Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Qisas barədə sual və cavabı
Sual belədir: Dişə diş, qana qan, qardaşa qardaş, qula qul, yaranın belə öz qisasi var, bu nə dərəcə doğrudur? Mən kiminsə qardaşını öldürürəm, o da mənim qardaşımı öldürür, yəni, mən yox, məhz qardaşım. Qardaşımın nə günahı var ki, qoy məni öldürsün da! Bu nə dərəcə düzgündü?
Cavab: Bu sualı verən insan məsələni əslən düz başa düşməyib. Zatən bunu deyən insan ədalətli olmaq istəsəydi, İslamdakı gözəllikləri çoxdan görərdi. Lakin, biz ona düzgün anlamaqda yardım edə bilərik. Yetər ki, o haqqı görsün.
Birincisi: Sual verən şəxs əslən Quranda və İslamda olmayan bir şeyi Qurana və İslama nisbət edir. Həmin ayə əslində belədir:
«Biz Tövratda onlara yazıb buyurduq ki, cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş, vurulmuş yaralara da yaralar qisas alınmalıdır. Hər kəs bunu sədəqə etsə (qisasdan vaz keçsə), bu onun üçün kəffarə olar. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımlardır.» (əl-Maidə, 45)
Ayədə deyilmir ki, “günahı edənin özü yox, onun qardaşı məsuliyyət daşıyır”. Ayədə qətiyyən belə bir şey deyilmir. Onda biz də özümüzdən belə batil məna çıxara bilmərik.
İkincisi: Bu ayədə məna odur ki, məsələn; kimsə sənin qulağını qəsdən tutub kəssə, gözünün birini qəsdən, sənə zülm edərək kor etsə, sənin onun etdiyini edib həddi aşmadan intiqam almağa haqqının çatmasıdır. Lakin, ayənin sonunda deyir ki, hər kəs bunu sədəqə etsə, yeni, qisas almaqdan vaz keçsə, həmin şəxsi bağışlasa bu onun üçün daha xeyirlidir.
Üçüncüsü: Şübhədə yol verilmiş ən böyük yalan isə guya ki, sənin qardaşını öldürən şəxsin sən də gedib onun qardaşını öldürə bilərsənmiş guya ki... Bu da açıq aydın yalan və növbəti ateist uydurmasıdır ki, onlar bu cür yalan məlumatları insanlar arasında yayırlar. Onlar İslama qarşı qərəzli olduqlarından dolayı (əvvəldən də bu dini bilmədiklərindən dolayı) belə əməllər edirlər.
Dördüncüsü: Bu ayədə Tövratdakı qisas hökmündən danışılsa da, İslamda da tam ədalətli bir qisas hökmü vardır. Ona görə də Qurani-Kərimdə: «Qisasda sizin üçün həyat (əmin-amanlıq) vardır, ey ağıl sahibləri!» (əl-Bəqərə, 179) deyilmişdir. Bu isə qisas nəticəsində insanlar arasındakı düşmənçiyin aradan qalxmasının təmin olunmasıdır. Bəzi qəbilələrdə nəsildən nəsilə keçən "qan davaları" İslamdakı qisas hökmünün tətbiqi ilə də aradan qalxa bilər. Əksinə, şübhədə deyildiyi kimi sənin qardaşını öldürənin qardaşını sən öldürə bilməzsən. Çünki, Quran bunun tam əksini deyir. Çünki, Quran hər bir günahkarın yalnız öz cinayətinin məsuliyyətini daşıdığını bizə ifadə edir. Uca Allah Quranda buyurur: «Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz.» (əl-Ənam, 164)
Beşincisi: Allah Təala Öz qullarını daha yaxşı tanıdığı üçün onlara iki seçim vermişdir. Ona görə ki, insanlar müxtəlifdirlər. Kiminsə üçün bağışlamaq rahatlıq gətirirsə, kiminsə üçün isə intiqam almaq rahatlıq gətirir. Lakin, Allah bağışlamağı tövsiyə edir. Bununla yanaşı Allah bağışlayan, kini intiqam almadan soyumayan insanların da olduğunu bildiyi üçün, intiqam almağa icazə versə də:
a) İntiqamda həddi aşmağı qadağan etmişdir. Yəni, dişə diş, gözə göz. Bundan artığını etməyi qadağan etmişdir.
b) Uca Allah bağışlamağın intiqam almaqdan daha üstün olduğunu bəyan etmişdir. İslam dini bağışlamaqla insanın daha da Allah qatında ucaldığını və insanın böyük bir savab əməl etdiyini bildirir.
c) İnsan öz qisasını almaq üçün çalışıb özbaşınalıq etməməli, bilməlidir ki, bu hökmlər şəriətin hökmləridir. Hətta, şəriət tətbiq olunan ölkələrdə belə insanlar qaziyə müraciət edib razılığa gəlirlər. Lakin, bu hökmlər tətbiq olunmayan yerlərdə insan daha da hikmətli olmalıdırlar. Əgər ayədəki kimi qisas alınması mümkünsüz olarsa, onda intiqamını almaq üçün cinayətkar şəxs mövcuddursa, ondan, özünə fiziki zərər verilməsi halına görə lazımi orqanlara müracət etməlidir.
Ümid edirəm ki, bu cavabdan sonra sizin İslam dini haqqında təsəvvürünüz tam dəyişəcəkdir.
SON ƏLAVƏLƏR