Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Ölənin yaxınlarına emələri icazəli və qadağan olan şeylər

v Can üstə olarkən müstəhəb sayılan əməllər

1. Can üstə olan müsəlmana şəhadət kəlməsini təlqin etmək – dedizdirmək. Peyğəmbər ﷺ demişdir: “Ölüm ayağında olan ölülərinizə “lə iləhə illəllah” kəlməsini dedizdirin”; “Kimin son sözü “lə iləhə illəllah” kəlməsi olarsa, bir gün gələr mütləq Cənnətə daxil olar”. İbn Hibbanın rəvayətində bu əlavə yer almaqdadır: “Hətta ondan öncəki əməlindən asılı olmayaraq”.(1)
2. İslamı qəbul edəcəyi ümidi ilə can üstə olan kafiri İslama dəvət etməkdən ötrü ziyarət etmək olar. Peyğəmbərə ﷺ xidmət göstərən yəhudi bir uşaq xəstələnmişdi. Peyğəmbər ﷺ onun ziyarətinə getdi, başı üstə oturub ona belə dedi: “İslamı qəbul et!” Uşaq atasına baxdıqda atası “Əbul-Qasimə (Muhəmmədə) itaət et!” – dedi. Uşaq da İslamı qəbul etdi. Peyğəmbər ﷺ: “Onu Cəhənnəm odundan qurtaran Allaha həmd olsun!” – deyərək evdən çıxdı.(2)

v Ölənin yaxınları nə etməlidir?

1. Meyitin gözlərini yummaq. Belə ki, Əbu Sələmə (Allah ondan razı olsun) gözləri açıq halda vəfat etmiş, Peyğəmbər ﷺ onun gözlərini yummuş və belə demişdir: “Ruh bədəni tərk etdikdə göz onu arxasınca izləyir”.(3)
2. Cənazənin bədəni görünməsin deyə, bütün bədənini örtmək. Aişə anamız nəql edir ki, Peyğəmbər ﷺ vəfat etdikdə mübarək bədəni Yəməndən gətirilmiş zolaqlı libas ilə örtülmüşdü.(4)
3. Cəsədi qoxumasın deyə, cənazə işlərinin – meyitin yuyulması, kəfənlənməsi və dəfninin tezləşdirilməsi. Peyğəmbər ﷺ demişdir: “Cənazəni tez aparın. Əgər o, əməlisalehdirsə, siz onu xeyirə qovuşdurursunuz. Yox, əgər əməlisaleh deyilsə, onda siz şəri özünüzdən uzaqlaşdırmış olursunuz”.(5)
4. Cənazəni öldüyü diyarda basdırmaq, başqa şəhərə və ya kəndə aparmamaq. Çünki belə bir hal hədisdə əmr edilən “cənazəni tez aparın” əmrinə müxalifdir.
5. Ölənin borcunu ödəmək. Çünki ölən kəs borcundan asılı vəziyyətdə qalır. Xüsusən də, əgər sağ olduğu vaxt borcunu ödəməyə imkanı olduğu halda, ödəməyibsə. Peyğəmbər ﷺ borclu olduğu halda ölən kəs barədə belə demişdir: “Filankəsin Cənnətə girməsinə maneə olan şey əsiri olduğu borcudur. İstəsəniz, onu azad edin, istəsəniz, onu Allahın əzabına təslim edin”.(6)

v Ölənin yaxınlarına etmələri icazəli olan şeylər

Onlar meyitin üzünü açıb öpə bilər və onun üçün ağlaya bilərlər. Aişə anamız belə nəql etmişdir: “Peyğəmbər ﷺ dünyasını dəyişmiş Osman ibn Məzunun (Allah ondan razı olsun) yanına daxil oldu, onun üzünü açaraq qucaqlayıb öpdü və ağladı. Hətta mən onun yanaqları üzərindən göz yaşlarının axdığını da gördüm”.(7)
Peyğəmbər ﷺ oğlu İbrahim öldüyü gün ağladıqda əshabı bu barədə ondan soruşmuş, o da cavabında belə demişdir: “Bu, (ağlamağım) mərhəmətin göstəricisidir. Göz yaşarar, qəlb hüznlənər. Lakin Rəbbimizi razı salmayacaq bir kəlmə belə dilimizə gətirmərik. Ey İbrahim, biz sənin ayrılığına çox kədərlənmişik”.(8)


v Ölənin yaxınlarının boynuna düşən vacib

Səbirli olmaq, Allahın qədər-qəzası ilə razılaşmaq və bunun əcrini Allahdan ummaq. Peyğəmbər ﷺ demişdir: “Kimin həddi-büluğ yaşına çatmamış üç övladı ölərsə, Uca Allah onları və (səbr edəcəkləri təqdirdə) valideynlərini Öz rəhməti ilə Cənnətə daxil edər. Bu övladlar Cənnət qapılarından bir qapının önündə durarlar. Onlara “Cənnətə daxil olun!” deyildikdə “valideynlərimiz gəlmədikcə daxil olmarıq”, – deyərlər. Onlara belə deyilər: “Siz də, valideynləriniz də Allahın rəhməti ilə Cənnətə daxil olun! ”.(9)

v Ölənin qohumlarına haram olan əməllər

1. Ağı demək, qışqır-bağır salıb üzə vurmaq və yaxa cırmaq. Peyğəmbər ﷺ demişdir: “Üzə vuran, yaxasını cıran və cahiliyyət dövründə deyilən sözləri deyən kəs bizdən deyildir”.(10) Bunların çoxu məhz qadınlar tərəfindən edilməkdədir. Peyğəmbər ﷺ bu xüsusda belə demişdir: “Ağı deyən qadın ölümündən qabaq bu əməlindən tövbə etməsə, Qiyamət günü əynində qətrandan bir örtük bədəni isə yara basmış halda qalxacaqdır”.(11)
2. Cahiliyyət adəti üzrə kiminsə öldüyünü elan etmək. Cahiliyyət dönəmində ərəblər içində adlı-sanlı biri öldükdə bir nəfəri göndərərdilər ki, qəbilələri dolaşaraq ölüm xəbərini elan etsin. Lakin şəriət ölənin kəfənlənməsi, dəfn edilməsi, cənazə namazının qılınması, günahları üçün Allahdan bağışlanma dilənilməsi üçün ölüm xəbərini yaymağa icazə vermişdir. Peyğəmbərdən ﷺ bilinən və bizə miras qalan da məhz budur. Belə ki, o ﷺ, Nəcaşinin öldüyü gün əshabına: “Qardaşınız üçün Allahdan bağışlanma diləyin”, – demişdir.(12) Peyğəmbər ﷺ onun ruhuna Fatihə oxunmasını deyil, onun üçün dua edilib, bağışlanma dilənilməsini əmr etmişdir. Özündə kiminsə ölüm xəbərini ehtiva edən buklet və kağızları paylamaq da buna oxşayır.
3. Qadının ərindən başqası üçün üç gündən artıq yas saxlaması. Qadın əri üçün dörd ay on gün yas saxlamalıdır.(13) Burada yas saxlamaqda məqsəd qadının bu müddət ərzində qızıl əşyaları ilə bəzənməkdən, sürmədən istifadə etməkdən və ətirlənməkdən imtina etməsidir.

(1) Əhməd 2/233, Əbu Davud, 3116, Hakim (1/352) səhih olduğunu demiş, Zəhəbi də bununla razılaşmışdır.
(2) Buxari, 1356, Hakim 1/363, Əhməd 3/280.
(3) Müslim, 920, Əhməd 6/297, Beyhəqi 3/384.
(4) Buxari və Müslim.
(5) Buxari və Müslim.
(6) Əbu Davud, 3341, Əhməd 5/11, Hakim (2/25) səhih olduğunu demiş, Zəhəbi də bununla razılaşmışdır.
(7) Beyhəqi (4/307) demişdir ki, bu hədisi Buxari və Müslim başqa formada rəvayət etmişdir.
(8) Buxari və Müslim.
(9) Hədis səhihdir. Malik 1/235, Nəsai 1/265, Beyhəqi 4/68.
(10) Buxari və Müslim.
(11) Müslim, 934, Əhməd 5/344.
(12) Buxari və Müslim.
(13) Buxari və Müslim.