Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Nuhun tufanı haqda şübhəyə cavab

Şübhə: Əgər Nuhun tufanı bütün dünyanı əhatə etmişdisə, bu özündə ağıla zidd olan bir çox məsələləri lazımlı edir: bunlardan biri belədir: necə oldu ki, Nuhun gəmisi çoxlu sayda və növdə heyvanları bir arada cəm edə bildi? Bir-birini ovlayan bəzi heyvanlar necə bir arada cəm oldu? Bu heyvanların qida və su təminatı necə baş verdi? Heyvanlar xüsusiyyətləri və həyat tərzi müxtəlif olduğu halda gəmidən endikdən sonra bütün heyvan növlərinə münasib həyat mühiti necə təmin edildi?
Cavab: Bu hadisəni dəlil gətirərək ilə İslamın ağıla zidd olması iddiasını irəli sürmək doğru deyil; ona görə ki, bu iddia bir neçə bilgi yetərsizliyi və metodiki səhvlər üzərində bina olmuşdur. Bu səhvləri ortaya çıxarmaq iki yolla ediləcəkdir:
Birinci yol: Biz tufanın bütün yer üzündə baş verməsi iddiası ilə razı deyilik; Qurani-Kərimdə bu tufanın bütün yer üzündə baş verməsini dəstəkləyən dəlil yoxdur. Qurani-Kərim digər səmavi kitablar kimi deyildir. Bu məsələyə Qurani-Kərimdə toxunulmamış və aşkar, birbaşa olaraq bu hadisənin təfsilatlarına toxunulmamışdır. Quranda Nuhun zamanında baş vermiş tufan bütün yer üzündə baş verməsi haqqında konkret fikir olmasını iddia etmək ictihad və zənn üzərində qurulmuş bir iddiadır. Çünki, bəzi ayələrdən olar bilsin ki, tufanın bütün yer üzündə baş verməsinə dəlalət etməsi mənası götürülsün; necə ki: "Nuh dedi: “Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma!" (Nuh. 26). Necə ki, başqa ayədə belə deyilir: "Nəhayət, əmrimiz gəldiyi və təndir qaynayıb daşdığı zaman Biz Nuha dedik: “Heyvanların hər növündən bir cüt, barələrində söz keçmiş kəslər istisna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir.” Lakin, onunla birlikdə az adam iman gətirmişdi". (Hud. 40) Bəzi ayələr isə bu tufan hadisəsinin məhz Nuhun qövmünə gəldiyinə dəlalət edir, uca Allahın bu ayəsi kimi: "Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O, min ildən əlli il az bir müddət ərzində onların arasında qaldı. Tufan onları zülm etdikləri zaman yaxaladı". (Ənkəbut. 14). Qurani-Kərim Nuhu (əleyhissalam) yalnız öz qövmünə göndərilmiş bir elçi olaraq vəsf edir.
Bir çox təfsir alimləri bu ehtimalın həqiqi olmasını müdafiə etmişlər. Bu alimlərdən bəziləri müasir əsrimizdən öncə bu fikri demişlər. İbn Atiyyə bu ayə "Sonra o birilərini suya qərq etdik" (Şüəra. 66) haqqında demişdir: "Bu ayədə tufanın bütün yer üzünü əhatə etməsi haqqında dəlil yoxdur". (əl-Muharrar-əl-Vaciz. 4/547).
Tahir ibn Aşur isə demişdir: "Tufanın ümumi olması Quran və sünnənin zahiridir. Əgər tufanın ümumi olmasının dəlilləri qəti deyilsə, o zaman onu (tufanın ümumi olmasını) inkar edənlərin arqumentləri qüvvətli deyil, buna görə dəlillərin zahiri tərk oluna bilməz". (ət-Təhrir vət-Tənvir. 23/131). (Bu sözləri desə də) Lakin o əvvəl dediyi sözdən sonra başqa yerdə deyir: "Yer (الأرض) sözündən bütün yer kürəsi də qəsd oluna bilər, yaxud da danışan, xitab edən üçün məşhur bir yer də qəsd oluna bilər. Necə ki, Allahın bu ayəsində deyilir: "Yusuf dedi: “Məni bu diyarın xəzinələriə məmur təyin et". (Yusuf. 55). Yəni, Yusuf surəsində qeyd olunan Misir diyarı.
Həmçinin, ehtimal olunur ki, həmin vaxtda (tufan vaxtında) bəşər övladı Nuh qövmündən ibarət idilər və bunun əksi də mümkündür. Bu ehtimallarla bərabər başqa bir ehtimallar da yaranır ki, o da bütün yer kürəsinini tufanın basması ehtimalı və yer üzününün ümumi hissəsindən böyük bir hissəsini cənginə alan tufanın baş verməsi ehtimalıdır". (Eyni mənbə. 29/214). Beləcə bu ehtimalları təsdiqləyir.
Bunun kimi bu görüşü bəzi qərbli araşdırmaçılar da seçmişlər. Onlardan biri Mouris Bukaydır, o demişdir: "Quran kitabın tufan fəlakətini Nuh xalqına üz vermiş xüsusi bir cəza olaraq təqdim edir. Bu da Tövrat və Quranda verilmiş iki rəvayət arasındakı birinci əsas fərqi formalaşdırır". (Müqəddəs kitabların müasir bilgilər işığında öyrənilməsi. səh. 246).
Bu məqamda Quranın digər səmavi kitablarda bu tufan haqqında verilmiş ətraflı izahları tərk etdiyini vurğulamaq labüddür. Bir çox təfsir alimləri Quranın tufan haqqında qeyd etməyi tərk etdiyi təfsilatlar barədə bilgi vermişlər; gəminin uzunluğu və eninin vəsfi, onun hansı növ taxtadan düzəldilməsi, onun qapısının yeri, təbəqələrinin sayı, orada daşınan heyvan növlərinin sayı, heyvanların gəmiyə hansı formada minməsi, gəminin suyun üzərində üzdüyü müddətin nə qədər olması, gəminin dayandığı yer kimi və s. xəbərlər ki, bunlara dəlil yoxdur və bunları Quranla əlaqələndirmək doğru deyil". (əl-Muharrar-əl-Vaciz. İbn Atiyyə. 7/295. Təfsirul-Mənar. Muhəmməd Rəşid Rıza. 12/60)
Bu izah yoluna uyğun olaraq tufan hekayəsinə görə İslamın ağıla zidd olmasını iddia edib İslama bu mövzuda etiraz etmək doğru deyil. O baxımdan ki, tufan bütünlüklə yer üzünü əhatə etməyib.
İkinci yol: Əgər fərz etsək ki, tufan bütün yer üzünü əhatə edib və bu görüşü də bir çox İslam alimləri deyiblər, hətta bəzi araşdırmaçılar ibn Kəsirin bu haqda icma nəql etməsini də deyiblər, o deyirdi: "Rəhmanın elçilərindən nəql edən dinlərin sahibləri icma ediblər ki - başqa zamanlarda da (bu haqda) çoxlu xəbərlərin gəlməsilə yanaşı - tufan baş vermiş və bütün ölkələri əhatəsinə almışdır. Allah bu tufan vasitəsilə onu inkar edən heç bir qulunu sağ buraxmamışdır. Bu, Onun məsum, dəstək görən peyğəmbərinin duasına cavab və öncədən qaçınılmaz qədərdə yazılmış olan şeyin gerçəkləşməsi üçün idi". (əl-Bidayə vən-Nihayə. 1/275). Lakin bu görüş onun yerin ümumunu qəsd etdiyinə dəlalət etmir. Bunun zahiri yalnız Nuhun mövcud olduğu ölkələrin ümumunun və yaxud da Nuhun dəvətinin çatdığı yerlərin qəsd edilməsinə dəlalət edir.
Bu məsələyə bu cür yanaşmada tufanın ümumi olması və tufan əsnasında baş verən proseslər ağılla ziddiyyət təşkil etmir, nə də əqli qanunlara zidd məsələləri ehtiva etmir; çünki, tufan ilahi möcüzələrdən bir möcüzədir və bu tufan Allahın güc və qüdrətindən kənar olmamışdır. Bu tufanda olan qayə, məqsəd ağılların uzaq tutmaq istədiyi bir şey də deyil. Çünki, tufan və onu ehtiva edən şeylər kainatın geniş qalaktikalarla və böyük ulduzlarla yaranmasından daha böyük bir hadisə deyil. Bu geniş, böyük kainatı yaradanın qüdrəti bütün heyvanları bir yerə yığmağa da qadirdir. O bütün heyvanları yemək və su ilə təmin etməyə də qadirdir. Hətta Allah onları bir neçə gün susuz belə qoymaz, onların arasında ülfət yaratmaqdan da aciz olmaz, tufanın baş verdiyi hal möcüzə halıdır, təbiət qanunlarından kənar bir haldır, təbii bir hal deyil.
Mömin tufana inandığı zaman öz imanının təməl prinsiplərinə və əsaslarına uyğun olaraq inanır, o inanır ki, uca Allah kainatın yaradıcısıdır və Allah kainatın yaranmasından daha kiçik və daha dar həcmli bir işi görməkdən aciz qalmaz. Uca Allah buyurur: "Həqiqətən, göylərin və yerin yaradılması insanların yaradılmasından daha böyük şeydir. Lakin insanların çoxu bunu bilmir". (Ğafir. 57). Tufan kimi möcüzdən daha böyük işləri uca Allah ərsəyə gətirmişdir və bu onun üçün çətin deyildir.
Mömin tufan kimi bir hadisəyə zəif insan qüdrəti pəncərəsindən baxmır, o bu hadisəyə geniş ilahi qüdrət pəncərəsindən baxır, hansı ki, Allah bu qüdrətilə əzəmətli, böyük kainatı yaratmışdır. Kainatın yaranmasına iman etmək möminin möcüzələrə və xariqüladət hadisələrə yanaşmasındakı söykəndiyi əsas qaydalardan biridir. Bu əsasa söykənərək mömin möcüzələri təsdiqləkdə fikrini cəmləyir. Bu təməl qayda, təməl prinsip mömində mövcud olduğu üçün o (bundan daha kiçik hadisənin) tufanın baş verəcəyinə də inanır. Əgər o buna (bu əqli əsasa) inanmazsa, bu zaman ziddiyyətə düşər və ağıllardan üz döndərər.
Əgər tufana etiraz edən kimsə deistdirsə, bu zaman o, əqli dəlilə əsasən ilahi qüdrət sayəsində baş vermiş tufan hadisəsini qəbul etmək zorundadır. Çünki, deist bundan daha böyük, daha əzəmətli bir hadisənin ilahi qüdrətlə baş verə biləcəyini əqli yolla qəbul etmişdir, bu da daha kiçik hadisələrin baş verməsinin daha asan şəkildə mümkün olmasını qəbul etməyi gərəkli edir.
Əgər tufan hadisəsini inkar edən Allahın varlığını inkar edən ateistdirsə, onunla birbaşa tufan məsələsinin müzakirəsinə yönəlmək doğru deyil. Çünki, o tufanın baş verməsinin nəyə əsasən qəbul edilməsinin lazım olduğu təməl əqli əsası inkar edir, o da kainatın yaradılmasıdır. Bu zaman edilməsi gərəkən kainatı Allahın yaratması və kainatın bir yaradıcı olmadan ərsəyə gəlməsinin mümkün olmaması haqqında danışmaqdır. Əgər o bunu qəbul edərsə, bu zaman onunla kainatın təfsilatlarının yaradılışı haqqında danışmaq mümkün olar ki, tufan hadisəsi də bu təfsilatlardandır. Əgər o bunu qəbul etməzsə, - əqli cəhətdən belə bir tufanın baş verməsinin mümkünlüyünü qəbul etməsi halı istisna olmaqla - belə bir kimsə ilə ağıllı bir kimsənin söhbəti faydasız olar.
Qeyd: Məqalənin hazırlanmasında dr. Sultan əl-Umeyrinin "Müasir qərb fikrində dinin tənqidi problemi" kitabından geniş istifadə edilmişdir.


Yazdı: Mədinə Beynəlxalq İslam universitetinin tələbəsi Sahib Əsədov.