Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Oruc İbadətinin 10 Əsas Faydası
Oruc İslamın beş əsas rüknündən biridir. Uca Allah bu ibadəti möminlər üçün həm fərdi, həm də ictimai baxımdan böyük hikmət və faydalarla dolu şəkildə fərz buyurmuşdur. Oruc təkcə yemək-içməkdən uzaq durmaq deyil, nəfsi tərbiyə edən, qəlbi saflaşdıran və bədəni gücləndirən əhatəli bir ibadətdir.
1. Təqvanı artırır:
Oruc insanı Allahın nəzarətini daim hiss etməyə alışdırır. Tək qaldıqda belə haramdan çəkinmək təqvanın ən bariz nümunəsidir.
Uca Allah buyurur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ
“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc vacib edildi ki, təqvalı olasınız.”
(əl-Bəqərə, 2/183)
2. Nəfsi tərbiyə edir və şəhvəti cilovlayır:
Rəsulullah ﷺ buyurmuşdur:
يَا مَعْشَرَ الشَّبَابِ، مَنْ اسْتَطَاعَ مِنْكُمُ الْبَاءَةَ فَلْيَتَزَوَّجْ، فَإِنَّهُ أَغَضُّ لِلْبَصَرِ، وَأَحْصَنُ لِلْفَرْجِ، وَمَنْ لَمْ يَسْتَطِعْ فَعَلَيْهِ بِالصَّوْمِ، فَإِنَّهُ لَهُ وِجَاءٌ
“Ey gənclər! Sizdən evlənməyə gücü çatan evlənsin. Gücü çatmayan isə oruc tutsun. Çünki oruc onun üçün qoruyucudur.”
(Buxari, 5066; Muslim, 1400)
3. Günahların bağışlanmasına səbəb olur:
مَنْ صَامَ رَمَضَانَ إِيمَانًا وَاحْتِسَابًا، غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ
“Kim Ramazanı imanla və savabını Allahdan umaraq oruc tutarsa, keçmiş günahları bağışlanar.”
(Buxari, 38; Muslim, 760)
4. Səbr və dözüm qazandırır:
Oruc aclığa, susuzluğa və nəfsin istəklərinə qarşı səbr etməyi öyrədir. Bu səbəbdən Ramazan “səbr ayı” adlandırılmışdır.
الصَّوْمُ نِصْفُ الصَّبْرِ
“Oruç səbrin yarısıdır.”
(İbn Macə, 1745 – həsən hədis)
5. Qəlbi saflaşdırır və ixlası artırır:
Oruc gizli bir ibadətdir. İnsan onu yalnız Allah üçün tutur.
Allah-Təala buyurur (hədisi-qudsi):
كُلُّ عَمَلِ ابْنِ آدَمَ لَهُ إِلَّا الصَّوْمَ، فَإِنَّهُ لِي وَأَنَا أَجْزِي بِهِ
“Adəmoğlunun bütün əməlləri özünədir, oruc isə Mənim üçündür və onun mükafatını Mən verərəm.”
(Buxari, 1904; Muslim, 1151)
6. Bəndəni Rəbbinə yaxınlaşdırır:
Ramazan (oruc) ayəsindən sonra dua ayəsinin gəlməsi diqqətəlayiqdir:
وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ
“Qullarım Məni səndən soruşduqda, şübhəsiz ki, Mən yaxınıyam.”
(əl-Bəqərə, 2/186)
Bu, oruclunun duasının qəbuluna işarədir.
7. Cəmiyyət daxilində mərhəməti artırır:
Aclıq çəkən insan kasıbların halını daha yaxşı anlayır və sədəqəyə daha meyilli olur.
Rəsulullah ﷺ Ramazanda ən səxavətli insan idi.
(Buxari, 6)
8. Şeytanın təsirini zəiflədir:
إِنَّ الشَّيْطَانَ يَجْرِي مِنَ الإِنْسَانِ مَجْرَى الدَّمِ، فَضَيِّقُوا مَجَارِيَهُ بِالصَّوْمِ
“Şeytan insanın damarlarında qan kimi dolaşır. Onun yollarını orucla daraldın.”
(Buxari, 2038 – məna etibarilə)
9. Sağlamlığa faydalıdır:
Peyğəmbər ﷺ buyurmuşdur:
صُومُوا تَصِحُّوا
“Oruclu olun ki, sağlam olasınız.”
(Tabərani – alimlər mənasını səhih qəbul etmişlər)
10. Axirətdə böyük mükafat və xüsusi qapıdır:
إِنَّ فِي الْجَنَّةِ بَابًا يُقَالُ لَهُ الرَّيَّانُ، يَدْخُلُ مِنْهُ الصَّائِمُونَ
“Cənnətdə Reyyan adlı bir qapı vardır. O qapıdan yalnız oruc tutanlar daxil olar.”
(Buxari, 1896; Muslim, 1152)
Nəticə etibsri ilə, oruc ibadəti insanın imanını gücləndirən, nəfsini tərbiyə edən, qəlbini saflaşdıran və onu Allah-Təalaya yaxınlaşdıran böyük bir məktəbdir. Bu ibadətin hikmətlərini dərk edən mömin üçün oruc yalnız Ramazanla məhdud qalmır, həyat tərzinə çevrilir.
SON ƏLAVƏLƏR