alimlər münəccimin yanına getməyin səhabələrin ittifaqı ilə haram olduğunu söyləmişlər.
Buxari və Muslim, Zeyd bin Xalid əl-Cuhanidən belə rəvayət etmişlər: “Peyğəmbər Hudeybiyyədə bizə yağışlı gecədən sonra sübh namazını qıldırdı, sonra belə dedi: Bilirsinizmi Rəbbiniz nə söyləmişdir?” Allah və Elçisi daha yaxşı bilir, dedilər. Allah Elçisi deyir: “Allah dedi ki, qullarımdan bəziləri Mənə iman gətirən (mömin), bəziləri isə kafir olaraq sabahladı. “Allahın lütfü və rəhmətinə görə yağış yağdırıldı” deyənlərə gəlincə onlar Mənə qarşı mömindirlər. “Filan-filan ulduzlara görə yağış yağdırıldı” deyənlər isə Mənə qarşı kafir, ulduzlara qarşı isə mömindirlər.” (Buxari və Müslim)
Bütün gəlib keçmiş münəccimlərin öndə gedənləri etiraf etmişlər ki, Allah insanların etdikləri ibadətə, dualarının bərəkətinə və Allaha olan təvəkküllərinə görə guya ulduzların vacib etdiyi bəlaları iman və ibadət əhlinin üzərindən qaldırır.
Həmçinin, etiraf etmişlər ki, Allaha təvəkkülü olan ibadət və dua əhlinə, elə dünya və axirət xeyirləri, savabları verilir ki, ulduzların bunu cəlb etməyə gücü çatmaz. (Əslində ulduzların heç nəyə gücü çatmır, bu sadəcə onların nəzərlərinə görə olan etiraflarıdır.)
Buna görə də, dünya və axirət xeyirlərini Peyğəmbərləri izləməklə edənlərdir. Habelə, ümmətin ən xeyirliləri yaxşılığı əmr edənlər və pislikdən çəkindirənlərdir.
Allaha həmd sənalar olsun. Məcmuul Fətava 35-ci cild, 192-196 səhifə


Münəccimlərin dedikləri bəzən necə düz çıxır

Bütün yuxarıda qeyd edilənlərlə yanaşı, münəccimlərin xəbər verdikləri bəzi şeylərin düz çıxması istisna edilmir. Lakin bu heç bir halda onların tutduğu yolun düz yol olması və ya düzgün bir metod olması anlamına gəlmir.
Onun batil dəlillər üzrə verdiyi doğru xəbər ancaq təsadüf məhsuludur və danışdığı yalanların yanında bulanıq cüzi bir şeydir.
Peyğəmbərin göydəki xəbərləri oğurlayan cinlər barəsində dediyi sözlərdən xəbərin varmı?! Belə ki, cinlər Mələklərin Allahın gələcəkdə olacaq şeylərlə verdiyi əmrlər barəsində söhbətinə gizlincə qulaq asarlar. Hərdən cinlər kahinlərə o xəbərlərdən bəzi şeyləri çatdırar, bir çox hallarda isə o xəbərləri apararkən odla vurulub yandırılırlar.
Buna görə də, şəriətin icazə vermədiyi qeyb elmi ilə məşğul olduqlarına görə kahinlik ən böyük günahlardandır.
Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salamı və xeyir-duası ona olsun) belə dediyini eşitmişdir: “Mələklər buludların üzərinə enərlər və göylərdə verilmiş əmrləri müzakirə edərlər. Şeytanlar oğruncasına bu xəbərlərə qulaq verib eşidər və bunu kahinlərə çatdırar. Kahinlər də bu xəbərlə yanaşı özlərindən uydurduğu yüz yalan xəbəri verərlər.” (Buxari, 3210)
Üstəlik, dövrümüzdə müəyyən insanları tora salmaq üçün internet şəbəkələrindən o insan barədə müəyyən xüsusi məlumatları əldə etmək olur. Bu xəbərləri yanına gələnə xəbər verir, gələn də eşitdiyi doğru xəbərdən təəccüblənərək, eşidəcəyi bütün yalan əsassız xəbərlərə sadəlövhcəsinə inanır.
Həmçinin baş verən bəzi siyasi, iqtisadi məsələlər barəsində, yayılan xəstəliklər barədə bəzi mütəxəssislərdən müəyyən planları, proqnozları, siyasi və hərbi sirrləi öyrənərək orada olan bəzi məlumatları istifadə edərək, avam insanların gözlərində özlərinə təzim yaradırlar, bunu qeybdən xəbər tutma kimi insanlara sırıyaraq, onları hərifləyir və onların mallarını, pullarını fırıldaqla haramcasına yeyirlər
İslam alimi Qadi İyad belə demişdir: “Münəccimlərdən bəzilərində hansısa fitri istedad ola bilər, lakin onların əksər danışdıqları yalandır.” (Nəvəvinin şərhi, 14/223)
Xatib Bağdadi belə demişdir: “İnsanların münəccimlər barədə çaşqınlığa düşmələrində əsas istiqamət ondan ibarətdir ki, onlar cəmi iki ehtimalı olan bir çox məsələlərdə guya düzgün ehtimalı tapırlar. Məsələn, ana bətnindəki uşağın qız və ya oğlan olacağını, xəstənin ya sağalıb, ya da öləcəyini. İnsanlar da, adətən, təəccüblərinə və heyrətlərinə görə, yadda düz dedikləri variantı saxlayırlar və səhv dedikləri şeyi unudurlar. Çünki münəccimin səhv cıxacağını zatən əsas ehtimal kimi bilirdilər və səhv ola biləcəyini inkar etmirdilər. Axı kim gedib danışar ki, münəccimə getib soruşdum və dediyi çıxmadı. Ancaq düz çıxan şeyləri gedib danışarlar.
İki ehtimaldan biri doğru olan məsələlərdə her şeyə fikir verən və incəlikləri bilən adamları qoyaq bir kənara, bəzən uşaqlar və dəlilər də doğrunu tapırlar.
Qeybi bildiyini iddia edən kəs bəzi şeylərdə düz çıxsa da, onun səhv çıxdığı məsələlər qat-qat artıqdır. Düz dedikləri səhv dediklərinin bir faizi belə deyil. Üstəlik, düz çıxdığı şeylər də təsadüfi şeylərdir. Onun halı Elm üzrə deyil, cahilliyə yaxın zənn üzrə fikir yürüdən, sonra isə zənni düz çıxan kəsin halı kimidir. Halbuki, bu cür şəxs ömrünün əksər hissəsini bilinən şeylərdə belə xəta edir. Həmçinin, münəccimlə kahin arasında fərq yoxdur. Çünki hər ikisi qeyb xəbərlərini bildiyini iddia edir. Necə münəccimlərin iddia etdiklərini təsdiqləyirlər ki, reallıqda münəccimlər öz evlərində belə nə baş verdiyindən, ailəsi və övladları üçün, hətta özü üçün nəyin yaxşı olub-olmamasından xəbərsizdirlər.
Allahın öz razı qaldığı Peyğəmbərlərinə açdığı bəzi şeylərdən başqa, digər insanlardan heç kimə verilməyən qeyb elmindən xəbər verəcəklərini necə söyləyirlər?!
"Ulduz elmləri barədə söz" səhifə 192-194
Son dövrün ən böyük islam alimlərindən olan İbn Baz (Allah ona rəhmət eləsin) belə demişdir: “Bəzən insanın ehtiyacına uyğun olaraq Allahın yazdığı bir şey baş verir. Həmin miskin də, zənn edir ki, bu iş filan münəccimin və ya filan kahinin səbəbilə baş verdi. Bir çox hallarda xəstəyə elə dərman yazır ki, o dərmanı iddia elədiyi ulduzlardan öyrənmir, elə bilinən dərmandır və bilir ki, bu dərman bu xəstəliyi müalicə edir. Bu xəstə də düşünür ki, şəfa münəccimin bildiyi qeyb elminə və ya ulduzlara baxaraq etdiyi şeyə görə hasil oldu.”
Xülasə odur ki, kahinin, münəccimin, falçının yanına getdikdən sonra bəzi hallarda şəfanın mövcüd olması onların etdiklərinin doğru şey olmasına dəlil deyildir. Belə ki, Quranda vəsf edilən və bütlərə ibadət edən müşriklər bütün yanına gəlib ona dua edərdilər və Allahın izni ilə və Allahın istədiyi müəyyən hikmətə görə onların istədikləri şey təsadüfən baş verərdi. Əslində, bu baş verən imtahan olunsun deyə baş verərdi, bütə görə yox. Nə büt, nə də yanındakı şeytan heç bir şey etmir, lakin Allahın yazdığı qədərə görə onsuz da sağalacaq bu xəstəlik, bütün yanına getdiyi vaxtda təsadüfən sağalır. Bəla bu yazığın bütün yanına gəlməsi, ondan istəməsi, ona qurban kəsməsindən sonra qalxır ki, bu nə sehrbazın əməlinə, nə bütə görə, nə də şeytana görə, əksinə imtahan olaraq baş verir. Bununla da, bu müşriklər Allaha yox, bütlərə ibadət etməyə rəğbətlənirlər.
Ağıl sahiblərinə münəccimlərin, kahinlərin, falçıların, cadugərlərin etdikləri ilə aldanmaq heç vaxt yaraşmaz. Əksinə, onlardan uzaqlaşmaları vacibdir və onları təsdiqləmək olmaz. Məcmuu Fətava İbn Baz (8/89-90)


Bürclərin insanın xarakterinə təsiri varmı?


Hörmətli oxuyucu, artıq yuxarıda Munəccimliyin, Astrologiyanın, fala baxmağın islama zidd olmasını, habelə bu işi gören astroloqların, extrasenslerin yalan danışmalarını, qeybdən heç bir xəbərlərinin olmamalarını dəlillərlə isbat etdik. Bu cür fala baxanların, qeybdən xəbər verənlərin və həmçinin onlara inananların İslam dininden çıxmasını izah etdik.
Burada isə ulduzların, bürclərin insan təbiətinə, gündəlik həyatlarına, xoşbəxt və ya bədbəxt olmalarına heç bir təsirinin olmamasını, ulduz fallarının yalan, xürafat olmasını isbat edəcəyik. Bu cür şeylərə inanmağım küfr olduğunu bildikdən sonra, Islam dininə görə “müsəlman kimə və nəyə etimad etməlidir” sualına cavab axtaracağıq.
Bürclərin insanın xarakterinə və təbiətinə təsirinə gəlincə, hamıya məlumdur ki, eyni saatda minlərlə insan doğulur və onların həm fiziki göstəriciləri, həm də xasiyyətləri bir-birindən olduqca fərqlidir, harda qala eyni gündə, eyni ayda və ya eyni ildə doğulan insanlar.
Bunun batil olmasına dəlillərdən biri də müxtəlif ölkələrin münəccimlərinin bürclərin adlarında, saylarında, müddətlərində və xasiyyətə təsirində ixtilaf etmələridir. Müxtəlif qəzet və jurnallarda, saytlarda tamamilə fərqli məlumatlara rast gəlinir.
Əsasən, onların üsulları fərqli olduğuna görə Çin və Yunan bürclərinin təsirində aşağıdakı fərqlər vardır.
1. Ərəblərdə, Misirlilərdə və Yunanlarda formasına görə 12 bürc adı vardır və adları bunlardır: Qoç, öküz (buğa), əkizlər, xərçəng, şir, qız, tərəzi, əqrəb, oxatan, oğlaq, dolça, balıq bürcləri. Çinlilərdə isə siçan, öküz, pələng, dovşan, əjdaha, ilan, at, qoyun (keçi), meymun, xoruz, it və donuz bürcləridir.
2. Adlar fərqli olduğuna görə, onların doğulanlara təsirləri də bürcə verilən heyvan adına uyğun olaraq müxtəlif olur.
Məsələn, Yunan bürclərinə görə ilk bürc qoç bürcüdür. Münəccimlərdən biri bu bürcdə doğulanın əsmər, ucaboy, yekəbaş, ağır xarakterli, tez qəzəblənən, razı qalmayan, tez-tez yer dəyişən, haqqı deyib batili sevməyən, başqalarına qulaq asmayıb öz bildiyini edən olduğunu deyir.
Çin təqvimini izləyən münəccimlər onlara görə isə siçan bürcündə doğulanın fitnə və düşmənçilik ilində doğulduğunu, ilk baxışda sakit, şən biri olduğunu, əslində isə ehtiyatlı biri olduğunu söyləyirlər. Guya bu yumşaq xarakterli insanın daxilində narahatçılıq olur və düşmənçilik hisslərini saxlayır. Ehtiyatlı və işlərin sonunu düşünən biridir. Guya çox hallarda əsəbi olmurlar. Xülasə, insanın xasiyyəti adlandırdıqları heyvanın xasiyyətinə uyğunlaşdırılır.
Görürsünüzmü fərqi? Tamamilə zidd iki bürc. İnsan isə çinlilərə görə siçan bürcündə və yunanlara görə qoç bürcündə eyni vaxtda doğulur....
3. Bürcün təsir müddətinin nə olması barədə yekdil fikirdə deyillər. Bildiyiniz kimi əslində bürclərin özləri gün, hətta saata görə müxtəlif formaya düşür. Bəs bu bürclər aylar, illər boyu necə olacaqdır? Təbii ki, öz məntiqlərinə görə təsir də kəskin fərqli olmalıydı.
Çinlilərin bürclərinin təsiri il boyunca, Yunanların bürclərinin təsiri isə ay boyunca davam edir. Çinlilərə görə yunanların 12 bürcündə doğulanların hamısı cəmi bir bürcə daxil olur. Yəni, bir il ərzində doğulanlar eyni xasiyyətli olmali idilər.
Siçan xasiyyətli qoçu təsəvvür edə bilirsiniz?! Və ya siçan xasiyyətli əjdahanı? Bütün bunlar bu elmin batil olmasını isbat edir.


İslama görə xasiyyətə nə təsir edir?


İslama görə isə, insanın xasiyyətinə doğulduğu və oturub durduğu mühit, aldığı tərbiyə, gördüyü həyat tərzi və yaşadığı təcrübələr, xüsusən də, Allahın insanları bir-biriləri ilə imtahan etməsi üçün onlara qoyduğu fitrət və qabiliyyət təsir edir. Üstəlik, bu xasiyyət ildən-ilə və aldığı tərbiyənin, aldığı elmin təsiri ilə dəyişən bir şeydir. Uca Allah insanların əxlaqlarının gözəlləşməsi üçün Peyğəmbərlər və Kitablar gödnərmişdir
Allah möminlərə, öz aralarından onlara Allahın ayələrini oxuyan, onları günahlardan təmizləyən, onlara Kitabı və Hikməti (Sünnəni) öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki əvvəllər onlar açıq-aydın azğınlıqda idilər. Əli İmran 164
Ağıl sahibinin islamdan başqa bir yolu izləməsi mümkün deyildir. Həm mənasız, faydasız bir şeylə məşğul olmaq, həmçinin, bu cür batillərə inanmaqla küfr edərək Allahın qəzəbini qazanan kəs, doğrudan da, özünü bədbəxt edir. Məhz buna görə islam dini bu cür batil xurafatları qadağan etmişdir.


Göylərdə və yerdə Allahın izni olmadan heç nə baş vermir
Qəza və Qədərə iman


Bilmək lazımdır ki, səmalarda və yerlərdə heç bir şey Allahın izni olmadan baş vermir. Allah hər bir şeyi məxluqatı yaratmazdan 50 min il öncə yazmış, təqdir etmişdir. Yazdığı isə yaratdıqları üçün qeybdir, heç kim bunu bilmir və açarları məhz Allahın əlindədir.
Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. Ənam 59
Başımıza gələn bütün xeyir işlər Allahdandır Başımıza gələn bütün pis işlər isə öz əllərimizlə qazandığımız günahlara görədir. Uca Allah bunu Qurani Kərimdə belə bildirmişdir:
Sənə gələn yaxşılıq Allahdandır, sənin başına gələn bəla isə sənin özündəndir. Biz səni insanlara elçi göndərdik. Şahid olaraq Allah kifayət edər. Nisa: 79
Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır. Şura 30
Hər bir müsəlman Qəza və Qədərin olmasına iman gətirməlidir. Qəza və Qədər Allahın sirridir. İnsanların onlar üçün yazılmış qədərlərini bilməsində heç bir xeyir yoxdur, mümkün də deyildir. Bilmələri mümkün olsaydı, onların öyrəndiklərinə taqəti çatmazdı, həyatlarında müsibətlər olardı. İnsana verilən azad iradə ilə o, yazılana can atır, göstərdiyi cəhdlərə, etdiyi əməllərə görə günah və ya savab qazanır. Başına yaxşı iş gəldikdə təkəbbürlənmir. Bilir ki, bu Allahın lütfü və təqdiri ilə baş verdi, buna görə şükr edir. Başına müsibət gəldikdə isə səbr edir və bilir ki, bu onsuz da olmalı idi və bununla təsəlli tapır, imtahan edilmək üçün yaradıldığını anlayır və Allaha etimad edir, Ona tam təslim olur. Müsibətin günahları ucbatından baş verə biləcəyindən qorxur, tövbə edir, Allaha qayıdır.
Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır.
Allah bunu əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə həddindən artıq sevinməyəsiniz deyə belə izah edir. Allah heç bir özündən razını, özünü öyəni sevmir.
Hədid 22, 23
Allahın Qəza və qədərinə inanan kəs daha qüvvətli olur və Allah təvəkkül edir, Allahdan başqa heç kimdən qorxmur, heç bir çətinlik onu sındırmır və bilir ki, xeyir və şər yalnız Allahın istəyi ilə baş verir. Yorulmur, Usanmır, onun üçün yazılan xeyirə can atır. Ancaq Allahdan istəyir və Onu bütün ibadətlərdə təkləşdirir. Nə aydan, nə ulduzdan qorxmur, onlara inanmır, etimad etmir, bel bağlamır və təvəkkül etmir. Ekstrasebslerin, falçıların, xürafatçıların qurbanı olmur. Buna görə də Peyğəmbər elə bir nəsihət etmişdir ki, mömin insan bu nəsihəti izləməklə bütün dünya və axirət xeyirlərinə nail ola bilər:
Ey oğlum sənə bezi şeylər öyrədəcəyəm, Allahın haqqlarını qoru ki, səni qorusun, Allahın haqqlarını qorusan Onu özünə doğru taparsan, bir şey istəyəndə yalnız Allahdan istə ancaq Ona dua et, kömək istəyəndə ancaq Allahdan kömək istə, bilki, əgər bütün ümmət sənə xeyir vermək üçün toplaşsalar, Allahın sənin üçün yazdığı xeyirdən başqa xeyir verə bilməzlər, yox əgər bütün ümmət sənə zərər vermək üçün toplaşsalar, Allahın sənin əleyhinə yazdığı bir şeydən başqa zərər verə bilməzlər. Səhifələr qurmuş, qələmlər qaldırılmışdır. (Tirmizi, Əhməd)
Allaha rahat vaxtı özünü ibadətlərlə tanıt ki, O da səni çətin vaxtlarında tanısın (səni yalnız buraxmasın). Bil və agah ol ki, sənin başına gələcək bir şey mütləq başına gəlməliydi, səndən yan keçəcək şey isə mütləq səndən yan keçməliydi. (Həkim)
Bütün bunları bildikdən sonra bizə vacib olan şey ancaq Allaha üz tutmaq, Onun haqqlarını qorumaq, yəni haramlarından uzaq durmaq və əmrlərini yerinə yetirmək, heç bir ölünü və ya dirini, ulduzu, ayı, canlı və cansızı Ona şərik qoşmamaq, ancaq Ondan qorxmaq və ancaq Ona ümid etmək, ancaq Ona dua etmək, xeyiri ancaq Ondan istəmək və şərlərdən ancaq Ona sığınmaqdır.
Məhz bütün bunlar Quranın açarı olan Fatihə sürəsindəki ən önəmli ayənin müsəlmanlardan tələbidir:
Biz ancaq Sənə ibadət edirik və ancaq Səndən kömək istəyirik. Fatihə: 4
Xalqımıza bütün batililərdən və xürafatlardan uzaq olmağı, İslama sarılmağı, ibadətdə, qorxuda, ümiddə Allahl təkləşdirmələrini və ancaq Ona təvəkkül etmələrini nəsihət edir, xürafat və batil əhlindən uzaq durmağa çağırırıq.

www.sunna.az heyəti tərəfindən hazırlanmışdır