Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Müstəhəb səcdələr (tilavət və şükr səcdələri)

Tilavət səcdəsi

Qurani-Kərimdə on beş səcdə ayəsi vardır ki, bu ayələrdən birini oxuyanın və ya dinləyənin Uca Allaha səcdə etməsi müstəhəbdir. Peyğəmbər ﷺ bu ayələri oxuduqda bəzən səcdə edər, bəzən isə etməzdi. Belə ki, Buxari və Müslimin ittifaqla rəvayət etdikləri hədisdə Zeyd ibn Sabit (Allah razı olsun) Peyğəmbərə ﷺ ən-Nəcm surəsini oxumuş, o isə səcdə etməmişdir.(1)
Həmçinin Ömər ibn Xattab (Allah razı olsun) xütbə əsnasında səcdə ayəsi oxumuş, birinci dəfə minbərdən enərək səcdə etmiş, ikinci dəfə isə səcdə etməmiş və belə demişdir: “Ey insanlar, bizə tilavət səcdələri əmr edilməmişdir. Kim səcdə etsə, doğru olanı etmişdir, səcdə etməyən isə heç bir günah qazanmır”.(2)

Bəzi alimlər tilavət səcdəsi üçün dəstəmazın şərt olmadığını demişdir. Dəlilləri isə Səhih Buxaridə qeyd olunan İbn Ömərin (Allah ondan razı olsun) əməlidir. Belə ki, o, dəstəmazsız halda səcdə edərdi. Peyğəmbər ﷺ səcdə ayəsini oxuduqda onun arxasında müsəlmanlar və müşriklər səcdə edərdilər.(3) Hafiz İbn Həcər də qeyd etmişdir ki, həmin vaxt müsəlmanların hamısının eyni vaxtda dəstəmazlı olması düşünülə bilməz. Çünki onlar Peyğəmbərin ﷺ səcdə ayəsini oxuyacağını gözləmirdilər və buna hazır deyildilər. Peyğəmbər ﷺ isə onların bu səcdələrinə etiraz etmədi. İbn Həcər demişdir: “Onlardan bəzilərinin tilavət səcdəsini ötürməmək üçün dəstəmazsız halda səcdəyə qapanmaları və Peyğəmbərin ﷺ də buna etiraz etməməsi dəstəmaz almağın çətin olduğu vaxtlarda dəstəmazsız halda səcdə etmənin icazəli olduğuna dəlil olaraq göstərilmişdir”.(4)

Tilavət səcdəsində Peyğəmbərdən ﷺ nəql olunmuş dualarla dua etmək müstəhəbdir. Həmin dualardan bəziləri bunlardır:
Səcədə vachiyə lilləzi xələqəhu və şəqqa səməhu və bəsərəhu, bihavlihi və quvvətihi, fətəbərakallahu əhsənul-xaliqin” (mənası: “Sifətim onu yaradana, ona eşitmə və görmə qabiliyyəti verənə Onun güc və qüvvəti ilə səcdə edir. Yaradanların ən gözəli Allah nə mübarəkdir!”) (5)
Allahumək-tub li bihə əcran, vamhu anni bihə vizran, və təqabbəlhə minni kəmə təqabbəltəhə min abdikə Davud” (mənası: “Allahım, bu səcdə ilə mənə savab yaz, mənim günahımı sil və onu qulun Davuddan qəbul etdiyin kimi, məndən də qəbul et!”) (6)

Şükr səcdəsi

Nemət verilən, yaxud şad xəbər eşidən kimsənin Uca Allaha səcdə etməsi müstəhəbdir. Belə ki, Peyğəmbər ﷺ xoş xəbər eşitdikdə və ya sevindirici hallarda Allaha şükr əlaməti olaraq səcdəyə qapanardı.(7)
Bəra ibn Azibə (Allah ondan razı olsun) Həmdan qəbiləsinin İslamı qəbul etdiyi xəbəri gəlib çatanda səcdəyə qapanmışdı.(8)
Bu səcdənin hökmü tilavət səcdəsinin hökmü ilə eynidir. Bu səcdə üçün də dəstəmazlı olmaq şərt deyil.
Səhabələr daima şükr səcdəsi edərdilər. Kəb ibn Malikə (Allah ondan razı olsun) Uca Allahın onun tövbəsini qəbul etdiyi xəbəri gəlib çatanda sevincindən Allah üçün səcdəyə qapanmışdır.(9)

(1) Buxari, 1072.
(2) Buxari, 1077.
(3) Buxari, 1071.
(4) Fəthul-Bəri 2/553-554.
(5) Əbu Davud, 1414, Hakim (1/220) səhih olduğunu demiş, Zəhəbi də bununla razılaşmışdır.
(6) Tirmizi, 579, İbn Macə, 1053, Hakim (1/220) səhih olduğunu demiş, Zəhəbi də bununla razılaşmışdır.
(7) Hədis həsəndir. Əbu Davud, 2774, Beyhəqi 2/370. Bax: İrvaul-ğalil 2/226.
(8) Hədis həsəndir. Beyhəqi 2/369.
(9) Buxari və Müslim.