Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Qurban bayramı heyvan qətliamıdırmı?

1. Bəziləri düşüncəsiz bir şəkildə bu sözləri təkrarlayır, "Qurban bayramını heyvan qətliamı" adlandırırlar. İnternetdə bu sözü yazan nə qədər adam var ki, səhər dindarlara "Qurban heyvan qətliamıdır" yazır, axşam isə quzu ətindən kababı yeyib üstündən araq içir. Axşam deyibsə, səhər başqa bir heyvan ətindən bişən yeməyi yeyib böyründə arağını və digər içkilərdən birini içir. Bu sözü deyənlərin bir qismi bu halda olub nə deyib nə etdiyinin fərqində deyil.

2. Yalnız ABŞ-da hər il "Şükran" Günündə təxminən 45 milyon civarında hinduşka kəsilir. Qətliam axtarışında olanlara deyirik: niyə buna münasibət bildirmirsiniz? Ya bundan xəbəriniz yoxdur? Yoxsa, ancaq Qurban bayramına qarşı olan islamafoblarsınız?

3. Rəsmi statistikaya əsasən, Azərbaycanda insanların heyvan ətinə tələbatına görə gündəlik (hər gün) orta hesabla təxminən 2 000 – 2 500 baş iribuynuzlu mal-qara (inək, camış, dana) və 11 000 – 13 000 baş xırdabuynuzlu heyvan (qoyun və keçi) kəsilir. Bu həqiqətə əsasən Qurban bayramına ləkə yaxanlara deyirik: nə üçün buna etiraz etmirsiniz? Səmimisinizsə, bu gündən ət yeməyi tərgizməlisiniz. Yox əgər tərgizmirsinizsə, o zaman ürək bulandıran açıqlamalar verməyin.

4. Bütün dünyanın gözü qarşısında Fələstində (Qəzzada) 60.000-dən çox insan qətliama məruz qaldı, onların içində minlərlə uşaq da var idi. Bu qətliamı pisləməyənlər, bu qətliama səsini çıxarmayanlar, insan canına qiymət qoymayanlar, indi guya "heyvansevər" olublar! Qoy belə adamlar özlərinə səmimi bir sual versinlər: Bu insan qətliamında danışmaları gərəkdiyi halda susanların bu dırnaqarası "heyvansevərliyi"nin insanlıq və səmimiyyət adına hansı faydası var?

5. Bir heyvan İslam qaydalarına uyğun bir şəkildə kəsildikdə, həmin heyvan elmi əsaslara görə əzab çəkmir. Bunu çox insanlar bilmirlər, amma öyrənmək də gec deyil. Deməli, iti bıçaqla şah damarların bir dəfəyə kəsilməsi nəticəsində beyinə qan getmir və heyvan qısa müddətdə şüurnu itirir. Bu səbəbdən heyvan əslində şiddətli ağrı hiss etmir; bədənin çırpınması isə yalnız sinir sisteminin avtomatik reaksiyasıdır. İslam peyğəmbəri Məhəmməd صلى الله عليه وسلم heyvanın əziyyət çəkməməsi üçün bıçağın mütləq yaxşıca itilənməsini buyurmuşdur. İti bıçaq kəsilmə prosesini minimum ağrı ilə və çox sürətli edir.

Boğazdakı əsas damarlar (nəfəs borusu, qida borusu və hər iki şah damar) kəsilir. Bu, beyinə ????gedən qan təchizatını dərhal kəsir. Beyin qan və oksigensiz qaldıqda, heyvan dərhal şüurunu itirir. Ayaqların çırpınması və ya hərəkətlər ağrı hissindən qaynaqlanmır, bu, əzələlərə qan getməməsi səbəbilə sinir sisteminin boşalmasıdır.

Elmi araşdırmalar (məsələn, professor Vilhelm Şulsenin tədqiqatları) göstərir ki, kəsimdən sonrakı ilk saniyələrdə EEQ (elektroensefaloqrafiya) vasitəsilə beyin dalğaları izlənilən zaman heyvan heç bir narahatlıq və ya ağrı əlaməti göstərmir. Beyin qansızlıqdan dərhal huşsuzlaşır.

O cümlədən də İslam peyğəmbəri Muhəmməd صلى الله عليه وسلم buyurub ki, "Kəsdiyiniz zaman gözəl şəkildə kəsin". Elm göstərir ki heyvanı ən gözəl şəkildə elə müsəlmanlar kəsir.

Bu məqamda xatırlayırıq ki, nədənsə bəzilərinin cürəti toyuğu qurban etmək üçün onu harasa çırpa-çırpa öldürənlərdən (yəhudilərdən) danışmağa çatmır.

✍️ Yazdı: Sahib Əsədov