Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

QADAĞAN OLUNAN ORUC GÜNLƏRİ

v Bayram günləri

Peyğəmbər bayram günlərində oruc tutmağı qadağan edərək demişdir: “İki gündə - Qurban və Ramazan bayramı günlərində oruc tutmaq icazəli deyildir”.(1)

v Şəkk günü (2)

Şəkk və şübhəli olan bir şey heç vaxt yəqinlik ifadə edə bilməz və bu baxımdan da Ramazan orucu ehtimal üzərində tutula bilməz. Ramazan ayının girməsi ya təzə ayın görünməsi, ya da Şaban ayının otuz günə tamamlanması ilə təyin edilir. Ehtiyat yönündən Ramazana bir gün əvvəldən başlamaq iddiasına gəldikdə isə, şübhəsiz ki, bu cür hallar insanı vəsvəsəçiliyə və bidətlərə sürükləyə bilər. Ammar ibn Yasir (Allah ondan razı olsun) şəkk günü oruc tutan bir toplumu gördükdə onlara belə demişdir: “Bu günü oruc tutan kəs Əbul-Qasimə (yəni Muhəmmədə) asi olmuşdur”.(3)

v Şaban ayının axır günləri

Şaban ayının axır günlərini oruc tutmaq, habelə Şaban ayı ilə Ramazanı orucla birləşdirmək icazəli deyildir. Peyğəmbər demişdir: “Şaban ayı yarı olduqdan sonra oruc tutmayın”; “Şabanın sonuna yarım ay qalmış oruc tutmayın!(4)Heç kəs Ramazana bir-iki gün qalmış oruc tutmasın. Yalnız adəti üzrə oruc tutan kimsə bu günlər oruc tuta bilər”.(5)

v Qadının ərinin icazəsi olmadan oruc tutması

Çünki qadının nafilə (könüllü) oruc tutması müstəhəb, ərinə itaət etməsi isə vacibdir. Nafilə olan bir əməli vacibdən önə salmaq icazəli deyildir. Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin belə dediyini nəql edir: “Qadın ərinin yanında onun izni olmadan oruc tutmamalıdır(6) ; “Qadın Ramazan ayından kənar ərinin yanında onun izni olmadan oruc tutmamalıdır”.(7)

v Cümə günü

Tək Cümə gününü oruc tutmaq icazəli deyildir. Çünki Peyğəmbər belə demişdir: “Heç kəs təkcə cümə günü oruc tutmasın. Onunla bərabər bir gün əvvəl və ya bir gün sonra oruc tutsun”.(8) Digər rəvayətdə isə belə demişdir: “Cümə gecəsini ibadət üçün, Cümə gününü də oruc üçün xaslaşdırmayın. Yalnız adəti üzrə oruc tutan kimsə bu günü oruc tuta bilər”.(9)

v Ərəfə günü Ərəfatda oruc tutmaq

Səhabələr Ərəfatda ikən oruc tutmaq barədə Peyğəmbərə şikayət etdikdə Allah rəsulu camaatın önündə bir qədəh süd içdi.(10) O , Ərəfə günü oruc tutmağa təşviq etsə də, Ərəfatda oruc tutmamışdır. Bu da Ərəfə orucunun məhz həcdə olmayan kəslər üçün müstəhəb bir əməl olduğunu göstərir.

v Bütün ili oruc tutmaq

Bütün ili ara vermədən oruc tutmaq icazəli deyildir. Peyğəmbərə bütün ili oruc tutan adam barədə sual verdikdə belə demişdir: “O nə oruc tutar, nə də iftar edər (yəni orucundan heç bir fayda götürməz”.(11)
Abdullah ibn Amr (Allah ondan razı olsun) deyir ki, Peyğəmbərə
mənim “Allaha and olsun ki, bütün həyatım boyunca gecələri namaz qılıb, gündüzləri də oruc tutacam” sözüm çatdırıldıqda o mənə belə dedi: “Ey Abdullah, sən belə etmə! Həm oruc tut, həm də iftar et. Həm gecələri namaz qıl, həm də yat. Çünki bədəninin sənin üzərində haqqı var. Zövcənin və qonaqlarının sənin üzərində haqqı var. Ay ərzində üç gün oruc tutmağın sənə bəs edər. Çünki hər saleh əməlin savabı on misli verilir ki, bununla da sən il boyu oruc tutmuş sayılırsan”. Mən dedim ki, mənim bundan da artığına gücüm çatır. Peyğəmbər belə dedi: “Elə isə bir gündən bir oruc tut. Bu, Davud peyğəmbərin orucudur və bu ən əfzəl orucdur”. Mən: “Bundan da artığına gücüm çatır”, – dedikdə Peyğəmbər belə cavab verdi: “Bundan əfzəli yoxdur. Davud əleyhisSalam bir gündən bir oruc tutardı və düşmənlə üzbəüz gəlməkdən də çəkinməzdi”.
Digər rəvayətdə isə belə demişdir: “Uca Allaha ən sevimli olan oruc Davudun əleyhisSalam orucudur”.

v İftar etmədən oruc tutmaq

Orucu Məğrib azanından sonra, hətta növbəti günün fəcrinə qədər davam etdirmək icazəli deyildir. Peyğəmbər bu şəkildə oruc tutmağı qadağan edərək belə demişdir: “İftar etmədən ardıcıl oruc tutmayın, iftar etmədən ardıcıl oruc tutmayın!” Əshabı belə dedi: “Ey Allahın rəsulu, axı sən iftar etmədən ardıcıl oruc tutursan”. Peyğəmbər belə cavab verdi: “Mən sizin kimi deyiləm. Rəbbim məni yedirir və içirir”.


Qeyd etdiyimiz son iki növ orucun qadağan olunmasındakı hikmət aşağıdakı kimidir:
Birincisi, çünki bu şəkildə oruc tutmaq asanlığı və rahatlığı əmr etməklə seçilən Peyğəmbər
sünnəsinə ziddir. Həmçinin dində həddi aşmağa oxşar bir haldır ki, bu da məzəmmət olunmuşdur. Elə bu səbəbdən də Peyğəmbər demişdir: “Mənim sünnətimdən üz çevirən məndən deyildir”.
İkincisi, çünki bu şəkildə oruc tutmaq bir müddətdən sonra həmin kəsin ibadətə qaşı nifrətinə və bezginliyinə səbəb ola bilər.
Üçüncüsü, bu şəkildə oruc tutmaq bədəni zəiflətdiyinə görə fərz olan Ramazan orucunun da zəif keçirilməsinə səbəb ola bilər. Həmçinin bədən zəiflədiyinə görə cihad və bu kimi müsəlmandan güclü bədən və enerji tələb edən digər ibadətlərin də tərk olunmasına səbəb ola bilər.

(1) Buxari, 1991, Müslim, 783.
(2) Ramazan ayının başlayıb-başlamaması haqqında şəkk edilən gün.
(3) Hədis səhihdir. Əbu Davud, 2334, Tirmizi, 686.
(4) Hədis səhihdir. Əbu Davud, 2337, Tirmizi, 738, Beyhəqi 4/209.
(5) Buxari, 1914, Müslim, 1082.
(6) Buxari, 5192, Müslim, 1026.
(7) Əbu Davud, 2485, Tirmizi, 782.
(8) Buxari, 1985, Müslim, 1144, Əbu Davud, 2420, Tirmizi, 743.
(9) Müslim, 1144.
(10) Buxari, 1658, 1661, Müslim, 1124.
(11) Hədis səhihdir. Nəsai 4/205, Tirmizi, 767.
(12) Buxari, 1975 və 1980.
(13) Buxari, 3420, Müslim, 1159.
(14) Buxari, 1966, Müslim, 1103.