Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Namazda edilməsi bəyənilən sünnə əməllər
1. Əlləri qaldırmaq. Namazda əllər altı yerdə qaldırılır:
Birinci, namazın əvvəlində “Allahu əkbər” deyərkən;
İkinci, rükuya gedərkən;
Üçüncü, rükudan qalxarkən;
Dördüncü, ikinci rükətdən üçüncü rükətə qalxarkən;
Beşinci, birinci səcdədən qalxdıqdan sonra;
Altıncı, ikinci səcdədən qalxdıqdan sonra.
Əllərin qaldırılacağı bu altı yer on səhabədən nəql olunmuşdur, onlardan biri də Malik ibn Huveyrisdir . Abdullah ibn Ömər Peyğəmbərin namazını belə vəsf etmişdir: “Namaza başladıqda təkbir gətirər – “Allahu əkbər” deyər və əllərini qaldırardı. Rükudan qabaq da əllərini qaldırardı. “Səmiallahu limən hamidəh” dedikdə, habelə ikinci rükətdən üçüncü rükətə qalxdıqda da əllərini qaldırardı”.
İbn Ömər başını səcdədən qaldırdıqda və qiyama qalxmaq istədikdə əllərini qaldırardı. İmam Əhməd bu sünnət ilə əməl etmişdir. Bu sünnət çox yayılmamışdır. Bu səbəbdən insanların təəccübünə və etirazına səbəb ola bilər. Ona görə də sıravi insanların gözü önündə bu əməli etməmək daha məsləhətdir. Belə əməllər sünnət əhli olan və sünnətə həris olan insanların önündə edilməlidir.
4. Sağ əli sol əl üzərinə qoymaq. Əllər sinə üzərində bağlanır. Peyğəmbər demişdir: “Bizə – peyğəmbərlər zümrəsinə namazlarında sağ əllərini solun üzərinə qoymaq əmr olunmuşdur”. Peyğəmbərin namazda əllərini açdığına dair heç bir şey rəvayət olunmamışdır. Buna dair sünnətdə – hədislərdə heç bir şey yoxdur. Ondan bunun tam əksi nəql olunmuşdur. Vail ibn Hucr Peyğəmbərin namazını vəsf edərkən demişdir: “Allah rəsulunu sağ əlini sol əli üzərində, əllərini sinəsinə qoyarkən gördüm”.
3. “İstiftəh” – “namazın açılış” duası. Aşağıda qeyd olunan və Peyğəmbərdən sabit olan dualardan biri namazın əvvəlində Fatihədən öncə oxuna bilər.
“Subhənəkə Allahummə va bihəmdikə va təbarəkəsmukə və təalə cəddukə va lə iləhə ğayrukə” (mənası: “Allahım! Sən pak və müqəddəssən. Sənə həmd olsun. Sənin adın mübarək, əzəmətin ucadır. Səndən başqa məbud yoxdur!”)
“Allahummə bəid beyni va beynə xatayəyə kəmə bə'adtə beynəl-məşriqi val-məğribi, Allahummə nəqqini min xatayəyə kəmə yunəqqas-səvbul-əbyədu minəd-dənəsi. Allahumməğsilni min xatayəyə bissəlci valməi valbəradi” (mənası: “Allahım, məğriblə məşriqin arasını uzaqlaşdırdığın kimi, məni də günahlarımdan uzaqlaşdır! Allahım, ağ paltar kirdən təmizləndiyi kimi, məni də günahlarımdan təmizlə! Allahım, mənim günahlarımı qar, su və dolu ilə yu!”)
“Vaccəhtu vachiyə lilləzi fətaras-səməvati val-ərda hənifən muslimən va mə ənə minəl-muşrikin, innə saləti va nusuki va məhyəyə va məməti lilləhi Rabbil-aləmin, lə şərikə ləhu va bizəlikə umirtu va ənə minəl-muslimin. Allahummə əntəl-məliku lə iləhə illə əntə, subhanəkə və bihamdikə. Əntə Rabbi va ənə abdukə, zaləmtu nəfsi va'təraftu bizənbi, fəğfir li zunubi cəmian, innəhu lə yəğfiruz-zunubə illə əntə, vahdini liəhsənil-əxləqi lə yəhdi liəhsənihə illə əntə, vasrif anni seyyiəhə lə yasrifu anni seyyiəhə illə əntə. Ləbbeykə va sə'deykə, val-xayru kulluhu biyədəykə, vaş-şərru leysə ileykə, məl-məhdi min hədyikə, ənə bikə va ileykə, lə məncə və məlcə minkə illə ileykə, təbarəktə va təaleytə, əstəğfirukə va ətubu ileykə” (mənası: “Üzümü müsəlman və hənif – ixlasla Allaha ibadət edənlərdən olaraq göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm. Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə buyrulmuşdur və mən müsəlmanlardanam. Allahım! Hökmdar Sənsən. Səndən başqa məbud yoxdur. Sən pak və müqəddəssən. Həmd səna Sənə məxsusdur! Sən mənim Rəbbimsən, mən isə Sənin qulun. Özümə zülm etdim və günahımı etiraf etdim. Mənim bütün günahlarımı bağışla! Şübhəsiz ki, günahları ancaq Sən bağışlaya bilərsən. Mənə ən gözəl əxlaq nəsib et! Onun ən gözəlini ancaq Sən bəxş edə bilərsən. Onun pisindən məni uzaq et! Məni onun pisindən ancaq Sən uzaqlaşdıra bilərsən. Buyur, əmrinə müntəzirəm! Xeyir bütünlüklə Sənin iki Əlindədir. Şər isə Sənə aid deyildir. Hidayətə gələn Sənin müvəffəqiyyətinlə doğru yola gəlir. Mən Səninləyəm, Sənə də dönəcəyəm. Mübarək və Ucasan! Səndən bağışlanma diləyir və Sənə tövbə edirəm”).
4. İstiazə – şeytanın şərindən Allaha sığınmaq. Yəni “əuzu billəhi minəş-şeytanir-racim” (mənası: “qovulmuş şeytandan Allaha sığınıram”) demək. İstiftəh duası oxunduqdan sonra şeytanın şərindən Allaha sığınılır. Hər rükətdə Fatihədən qabaq istiazə etmək sünnədir – bəyənilir. Uca Allah belə buyurur: “Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın!”
5. Əl-Fatihə surəsindən sonra “amin” demək. Bəzi alimlər bunun vacib olduğunu demişdir. Böyük ehtimalla elə doğru olan da budur. Çünki Peyğəmbər namaz qılanlara bunu əmr edərək belə demişdir: “İmam “vəladdallin” dedikdə siz də “amin” deyin! Çünki imam “amin” dedikdə mələklər də “amin” deyir. Kimin “amin” ləfzi mələklərin “amin” ləfzi ilə üst-üstə düşərsə, Uca Allah onun keçmiş (kiçik) günahlarını bağışlayar”.
6. Əl-Fatihə surəsindən sonra hər hansı bir ayə, yaxud surə oxumaq. Bu, namazların ilk iki rükətində oxunur. Əbu Qətadənin rəvayətində qeyd edildiyi kimi, Peyğəmbər Zöhr namazının ilk iki rükətində Fatihəni və başqa bir surə oxuyar, bəzən qiraətini uzadar, bəzən isə qısa edərdi. Birinci rükəti ikinci rükətinə nisbətdə daha uzun olardı. Ola bilsin ki, bunu camaatın birinci rükətə gəlib çatmaları, yaxud da Sübh namazına mələklərin şahid olması səbəbilə edirdi.
Həmçinin o , camaat namazını həddən ziyadə uzun qıldırmağı da bəyənməzdi. Belə ki, bir dəfə Muaz camaat namazında əl-Bəqərə surəsini oxumuş və insanlardan biri onu Peyğəmbərə şikayət etmişdir. Peyğəmbər isə Muaza “ey Muaz, sən fitnəkarsanmı?” – demişdir. Digər hədisdə isə belə demişdir: “Sizdən biriniz insanlara namaz qıldırdıqda qoy namazı çox uzatmasın. Çünki onların arasında zəif, xəstə, yaxud qoca olanlar vardır. Təklikdə namaz qılan isə namazını istədiyi qədər uzada bilər”.
7. Rüku və səcdələrdə Allahı zikr etmək. Huzeyfə deyir ki, mən Peyğəmbərlə birlikdə namaz qılırdım. O, rükuda “Sübhanə rəbbiyəl azim”, səcdədə isə “Sübhanə rəbbiyəl alə”, – deyərdi.
Rükudan qalxdıqda etdiyi dualarından biri də Əli ibn Əbu Talibin rəvayətində qeyd edilən duadır: “Səmiallahu limən həmidəh, Rabbənə və ləkəl-həmd. Mil-əs-səməvati və mil-əl-ardi və mə bəynəhumə və milə mə şitə min şeyin bəd” (mənası: “Allah Özünə həmd edənləri eşitdi. Ey Rəbbim, həmd Sənə məxsusdur! Göylər və yer dolusu, onların arasında və Sənin istədiyin qədər Sənə həmd olsun”). Bir gün Peyğəmbər namaz qılanlardan birinin belə dediyini eşitdikdə: “bu duanı kim etdi?” – deyə soruşdu. Bir nəfər: “Mən dedim, ey Allahın elçisi”, – dedikdə, Peyğəmbər belə cavab verdi: “Otuzdan artıq mələk gördüm ki, bu zikri hansı birinci yazacaq deyə bir-birlərilə yarışırdı”.
Peyğəmbər rükuda bu cür də zikr edərdi: “Subbuhun, Quddusun, Rabbul-mələikəti vər-ruh” (mənası: “Pakdır, müqəddəsdir, mələklərin və Ruhun (Cəbrayılın) Rəbbidir!”)
Həmçinin belə deyərdi: “Subhənə zil-cəbəruti, val-mələkuti, val-kibriyəi, val-azaməti” (mənası: “Qüdrət, səltənət, böyüklük və əzəmət sahibi pak və müqəddəsdir!”)
Peyğəmbər səcdədə bu cür də zikr edərdi: “Allahummə ləkə səcədtu va bikə əməntu va ləkə əsləmtu, səcədə vachiyə lil-ləzi xaləqahu, va savvarahu, va şəqqa səm'ahu va bəsarahu, təbərakəllahu əhsənul-xaliqin” (mənası: “Allahım! Sənə səcdə etdim, Sənə iman gətirdim, Sənə təslim oldum! Üzüm onu yaradana, ona surət verənə, onda göz və qulaq açana səcdə etdi. Yaradanların ən gözəli olan Allah nə qədər xeyirxahdır!”)
Həmçinin belə deyərdi: “Subhənəkə Allahummə va bihəmdikə, Allahumməğfirli” (mənası: “Allahım! Sən pak və müqəddəssən. Sənə həmd olsun. Allahım, məni bağışla!”)
8. İki səcdə arası oturuş şəkli və orada edilən dua. İki səcdə arasında sağ ayaq dik tutulur, sol ayaq isə yerə yatırılır və onun üzərində oturulur. Sağ ayağın barmaqları qiblə istiqamətinə baxır. Əbu Humeyd əs-Səidi Peyğəmbərin belə etdiyini nəql etmişdir. Birinci və ikinci təşəhhüddə də bu formada oturulur. İki səcdə arasında bu dua oxunur: “Allahumməğfir li, varhəmni, va afini, vahdini, varzuqni” (mənası: “Allahım! Məni bağışla, mənə rəhm et, mənə salamatlıq ver, məni doğru yola yönəlt, mənə ruzi yetir”).
9. İstirahət oturuşu. İkinci səcdədən sonra ikinci və ya dördüncü rükətə qalxmamışdan qabaq azacıq oturulur. Malik ibn əl-Huveyris rəvayət edir ki, “Peyğəmbər səcdədən qalxdıqdan sonra oturmamış ayağa qalxmazdı”. Peyğəmbər daima belə etməzdi. Çünki bir çox rəvayətdə onun belə etdiyi qeyd olunmamışdır. Ola bilsin ki, o bunu bədəninin zəifliyinə, yaxud yaşlılığına görə etmişdir.
10. Təşəhhüd zamanı şəhadət barmağı ilə işarə etmək və onu tərpətmək. İbn Ömər rəvayət edir ki, “Peyğəmbər təşəhhüddə oturarkən sağ əlini sağ dizinin üstünə, sol əlini də sol dizinin üstünə qoyar və şəhadət barmağı ilə işarə edərdi”.
Vail ibn Hucrun rəvayətində isə belə qeyd olunur: “Sonra gördüm ki, barmağını qaldırdı, onu tərpədərək dua etdi”.
Bunu həm birinci, həm də ikinci təşəhhüddə edərdi.
Şəhadət barmağının tərpədilməsi barədə Peyğəmbər belə demişdir: “Bu, şeytana dəmir zərbəsindən də ağırdır”.
İmam Əhməd də bu əməli təsdiqləmiş, Təhavi də bunu qeyd etmişdir.
11. Sonuncu təşəhhüddə salamlardan qabaq dua etmək. Peyğəmbər namazın sonunda salamlardan qabaq bizə xoş olan dualarla dua etməyin bəyənilən bir əməl olduğunu bildirmişdir. Belə ki, o , səhabələrə təşəhhüd duasını öyrətdikdə onlara belə demişdir: “Daha sonra sənə xoş olan dualardan birini seç və həmin dua ilə Allaha dua et!”
Peyğəmbərin etdiyi dualardan biri bu idi: “Allahumməğfir li mə qaddəmtu, və mə əxxartu, və mə əsrartu, və mə ə'ləntu, və mə əsraftu, və mə əntə ə'ləmu bihi minni. Əntəl-muqaddimu, və əntəl-muəxxiru, lə illəhə illə əntə” (mənası: Allahım! Əvvəl etdiyim və sonra edəcəyim, gizlin saxladığım və üzə çıxardığım, xəta etdiyim və məndən daha yaxşı bildiyin (pis) əməllərimi bağışla! Əvvələ çəkən də Sənsən, təxirə salan da Sənsən. Səndən başqa haqq məbud yoxdur”).
Həmçinin o , dörd şeydən Allaha sığınardı: “Allahummə inni əuzu bikə min əzabil-qabri, və min əzabi Cəhənnəmə, və min fitnətil-məhyə vəl-məmati, və min şərri fitnətil-məsihid-dəccal” (mənası: “Allahım! Qəbir əzabından, Cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən, dəccal məsihin fitnəsinin şərindən Sənə pənah aparıram!”)
(1) Buxari 2/222, Əbu Davud 1/197.
(2) Bu rəvayətlərin hamısı etibarlıdır və bu məsələni özündə ehtiva etməyən hədislər ilə heç bir ziddiyyət təşkil etmir. Bax: Təmamul-minnə, səh.172.
(3) Bax: “Sifətu salətin-nəbiy”, səh. 87.
(4) İbn Xuzeymə, 479, Beyhəqi, 2336.
(5) Əbu Davud (775) yaxşı sənədlə rəvayət etmişdir. Hakim (1/325) səhih olduğunu demiş, Zəhəbi də bununla razılaşmışdır.
(6) Əlbani “Sifətu salətin-Nəbiy” kitabında (səh.83) səhih olduğunu qeyd edir.
(7) Müslim, 771, Əbu Davud, 760, Tirmizi, 3417.
(8) Ən-Nəhl, 98.
(9) Buxari, 780.
(10) Buxari və Müslim.
(11) Buxari və Müslim.
(12) Hədisi Əhməd, Əbu Davud, Nəsai və Tirmizi səhih sənədlə rəvayət etmişdir. Bax: İrvaul-ğalil 2/39.
(13) Buxari və Müslim.
(14) Buxari, Malik, Əbu Davud.
(15) Müslim, 487.
(16) Nəsai (1/161) səhih sənədlə rəvayət etmişdir.
(17) Müslim, 771.
(18) Buxari və Müslim.
(19) Buxari, 828. Hədis barədə təfsilatlı məlumat üçün bax: Əlbani “İrvaul-ğalil” 2/20.
(20) Əlbani də bu rəyi üstün görmüşdür. Bax: Təmamul-minnə, səh. 223.
(21) Hədis həsəndir. Əbu Davud, 832 Nəsai 1/143.
(22) Buxari, 823, Əbu Davud, 844, Tirmizi, 287, Nəsai 2/233.
(23) Müslim, 580, “Muvatta” 1/88, Əbu Davud, 987, Tirmizi, 254.
(24) Əhməd, Əbu Davud və Nəsai səhih sənədlə rəvayət etmişlər.
(25) Nəsai və Beyhəqi səhih sənədlə rəvayət etmişlər.
(26) Əhməd, Bəzzar, Buxtəri “əl-Əmali” və Məqdisi “Sünən” əsərində rəvayət etmişlər. Əlbani “Sifətu salətin-Nəbiy” kitabında (səh.171) səhih olduğunu qeyd edir.
(27) Məsəil İbn Həni, 80, Şərh məanil-əsar 1/153.
(28) Buxari və Müslim.
(29) Müslim, 771.
(30) Müslim, 588.
SON ƏLAVƏLƏR