Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Əhli-beytin fəzilətləri
Uca Allah öz kitabında buyurur: “Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir.”
Muslimin “Səhih” əsərində Yəzid ibn Həyyanın belə dediyi rəvayət olunur: “Bir dəfə mən, Husayn ibn Sibrə və Ömər ibn Mus¬lim ilə birlikdə Zeyd ibn Ərqamın yanına getmişdik. Gəlib onun yanına əyləşdikdə Husayn ona dedi: “Ey Zeyd, sən bir çox xeyrə nail olmusan. Peyğəmbəri ﷺ görmüsən, onun söylədiklərini dinləmisən, onunla birlikdə vuruşmuş və arxasında namaz qılmısan. Ey Zeyd sən bir çox xeyirə nail olmusan. Nə olar bizə də Peyğəmbərdən ﷺ eşitdiklərindən söhbət aç.” O dedi: “Ey qardaşım oğlu, mən artıq yaşa dolmuş və qocalmışam. Ona görə Peyğəmbərdən ﷺ eşitdiyim bəzi şeyləri də unutmuşam. Odur ki, sizə nəyi danışsam onu qəbul edin, danışmadığım məsələlərə isə məni mükəlləf etməyin. Bir gün Rəsulullah ﷺ Məkkə ilə Mədinə arasında Xum adlanan yerdə bizə xütbə verdi. O Allaha həmd sənalar etdikdən sonra bizə moizələr verib bəzi şeylər xatırladı, sonra da belə buyurdu: “Diqqət edin ey insanlar! Şəkk yoxdur ki, mən də bir insanam. Ola bilsin ki, Allah öz elçisini (mənim canımı almaqdan ötrü) göndərsin və mən də ona tabe olum. Sizə iki şeyi qo¬yub gedirəm. Onlardan birincisi Allahın kitabıdır, onda hidayət və nur vardır. Allahın kitabına əməl edərək ondan möhkəmcə yapışın.” Beləcə o, insanları Allahın kitabına təşviq etdikdən sonra buyurdu: “Sonra Əhli-beytimdir. Allah xatirinə Əhli-beytimi də sizə tapşırıram, Allah xatirinə Əhli-beytimi də sizə tapşırıram, Allah xatirinə Əhli-beytimi də sizə tapşırıram.” Hədisin ravilərindən biri Husayn soruşdu: “Ey Zeyd! Peyğəmbərin ﷺ Əhli-beyti kimlərdir? Məgər onun xanımları Əhli-beytdən deyillərmi?” O dedi: “Bəli, Peyğəmbərin ﷺ xanımları da Əhli-beytdəndirlər. Lakin ümumən Əhli-beyt deyildikdə Peyğəmbərdən ﷺ sonra özlərinə sədəqə qəbul etmək haram buyurulmuş kəslər nəzərdə tutulur.” O, yenə soruşdu: “Onlar kimlərdir?” O, dedi: “Əlinin ailəsi, Əqilin ailəsi, Cəfərin ailəsi və Abbasın ailəsi…” O soruşdu: “Bunların hamısına sədəqə almaq haramdırmı?” O dedi: “Bəli.”
Buxarinin “Səhih” əsərində Əbu Humeyd əs-Saididən belə rəvayət olunur: “Bir gün Peyğəmbərdən ﷺ soruşdular: “Ey Allahın Rəsulu, sənə necə salavat deyək?” Peyğəmbər ﷺ buyurdu: “Deyin ki: “Allahım, İbrahimin ailə¬sinə xeyir-dua verdiyin kimi, Muhəmmədə, onu xanımlarına və zürriyyətinə də xeyir-dua ver. Allahım, İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə, onun xanımlarına və zürriyyətinə də bərəkət ver. Həqiqətən, Sən Tərifəlayiqsən, Şan-şöhrətlisən!”
Uca Allah İslamın əsas rüknü olan namazda Peyğəmbərin ﷺ Əhli-beytənə salavat deməyi buyurmuşdur. Möminlərin əmiri Ömər ibn əl-Xəttabdan rəvayət olunur ki, Peyğəmbər ﷺ buyurmuşdur: “Qiyamət günü mənim səbəbimdən və nəsəbimdən başqa bütün səbəblər və nəsəblər qırılacaqdır.”
(1) əl-Əhzab surəsi, 33.
(2) Muslim, “Səhabələrin fəzilətləri” kitabı, “Əlinin fəzilətləri” fəsli № 2408.
(3) Buxarinin “Səhih” əsəri, “Dualar” kitabı, “Peyğəmbərdən qeyrisinə salavat gətirmək olarmı?” fəsli № 3660.
(4) Bu hədisi Təbərani “əl-Mocəm əl-Əvsat” əsərində (№ 5606) Ömərdən rəvayət etmişdir. Şeyx Albani “Silsilətu əl-Əhadis əs-Səhihə” əsərində, 5/58, (№ 2036) demişdir: “Bu hədis Abdullah ibn Abbasdan, Ömər ibn əl-Xəttabdan, Misvar ibn Məxrəmədən və Abdullah ibn Ömərdən rəvayət olunmuşdur.”
SON ƏLAVƏLƏR