Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Namazın qılınma qaydası

SUAL:
Salam, axşamınız xeyirli olsun. Zəhmət deyilsə namazın qılınma qaydasını mənə ətraflı izah edərdiniz. Təşəkkür edirəm.
CAVAB:

Vaaleykum salam!

Namaz qılmağın qaydası:

  1. Dili ilə tələffüz edilmədən, məhz qəlb ilə qılınması istənilən namaza niyyət edilir (yəni namaz qılanın hansı namazı qıldığının fərqində olması labüddür);
  2. Namaz qılmaq üçün ayaq üstə dayanıb “Allahu əkbər” (mənası: Allah ən böyükdür) deyilir, ovuclar qibləyə tərəf yönəlmiş halda əllər qulaqlar, yaxud da çiyinlər bərabərinə qaldırılır. Bu “təkbiratül-ehram”, yəni “namaza başlamaq üçün olan təkbir” adlanır.
  3. Təkbir etdikdən sonra sağ əl sol əlin üstünə qoyulur və əllər sinə üzərində bağlanır (namaz əsnasında qiyamda, yəni ayaq üstə dayanarkən daim belə edilir).
  4. Sonra “istiftəh”, yəni “namazın açılış” duası oxunur: “Subhanəkə Allahummə və bihəmdikə və təbarəkə ismukə və təalə cəddukə və lə iləhə ğeyrukə” (mənası: Ey Allahım, Sən bütün naqisliklərdən bərisən. Sənə həmd edirik. Sənin adın mübarək, şənin isə ucadır. Səndən başqa haqq ilah da yoxdur). İstiftəh duası olaraq bu duanı və ya Peyğəmbərimiz r tərəfindən bizə öyrədilən digər hər hansı bir istiftəh duasını da oxumaq olar.
  5. Sonra “Əuzu billəhi minəş-şeytanir-rəcim. Bismilləhir-Rahmənir-Rahim” (mənası: Qovulmuş şeytanın şərindən Allaha sığınıram. Mən Mərhəmətli və Rəhmli Allahın adı ilə başlayıram) deyilir. Sonra əl-Fatihə surəsi oxunur. Fatihəni oxuduqdan sonra “Amin” (mənası: Allahım qəbul et!) deyilir, daha sonra Qurani-Kərimdən əzbər bildiyi hər hansı bir ayə, yaxud surə oxunur.
  6. Sonra rükuya getmək üçün təkbir edilir, ovuclar qibləyə tərəf yönəlmiş halda əllər qulaqlara yaxın bir istiqamətdə qaldırılaraq “Allahu əkbər” deyilir və rüku edilir. Rükuda olarkən əllərin iç hissəsi diz qapaqlarına qoyulur və “Subhanə rabbiyəl azim” (mənası: Əzəmətli Rəbbim nöqsanlardan uzaqdır) deyilir. Bu zikri üç dəfə təkrarlamaq daha yaxşıdır.
  7. Sonra rükudan qalxılır və ayaq üstə dik durulur, ovuclar qibləyə tərəf yönəlmiş halda əllər qulaqlara yaxın bir istiqamətdə qaldırılaraq “Səmiallahu limən həmidəh. Rabbənə və ləkəl həmdu, həmdən kəsiran tayyibən mübarəkən fihi” (mənası: Allah Ona həmd edəni eşidər. Ey Rəbbim, Sənə çoxlu, gözəl və mübarək həmdü-səna olsun!) deyilir. Bu sözləri həm imam, həm də təklikdə namaz qılanlar deyirlər. İmama tabe olaraq, onun arxasında namaz qılanlar isə  “Səmiallahu limən həmidəh” deməzlər, yalnız “Rabbənə və ləkəl həmdu, həmdən kəsiran tayyibən mübarəkən fihi” deyərlər.
  8. Sonra səcdəyə getmək üçün təkbir edilir və “Allahu əkbər” deyilir. Bu zaman əllər qaldırılmır. Səcdə edərkən üz – alın və burun nahiyəsi, iki əl, iki diz və iki ayaq yerə qoyulur, səcdə bitənə qədər bu əzalardan heç biri yerdən qaldırılmır və “Subhanə rabbiyəl alə” (mənası: Uca Rəbbim nöqsanlardan uzaqdır) deyilir. Bu zikri üç dəfə təkrarlamaq daha yaxşıdır. Zikri etdikdən sonra Allaha dua edib dünya və Axirət xeyrindən arzuladığını istəyə bilər.
  9. Sonra “Allahu əkbər” deyərək səcdədən qalxılır, sol ayaq üzərində oturularaq sağ ayaq dik tutulur, əllər dizə yaxın istiqamətdə ayaqlar üzərinə qoyulur və “Rabbiğfirli” (mənası: Rəbbim məni bağışla!) deyilir. Bu zikri üç dəfə təkrarlamaq və bu zikrə “Varhəmni, vəhdini, varzuqni, və afini, vəcburni” (mənası: Allahım, mənə rəhm et, məni doğru yola yönəlt, məni ruziləndir, mənə salamatlıq ver və mənə lütf et) əlavəsini etmək daha yaxşıdır.
  10. Sonra “Allahu əkbər” deyərək eyni qaydada ikinci səcdə edilir.
  11. Sonra “Allahu əkbər” deyərək səcdədən ikinci rükətə qalxılır və ayaq üstə durulur. İkinci rükət də eyni ilə birinci rükət kimi qılınır. Sadəcə olaraq, ikinci rükətdə istiftəh duası oxunmur.
  12.  Əgər namaz Sübh namazı, Cümə namazı və nafilə namazları kimi iki rükətlidirsə, ikinci rükətdə iki səcdə edildikdən həmən sonra təşəhhüd üçün oturulur (və üçüncü rükətə qalxılmır). Bu oturuşun forması da eynilə iki səcdə arasındakı oturuş kimidir. Yeganə fərq bundadır ki, bu oturuşda sağ əlin bütün barmaqları (yumruq şəklində) yumulur, yalnız şəhadət barmağı düz saxlanılır. Bu oturuşda təşəhhüd duası oxunur: “Ət-təhiyyətu lilləhi, vas-saləvatu, vat-tayyibətu, əs-sələmu aleykə əyyuhən-nəbiyyu va rahmətullahi va bərakətuhu, əs-sələmu aleynə va alə ibədil-ləhis-salihin. Əşhədu əllə iləhə illəllahu və əşhədu ənnə Muhəmmədən abduhu va rasuluhu. Allahummə salli alə Muhəmmədin va alə əli Muhəmməd, kəmə salleytə alə İbrahimə va alə əli İbrahimə, innəkə həmidun məcid. Allahummə bərik alə Muhəmmədin va alə əli Muhəmməd, kəmə bəraktə alə İbrahimə va alə əli İbrahimə, innəkə həmidun məcid” (mənası: Salamlar, dualar və gözəl şeylər Allaha məxsusdur. Ey Allahın Peyğəmbəri, sənə salam olsun, Allahın mərhəməti və Onun bərəkəti olsun! Bizə və Allahın əməlisaleh bəndələrinə Allahın salamı olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa haqq məbud yoxdur və yenə şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir. Allahım, İbrahimə və İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! Həqiqətən, Sən həmdü-sənaya və təriflərə layiqsən. Allahım, İbrahimə və İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də bərəkət ver! Həqiqətən, Sən həmdü-sənaya və təriflərə layiqsən). Təşəhhüd duası oxunduqdan sonra istənilən dua edilə bilər. Daha sonra “Əs-sələmu aleykum və rahmətullah” (mənası: Allahın sizə salamı və rəhməti olsun!) deyilərək sağ tərəfə salam verilir. Sonra da sol tərəfə çevrilərək eyni sözlər deyilir (bununla da iki rükətli namaz tamamlanır).
  13. Əgər namaz Məğrib namazı kimi üç rükətli, yaxud Zöhr, Əsr və İşa namazları kimi dörd rükətlidirsə, ikinci rükətin sonunda təşəhhüd duası “Əşhədu əllə iləhə illəllahu və əşhədu ənnə Muhəmmədən abduhu va rasuluhu” yerinə qədər oxunur, sonra əllər qulaqlara yaxın bir istiqamətdə qaldırılaraq “Allahu əkbər” deyilir və üçüncü rükətə qalxılır. Üçüncü rükətdə əl-Fatihə surəsi oxunur, “Amin” deyilir, rüku edilir, bir sözlə, əvvəlki qayda üzrə rükət tamamlanır. Üçüncü rükətin sonunda iki səcdə edildikdən sonra baxılır: əgər namaz Məğrib namazıdırsa (yəni üç rükətlidirsə), sonuncu təşəhhüd üçün oturulur və 12-ci bənddə qeyd edildiyi kimi, təşəhhüd duası sonacan oxunur və həm sağ, həm də sol tərəfə salam verilir (bununla da üç rükətli namaz tamamlanır). Yox, əgər namaz Zöhr, Əsr, yaxud İşa namazıdırsa (yəni dörd rükətlidirsə), üçüncü rükətin sonunda təşəhhüd üçün oturulmur, əksinə, dördüncü rükətə qalxılır və dördüncü rükət də eynilə üçüncü rükət kimi qılınır. Dördüncü rükətin sonunda təşəhhüd üçün oturulur və 12-ci bənddə qeyd edildiyi kimi, təşəhhüd duası sonacan oxunur və həm sağ, həm də sol tərəfə salam verilir (bununla da dörd rükətli namaz tamamlanır).