Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Əhli-beytin Əbu Bəkr (Allah ondan razı olsun) haqqında dedikləri

1. Əhli-beytin Əbu Bəkrin (Allah ondan razı olsun) fəzilətini dilə gətirməsi:
- Əlidən (Allah ondan razı olsun) nəql olunmuş rəvayət:
Əli (Allah ondan razı olsun) demişdir: “Sizə bu ümmətin Peyğəmbərindən ﷺ sonra ən xeyirli insanı barədə xəbər verimmi? Bu Əbu Bəkrdir.” Sonra o dedi: “Sizə bu ümmətin Əbu Bəkrdən sonra ən xeyirli insanı barəsində də xəbər verimmi? O da Ömərdir.” (1)

2. Allahın onu xəlifə təyin etməsi ilə ümməti şərəfləndirməsi:
- Əbu Vailin Əlidən (Allah ondan razı olsun) nəql olunmuş rəvayəti:
Əbu Vail demişdir: “Əli ibn Əbu Talibdən soruşdular: “Bizlərə özündən sonra xəlifə təyin etməyəcəksənmi?” O, dedi: “Rəsulullah ﷺ xəlifə təyin etmədiyi bir halda mən xəlifəmi təyin edim? Allah məndən sonra insanlara xeyir istəmiş olsa onları xeyirli bir insanın ətrafında birləşdirəcək. Necə ki, Peyğəmbərdən sonra Allah insanları ən xeyirli olan bir insan ətrafında birləşdirmişdi.” (2)

3. Rəsulullahdan ﷺ sonra ən xeyirli rəhbər o idi:
- Abdullah ibn Cəfərin (Allah ondan razı olsun) rəvayəti:
Rəvayət olunur ki, Abdullah ibn Cəfər demişdir: “Əbu Bəkr bizə rəhbərlik etmişdir. Amma ondan sonra insanlardan heç kəs onun kimi bizə rəhbərlik etməmişdir.” (3)

4. O, Peyğəmbərin ﷺ əməllərinin bənzərini etmiş və onun yolu ilə getmişdir:
- Abduxeyrin Əlidən (Allah ondan razı olsun) etdiyi rəvayət:
Abduxeyr demişdir: “Bir dəfə Əli minbərə qalxıb Rəsulullahı ﷺ xatırlayaraq dedi: “Peyğəmbər ﷺ dünyasını dəyişdikdən sonra Əbu Bəkr xəlifə seçildi və o Peyğəmbərin ﷺ etdiyi əməlləri edərək onun yolunu davam etdi. Beləcə İzzət və Cəlal Sahibi olan Allah onun da canını aldı. Sonra Ömər xəlifə təyin olundu və o da özündən əvvəlkilərin etdiyi əməlləri edərək onların yolunu davam etdirdi və beləcə Allah onun da canını aldı.” (4)

5. Peyğəmbər ﷺ xəstələndiyi vaxt insanlara namaz qıldırması:
- Abdullah ibn Abbasın (Allah ondan razı olsun) rəvayəti:
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər ﷺ xəstələndikdə Əbu Bəkrə əmr etdi ki, insanlara namaz qıldırsın. Sonra o, bir az yüngüllük hiss edib məscidə çıxdı. Əbu Bəkr bunu hiss etdikdə geri çəkilmək istədi. Lakin Peyğəmbər ﷺ ona işarə etdi ki, davam etsin. Özü isə gəlib Əbu Bəkrin solunda dayandı və Əbu Bəkrin bitirdiyi ayənin davamını oxudu.” (5)

6. Əbu Bəkr (Allah ondan razı olsun Rəsulullahın ﷺ qardaşı və dostu idi:
- Abdullah ibn Abbasın (Allah ondan razı olsun) rəvayəti:
İbn Abbasdan (Allah ondan razı olsun) nəql olunan hədisdə Peyğəmbər ﷺ demişdir: “Əgər ümmətimdən özümə ən yaxın bir dost seçmiş olsaydım Əbu Bəkri seçərdim. Hərçənd o mənim qardaşım və dostumdur.(6)

7. Əbu Bəkrin (Allah ondan razı olsun) evinin qapısından başqa bütün qapıları bağlayın:
- Abdullah ibn Abbasın (Allah ondan razı olsun) rəvayəti:
İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ vəfatı ilə nəticələnən xəstəliyə tutulduğu zaman başı sarıqlı halda məscidə gəlib minbərdə oturdu. Allaha həmd-səna deyib mədh etdikdən sonra dedi: “Həqiqətən, insanlar arasında canını və malını fəda etməkdə mənə Əbu Bəkr ibn Əbu Quhafədən daha sadiq olan başqa birisi yoxdur. Əgər mən insanlar arasında özümə ən yaxın dost seçməli olsaydım, hökmən Əbu Bəkri dost seçərdim. Lakin İslamda qardaşlıq bundan əfzəldir. Elə isə Əbu Bəkrin qapısından başqa bu məscidə açılan bütün qapıları bağlayın!” (7)

8. İbn Abbasın Əbu Bəkrə (Allah ondan razı olsun) verdiyi təriflər:
- Abdullah ibn Abbasın (Allah ondan razı olsun) rəvayəti:
Abdullah ibn Abbasın (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur: “Mən Ömər ibn Xəttabın Əbu Bəkrə beyət etmək barədə belə dediyini eşitdim: “Aranızda Əbu Bəkr kimi itaət olunmağa layiqli başqa birisi yoxdur.” (8)

9. Hər zaman Rəsulullahla ﷺ birlikdə olması:
- İbn Abbasın Əlidən (Allah ondan razı olsun) nəql etdiyi rəvayət:
İbn Abbas (Allah ondan razı olsun demişdir: “Ömər vəfat etdikdən sonra insanlar onun nəşinin ətrafına toplandılar ki, onun üçün dua etsinlər. Mən də onların arasında idim. Birdən bir nəfər çiynimdən tutaraq məni diksindirdi. Gördüm ki, bu Əli ibn Əbu Talibdir. O, Ömərə rəhmət dilədi və dedi: “Səndən sonra Allah qarşısına onun əməlinin bənzəri kimi edib çıxmaq istədiyim başqa birisi yoxdur. Vallahi, mən ümid edirəm ki, Allah səni iki dostuna qovuşduracaq. Mən çox vaxt Peyğəmbərin ﷺ belə dediyi eşidərdim: “Mən, Əbu Bəkr və Ömərlə filan yerə getdim. Mən, Əbu Bəkr və Ömərlə filan yerdən gəldim. Mən, Əbu Bəkr və Ömərlə filan yerə çıxdım.(9)

10. İbn Abbas (Allah ondan razı olsun) qeyd edir ki, Ömər Əbu Bəkri özündən üstün sayırdı:
- Abdullah ibn Abbasın Ömərdən (Allah ondan razı olsun) nəql etdiyi rəvayət:
İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Ömər (Allah ondan razı olsun) demişdir: “Hər hansı bir qövmdə Əbu Bəkr olduğu halda mənim önə keçməyimdənsə boynumun vurulmağı mənim üçün daha sevimlidir.” (10)

11. Quranı ilk dəfə bir arada toplayan:
- Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) rəvayəti:
Əli (Allah ondan razı olsun) belə demişdir: “Qurani Kərimin toplanması məsələsində ən çox savaba nail olan kəs Əbu Bəkr əs-Siddiqdir. Quranı ilk dəfə o toplamışdı.” (11)

12. Mələklərin Bədr döyüşündə onunla birlikdə döyüşməsi:
Əli (Allah ondan razı olsun) demişdir: “Bədr günü Əliyə və Əbu Bəkrə belə deyildi: “Sizlərdən birinizlə birlikdə Cəbrail, digərinizlə birlikdə isə Mikayıl və İsrafil, böyük mələk döyüşdə iştirak edir.” Yaxud delə deyildi: “Bir sıradadır.” (12)

13. Əli Əbu Bəkrin (Allah ondan razı olsun) doğrudanışan olduğunu vəsf edir:
Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: “Rəsulullahdan ﷺ bir hədis eşitdikdə Allah mənə onun vasitəsilə xeyli faydalar bəxş edirdi. Bir başqası hədis danışdıqda isə mən ona and içdirər, and içdikdən sonra ona inanardım. Bir dəfə doğrudanışan Əbu Bəkr mənə danışdı ki, o, Peyğəmbərin ﷺ belə dediyini eşitmişdir: “Kim bir günah etdikdən sonra gözəl bir şəkildə dəstəmaz alıb, sonra iki rükət namaz qılıb İzzət və Cəlal Sahibi olan Allahdan bağışlanma diləyərsə günahı bağışlanar.(13)

14. Əlinin (Allah ondan razı olsun) Əbu Bəkr və Ömərin xilafətini tərifləməsi:
- Əlinin (Allah ondan razı olsun) rəvayəti:
Rəvayət olunur ki, Cəməl günü Əli (Allah ondan razı olsun) belə demişdir: “Rəsulullah ﷺ bizlərə rəbərlik məsələsində bir söz deməmişdir. Bunu biz öz aramızda həll etmişdik. Beləcə Əbu Bəkr (Allah ona rəhmət etsin) rəhbər təyin olundu və bizlərə lazımi şəkildə rəhbərlik etdi. Daha sonra Ömər (Allah ona rəhmət etsin) rəhbər təyin olundu və bizlərə lazımi şəkildə rəhbərlik etdi. Beləcə din bərqərar olmağa başladı.” (14)

15. Əbu Bəkrlə Ömər (Allah ondan razı olsun) Cənnət ağsaqqallarının hörmətliləridir:
- Əlinin (Allah ondan razı olsun) rəvayəti:
Əli (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Peyğəmbərlər və Rəsullar istisna olmaqla əvvəl və sonra gəlmiş bütün insanlar arasında Əbu Bəkrlə Ömər cənnət ağsaqqallarının ən hörmətliləri olacaqlar. Ey Əli onlara bu barədə xəbər vermə.(15)

16. Əbu Bəkrin (Allah ondan razı olsun) Peyğəmbərdən ﷺ sonrakı məqamı:
- Əlinin (Allah ondan razı olsun) rəvayəti:
Qeys əl-Xarifi demişdir: “Mən Əlinin belə dediyini eşitmişəm: “İlk öncə Rəsulullah ﷺ idi, ikinci Əbu Bəkr, üçüncü Ömər. Daha sonra fitnəyə məruz qaldıq. Bu fitnə Allahın izni ilə oldu. Allah dilədiyini bağışlayar.” (16)

(1) Hədisi əl-Buxari “Səhih” əsərində, Muhəmməd ibn Hənəfiyyədən, o da Əlidən rəvayət etmişdir № 3671. İmam Əhməd isə “Müsnəd” əsərində Əbu Cuheyfədən bir neçə yerdə (833, 836, 837) və başqalarından rəvayət etmişdir. Həmçinin hədis “əl-Fədail” əsərində (44, 41, 40); əl-Təbəraninin “əl-Kəbir” əsərində, Əbu Musandan, o da Əlidən 1/64; habelə Amr ibn Hureysdən, o da Əlidən 1/65 rəvayət etmişdir. Əbu Nueym “Əxbar İsbahan” əsərində, 1/182; İbn Abdulbərr “əl-İstiab” əsərində öz isnadlarıyla ən-Nəzzal ibn Səburadan, o da Əlidən bir çox başqaları ilə birlikdə rəvayət etmişdir 2/252.
(2) Hədisi əl-Hakim “əl-Mustədrak” əsərində, “Mərifətus-sahəbə” kitabının “Əbu Bəkr ibn Əbu Quhafə” fəslində, 3/84, № 4467 rəvayət etmiş və onun isnadının Səhih olduğunu, lakin Buxari və Muslimin onları öz əsərlərində qeyd etmədiklərini demişdir. Zəhəbi də onun bu fikri ilə razılaşmışdır. Həmçinin hədisi Beyhəqi “Sünən əl-Kubra” əsərində, 8/149, № 16350; Bəzzar “Müsnəd” əsərində, 2/186, № 565 rəvayət etmişdir. Habelə hədisi Heysəmi “əl-Mucəm” əsərində 9/47, zikr etmiş və demişdir: “Bu hədisi Bəzzar rəvayət etmişdir. Hədisin is¬nadındakı İsmail ibn Əbu əl-Harisdən başqa bütün raviləri Buxarinin ravilərindəndir. İsmailin özü də etibarlı ravidir.” İbn Kəsir “əl-Bidayə və ən-Nihayə” əsərində, 5/251 demişdir: “Hədisi Beyhəqi rəvayət etdikdən sonra onun isnadının “Ceyyid” (yaxşı) olduğunu demişdir.”
(3) Hədisi İmam Əhməd əl-Fədail əsərində (148), İmam Şafii əl-Umm əsərində (1/163) rəvayət etmişlər. əl-Fədail əsərini təhqiq edən alimin dediyi kimi rəvayətin isnadı səhihdir.
(4) Hədisi İmam Əhməd “əl-Müsnəd” əsərində, № 1059, 1055 rəvayət etmiş, Şeyx Şueyb əl-Arnaut da onun isnadının həsən olduğunu bildirmişdir. “əl-Fədail” əsərində isə hədis № 72, 427, “əl-Fədail” əsərini təhqiq edən alim onun həsən olduğunu bildirmişdir.
(5) Hədisi İmam Əhməd “əl-Müsnəd” əsərində, № 3355, 2055 rəvayət etmiş, Şeyx Şüeyb əl-Arnaut da onun səhih olduğunu bildirmişdir. Həmçinin hədisi İbn Macə 1/391 və İbn Səd “ət-Tabaqat” əsərində 2/221 rəvayət etmişdir.
Ümumiyyətlə Peyğəmbərin ﷺ xəstələndiyi vaxt Əbu Bəkrin (Allah ondan razı olsun) insanlara namaz qıldırması bir sıra səhabələrdən nəql olunmuşdur:
1 - Əbu Musa: əl-Buxari 678; Muslim 420.
2 - Aişə: əl-Buxari 679; Muslim 418.
3 - Ənəs: əl-Buxari 680, 681; Muslim 419.
4 - İbn Ömər: əl-Buxari 682.
5 - Səhl ibn Səd: əl-Buxari 684; Muslim 421.
(6) Hədisi əl-Buxari “Fədail əs-Sahəbə” kitabında, № 3656, “Əgər ümmətimdən özümə ən yaxın bir dost seçmiş olsaydım...” fəslində rəvayət etmişdir.
(7) Hədisi Buxari “Məscidlərin qapıları” kitabında, “Məscidə açılan qapı və dəhlizlər” fəslində, № 467 rəvayət etmişdir. Əbu Hatim İbn Hibban demişdir: Peyğəmbərin ﷺ “Əbu Bəkrin qapısından başqa bu məscidə açılan bütün qapıları bağlayın.” – sözü dəlildir ki, Peyğəmbərdən ﷺ sonra xəlifə Əbu Bəkr  olmalı idi. Belə ki, Peyğəmbər ﷺ Əbu Bəkrdən başqa insanların xəlifə ola bilməyəcəklərinə işarə etmiş və “Əbu Bəkrin qapısından başqa bu məscidə açılan bütün qapıları bağlayın.” - deyə buyurmuşdur. Allah ondan razı olsun. Bax: Səhih İbn Hibban, 15/275, № 6860.
(8) Hədisi İbn Səd “ət-Tabaqat” əsərində 3/182 müxtəsər olaraq rəvayət etmişdir. Hədisin əsli tam variantda Buxarinin “Səhih” əsərində, “Şəri cəzalar” kitabında, “Zinakar hamilə qadının uşağı dünyaya gətirdikdən sonra daşqalaq olunması” fəslində № 6830 rəvayət olunmuşdur.
(9) Hədisi Buxari “Səhabələrin üstünlükləri” kitabı, “Ömərin fəzilətləri” fəslində, № 3677, 3685; Muslim isə “Səhabələrin üstünlükləri” kitabı, “Ömərin fəzilətləri” fəslində, № 2389, rəvayət etmişdir.
(10) Hədisi İbn Əbu Şeybə “əl-Musənnəf” əsərində, № 31934, rəvayət etmişdir. Bu hədis Buxaridəki “Şəri cəzalar” kitabının “Zinakar hamilə qadının uşağı dünyaya gətirdikdən sonra daşqalaq olunması” fəslində, № 6830 rəvayət olunan uzun bir hədisin bir hissəsidir.
(11) Hədisi İmam Əhməd “Fədail əs-Sahəbə” əsərində, № 280, 513, 514 rəvayət etmiş və əsəri təhqiq edən alim onun isnadının həsən olduğunu bildirmişdir. Həmçinin hədisi İbn Səd “Təbaqat” əsərində, 3/193; İbn Əbu Davud “əl-Məsahif” kitabında səh. 5; Əbu Ubeyd “Fədail əl-Quran” əsərində, № 213, 538 rəvayət etmişdir. İbn Həcər bu hədisi “Fəthul-Bari” əsərində, 9/12, zikr etmiş və onun həsən olduğunu bildirmişdir. İbn Kəsir isə “Fədail əl-Quran” əsərində, səh. 8, onun isnadının səhih olduğunu demişdir.
(12) Hədisi Əhməd “əl-Müsnəd” əsərində, № 1257; Əbu Yəla 1/283; əl-Bəzzar “əl-Bəhr əz-Zəxxar” əsərində, № 659; əl-Hakim 3/72, səhih olaraq № 4430 rə¬va¬yət etmiş və Zəhəbi hədisin Muslimin şərtlərinə müvafiq olduğunu söyləmiş; İbn Əbu Asim “əs-Sünnə” əsərində, № 1217; İbn Səd “ət-Təbaqat” əsərində, 3/175; İbn Əbu Şeybə “əl-Musənnəf” əsərində, № 31954; Heysəmi Əbu Yəlaya, Bəzzara və Əhmədə isnad edərək “əl-Məcma” əsərində, 9/85 rəvayət etmiş və sonra da demişdir: “Əhmədin və Bəzzarın rəvayətindəki ravilər etibarlıdırlar. Həmçinin hədisi Albani “Silsilətul əl-Əhadis əs-Səhihə” əsərində, № 3241; əl-Arnaut “Müsnəd” əsərində, № 1257; Hüseyn Səlim Əsəd isə “Musnəd Əbu Yəla” əsərində № 340, səhih hesab etmişlər.
(13) Hədisi Əhməd “Fədail" əs-Səhabə” əsərində, № 142, 642, “Müsnəd” əsərində, № 2; Əbu Davud “Namaz” fəslində, № 1521; Tirmizi “Namaz” kitabında, № 406 həsən olaraq, “Təfsir əl-Quran” əsərində, № 3006; Nəsai “Əməl əl-Yaum və əl-Leyl” əsərində, № 414, 417; İbn Macə “Sünən” əsərində, № 1395 rəvayət etmişdir. İbn Kəsir Ali İmran surəsinin 135-ci ayəsinin təfsirində bu hədisi zikr etmiş və onun həsən olduğunu bildirmişdir. Həmçinin hədisi Albani həsən hesab etmiş, əl-Arnaut “Müsnəd” əsərində, № 2, Hüseyn Səlim Əsəd isə “Musnəd Əbu Yəla” əsərində № 12, səhih hesab etmişlər.
(14) Hədisi İmam Əhməd “Müsnəd” əsərində, № 921, “Fədail” əsərində, № 477; Hakim “əl-Müstədrak” əsərində, 3/112, № 4558 rəvayət etmişdir. Şeyx Əh¬məd Şakir İmam Əhməd ibn Hənbəlin “əl-Müsnəd” əsərinə etdiyi haşiyədə hədisi zəif hesab etmişdir 2/181, № 921. Səbəb kimi isə Əlidən (Allah ondan razı olsun) rəvayət edən kəsin naməlum olmasını göstərmişdir. Əslində isə məlum olmuşdur ki, İmam Əhmədin “əl-Müsnəd” əsərindəki həmin naməlum hesab olunan kəs İbn Əbu Asimin rəvayətindən № 1218, bəlli olduğu kimi Səid ibn Amrdır. Alimlər onu etibarlı ravi hesab etmişlər. Odur ki, hədisin isnadı səhihdir.
(15) Hədisi ət-Tirmizi “əl-Mənaqib” kitabında, “Əbu Bəkr və Ömərin fəzilətləri” fəslində, № 3666, rəvayət etmiş və onun həsən ğarib hədis olduğunu bildirmişdir. Həmçinin hədisi İbn Macə Müqəddiməsində, “Əbu Bəkrin fəziləti” fəslində, № 95; İmam Əhməd “Fədail əs-Sahəbə” əsərində, № 93, 141, 202; Abdullah ibn Əhməd “Zəvaid əl-Musnəd” əsərində, 1/80; Əbu Yəla “Müsnəd” əsərində, № 533, rəvayət etmişlər. Hədisi Albani Tirmizidə və “Silsilətul Əhadis əs-Sə¬hihə” əsərində, № 824; habelə Arnaut “Müsnəd” əsərində səhih hesab etmişlər.
Fayda: əl-Mubarakfuri demişdir: “Əbu Bəkrlə Ömər Cənnət ağsaqqallarının ən hörmətliləri olacaqlar.” – hədisindəki kəhl sözü lüğətdə 30, 34 və 51 yaş arasında olan kəslərə deyilir. Dünyada ağsaqqal olduqları üçün onlara belə deyilmişdir. Əslində isə adam cənnətdə qoca olmayacaqdır. Necə ki Uca Allah buyurur: “Yetimlərin mallarını özlərinə verin...” Odur ki, kim yaşlı halda dün¬yasını dəyişib cənnətə düşərsə Əbu Bəkrlə Ömər onların ən hörmətliləri olacaqdır. Əgər Əbu Bəkrlə Ömər ağsaqqalların ən hörmətliləridirsə, onda həm də cavanların hörmətliləri olacaqlar. Çünki cənnətdə adam qoca olmayacaq, ora girənlər otuz üç yaşında olacaqlar. Hətta İmam Əhmədin rəvayətində belə deyilir: “Bu iki nəfər peyğəmbər və elçilərdən sonra cənnət ağsaqqallarının və gənclərinin ən hörmətliləri olacaqlar.” “Tuhfətul-əhvazi” əsəri, “İhya ət-Turas” nəşriyyatı 10/143-144.
(16) Hədisi İmam Əhməd “əl-Müsnəd” əsərində, “Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) rəvayət olunanlar” fəslində, № 895, 1020, 1258, habelə, “Fədail əs-Sahəbə” əsərində, № 241, 242, 244 rəvayət etmişdir. Həmçinin Buxari “əl-Kəbir” əsərində, 7/173; Hakim “əl-Mustədrak” əsərində, 3/71, № 4426 rəvayət etmişdir. Hakim hədisin isnadının səhih olduğunu, lakin Buxari və Muslimin onu öz kitablarında qeyd etmədiyini söyləmiş, Zəhəbi də onu təsdiqləmişdir. Həmçinin Təbərani “əl-Ovsat” əsərində, 2/177, № 1639 rəvayət etmişdir. Heysəmi bu hədisi “Məcmə əz-Zəvaid” əsərində, 9/54 zikr etmiş və demişdir: “Bu hədisi Əhməd rəvayət etmiş və demişdir: “Bizlər fitnəyə düşmüşük.” Beləcə o, təvazökarlıq etmək istəmişdi. Hədisi Təbərani “əl-Ovat əsərində də nəql etmiş, lakin Əhmədin raviləri daha etibarlıdır. Həmçinin Arnaut “Müsnəd” əsərində, № 895 onu səhih hesab etmişdir.