Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Muhamməd ibn Əbdülvəhhab və İstanbulun Fəthi barədə

SUAL:
Assalamu Aleykum Va Rahmatulahi Ve Berekethu. Allah Elminize Bereket versin. Menim bezi suallarim olacaqdi. 1) Muhamməd ibn Əbdülvəhhabın yaydiği Tövhidi O Dövürdə Başqa Hansı Alimlər Yayırdı? 2) İstanbulun fəthi sufilərəmi nəsib oldu?
CAVAB:

Vaaleykum salam va rahmətullahi və bərəkətuhu

1) "Şeyx Muhəmməd ibn Əbdülvəhhabın yaydığı tövhid" anlayışı səhv bir anlayışdır. Şeyxin özünə məxsus xüsusi bir tövhid növü olmayıb. Elə bunun üçün təkcə onun "Tövhid" kitabına nəzər yetirmək kifayət edər. Kitab Quran ayələri, Peyğəmbər hədisləri və sələfin (sahabə, tabiinlərin və alimlərin) sözlərindən ibarətdir. Şeyx Muhəmmədin dəvəti və təbliğ etdiyi tövhid elə Allah rəsulunun, səhabə və tabiinlərin, habelə dörd məzhəb imamının və Əhli-sünnə alimlərinin təbliğ etdiyi tövhiddir. Aralarında fərq olduğunu deyən dediyini gətirib göstərməli və isbat etməlidir. Əks halda, isbatı olmayan iddiaları irəli sürməkdən heç kəs aciz deyildir. 

Həmçinin şeyx Muhəmmədin zamanında, ondan əvvəl və sonrakı dövrlərdə yaşamış, sufilikdən, kəlam elmindən, bidət və xurafatlardan uzaq olan bütün alimlər bu etiqadı təbliğ etmişlər. Buna misal olaraq şeyxin zamanında yaşamış yəmənli iki imamı imam Şövkəni və imam Sənanini qeyd etmək olar. Hətta şeyx Muhəmməd vəfat etdikdə imam Şövkəni onun şəninə qəsidə yazmış, habelə şeyxin nəvəsi Süleymana elmi icazələr vermişdi. Şam diyarında yaşamış imam əl-Qasimini və Hindistan diyarından olan hədis əhlini və digərlərini də buna misal göstərmək olar. Onların heç biri həyatda bir-birlərini görməmiş və heç vaxt qarşılaşmamışdılar. Lakin hamısı eyni yola, eyni etiqada dəvət edirdi.

2) İstanbulun fəthinə gəldikdə isə bu barədə hədisdə belə qeyd edilir: "Konstantinopol fəth ediləcəkdir. Onu fəth edən sərkərdə nə gözəl sərkərdə, həmin ordu nə gözəl ordudur!" 

Hədis alimləri bu hədisin zəif olduğunu qeyd ediblər. Lakin bu mənada, yəni İstanbulun fəthinə dair səhih olan digər rəvayətlər də mövcuddur. Həmin rəvayətlərə diqqət yetirdikdə görürük ki, Peyğəmbər tərəfindən müjdəsi verilən və təriflənən bu fəth Qiyamətə yaxın olacaqdır. İmam Müslimin rəvayət etdiyi həmin hədislərin birində belə deyilir: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –buyurdu: «Bir tərəfi quruda, bir tərəfi isə dənizdə olan şəhəri bilirsinizmi?». Səhabələr: «Bəli, ya Rəsulullah!». O: «Bəni İshaqdan yetmiş min kişi ora savaşa getmədikcə qiyamət qopmaz. Ora çatdıqda qərərgah qurarlar. Amma silahla savaşmaz və bir ox da belə atmazlar. Yalnız – Lə İləhə İlləllahu Vallahu Əkbər  dediklərində şəhərin bir tərəfi, ikinci dəfə - Lə İləhə İlləllahu Vallahu Əkbər dedikdə şəhərin digər tərəfi, üçüncü dəfə - Lə İləhə İlləllahu Vallahu Əkbər dedikdə şəhər qapıları onların üzünə açılar. Onlar qəniməti paylaşdırarkən imdat səsi onlara gələrək: «Dəccəl gəlmişdir!» deyər".