Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Yoluxucu xəstəliklərdən qorunmaq üçün 10 şəri tövsiyə

Mərhəmətli və Rəhimli Allahın adı ilə

Darda olanın duasına cavab verən, sıxıntıda olanın imdadına çatan, şəri və kədəri aradan qaldıran Allaha sonsuz həmd və sənalar olsun! Heç şübhəsiz ki, qəlblər yalnız Onu yad etməklə canlanar. Heç bir iş Onun əmri olmadan həyata keçə bilməz. Xoşagəlməz hər bir haldan yalnız və yalnız Onun yardımı və rəhməti sayəsində qurtulmaq olar. Heç bir şey Onun himayəsi olmadan qoruna bilməz. Məqsəd və amallara yalnız Onun müvəffəqiyyəti ilə, xoşbəxtliyə isə yalnız Onun əmrinə boyun əyib, itaətkarlıq göstərməklə nail olmaq olar.

Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan başqa bir haqq məbud yoxdur. O, təkdir və şəriksizdir. O, aləmlərin Rəbbi, keçmiş və gələcəkdə olanların ilahı, göylərin və yerin Qəyyumu – himayədarıdır.

Şahidlik edirəm ki, Muhəmməd ﷺ Onun qulu və elçisidir. O, açıq-aydın bir kitab – Quran və doğru yol – İslam ilə göndərilmişdir. Allahın ona, ailəsinə və əshabına salavatı və salamı olsun!

Bu yazıda qeyd etdiklərim son günlərdə insanların narahatçılığına səbəb olmuş “Korona virus” adlı yoluxucu xəstəlik münasibəti ilə xatırlatmaq istədiyim faydalı tövsiyələrdir.

Allahdan diləyirik ki, bizdən və harda olmalarından asılı olmayaraq, bütün müsəlmanların üzərindən hər bir şəri, bəlanı, sıxıntı və çətinliyi qaldırsın, Özünün saleh bəndələrini qoruyub, hifz etdiyi kimi bizləri də hifz etsin! Həqiqətən də, O, buna layiq və qadir olandır.

♦ 1. Bəla gəlməmişdən öncə edilən dua:

Osman ibn Əffan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Kim “Allahın adı ilə! Hansı ki, Onun adı çəkildikdə yerdə və göydə heç bir şey zərər verə bilməz. O Allah, Eşidən və Biləndir” – duasını axşam üç dəfə deyərsə, səhərə qədər və səhər üç dəfə deyərsə, axşama qədər ona heç bir gözlənilməz bəla və zərər toxunmaz.”[1] (Əbu Davud: 5088)

♦ 2. Yunis peyğəmbərin (ona Allahın salamı olsun) duasını tez-tez dilə gətirmək:

Uca Allah belə buyurur: “Balıq sahibi Yunisi də xatırla! Bir vaxtlar o, qəzəbli halda öz qövmünü tərk edib getmiş və ona gücümüz çatmayacağını zənn etmişdi. Sonra da balığın qarnında zülmətlər içində yalvararaq belə dua etmişdi: “Səndən başqa ibadətə layiq olan başqa bir haqq məbud yoxdur! Sən bütün qüsurlardan münəzzəhsən! Mən isə, həqiqətən də, zalımlardan olmuşam!”[2] Beləcə, Biz onun duasını qəbul etdik. Biz möminləri də bu cür xilas edirik.” (Əl-Ənbiya: 87-88)

İbn Kəsir təfsir (Allah ona rəhmət etsin) kitabında, “Biz möminləri də bu cür xilas edirik” – ayəsinin təfsirində belə yazır: “Yəni əgər, möminlərdən hər hansı bir fərd sıxıntı içərisində ikən bizə yönələrək yalvarsa və məhz bu dua ilə dua etsə, biz onu həmin sıxıntıdan xilas edərik.”

Daha sonra İbn Kəsir Peyğəmbərin ﷺ bu hədisini qeyd edir: “Kim balıq sahibi Yunisin (ona Allahın salamı olsun) balığın qarnında ikən etdiyi duası ilə dua edərsə, Allah onun duasını mütləq qəbul edər.” (Əhməd: 1462, Tirmizi: 3505)

İbn Qeyyim (Allah ona rəhmət etsin) demişdir: “Dünya sıxıntıları Tövhid – Allahın təkliyinin iqrarı ilə bərtərəf edildiyi kimi, başqa heç bir vasitə ilə ortadan qaldırılmamışdır. Elə bu səbəbdəndir ki, Peyğəmbərin ﷺ hədislərində sıxıntıdan qurtulmaq üçün oxunması tövsiyə edilən dualar, məhz özündə tövhidi ehtiva edən dualardır. Həmçinin, balıq sahibi Yunis peyğəmbər (ona Allahın salamı olsun) də sıxıntıdan qurtulmaq üçün dua edərkən, Uca Allah onun duasını, məhz həmin duanın özündə tövhidi əks etdirdiyinə görə qəbul etmişdir.

Ümumiyyətlə, insanı böyük sıxıntılara düçar edən əsas amil şirk, onu bu cür bəla və müsibətlərdən qurtaran isə tövhiddir. Tövhid – məxluqatın qoruyucu qalxanı, sığınacaq yeri və mədədkarıdır. Müvəffəqiyyət isə, heç şübhəsiz ki, Allahdandır.” (“Əl-Fəvaid” kitabı, səh.53)

♦ 3. İnsanın gücü çatmayacaq sıxıntılardan daima Allaha pənah aparması:

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər ﷺ, gücü çatmayacaq sıxıntılardan, özünə bədbəxtliyin üz verməsindən, qəm-qüssəyə səbəb olacaq hallardan və düşmənlərin məsxərəsinə alət olmaqdan daima Allaha pənah aparardı.” (Buxari: 6347)

Həmçinin, o, Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Gücünüz çatmayacaq sıxıntılardan, özünüzə bədbəxtliyin üz verməsindən, sizi qəm-qüssəyə salacaq hallardan və düşmənlərin məsxərəsinə alət olmaqdan Allaha sığının!”[3] (Buxari: 6616)

♦ 4. Daima evdən çıxarkən oxunacaq dua:

Ənəs ibn Məlik (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Kim evindən çıxarkən, “Allahın adı ilə! Allaha təvəkkül etdim. Güc və qüdrət yalnız Allaha məxsusdur”[4] – deyərsə, ona belə deyilər: “Sən artıq doğru yola yönəldildin, qorundun və himayə altına alındın.” Beləcə, şeytanlar ondan uzaq durar və başqa bir şeytan isə belə deyər: “Artıq doğru yola yönəldilmiş, Allah tərəfindən qorunmuş və himayə altına alınmış insana nə etmək olar ki?!” (Əbu Davud: 5095)

♦ 5. Səhər və axşam Allahdan sağlıq və salamatlıq diləmək:

Abdullah ibn Ömərin (Allah ondan razı olsun) belə dediyi rəvayət olunmuşdur: “Peyğəmbər ﷺ səhər və axşam bu duaları oxumağı heç vaxt tərk etməzdi: «Allahım! Dünya və axirətim üçün Səndən salamatlıq diləyirəm. Allahım! Dinim, dünyam, ailəm və mal-dövlətim üçün Səndən əfv və afiyət (sağlıq və salamatlıq) diləyirəm. Allahım! Eyiblərimi ört və qorxularıma qarşı mənə rahatlıq bəxş et. Allahım! Məni önümdən, arxamdan, sağımdan, solumdan və başımın üstündən qoru. Ayağımın altından həlak edilməkdən də Sənin əzəmətinə sığınıram».” [5] (Əhməd: 4785)

♦ 6. Duaları çoxaltmaq:

Abdullah ibn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Allah sizlərdən kimin qəlbini və dilini duaya açıq edərsə, onun üçün rəhmət qapıları açılmış olar. Allahdan afiyət diləmək qədər Ona daha sevimli olan başqa bir dua və dilək yoxdur.”

Peyğəmbər ﷺ belə demişdir: “Həqiqətən, dua başa gələn və gəlməyən hər bir müsibət üçün faydalıdır. Elə isə, ey Allahın qulları, duadan möhkəm yapışın!”[6] (Tirmizi: 3548)

♦ 7. Yoluxucu xəstəlik olan yerlərdən uzaq durmaq:

Abdullah ibn Amirdən (Allah ondan razı olsun) belə rəvayət olunur: “Ömər (Allah ondan razı olsun) Şam diyarına doğru yola çıxdı. Sərğada[7] ikən ona xəbər çatdı ki, artıq Şam diyarında vəba (taun) yayılıb. Bunu eşidən Əbdürrəhman ibn Ouf (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ vəba xəstəliyi barədə belə dediyini ona xəbər verdi: “Əgər hər hansısa bir yerdə bu xəstəliyin olduğunu eşitsəniz, ora daxil olmayın. Yox, əgər sizin olduğunuz yerdə bu xəstəlik yayılsa, o zaman həmin yerdən çıxmayın.” (Buxari: 5729 və Müslim: 2219)

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Xəstə dəvələr sağlam dəvələrin yanına gətirilməz.”[8] (Müslim: 2221)

♦ 8. Saleh əməlləri və yaxşılıq etməyi çoxaltmaq:

Ənəs ibn Məlik (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “İnsanlara yaxşılıq etmək bunu edəni xoşagəlməz hallardan, həlaka uğramaqdan, müsibətlərə düçar olmaqdan qoruyar. Bu dünyada xeyirxah olanlar axirətdə də xeyirxah olacaqlar.”[9] (əl-Müstədrək)[10]

İbn Qeyyim bu barədə belə demişdir: “Xəstəliklərin ən əsas mualicə yollarından biri də, insanlara qarşı saleh və xeyirli əməllər etmək, Allaha qarşı itaətkarlığı, zikri, duanı və tövbəni çoxaltmaqdır. Bu əməllərin xəstəliklərin bərtərəf edilməsində və şəfaya nail olmaqda böyük təsiri var. Əslində, bu saleh əməllər xəstəliklərə qarşı fayda baxımından təbii və tibbi dərmanlardan daha təsirlidir. Lakin bir şərtlə ki, gərək insan bu həqiqəti qəlbən qəbul etsin, nəfsini buna hazırlasın və bu əməllərdəki faydanın mövcudluğuna etiqad etsin.” (“Zəd əl-məad” 4/132)

♦ 9. Gecə namazına qalxmaq:

Bilal (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: “Gecə namazına qalxın! Çünki o, sizdən əvvəlki saleh insanların adəti idi. Həqiqətən də, gecə namazı bəndəni Allaha yaxınlaşdıran, onu asiliklərdən qoruyan, günahlara kəffarə olan və xəstəlikləri bədəndən uzaq tutan bir vasitədir.” (Tirmizi: 3549)

♦ 10. Tuluqları bağlamaq və qabların üstünü örtmək:

Cabir ibn Abdullah (Allah ondan razı olsun) Peyğəmbərdən ﷺ belə eşitdiyini rəvayət edir: “Qabların üstünü örtün və tuluqların[11] ağzını bağlayın. Çünki ildə bir gecə var ki, o gecədə vəba (yoluxucu xəstəlik) dolaşır və üstü açıq elə bir qab, ağzı bağlanmamış elə bir tuluq olmur ki, bu yoluxucu xəstəlikdən ona toxunmasın.” (Müslim: 2014)

İbn Qeyyim demişdir: “Bu, həkimlərin elm və savadlarının qavraya bilmədikləri, əlçatmaz məsələlərdəndir.” (“Zəd əl-məad” 4/213)

Son olaraq onu qeyd etmək istəyirəm ki, hər bir müsəlmana vacib olan Allahın lütfünə ümid bəsləyərək, nemətlərinə göz dikərək və qəlbən təvəkkül edərək, öz işlərini Ona həvalə etməsidir. Heç şübhəsiz ki, bütün işlər Onun əlindədir, hər bir şey Onun tabeçiliyində və onun qurduğu nizama boyun əymiş vəziyyətdədir.

Həmçinin, hər bir müsəlmana vacib olan başına gələn müsibətləri səbirlə qarşılaması və bunun nəticəsində ortaya çıxacaq savabı Allahdan ummasıdır. Çünki Uca Allah səbr edib, savabını Allahdan umanlara bol savab və mükafat vəd etmişdir. Uca Allah belə buyurur: “Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir.” (Əz-Zumər: 10)

Aişə anamız (Allah ondan razı olsun) Peyğəmbərdən ﷺ taun xəstəliyi barədə soruşduqda, o, belə cavab vermişdir: “Bu, Allahın istədiyi quluna göndərdiyi bir əzabıdır. Lakin Allah bu xəstəliyi mömin qulları üçün rəhmət qaynağı etmişdir. Taun xəstəliyinə bulaşmış, öz diyarında səbr edib oturmuş və Allahın onun üçün qədərində yazdığından başqasının özünə toxunmayacağını bilən və buna etiqad edən elə bir şəxs yoxdur ki, onun savabı şəhidin savabı qədər olmasın.” (Buxari: 5734)

Allahdan bizim hamımızı sevib, razı qaldığı saleh əməllərə və gözəl sözlərə müvəffəq etməsini diləyirəm. Həqiqətən, O, haqqı deyir və doğru yola yönəldir.

Həmd yalnız və yalnız Ona məxsusdur. Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və əshabına Allahın salavatı və salamı olsun!

[1] Duanın ərəbcə oxunuş forması:

بِسْمِ اللهِ الَّذِي لاَ يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ فِي الأَرْضِ وَلاَ فِي السَّمَاءِ، وَهُوَ السَّمِيعُ العَلِيمُ

[Bismilləhil-ləzi lə yədurru məas-mihi şey’un fil-ardı və lə fis-səməi və huvəs-səmiul-alim]

[2] Duanın ərəbcə oxunuş forması:

لا إِلَهَ إِلا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ

[Lə iləhə illə əntə, subhanəkə, inni kuntu minəz-zalimin]

[3] Duanın ərəbcə oxunuş forması:

اللهمَّ أعوذ بك مِنْ جَهْدِ الْبَلَاءِ , ودَرَكِ الشَّقَاءِ وَسُوءِ الْقَضَاءِ, وَشَمَاتَةِ الْأَعْدَاءِ

[Allahummə inni əuzu bikə min cəhdil-bələ və dərakiş-şəqa və suil-qadai və şəmətətil-əada]

[4] Duanın ərəbcə oxunuş forması:

بِاسْمِ اللَّهِ، تَوَكَّلْتُ عَلَى اللَّهِ، لاحَوْلَ وَلا قُوَّةَ إِلا بِاللَّهِ

[Bismilləh, təvəkkəltu aləllah, lə haulə və lə quvvətə illə billəh]

[5] Duanın ərəbcə oxunuş forması:

اللهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ فِي الدُّنْيَا وَالْآخِرَةِ، اللهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ فِي دِينِي وَدُنْيَايَ وَأَهْلِي وَمَالِي، اللهُمَّ اسْتُرْ عَوْرَاتِي، وَآمِنْ رَوْعَاتِي، اللهُمَّ احْفَظْنِي مِنْ بَيْنِ يَدَيَّ، وَمِنْ خَلْفِي، وَعَنْ يَمِينِي، وَعَنْ شِمَالِي، وَمِنْ فَوْقِي، وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ مِنْ تَحْتِي

[Allahummə, inni əs’əlukəl-afiyətə fid-dunyə vəl-əxira. Allahummə, inni əs-əlukəl-afvə və-afiyətə fi dini və dünyəyə və əhli və məli. Allahummə-stur aurati və amin rauati. Allahummə-hfəzni min beyni yədeyyə və min xalfi və an yəmini və an şiməli və min fəuqi və əuzu biazəmətikə ən uğtələ min təhti]

[6] Duanın müsibət anındakı faydası insanı səbrə təşviq etməsi və başa gələn bəlanın ona zərər verməməsidir. Müsibət gəlməmişdən öncəki faydası isə, başa gələ biləcək bəlanın ondan yan keçməsidir.

[7] Sərğa: Şam ətrafı kəndlərdən birinin adıdır.

[8] Bu hədis dəlildir ki, yoluxucu xəstəliklərdən və bu xəstəliyin yayıldığı yerlərdən uzaq durmaq, hətta heyvanları belə uzaq tutmaq lazımdır.

[9] Yəni axirətdə də xeyirxah olaraq adlandırılacaqlar.

[10] Hədisi şeyx Əlbani səhih görmüşdür: “Səhih əl-Cəmi” 3795.

[11] Dəridən hazırlanmış su qabları.

Hazırladı: Əbu Zeyd Həbibli