Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Səhv səcdəsinin müxtəsər izahı
Namaz qılanın namazda səhvən yol verdiyi xətasından ötrü etdiyi iki səcdəsinə deyilir. Səhv səcdəsindən sonra təşəhhüd duası oxunmadan salam verilir. Namazda bilərəkdən yol verilən xətalar isə namazı batil edir və belə halda səhv səcdəsi də həmin xətanı aradan qaldıra bilmir.
Səhv səcdəsi üç səbəbdən dolayı edilir:
1. Şəkk – iki hal arasında tərəddüd etməyə deyilir.
İbadətdə üç halda şəkk-şübhəyə fikir verilməz:
• Əgər şübhə, sadəcə olaraq, mücərrəd vəsvəsədən ibarətdirsə;
• Şübhələrin çox və davamiyyətli olması. Şübhələrin daimi olması onun həqiqət deyil, vəsvəsə olduğunun göstəricisidir;
• Namazı tamamlayandan sonra şübhə gəldikdə.
Namazda şəkkə düşmək iki növ olur:
Birincisi, namaz qılan böyük ehtimalla elə zənn edə ki, namazın vaciblərindən nəyisə əskik etmişdir. Bu halda həmin zənninə görə hərəkət etməli, daha sonra isə salamlardan öncə səhv səcdəsi etməlidir. Peyğəmbər demişdir: “Sizlərdən biri namazında şübhəyə düşsə, doğru olanı araşdırsın və onunla namazını tamamlasın, sonra isə iki səcdə etsin!” (1) Müslimin rəvayətində isə belə deyilir: “Doğru bildiyini araşdırsın!” (2)
İkincisi, namaz qılanın şübhəyə düşdüyü məsələdə bir qənaətə gələ bilməməsi halıdır. Məsələn, ikinci rükəti qılıb-qılmaması arasında şübhəyə düşmək və bir qənaətə gələ bilməmək kimi. Bu halda yəqin bildiyi ilə əməl etməli və qayıdıb ikinci rükəti qılmalıdır. Peyğəmbər ﷺ demişdir: “Sizlərdən hər hansı bir kimsə namazında şəkkə düşüb, üç yoxsa dörd rükət qıldığını bilməsə, şübhəli olanı bir kənara buraxsın və yəqin olduğu miqdar üzrə namazına davam etsin. Sonra salam verməmişdən əvvəl iki səcdə etsin. Əgər beş rükət qılıbsa, (bu iki səcdə) onun namazını cüt rükət edər. Yox, əgər namazını dörd rükət olaraq tamamlayıbsa, bu iki səcdəsi şeytanın burnunu yerə sürtməsi üçündür”.(3)
2. Namazda hər hansı bir naqisliyə yol vermək.
Namazın rüknlərindən birində naqisliyə yol verməklə vaciblərin birində naqisliyə yol vermək arasında fərq vardır.
• Təkbiratül-ihram, əl-Fatihə surəsini oxumaq kimi namazın rüknlərindən birini hətta səhvən tərk etmək belə namazı batil edir. Əgər bu xəta namazın daxilində xatırlansa, həmin rükət batil sayılır və o rükət yenidən əda edilməli, sonra namaz adi qaydada tamamlanmalı və salamlardan sonra səhv səcdəsi edilməlidir. Çünki bu halda namaza əlavə edilmiş sayılır.
• Namazın vaciblərindən hər hansı birini bilərəkdən tərk edənin namazı batil olur. Bu halda səhv səcdəsi etmək də kifayət etmir. Lakin bir şəxs ikinci rükətin sonunda təşəhhüdə oturmadan üçüncü rükətə qalxar və tam dikəldikdən sonra xatırlarsa, geriyə qayıtmaz və namazına davam edər. Çünki Muğirə ibn Şöbənin rəvayətində qeyd edilir ki, bir gün o, camaata namaz qıldırarkən təşəhhüdə oturmadan qiyama qalxmış və camaat “Subhanəllah!” deyib onu xəbərdar etsə belə, o yenə təşəhhüdə qayıtmamış və namazına davam etmişdir. Namazın sonunda səhv səcdəsi edib salam verdikdən sonra belə demişdir: “Mən Peyğəmbəri ﷺ bu cür edən gördüm”.(4)
Digər rəvayətdə isə o, Peyğəmbərin ﷺ belə dediyini nəql edir: “Əgər imam ikinci rükətdə (təşəhhüdə oturmadan) qalxıb, bunu tam ayaq üstə qalxmamış xatırlarsa, otursun! Əgər tam ayaq üstə qalxıbsa, oturmasın və iki səhv səcdəsi etsin!” (5)
Əgər vaciblərdən biri səhvən tərk edilsə və bu səhv digər vacibə keçilməmiş xatırlansa, həmin vacib yerinə yetirilməlidir və səhv səcdəsinə də ehtiyac yoxdur.
Əgər vaciblərdən biri səhvən tərk edildiyi təqdirdə, digər vacibə keçildikdən sonra xatırlansa, geri qayıtmağa lüzum yoxdur. Məsələn, unudaraq təşəhhüdə oturmadan üçüncü rükətə qalxan kəs kimi. Bu halda, yəni qiyama qalxdıqdan sonra yenidən təşəhhüdə oturmaq lazım deyil. Sonda salamlardan əvvəl iki dəfə səcdə etmək kifayət edir. Peyğəmbər ﷺ demişdir: “Əgər imam ikinci rükətdə (təşəhhüdə oturmadan) qalxıb, bunu tam ayaq üstə qalxmamış xatırlarsa, otursun! Əgər tam ayaq üstə qalxıbsa, oturmasın və iki səhv səcdəsi etsin!” (6)
3. Namaza əlavə etmək.
Məsələn, İşa namazını beş rükət qılmaq kimi. Bu halda salamlardan sonra səhv səcdəsi edilir və sonra yenə salam verilir. Bunun dəlili Abdullah ibn Məsudun (Allah ondan razı olsun) bu rəvayətidir: “Allah rəsulu ﷺ bir dəfə zöhr namazını beş rükət qıldı. Salamları verdikdən sonra ona deyildi: “Namaza yeni bir şey əlavə oldumu?” O da: “Nə üçün?” – deyə soruşdu. Ona “Beş rükət qıldın”, – deyildikdə iki səcdə etdi və sonra yenidən salam verdi. Sonra isə belə dedi: “Mən də sizin kimi bir bəşərəm, siz unutduğunuz kimi mən də unuduram. Sizdən biriniz namazda unutqanlığa yol verdiyi vaxt oturduğu halda iki səcdə etsin!” (7)
(1) Buxari, 401.
(2) Müslim, 572.
(3) Müslim, 571. “(Bu iki səcdə) onun namazını cüt rükət edər”, yəni xətasını aradan qaldırar. “Bu iki səcdəsi şeytanın burnunu yerə sürtməsi üçündür”, yəni şeytanı zəlil etmək üçündür. Çünki şeytan namaz əsnasında vəsvəsə verərək namaz qılanı çaşdırmaq istəyir, namaz qılan isə səhv səcdəsini etməklə onun bu istəyini puç edir. Doğrusunu Allah bilir!
(4) Hədis həsəndir. Tirmizi, 365, Əbu Davud, 1036 və 1037.
(5) Bu rəvayət Cabir əl-Coufi tərəfindən rəvayət edilib münkər olsa da, hədisin başqa sənədlə İbrahim ibn Tahman yolu ilə də nəql olunmuşdur ki, bu ravi də etibarlı ravidir və beləcə hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 321.
(6) Əbu Davud, 1036. Əlbani “Mişkət” (1020) əsərində səhih olduğunu demişdir.
(7) Müslim, 572.
SON ƏLAVƏLƏR