Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Allah niyə pis şeyləri yaradıb?

SUAL:
Allah niyə pis şeyləri yaratdı? Niyə çətinliklər var? Niyə insanlar imtahan olunur? Niyə Allah filənkəsi cəzalandırmır?
CAVAB:

İnsanın başına gələn bəlalar, cətinliklər, xəstəliklər, və s. onun günahlarına görə də ola bilər. Necə ki, Uca Allah buyurur: “Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır”. (əş-Şura, 30).

 

Həmçinin insanın həddini aşmaması, daha da günaha batmaması üçün, də ola bilər. Bəlkə o ticari iflas olmasaydı indi Allah bilir harada idi!!! Bəlkə o xəstəlik olmasaydı indi Allah bilir harada idin!!! Bəlkə kasıb olmasaydın indi Allah bilir harda idin!!! Uca Allah bəzən qulun qabağına daş çıxardar, işi daşdan çıxar. Qul rəbbim mənə əngəl oldu zənn edər, amma Allah o daşı sənin cənnətə düşmən üçün bir körpü edər, insanı Allaha yaxınlaşdıran müsibət, Allahı unutduran nemətdən daha faydalıdır. Şəkk yoxdur ki, kainatda baş verən hər bir şey, xeyir və şər, pis və yaxşı əməllər, Allahın elmi və iradəsi nəzarəti altında bu dünyada imtahandan başqa bir şey deyil. Əəər imtahanda hər şey asan olsa idi, onda imtahan olunmağa bir lüzum qalmazdır! İmtahan və asanlıq bir-birinə tərs olan sözlərdir. Çox vaxt sual verirlər ki, Uca Allah niyə mərdi-məzarı yaratdı, niyə donuzu yaratdı, niyə sehrin yaranmasına icazə verdi? Niyə içimizdə şəhvət duyğusu bizi boğur, niyə qəlbimizdə kin-həsəd var? Niyə, niyə, niyə…? Əvvəla Allah bütün bunları yaratmaqla səni əli boş buraxmadı, düşmənini yaratdısa, sənin də əlinə silah verdi. Belə ki, məsələn, zina etməyəsən deyə sənə ağıl verdi və evlənməyi halal buyurdu. Donuz əti yeməyəsən deyə halal qidalar yaratdı. Acı şərabı içməyəsən deyə təmiz su yaratdı, öz ciyərlərini tüstü ilə boğmayasan deyə təmiz hava yaratdı, pis işlərlə məşğul olmayasan deyə yaxşı işlər yaratdı. Cəmiyət cəhənnəm quyuları ilə doludursa, o cəmiyyətdə düz yollar da var və quyudan çıxmaq üçün iplər də var. Yəni, hər bir çətinlikdən çıxış yolları da var. Uca Allah buyurur: “Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Həqiqətən, hər çətinliyin ardınca asanlıq gəlir. İşlərini qurtaran kimi Allah yolunda çalış! Ancaq Rəbbinə üz tut!” (əş-Şərh, 5-8). Sən oturduğun budağı kəsirsən sonra deyirsən ki, Allah mişarı niyə yaratdı.  Uca Allah güc verməklə, sənin insanlara zülm edib-etməyəcəyini, lovğalanacağını, həddini aşıb-aşmayacağını, imtahan edir. Gözəllik verməklə kişiləri fitnəyə salıb-salmayaçağınlaimtahan edir. Var-dövlət verməklə qəlbində sadəliyi saxlayıb-saxlamayacağınla, ehtiyac əhlinə kömək edib-etməməklə imtahan edir. Şirin haramlarla, acı həqiqətlərlə imtahan edir. Dünyaya bunun üçün gəldik. Yalanları həqiqətlər qədər yaman dünyadı. Amma həqiqətləri də dəyərsiz qədər fani dünyadır. Cətinliklər var, çünki cənnətin qiyməti bahadı. İnsanların dünya üçün savaşdıqları, qan tökdükləri dünyadan da bahadı. Əslində qan belə cənnət üçün ucuz bir qiymətdir. Ancaq səndən istənilən şeylərə bax, gözünü haramdan çək, dilini, əlini haramdan qoru! Vallahi əgər dərindən düşünsək insan vəd olunmuş cənnət müqabilində təqdim etdiyi qiymətdən utanar. Necə ki, hər birimizin başına belə şeylər gəlir. Bəzən bazarda nəsə almaq üçün pulumuz çatmayanda, qiymətin bahalı olmasını görüb satıcıya az bir qiymət təklif etməkdən utanırıq. İnsan Allahın vədinin müqabilində təqdim etdiyindən utanır. Sən nəfsin ilə savaş ki, Allahın rəhməti ilə vəd olunanı qazanarsan. Uca Allah Təalə belə buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır”. (əl-Bəqərə, 155-157). Cətinliklər var, çünki insanı islah edən yeganə qapıdır. Rahatçılıqların yolu çətinliklərdən keçir. Yeddi rəngli göy qurşağını görmək üçün, yağışa səbr etmək lazımdır. İslamda ən böyük alimlərin 90 faizi çətinliklərin uşaqları olub, yetim olublar. İmam Şafei, İmam Malik, İmam əl-Buxari, İbn əl-Qeyyim və s. yetim olublar. Həmçinin Peyğəmbərimiz Muhəmməd (salləllahu aleyhi və səlləm) yetim olub.