Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Allah niyə müsəlmanı imtahan edir, amma ingilisi, kanadalını və hollandiyalını imtahan etmir?

Şübhə belədir: Allah niyə müsəlmanı imtahan edir, amma ingilisi, kanadalını və hollandiyalını imtahan etmir?
Cavab: Allah bütün bəndələrini imtahan edir. Gəlin elə bu şübhəni yayan şəxsin özündən başlayaq. Deyirik ki, Allah sizin kimi imanı olmayanları da imtahan edib və özünüz imansız olmağı seçmisiniz. Məsələn, Qiyamət günü Allaha deyə bilməzsiniz ki məni niyə Cəhənnəmə atırsan? Özünüz də yaxşı bilirsiniz ki, küfr yolunu özünüz seçmisiniz. Məsələn, uca Allah bir ayədə belə buyurur: "De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın". (əl-Kəhf. 29). Deməli, siz özünüz bu yolu seçirsiniz. İmtahandan qəsdli şəkildə kəsilirsiniz.
• İndi isə, gəlin keçək avropalılara, ingilislərə, kanadalılara və ya hollandiyalılara....
a) Ümumi insanlara edilən xitaba daxil olmaları baxımından: Allah onları da imtahan edir, sadəcə kimisi Allaha iman gətirir, kimisi də imansız yaşamağı seçir. Uca Allah müsəlman, qeyri-müsəlman olmaqla bütün bəndələrini haqq-hesab edəcəyini bu şəkildə ifadə edir: "Ey Peyğəmbər! Rəbbinə and olsun ki, biz onların hamısını etdikləri əməllər barəsində sorğu-suala çəkəcəyik!" (ən-Nəhl-92-93).
Başqa bir ayədə də uca Allah bütün insanların hər bir zərrə əməlinə görə cavab verəcəyini bildirir: "O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır". (Zilzal. 6-8).
Uca Allah buyurur: "Biz onları yer üzündə ümmətlərə böldük. İçərilərində həm əməlisaleh olanlar, həm də belə olmayanlar var. Biz onları yaxşılıq və pisliklə sınadıq ki, bəlkə doğru yola dönələr". (Əraf. 168).
b) Kitab əhlinə edilən xitaba daxil olmaları baxımından: Bu qeyd olunan xalqların əsl dini xristianlıq dinidir. Dindən bir qədər uzaqlaşsalar da, onların cəmiyyətində dinə gələn kimsə əsasən xristianlığa tərəf gəlir. Onların ulu babaları isə bu təhrif olunmuş dinə inanırdı. Onlar da dinə gəldikdə xristianlığa üz tuturlar deyə biz Qurani-Kərimdən xristianların da Allahın imatahanına tabe olması haqqında çoxsaylı ayələr qeyd edə bilərik. O ayələrdən bəziləri bunlardır;
Uca Allah buyurur: "De: “Ey Kitab əhli! Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə düzgün əməl etmədikcə, siz doğru bir şey (yol) üzərində deyilsiniz.” Əlbəttə, Rəbbindən sənə nazil edilən Quran onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Sən isə kafir toplum üçün heyifsilənmə". (əl-Maidə. 68). Bu ayədə Allah onlara özlərinə nazil olmuş təhrif edilməmiş ayələrə əməl etməyə çağırır. Qurana əməl etmələri üçün birinci özlərinə nazil olana doğru-düzgün əməl etmələri gərəkirdi. Onlar isə özlərində olanı təhrif etdilər. Quranı isə inkar etdilər. Buna görə də Allah onları qınayaraq buyurdu: "Ey Kitab əhli, haqqa şahid olduğunuz halda, nə üçün Allahın ayələrinə küfr edirsiniz?" (Ali İmran. 70).
Xristianlara da, başqa din sahiblərinə də son din olaraq İslam dininə tabe olmaq əmr olunmuşdur. İslamdan başqa din ardınca getmək Allah qatında məqbul deyil. Buna dəlil uca Allahın bu ayəsidir: "Kim İslamdan başqa bir din arayarsa, bilsin ki, o din ondan əsla qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar". (Ali İmran. 85).
c) Dinin dəlillərini tam oxumaq lazımdır. Din deyəndə ki, "Allah sizi imtahan edir", o demək deyil ki ancaq müsəlmana xitab edir.
Başqa bir ayədə uca Allah buyurur: "Biz onları əzabla yaxaladıq, onlar yenə öz Rəbbinə boyun əymədilər, Ona yalvarıb-yaxarmadılar". (Mumunun. 76). Bu ayədə də keçmiş ümmətlərdən, müsəlman olmayanlardan bəhs edilir.
Başqa bir ayədə də Allah bəyan edir ki O, insanları həm xeyirlə, həm də şərlə imtahan edir. O buyurur: "Hər kəs ölümü dadacaq. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!" (Ənbiya. 35).
Bu ayə də bütün insanların sınağa çəkilməsinə dəlildir. Deməli, Allah tək çətinliklə sınağa çəkmir, gözəl həyatla da sınağa çəkir. Nemətlərlə də sınağa çəkir. Xeyirlə imtahana çəkilmə varsa, demək ki, nemət sahibləri də imtahandan uzaq deyillər. Onlar həmin nemətlərlə necə davranacaqları ilə imtahan olunurlar.
İstər hollandiyalı, istər kanadalı, istər də ingilis olsun, bu ayədə yazılan onların başına gələcəkdir: "Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız". (ət-Təkasur. 8).
Ən birinci, "imtahan" deyəndə nəyin qəsd olunduğunu anlamaq lazımdır. İnsan anlamadığı şeyləri danışmalı deyil, önyarqılı olub ittiham etməli deyil. Belə edilərsə, həmin şəxs dini təhrif edib mənaları kontekstindən çıxarmış olar, dinin iddia etmədiyi şeyləri dinə iftira etmiş olar.
d) "Ey insanlar" xitabı keçən ayələr: Qurani-Kərimdə bir çox ayələrdə "ey insanlar" xitabı keçir. Allah insanlara məhz bu üslubda xitab edir. Bəyan edir ki, o bütün insanların Rəbbidir, onların hamısını hidayətə səsləyir, onların hamısının ilahıdır hamısını sınağa çəkir. Onun dərgahında Avropalı, Asiyalı, Afrikalı, Amerikalı kimi fərqlər yoxdur. "Ey insanlar" xitabı ilə keçən ayələrdən bəziləri bunlardır:
"Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Ondan qorxasınız". (Əl-Bəqərə. 21).
"Ey insanlar! Yer üzündə olan halal və təmiz olanlardan yeyin, şeytanın addım izləri ilə getməyin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir". (Əl-Bəqərə. 168).
"Ey insanlar! Sizi tək bir candan xəlq edən, ondan zövcəsini yaradan və o ikisindən də bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir. Yetimlərin mallarını özlərinə verin və yaxşını pis ilə dəyişməyin. Onların mallarını öz mallarınıza qatıb yeməyin. Şübhəsiz ki, bu, böyük günahdır". (Ən-Nisa. 1-2).
"Ey insanlar! Peyğəmbər sizə Rəbbinizdən haqqı gətirdi. Elə isə ona iman gətirin! Bu sizin üçün xeyirli olar. Əgər küfr etsəniz, şübhəsiz ki, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi biləndir, hikmət sahibidir". (Ən-Nisa. 170).
"Ey insanlar! Rəbbinizdən sizə bir dəlil gəldi və Biz sizə aydın bir nur (Quran) nazil etdik." (ən-Nisa. 174)
"Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır". (əl-Hucurat. 13).
Bu ayədə uca Allah bütün xalqları, irq və qəbilələri hansı hədəf üçün yaratdığını bildirir. Bu hədəfi yanlış izah edənlərə əsl Yaradan, Xaliq cavabı verir, bundakı hikməti izah edir. Bu ayə digər ayələr olmadan da bu gətirilən şübhəyə cavab olaraq kifayət edə bilərdi.
"De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm". (Əraf. 158). Bu ayə də Muhəmməd Peyğəmbərin son peyğəmbər olub bütün xalqlara, bütün insanlığa göndərilməsinin dəlilidir. "Ey insanlar" xitabı ilə başlayan ayələr Qurani-Kərimdə çoxdur. Bu qədərilə kifayətlənirik.
Ateisti bu çürük sualı verməyə vadar edən məhz din haqqında önyarqılı olmasıdır. Yoxsa bu sualın dində nə qədər geniş bir cavabının olduğunu düşünüb susmağı üstün görə bilərdi.
Bütün xalqlar son peyğəmbərə tabe olmaqla mükəlləfdirlər. Ona tabe olmadan yaşayıb başqa din üzərində ölənlər, yaxud Allahı inkar edənlər də imtahanı keçməmiş sayılırlar.
Keçmişdə özlərinə heç bir peyğəmbər gəlməmiş şəxslər isə "fətrət əhli" hökmündə olub öldükdən sonra Cənnət və cəhənnəm arasında özlərinə göndərilən peyğəmbərə tabe olub olmamaqla sınağa çəkiləcəklər. Deməli, heç kəs, hansı xalqa mənsub olmasından aslı olmayaraq, imtahandan qurtula bilməz.


Yazdı: Sahib Əsədov