Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Namaz haqda müxtəlif suallar

SUAL:
Salam Aleykum, 1.Məğrib namazının vaxtı İşa namazı girənə qədərdirmi? 2. Eyni gündə həm Vitr, həm də gecə namazı qılmaq olarmı? 3. Vitr namazının vaxtı nə vaxtdan nə vaxta qədərdir? 4. Dəstəmaz pozulmadan Zöhrü son bir saatda, Əsrə yaxın və Məğribi son bir saata gecikdirib İşaya yaxın qılmaq və bunu həmişə belə etmək olarmı? Yoxsa bidət sayılır? 5. Səsli namazlarda ancaq surələr səsli oxunur?Zəhmət olmasa bu suallarıma cavab verərdiniz. Təşəkkürlər
CAVAB:

Vaaleykum salam

1. Əslində Məğrib namazının vaxtı İşa namazına qədərdir. Lakin hal-hazırda əlimizdə olan təqvimlərdə İşa namazının vaxtı bir az gec göstərilir. Bu səbəbdən ehtiyat baxımından Məğrib namazını gecikdirməmək lazımdır.

2. Vitr namazı, əslində, elə gecə namazıdır. Gecə namazına qalxdıqda onu tək rükətli (3, 5, 7 və s.) qılsan, deməli, həm Vitri, həm də gecə namazını qılmış olursan. Daha doğrusu, gecə namazını vitr, yəni tək rükət olaraq qılmış sayılırsan.

3.Vitr namazının vaxtı İşa namazından Sübh namazına qədərdir.

4. Ümumiyyətlə dəstəmaz pozulmadığı təqdirdə bir dəstəmazla istənilən sayda namaz qılmaq olar. Lakin namazları gecikdirməyə gəldikdə isə, ən yaxşısı namazları ilk vaxtında qılmaqdır, xüsusən də Məğrib namazını. 

5.Səsli namazlarda, əsasən, surələr və təkbirlər səsli oxunur.