Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Şiə məzhəbinə aid "hədis elmi"nin təhlili və tənqidi (2ci hissə)

Əvvəlki müzakirənin davamı olaraq belə bir sual ortaya çıxır: qədim dövrün mühaqqiq fəqihləri öz zamanlarında məşhur olan və ilkin mənbələrdə və ilkin hədis kitablarında yazıya alınmış rəvayətlərə etimad edirdilərmi? Onlar da, usulçuların sonrakı dövrlərdə irəli sürdüyü kimi, hər hansı bir hücciyyət görürdülərmi?
Bu sualın cavabının əsas hissəsi qədim alimlərin əhəd xəbər (təvatür həddinə çatmayan, qəti elm hasil etməyən və zəncirində istənilən bir yerdə cəmi bir və bir neçə ravinin nəql etdiyi rəvayətdir), və onun hücciyyəti barədə mövqeyi ilə müəyyənləşir. Qədim mühaqqiqlərin əksəriyyəti, sonrakı üsulçulardan fərqli olaraq, qətiyyət doğuran qarina olmadan əhəd xəbərləri qəbul etmirdilər. Bildirilmişdir ki, əhəd xəbərin qəbulunu inkar edənlər Tusidən əvvəl yaşamış bütün alimlər, hətta ondan sonra gələn bir çoxları – məsələn, Müfid, Mürtəza, İbn İdris, İbn Zühra və Təbərsi – olmuşdur. Bu qadağa həmçinin Mühaqqiq Hilli və İbn Babəveyhə də nisbət verilmişdir. Fadil Tuninin Vafiya əsərində qeyd olunur ki, o, Əllamə Hillidən əvvəlki alimlərdən heç birinin əhəd xəbərin hücciyyətini açıq şəkildə qəbul etdiyini görməmişdir . Ənsari isə bunu təəccüblü hesab etmişdir .
Müfid və Mürtəza bu xəbərlə əməli qadağan edən ən məşhur qədim alimlərdəndir. Müfid deyirdi ki, əhəd xəbər nə elm, nə də əməl doğurur. O bildirirdi: “Heç kəsə din sahəsində əhəd xəbərə qəti etiqad etmək caiz deyil, istisna o halda ki, ravi¬nin doğruluğuna dəlalət edən bir qarina ona qoşulsun. Bu, şiə camaatının əksəriyyətinin məzhəbidir” .
Mürtəza isə bu xəbərlə əməli qadağan edən çoxsaylı mətnlər irəli sürmüş, onun hücciyyətinin olmaması barədə icma iddia etmiş və demişdir ki, firqənin mühaqqiq alimlərinin əsərlərində bu xəbərlə əməl edən yoxdur . O, elmə zidd əməli qadağan edən ayələri və Kitab Sünnəyə müxalif rəvayətlərlə əməli qadağan edən hədisləri də dəlil gətirmişdir. Buna görə də o, xəbərlər arasında təarüz (ziddiyyət) zamanı tərcih məsələsini müzakirə etməyə ehtiyac görməmişdir; çünki bu, əsas məsələnin bir furusudur. O, yalnız bir halı istisna etmişdir: əhəd xəbərin doğruluğu və onunla əməl olunması barədə firqənin icması. Bu halı belə əsaslandırırdı ki, firqənin alimləri bəlkə də xəbərin doğruluğunu ümumi bir əlamət və ya xüsusi bir ravi barədə müəyyən tanıma yolu ilə bilmişlər. Çünki bu icma edənlərdən əvvəl onların sələfləri olmuşdur və onlar öz zamanlarının aşkar və tanınmış imamları ilə görüşmüş, onların sözlərini eşitmiş və çətin məsələlərdə onlara müraciət etmişlər . Bu yanaşma sonradan İbn İdris Hilli tərəfindən də davam etdirilmişdir .
Qədim mühaqqiqlər arasında əhəd xəbərə etimad edən ən məşhur şəxs isə Şeyx Tusi olmuşdur. Doğrudur, onun kəlam əsərlərindən birində o, ustadı Mürtəzanın mövqeyindən fərqlənməmiş, əhəd xəbərlə əməli qadağan etmiş və bu xəbərlə əməli, qiyas və rə’y ilə ictihadı şiə məzhəbinə görə batil saymışdır . Həmçinin Təhzib əsərində çox vaxt xəbərləri təvil edərkən və onlarla əməl etmədikdə belə deyirdi: “Bu, elm və əməl doğurmayan əhəd xəbərdəndir” . Lakin onun digər sözləri göstərir ki, o, müəyyən şərtlər daxilində əhəd xəbərlə əməli qəbul etmişdir. O, Uddət ül usul əsərində bunun üzərində firqənin icmasını iddia etmişdir . O, həmçinin müşahidə etmişdir ki, firqənin alimləri arasında çoxlu ixtilaflara baxmayaraq, bir birini təkfir etməmişlər və bu, əhəd xəbərlə əməl etmələrinin nəticəsidir. O, bəzi əsərlərində beş minə yaxın hədis topladığını, onların çoxunun bir biri ilə müxalif olduğunu qeyd etmiş və hər bir ixtilafı qəti dəlilə müqayisə edib müxalifi fasiq sayanları tənqid etmişdir, çünki bu üslub ilə mütəqəddimlərin hamısını fasiq çıxarmaq gərək olardı . O, əlavə etmişdir ki, əgər Allahın hər xəta edəni cəzalandırsaydı, bu qəbih (pis) bir işə təşviq olardı və bu, Allah haqqında caiz deyil . Lakin o, bu mövqeyi yalnız firqənin ravilərinə aid etmiş, qiyas və müxaliflərin rəvayət etdiyi əhəd xəbərlə əməli batil saymışdır .
Tusi müşküdən çıxmaq üçün uydurduğu metodla, yəni əhəd xəbəri iki növə ayırmaqla – müxaliflərin rəvayət etdikləri və firqənin ravilərinin rəvayət etdikləri – Mürtəzanın da xəbər verdiyi kimi, əvvəlkilərin (mütəqaddimlərin) əhəd xəbərə əməl barədə qadağasını və bunun üzərində olan icmanı izah etməyə, çözməyə çalışmışdır. O bildirmişdir ki, əvvəlki alimlərdən bir qrup bunu əqli olaraq qəbul etməyi icazəli görməmiş. Sonra bütün bunların müxaliflərlə etiqad barəsində mübahisə edərkən müdafiə məqsədilə edildiyini demiş və iddia etmişdir ki, onlar öz aralarında (şiələr arasında) rəvayət etdiklərini inkar etməmişlər və ixtilaf etməmişlərdir .
Lakin açıq aydın görünür ki, Mürtəzanın bəyanları Tusinin dediklərindən tamamilə fərqlidir. Hər ikisi öz mövqeyi barədə firqənin icmasını iddia etmişdir ki, bu da sonrakı alimləri çaşdırmışdır. Bir çox alimlər bu ziddiyyəti aradan qaldırmaq üçün müxtəlif yollar təklif etmişlər. Məsələn, Ənsari Rəsail əsərində bir neçə cəm yolu zikr edir: ola bilər ki, Mürtəzanın “hücciyyəti olmayan əhəd xəbər”dən məqsədi müxaliflərin rəvayət etdiyi xəbərlərdir və bu, Tusinin mövqeyi ilə uyğunlaşır. Həmçinin ola bilər ki, məqsəd, firqənin etimad etdiyi üsullara uyğun olan xəbərlərə zidd olan rəvayətlərdir. Başqa bir ehtimal budur ki, Tusinin “hücciyyəti olan əhəd xəbər”dən məqsədi qarinələrlə elm doğuran xəbərlərdir və bu da ustadı Mürtəzanın mövqeyi ilə uyğunlaşır.
Kərki də bu fikrə yaxın bir izah vermişdir: Tusi Uddə əsərində imamiyyə etiqadında olan adil ravinin xəbərini qəbul etsə də, başqa bir yerdə qeyd etmişdir ki, əməl olunan əhəd xəbər yalnız üzərində icma olan rəvayətlərdir; beləliklə, hücciyyətin əsası icmaya qayıdır və ustadı ilə ziddiyyət aradan qalxır.
Ənsari birinci və ikinci ehtimalları münasib saysa da, öz fikrini üstün tutmuşdur: o, Mürtəzanın “elm”dən məqsədinin qətilik-yəqinlik deyil, “itminan-nəfsin sakitləşməsi” olduğunu bildirmişdir. Çünki Mürtəza elmi “digər ehtimallar ehtiva etməyən yəqinlik” yox, “nəfsi sakitləşdirən şey” kimi tərif etmişdir və çoxlu xəbərlərin etimad doğuran qarinələrlə müşayiət olunduğunu qeyd etmişdir.
Tusi də əhəd xəbəri yalnız 4 qarinaya, Kitab, Sünnə, icma və ağıl dəlillərinə zidd olmadıqda qəbul etmişdir ki, bu da itminan və nəfsin sakitləşməsi mənasına uyğundur .
Mütəfəkkir Sədr də Mürtəzanın qadağasının ya müxaliflərin rəvayət etdiyi xəbərlərə, ya da ravilərin etibarlılığı sabit olmayan xəbərlərə aid olduğunu ehtimal etmişdir .
Lakin bütün bu izahlar düzgün deyil. Mürtəzanın mətnlərinə müraciət edən şəxs görür ki, o, ədalətli və siqə ravilərin rəvayət etdiyi, hətta etimad olunan mənbələrdə gəlmiş əhəd xəbərləri belə qəbul etmir. Çünki bunlar elm deyil, zənn doğurur. O, bunu Təbaniyələr, Mosullular, Hələblilər və digər suallara cavablarında geniş şəkildə izah etmişdir . Buna görə də o, tərcih edilən xüsusi rəvayətləri inkar edirdi. Inkar edilən tərcih yollarından biri əhli sünnənin əksinə olan xəbərlərin gətirilməsidir. O, bu rəvayətlərlə tərcihi dövrülük-məntiq xətası saymışdır; çünki o, furuda (fiqhdə) əhəd xəbərin hücciyyətini qəbul etmədiyi halda, necə ola bilər ki, üsulda (əqidədə) – hansı ki, daha önəmlidir – qəbul etsin .
Halbuki Tusi əhəd xəbəri qəbul etmiş, təarüz zamanı tərcih tətbiq etmiş və müəyyən şərtlərlə zəif xəbərlərə də etimad etmişdir.
Mürtəda, Tusi və digərlərinin tez tez təkrarladıqları İcma məsələsinə gəlincə, sonrakı alimlər bunlara çox da etibar etməmişlər. Çünki bu iddialarda çoxlu ziddiyyətlər vardır. Məsələn, Şəhid Sani qeyd edir ki, Tusi təqribən qırxa yaxın məsələdə icma nəql etmiş, lakin həmin məsələlərdə özü əksinə hökm vermişdir. Məsələn, Nihayə əsərinin “hudud” bölümündə o, cəri və marmor balığını halal sayanı öldürməyi vacib bilmişdir və bu hökmü onların haramlığına dair icmaya əsaslandırmışdır. Halbuki eyni kitabın “Ət’imə” bölümündə onları yalnız məkruh saymışdır. Şəhid Sani bunu belə şərh edir: biz bu məsələləri qeyd etdik ki, fəqihlər icma iddiasına aldanmasınlar. Çünki bu iddialarda, xüsusilə Tusi və Mürtəza tərəfindən, çoxlu səhvlər və mübaliğələr olmuşdur. Mühəddis Kəşani də qeyd edir ki, fəqihlər çox vaxt bir hökm barədə icma nəql edir, sonra eyni məsələdə əks hökm barədə də icma nəql edirlər. Buna görə Şəhid Sani onların icma ifadəsini həmin dövrdəki “şöhrət” və ya “müxalifin məlum olmaması” kimi yozmuşdur ki, sözləri ziddiyyətli görünməsin .

Yuxarıda izah edilən ixtilafın – əhəd xəbərlər barəsindəki mövqelərin – əks sədası, üsul və cami hədis mənbələrində, o cümlədən dörd kitabda qeyd olunan rəvayətlərə nəzər saldıqda da özünü göstərmişdir. Bəziləri İbn İdrisi, imamlar dövründə məşhur olan kitablardan nəql edilən rəvayətlərin əksəriyyətinin qətiyyət doğuran qarinalardan məhrum olan əhəd xəbərlər olduğunu iddia edən ilk şəxs hesab edirlər. Bu cür yanaşmasına görə o, Tusinin çoxlu fətvalarına etiraz etmişdir. Çünki, həmin fətvalar məhz həmin kitablara əsaslanırdı . İbn İdris demişdir ki, Tusi bir neçə xəbər kitabları təlif etmişdir ki, onların ən böyüyü “Təhzibül əhkam”dır və o, bu kitabda əlinə keçən hər xəbəri toplamışdır .
O, həmçinin Tusinin “İstibsar”da gətirdiklərinə də etiraz etmiş və fiqhi məsələlərdən biri barəsində belə demişdir: «Mən, uca mövqeyinə, dərin elminə, böyük öndərliyinə baxmayaraq, şeyximiz Əbu Cəfərin bu məzhəbin əsaslarına müxalif olan bu sözə nisbət verilməsini qəbul etmirəm. Allah ona rəhmət etsin, onun “İstibsar” kitabında təəccüblü təvassutları (uzlaşdırma cəhdləri) vardır ki, mən onları ona yaraşdırmıram. Onu buna vadar edən şey, ziddiyyətli xəbərləri bir araya gətirmək istəyi olmuşdur. Halbuki buna ehtiyac yoxdur. Əksinə, vacib olan, üzr qoymayan qəti dəlillərlə əməl etmək və elm və əməl vacib etməyən əhəd xəbərləri tərk etməkdir. Bu isə din üçün daha sağlamdır. Çünki Allah təala bizə yalnız dəlillərlə əməl etməyi vacib etmiş, onların xaricindəkiləri isə tərk etməyi əmr etmişdir» .
İnsanlar arasında yayılmışdır ki, İbn İdris xəbərlərin çoxuna tənqid qapısını açan ilk şəxsdir . Halbuki ondan əvvəl Şərif Mürtəza kitab və şiə əsillərində gələn xəbərlərə tənə etmişdi. Ondan da əvvəl Müfid bu kitablardakı bir çox hədisləri tənqidə məruz qoymuşdu; məsələn, Səduqun Peyğəmbərin sehvi (unutması) barəsində və Ramazan ayının başlanmasının müşahidəsi ilə bağlı rəvayət etdiyi hədislər kimi .
Mürtəza da “ədəd” (Ramazanın başlanması üçün müəyyən say məsələsi) ilə bağlı rəvayətlərə etirazını yeniləmiş və onların ravilərini tənqid etmişdir . O, hətta öz şeyxi Müfidə yönəltdiyi tənqiddə onu qat qat aşmışdır. Məsələn, o, hədis əshabının təliflərini yüngül saymışdır; çünki onlar əhəd xəbərlərə söykənirdi. Bu barədə belə demişdir: «Bizim hədis əshabının təliflərini kənara ataq; çünki onların arasında dəlil gətirməyi bilən yoxdur, nə də onların kitabları istidləl üçün yazılmışdır» .
O, başqa bir yerdə həm alim və həm də avam üçün “Kafi” və digər hədis kitabları ilə əməl etməyin caiz olmadığını təkidlə bildirmiş, bu kitabların faydasının yalnız bizə onların səhihini fasidindən ayırmaq üçün nəzər salmağı asanlaşdırmaq olduğunu bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, firqənin alimləri və mütəkəllimləri bu kitablara əməl edən hər kəsə irad tuturdular .

Bundan da önəmlisi budur ki, o, öz dövründə məşhur olan fiqh rəvayətlərinin hamısını tənqid etmiş, onların nəql edənlərini haqq etiqaddan uzaqlaşmaqda və ədalətsizlikdə ittiham etmişdir. Bu barədə belə demişdir: «Həqiqətən, fiqhin böyük bir qismi və onun əksəriyyəti, hətta hamısı belə, istinad etdiyi rəvayətlərdə ya xəbərin əsas ravisi, ya da ikinci dərəcəli ravisi olaraq İmamətdə Vaqifi məzhəbində olanlardan (İmam Kazimin ölmədiyini, qeybdə olan son imam olduğunu deyəndlərdən) xali deyildir; həmçinin onların arasında ğulat, xəttabiyyə, müxəmmisə, hülul əshabı, eləcə də təşbih və cəbr əqidəsində olan Qum əhli vardır. Qummilərin hamısı — heç kəs istisna edilmədən, yalnız dünən yaşamış Əbu Cəfər ibn Babaveyh istisna olmaqla — müşəbbihə və mücəbbirə idilər. Onların kitabları və təlifləri buna şahidlik edir və bunu açıq şəkildə göstərir . Belə olduqda, bilmək istəyirəm: hansı rəvayət vardır ki, onun əsas və ya ikinci dərəcəli ravisi arasında vaqifi, yaxud ğali, yaxud təşbih və cəbr əqidəsində olan Qum əhli olmasın? Bizimlə onların arasında meyar isə araşdırmadır. Sonra, əgər onların birinin xəbəri bu qüsurlardan salamat olsa və onun ravisi yalnız kor koranə təqlid edən, məzhəbini heç bir dəlil və sübuta əsaslanmadan qəbul edən biri olsa, belə bir şəxs şiələr yanında Allah təalanı tanımayan cahildir; belə birinin ədalətli olması caiz deyil və onun xəbərlərinin şəriətdə qəbul edilməsi mümkün deyil.
Əgər deyilsə: “Araşdırmada yüksək məqama çatmayan hər kəsə Allah təalanı tanımayan və ya Ona dair marifəti olmayan demək olmaz. Çünki onların arasında ümümü təbəqə vardır ki, Allah təalanı qısa, lakin elm hasil edən yollarla tanıyırlar, baxmayaraq ki, bütün şübhələri dəf etməyə qadir deyillər.” Biz belə cavab verərik: “Bizim hədis və rəvayət əshabımız arasında bu sifətdə olan bir kəsi tanımırıq. Onlardan istənilən birini göstərib ondan tövhid, ədalət, nübüvvət və ya imamət etiqadının səbəbini soruşsan, səni rəvayətlərə yönəldər və sənə həmin hədisləri oxuyar. Əgər onlar bu şeyləri düzgün elmlə bilsəydilər, bu bilginin səbəbi soruşulduqda, etiqadını haradan götürməsinə istinad etməzdi. Halbuki bunun əksi də zəruri şəkildə məlumdur. Aşkar olanı inkar etmək isə din sahibləri üçün çirkindir» .
Hətta Şeyx Tusi belə, şiə kitablarındakı ravilərin əksəriyyətinin mücəbbirə, müşəbbihə, mütəəssib təqlidçilər, ğulat, vəqifi, fətəhiyyə və digər firqələrdən olmaları barədə şübhə irəli sürmüş, bu mövzuda bəzi məsələləri müzakirə etmiş, cəbr və təşbih məzmunlu rəvayətlərin mövcudluğunu etiraf etmişdir. Lakin o, bunların mütləq şəkildə ravilərin həmin etiqadlara sahib olmasını göstərmədiyini bildirmişdir. Bununla belə, o, hökmlərə dair xüsusi xəbərlərin əksərinin onların doğruluğuna dəlalət edən qarinalardan məhrum olduğunu da etiraf etmişdir . Buna görə də, təəccüblü deyil ki, bəzi mütəəxxirlər son dövrlərdə “dəlilül insidad” sahiblərinin getdikləri yolun köklərinin Tusinin yuxarıda keçən düşüncələrində olduğunu düşünmüşlər .
Bu əsasla demək olar ki, qədim mühaqqiqlər arasında ilkin və qədim hədis kitablarında qeyd olunan rəvayətlərə qarşı müəyyən bir şübhəçilik meyli hakim olmuşdur — baxmayaraq ki, bu şübhənin dərəcəsi onların arasında fərqli idi. Bu məsələdə yalnız “dəlilül insidad” sahibləri istisna olmaqla, istər əxbari, istərsə də üsuli olan mütəəxxirlərin gəlib çatdığı nəticələrdən fərqlənir.
Qəribə olan budur ki, ilkin mənbələr və onların sahibləri barədə daha məlumatlı olan qədim mühaqqiqlərin öz dövrlərində məşhur olan rəvayətlərə qarşı tənqidi mövqelərinə baxmayaraq, bəzi müasir üsulçularda əxbari iddiasına yaxınlaşan bir mövqe görürük. Bunun nümunələrindən biri də Xoyinin nəql etdiyidir: o bildirir ki, bəzi böyük alimlər Kafi kitabındakı bütün rəvayətlərin səhih olduğunu və onların heç birinin sənəd zəifliyi ilə ittiham edilməsinə yer olmadığını hesab edirlər. O həmçinin öz müəllimi Məhəmməd Hüseyn Nainidən eşitdiyini nəql edir ki, o, dərs məclisində belə demişdir: «Kafi rəvayətlərinin isnadında mübahisə aparmaq acizin sənətidir» .
Bundan əvvəl Şeyx Ənsari belə bir fikrə getmişdi ki, şiə təriqətinin təsnif etdiyi bütün rəvayətlər – az və nadir istisnalar xaric – İmamlardan nəql olunmuşdur. Hətta o, rəvayətlərin əksəriyyətinin və ya çoxunun İmamlardan nəql olunmasına dair icmali elmin (ümümi qəti bilik) bədəhiyyatdan (avtomatik qəbul olunan) olduğunu qəbul etmişdir. O, rəvayətlərin az bir qismi istisna olmaqla qəti şəkildə İmamlardan nəql olunduğunu sübut etmək üçün bəzən heç bir dəlilə söykənməyən iddialara, bəzən isə bəzi ravilərin hədis nəqlində ehtiyatlı davranışını göstərən az və ya tək-tük rəvayət şəhadətlərinə istinad edir.
O iddia edir ki, dörd əsas hədis məcmuəsinin sahibləri (Kafi, Təhdib, İstibsar, Mən la yəhzuruhul-fəqih) rəvayəti sadəcə bir kitabdan alıb öz təsniflərinə yerləşdirməklə kifayətlənməmiş, əksinə, kitabların özündə uydurma hədislərin ola biləcəyi ehtimalından qorxaraq, daxil etdikləri rəvayətləri təftiş etmişlər. O həmçinin Kəşşi və Nəcaşidən üç rəvayət nəql edir ki, guya hədis nəqlində ehtiyatı göstərir.
Bu rəvayətlərdən biri Əhməd ibn Məhəmməd ibn İsanın belə deməsidir: «Həsən ibn Əli əl-Vəşəanın yanına gəldim və ondan Əla ibn Rəzinin əl-Qallanın kitabını və Əban ibn Osman əl-Əhmərin kitabını nəql etməsini istədim. O da onları nəql etdi. Mən dedim: istəyirəm onları sənə danışım (əzbərdən). O dedi: Allah sənə rəhmət etsin, nə yaman tələsirsən! Get, əvvəl onları yaz, sonra danışarsan. Mən dedim: hədisləri unudacağımdan qorxuram. O dedi: Əgər bilsəydim ki, hədislər bu qədər tələb olunacaq, ondan daha çox götürərdim. Mən bu məsciddə doqquz yüz şeyxə çatdım ki, hər biri deyirdi: Mənə Cəfər ibn Məhəmməd (ə) belə nəql etdi» .
Başqa bir rəvayətdə Həmdəveyh, Əyyub ibn Nuhdan belə dediyini nəql edir: «O mənə Məhəmməd ibn Sinanın hədislərinin olduğu bir dəftər verdi və dedi: Əgər istəyirsinizsə, onu yazın. Mən Məhəmməd ibn Sinandan yazmışam, lakin sizə ondan heç nə rəvayət etməyəcəyəm. Çünki o, ölümündən əvvəl dedi: Mən sizə nəql etdiyim hər şey nə eşitmə, nə də rəvayət yolu ilədir; sadəcə tapdığım şeylərdir» .
Üçüncü rəvayətdə isə belə gəlir ki, Əli ibn Həsən ibn Fəddal, atası Həsənin kitablarını ondan eşitdiyi halda ondan rəvayət etməmiş, onları qardaşları Əhməd və Məhəmməd vasitəsilə atasından rəvayət etmişdir. O, bunu belə əsaslandırmışdır ki, atası ilə hədisləri müqayisə etdiyi vaxt özü azyaşlı idi və rəvayətləri yaxşı tanımırdı, buna görə də onları ikinci dəfə qardaşlarına oxumuşdur .
Halbuki bu şəvahidlər (dəstəkləyici dəlillər), əksini göstərən çoxsaylı digər şəvahidlərin yanında heç bir dəyərə malik deyil. Birinci dəlilə gəlincə, hədis nəqlində ehtiyat məsələsi ilə heç bir əlaqəsi yoxdur. İkinci dəlil isə başqalarının Məhəmməd ibn Sinandan rəvayət etməkdə ehtiyat etdiyini göstərmir . Çünki üç Məhəmməd (muhəddislərin məşhur “muhammədun əl-sələsəsi) ondan çoxlu rəvayətlər nəql etmişlər. Kuleyni belə ondan çox sayda rəvayət nəql etmişdir. Hətta Fədl ibn Şazanın belə, Məhəmməd ibn Sinandan rəvayət etməyi qadağan etməsinə və onu yalançı saymasına baxmayaraq, yenə də ondan çoxlu rəvayətlər nəql etmişdir . Eyni hal bir çox digər siqə ravilər üçün də keçərlidir .
Seyyid Məhəmməd Mehdi Bəhrül ulumun qeyd etdiyi kimi, bu məsələdə çoxlu ziddiyyət və qarışıqığın olmasını dəlillərdən biri də budur ki, şiə alimləri arasında Məhəmməd ibn Sinan barəsində ixtilaf çox böyümüş, onların sözləri bu şəxs haqqında son dərəcə ziddiyyətli olmuşdur. Hətta əksəriyyətin onun barəsində həm bir şeyi, həm də onun əksini – yəni həm təvsiq və zəifləşdirmə, həm tərif və qınaq, həm rəvayət etməyə qadağa və həm icazə, həm rəvayətdən çəkinmə və həm çoxlu rəvayət nəql etmə, həm ona irad tutma və həm də onu müdafiə etmə – deməsi baş vermişdir . Buna görə də Ənsarinin bu mövzuda gətirdiyi şahid onun iddiasının əksinədir; üstəlik, həmin şahid barəsində burada araşdırmaq niyyətində olmadığımız bir çox iradlar mövcuddur .
Əhəd xəbərlə və mötəbər kitablarda qeyd olunan rəvayətlərlə əməl barədə çıxılmaz problem qalmaqdadır. Bir qrup alim işarə etmişdir ki, bu rəvayətlərə əməli tərk etmək “dindən çıxmağı” tələb edir. Məsələn, Şeyx Səduq Peyğəmbərin (s) səhvi ilə bağlı xəbərləri müzakirə edərkən belə demişdir: “Əgər bu babda gəlmiş xəbərləri rədd etmək caiz olarsa, onda bütün xəbərləri rədd etmək də caiz olar. Bu isə dinin və şəriətin batil edilməsidir” . Eyni şəkildə, mühəddis Bəhrani, Əllamə Hillinin əhəd xəbərləri, onların elm və əməl hasil etməməsi səbəbilə rədd etməsini qəbul etməmiş və demişdir: “Əhəd xəbərləri və bu qəbildən rəvayətləri rədd etməklə onun üzərinə vacib olan, bu dindən çıxıb başqa bir dinə girməsidir” . Bəzi alimlər də əhəd xəbərlərlə əməli tərk etməyi öz özlüyündə mükəlləfliyin tərk edilməsi hesab etmişlər; çünki (şəriərin əksəriyyəti bu xəbərlərlə gəlmişdir və bundan sonrasında isə) “bəraət əsliyyə - qulun dəlil gəlmədikcə mükəlləf olmaması” bütün hökmləri götürür .
Şeyx Tusi “mövcud (əhəd) hədisləri yəqinlik dərəcəsinə qaıdıran qarinələrin itməsi, onlara ağıl ilə əməl etməyi tələb edir” şübhəsinə cavab vermişdir. O, bunu rədd edərək bildirmişdir ki, bunun nəticəsi xəbərlərin və hökmlərin çoxunu tərk etmək olardı ki, “şəriətdəki məsələlərdə heç bir hökm verilməsin. Bu isə elm əhlinin çəkindirdiyi bir fikirdir. Buna etiqad edən kəslə oturub durmaq olmaz; çünki o, şəriətin zəruri şəkildə əksini bildirdiyi şeyi etiqad edir” .
Doğru olan budur ki, qətilik hasil etməyən xəbərlərə müraciəti zəruri edən nə bir “zərurət”, nə də bir “icma” mövcuddur. Şeyx Ənsarinin işarə etdiyi kimi, əhəd xəbərə əməl etməyin vacibliyinə dair heç bir dəlil yoxdur — ta ki, həmin xəbər məzmunu barədə etimad və arxayınlıq hasil etsin. Elə bir arxayınlıq hasil olunsun ki, onun ilahi hökmə zidd olma ehtimalı ağıl sahiblərinin nəzərində çox uzaq və etinasız olsun, onlarda tərəddüd və şübhə doğurmasın .
Bundan əvvəl Kaşifül Ğita (h. 1228 də vəfat etmişdir) fəqihlərə tövsiyə edirdi ki, xəbəri vahidlə yalnız zərurət və məcburiyyət halında əməl etsinlər; əsas etibar isə Qurani Kərimə, mütəvatir hədislərə və qətilik kəsb əməli ənənələr olunmalıdır .
Bu əsasla, həm qədim, həm də müasir bir qrup alim, əhəd xəbərlərin höccətliyinə və ya mövcud rəvayətlərə kor koranə bağlılığa əsaslanmadan, müxtəlif meyarlarla əməl yolunu seçmişlər. Məsələn, Şərif Mürtəza belə bir sual irəli sürmüşdü: əgər əhəd xəbərə əməl etmək caiz deyilsə, müsəlman alim nəyə əsaslanmalıdır? Onun cavabı belə idi: ya ağla, ya Qurana, ya təvatürə, ya da icmaya.
Eyni şəkildə, bir qrup müasir alim əməl üçün başqa bir metod ortaya qoymuşdur ki, ona “dəlilül insidad” adı verilmişdir. Onların çoxu güclü zənnə əsaslanmağı doğru hesab etmişdir — istər bu zənnin mənbəyi rəvayət olsun, istər məşhurluq, istər səhabələrin əməli, istər ağıl, istərsə də başqa bir şey. Yəni onlar “mötəbər sayılmayan zənnlərlə” belə əməli caiz bilmişlər. Hətta bəziləri qadağan olunmuş zənnlərlə — məsələn, qiyas və ona bənzər üsullarla — əməli belə düzgün hesab etmişlər .
Bütün bu yuxarıda keçənlərdən bəlli olur ki, şiəlikdəki əksər hədislərə əməl etmək üsul olaraq və əqli olaraq əsassız olduğuna görə şiə üsulçuları müxtəlif yollar “icad” edərək özlərini bu acınacaqlı vəziyyətdən çıxarmağa çalışmışlar. Bu batil və əsassız metodlardan biri də dəlilül insidad” olmuşdur.