Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Peyğəmbərin ﷺ xanımları da Əhli-beytdəndirlər
İzzət və Cəlal Sahibi olan Allah buyurur: “Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu ki¬mi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Rəsuluna itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir.” (1) Ayə açıq-aşkar xanımların Əhli-beytdən sayıldıqlarını göstərir. Lakin bu yalnız onların Əhli-beytdən sayılmaları anlamında deyil. Sadəcə bu məqamda onlar xüsusi olaraq qeyd olunurlar.
İkrimə rəvayət edir ki, İbn Abbas (Allah ondan razı olsun!) bu ayə barəsində belə demişdir: “Bu ayə Peyğəmbərin xanımları barəsində nazil olmuşdur.” Sonra İkrimə dedi: “Bu ayələrin Peyğəmbərin xanımları barəsində nazil olunması xüsusunda kim istərsə onunla lənətləşərəm.” (2)
İbn Qeyyim Peyğəmbərin xanımlarını Əhli-beytdən sayanların dəlillərini gətirərək bu fikri “Cəla əl-Əfham” əsərində (səh. 311-333) zikr etmiş və demişdir: “Həmin səbəbə oxşar olduğu üçün ayədə Peyğəmbərin xanımları xüsusi olaraq qeyd olunur. Çünki onların Peyğəmbərlə ﷺ bağlılığı nəsəbə görə olmasa da belə həmin xanımların istər Peyğəmbər ﷺ sağ ikən, istərsə də vəfat etdikdən sonra başqalarına ərə getmələri haramdır. Demək onlar Peyğəmbərin ﷺ həm bu dünyada, həm də axirətdə xanımları sayılırlar. Bu səbəbdən də onlarla Peyğəmbərin ﷺ arasında olan bağlılıq nəsəbə görə olan bağlılıq məqamında sayılır. Peyğəmbər ﷺ onlar barəsində özü xəbər vermişdir. Bu səbəbdən də düzgün rəy – İmam Əhmədin dediyi kimi – sədəqənin onlara da haram olmasıdır. Çünki sədəqə insanların artığıdır. Uca Allah isə bu pak adamları insanların artığından yüksəkdə tutmuşdur.”
Çox qəribədir! Necə ola bilər ki, aşağıdakı hədislərə Peyğəmbərin xanımları şamil olunsun!?
Peyğəmbər ﷺ demişdir: “Allahım Muhəmmədin ailəsinin ruzisini onları doyduracaq qədər et.” (3)
Qurban barəsində isə belə demişdir: “Allahım bu Muhəmməd və onun ailəsinin adındandır.” (4)
Aişədən (Allah ondan razı olsun!) rəvayət olunur ki, “Muhəmmədin ailəsi heç vaxt buğda çörəyindən doyunca yeməmişdir.” (5)
Habelə Peyğəmbər ﷺ demişdir: “Allahım Muhəmmədə və onun ailəsinə xeyir-dua ver.” (6)
Amma bu hədisə onun xanımları şamil olunmasın?
“Şübhəsiz ki, sədəqə Muhəmmədə və onun ailəsinə haram buyurulmuşdur.” (7)
Halbuki, Peyğəmbərin xanımlarının insanların artığından uzaq olmaları daha məqsədəuyğundur.
Birdən desələr ki, əgər sədəqə Peyğəmbərin xanımlarına haramdırsa onda gərək onların azad etdikləri kölələrə də haram olsun. Necə ki, Haşim oğullarına sədəqə haram olduğu üçün, onların azad etdikləri kölələrə də haram oldu. Amma Səhih hədisdə rəvayət olunur ki, Aişənin (Allah ondan razı olsun!) mövlası (azad etdiyi köləsi) Bəriraya sədəqə olaraq ət verilmiş, o da onu yemişdi. Peyğəmbər ﷺ isə bunun haram olduğunu ona söyləməmişdi.
Cavab: Əslində bu Peyğəmbərin xanımlarına sədəqə yeməyi caiz görənlərin gətirdikləri bir şübhədir. Bu şübhənin cavabı odur ki, Peyğəmbərin xanımları Peyğəmbərin ﷺ kökündən olmadığına görə sədəqə onlara birbaşa haram olmamışdır. Sədəqə onlara sadəcə Peyğəmbərə ﷺ haram olduğu üçün haram olmuşdur. Axı Peyğəmbərlə ﷺ ailə qurmamışdan öncə onlara sədəqə halal idi. Demək Peyğəmbərin xanımları bu qadağanın bir qoluna aiddirlər. Azad olunmuş kölələrin ağalarına nəyinsə birbaşa haram olunması həmin kölələrə də şamil olunur. Çünki onlar da bu qadağanın bir qoluna aiddirlər. Odur ki, Peyğəmbərin ﷺ kökündən olduqlarına görə Haşimi oğullarına sədəqə birbaşa haram buyurulduğu üçün bu haramlıq onların azad etdikləri kölələrə də aid edilir. Amma Peyğəmbərin xanımlarına sədəqə Peyğəmbərə ﷺ görə haram olduğu üçün bu haramlıq həmin xanımların azad etdikləri kölələrə aid edilmir. Çünki bu həmin qadağanın qolunun qolu hesab edilir.
Uca Allah buyurur: “Ey Peyğəmbərin zövcələri! Sizlərdən hər kim açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat artar. Bu, Allah üçün asandır. Sizlərdən hər kim Allaha və Onun Rəsuluna itaət edib yaxşı işlər görsə, ona mükafatını ikiqat verərik. Biz onun üçün bol ruzi hazırlamışıq. Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan kəs tamaha düşər. Şəriətə müvafiq qaydada danışın. Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Rəsuluna itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. Həqiqətən, Allah Lütfkardır, hər şeydən Xəbərdardır.” (8)
Bu ayələrdən bəlli olur ki, Peyğəmbərin xanımları Əhli-beytdən sayılırlar. Çünki ayələrdəki xitabların hamısı onlara olunur. Odur ki, onları ayələrdəki xitabların heç birindən kənarlaşdırmaq olmaz. Daha doğrusunu isə Allah bilir.” İbn Qeyyimin sözləri burada bitir. Güman edirəm ki, Allahın izni ilə onun sözləri kifayət edər.
(1) əl-Əhzab surəsi, 33.
(2) “Siyər Əlam ən-Nubələ” əsəri, 2/380. Kitabı təhqiq edən alim rəvayətin həsən olduğunu bildirmişdir.
(3) Hədisi Muslim “Zəkat” kitabında, “Dolanışıq üçün ğərəkli olan ərzaqlar və aza qane olmaq” fəslində (№ 1055) Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət etmişdir.
(4) Əbu Davudun “Sünən” əsəri, “Həccin ayinləri” kitabı, “Saçları yapışqan bir maddə ilə yapışdırmaq” fəsli № 1750. Şeyx Albani bu hədisi “Səhih” hesab et¬mişdir.
(5) Bu hədis Buxarinin “Səhih” əsərində, “Yeməklər” kitabının “Peyğəmbərin ﷺ və onun səhabələrinin yedikləri” fəslində bu ləfzə yaxın mənada rəvayət edil¬mişdir № 5416. Muslimin “Səhih” əsəri, 2970.
(6) Buxarinin “Səhih” əsəri, “Təfsir” kitabı, “Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər” fəsli № 4797.
(7) Muslim № 1072.
(8) əl-Əhzab surəsi, 30-34.
SON ƏLAVƏLƏR