Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Şəhidlərlə əlaqəli əhkamlar
v Şəhidlərin cəsədləri yuyulmur
Məlumdur ki, şəhidliyin növləri və dərəcələri vardır. Ən uca zirvəsi kafirlərin əli ilə öldürülən şəhiddir. Belə birisi cənabətli olsa belə, yuyulmur və öz qanı ilə dəfn edilir.
Cənazə namazına gəldikdə isə qılmaq da olar, qılmamaq da. Çünki hər ikisi də Peyğəmbərdən ﷺ varid olmuşdur. Peyğəmbər ﷺ Uhud şəhidlərinin qüslsuz və namazsız basdırılmasını əmr edərək belə demişdir: “Onları yumayın! Çünki Qiyamət günü onların yaralarından müşk qoxusu yayılacaqdır”.(1)
Kafirlərin əli ilə öldürülməmiş, hər hansı bir xəstəlik, yaxud qəza nəticəsində dünyasını dəyişmiş, lakin şəhid sayılan digər insanlar da mövcuddur. Bu növ şəhidlərin cənazələri yuyulmalı və namazları qılınmalıdır. Peyğəmbər ﷺ əshabına: “Siz kimləri şəhid sayırsınız?” – deyə sual verdikdə onlar belə cavab vermişdir: “Ey Allahın elçisi, Allah yolunda öldürülən şəhiddir”. Peyğəmbər ﷺ dedi: “Elə isə ümmətimdən şəhid olanlar çox azdır”.(2) Başqa hədisdə belə deyilir: “Allah yolunda öldürülənlərdən başqa şəhidlərin yeddi növü vardır: taun xəstəliyindən ölən şəhiddir, suda bataraq ölən şəhiddir, qızdırmadan ölən şəhiddir, qarın ağrısından ölən şəhiddir, yanaraq ölən şəhiddir, uçqun altında qalaraq ölən şəhiddir, övlad dünyaya gətirərkən ölən qadın da şəhiddir” (3) ; “Malını müdafiə uğrunda öldürülən kəs şəhiddir, ailəsini müdafiə uğrunda öldürülən kəs şəhiddir”.(4)
v Şəhidlər qanlı paltarları ilə dəfn olunurlar
Şəhidin öldürülərkən əynində olan paltarını çıxartmaq icazəli deyildir, əksinə həmin qanlı paltarı ilə dəfn olunmalıdır.
Peyğəmbər ﷺ Uhud şəhidləri barədə belə demişdir: “Onları öz paltarlarına bükün!” (5)
Şəhid olduğu paltarın üstündən kəfənləmək isə icazəlidir. Bunun dəlili isə qeyd edəcəyimiz bu rəvayətdir: Hərb bitdikdən sonra bir bədəviyə qənimət mallarından nəsibi verildikdə o bundan imtina etdi və Peyğəmbərə ﷺ belə dedi: “Mən buna görə sənin arxanca gəlmədim. Mən ona görə sənin arxanca gəldim ki, qoy burama ox batsın, – əli ilə boğazını göstərdi, – mən şəhid olum, sonra da Cənnətə daxil olum”. Peyğəmbər ﷺ belə cavab verdi: “Əgər Allaha qarşı sadiq olsan, O da sənə qarşı sadiq olacaq”. Bir az gözlədilər, sonra isə növbəti döyüşə atıldılar. Həmin döyüşdə bədəvi elə özünün əli ilə işarə etdiyi yerdən (boğazından) ox zərbəsi alaraq şəhid oldu. Nəşi Peyğəmbərin ﷺ yanına gətirildiyində belə dedi: “Bu odur?” Dedilər ki, bəli. Peyğəmbər ﷺ dedi: “O, Allaha qarşı sadiq oldu, Allah da ona qarşı”. Daha sonra Peyğəmbərin ﷺ əbası ilə kəfənləndi. Allah rəsulu ﷺ önə çıxdı və onun cənazə namazını qılaraq belə dua etdi: “Allahım, bu qulun mücahid olaraq Sənin uğrunda savaşa çıxdı və şəhid oldu. Mən buna şahidlik edirəm”.(6)
(1) Hədis həsəndir. Əhməd 5/431, Beyhəqi 4/11. Bax: Əhkəmul-cənəiz, 54.
(2) Müslim, 1915, Əhməd 2/522.
(3) Hədis səhihdir. Malik 1/232, Əbu Davud, 3111, Nəsai 4/13.
(4) Hədis səhihdir. Əbu Davud, 4772, Nəsai 2/173, Əhməd 1/190.
(5) Hədis səhihdir. Əhməd 5/431.
(6) Hədis səhihdir. Nəsai 1/277, Hakim 3/595, Beyhəqi 4/15.
SON ƏLAVƏLƏR