Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Zəkat kimlərə verilməlidir?

SUAL:
Salamun aleykum Zəkat kimlərə verilir?
CAVAB:

Vaaleykum salam!

ZƏKAT VERİLƏCƏK ŞƏXSLƏR
 

Zəkat veriləcək şəxslər: Uca Allah zəkat veriləcək kəsləri bəyan edərək belə buyurur: “Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri İslam dininə isinən kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah Biləndir, Müdrikdir” (ət-Tovbə: 60).

1-2. Kasıb və fəqirlər: Onlar yemək-içmək, geyim-keçim, ev-eşik kimi zəruri ehtiyaclarını qarşılamaq iqtidarında olmayan kəslərdir. Fəqirlər kasıblara nisbətdə daha çox ehtiyaclı kəslər sayılırlar.
3. Zəkat işçiləri: Onlar müsəlman rəhbəri tərəfindən zəkatı toplamaq və bölüşdürmək vəzifəsinə təyin edilmiş kimsələrdir. Onların iş haqları rəhbərin, yaxud məsul şəxsin göstərişi ilə topladıqları zəkatdan verilir.
4. Qəlbləri İslama isinişənlər: Bu təbəqəyə İslamı yeni qəbul etmiş və imanları zəif olan əşirət sahibləri və ya İslamı qəbul etmək ehtimalı olan qeyri-müsəlmanlar daxildir. İslamı yeni qəbul edənlərin imanlarını qüvvətləndirmək, kafir olanları isə İslama rəğbətləndirmək qəsdi ilə onlara zəkatdan pay ayrılır.
5. Kölələr: Onların köləlikdən azad olmaları üçün zəkat malından köməklik edilir.
6. Borclu olanlar: Onlar şəxsi ehtiyaclarına görə borcu olub onu ödəməkdə çətinlik çəkənlər və ya insanların arasında olan anlaşılmazlığı aradan qaldırmaq kimi ümumi bir mənfəət üçün borc altına girən kəslərdir. Belələri zəngin olsalar belə, həmin borcu ödəmələri üçün zəkat malından onlara köməklik edilir.
7. Allah yolunda cihad edənlər: Onlar İslam dinini yaymaq, onu müdafiə etmək və Allahın adının uca tutulması üçün Onun yolunda savaşan kəslərdir.
8. Qəriblikdə qalan müsafir: Çarəsi kəsilib qərib ölkədə qalan müsafirə zəkat malından köməklik edilir ki, bununla da o öz ölkəsinə qayıda bilsin.
Müsəlman öz malının zəkatını bu təbəqələrdən birinə, yaxud bir neçəsinə sərf edə bilər.

SUAL GÖNDƏR

Foruma keç

OXŞAR SUALLAR