Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Can üstündə olan, yaxud ölümcül xəstəliyə tutulan kəsə vacib olan şeylər

Dünya həyatı əbədi həyata keçid mərhələsidir. Bu səbəbdən də sona çatmalı, ölüm gəlməli, daha sonra isə ya əbədi səadət, ya da əbədi bədbəxtlik içində olan həqiqi həyat başlamalıdır.
Deməli, ölüm, əslində, iki həyat – fani dünya və əbədi axirət arasında körpü rolunu oynayır. Dünya həyatı axirətin tarlası, axirət həyatı isə bu dünyada əkilənlərin biçildiyi diyardır. Hər kəs bu dünyada əkdiyini axirət həyatında biçəcəkdir: xeyir əkən xeyir, şər əkən isə şər biçəcəkdir.
Xəbərsiz şəkildə ölüm bizim qapımızı döyməmişdən öncə ona hazır olmalı və ləzzətləri param-parça edən ölümü tez-tez xatırlamalıyıq.

 Xəstəyə vacib olan şeylər

Can üstündə olan, yaxud ölümcül xəstəliyə tutulan kəsə vacib olan şeylər aşağıdakılardır:
1. Uca Allahın qədər-qəzası ilə razılaşmaq və Onun barədə yaxşı zəndə olmaq. Peyğəmbər  demişdir: “Möminin halı çox qəribədir. Onun bütün işləri xeyirdir. Bu hal yalnız möminə məxsus bir haldır. Xoş bir hal ilə qarşılaşsa, halına şükr edər və bu onun üçün xeyirdir. Başına bir müsibət gəldikdə də səbir edər və bu da onun üçün xeyirdir”.
2. Ölümü təmənni etməmək. Peyğəmbər ﷺ demişdir: “Sizdən heç kəs başına gələn bir müsibətə görə ölümü təmənni etməsin! Başqa heç bir çıxış yolu olmayan kəs isə belə dua etsin: “Allahım, həyat mənim üçün xeyirli olduğu müddətcə məni yaşat, ölüm mənim üçün xeyirli olan vaxt isə mənim canımı al!”
3. Halallaşmaq. Peyğəmbər ﷺ demişdir: “Kim müsəlman bir qardaşının malına və ya irzinə toxunubsa, dinar və dirhəmin heç bir fayda verməyəcəyi gün – Qiyamət gəlməmişdən öncə onunla halallaşsın! Əks halda, onun savablarından kəsilib haqqına girdiyi qardaşına veriləcəkdir. Savabı olmayacağı təqdirdə isə haqqına girdiyi qardaşının günahlarından alınıb ona yüklənəcəkdir”. Digər rəvayətdə isə belə deyilir: “Qardaşının günahları onun üzərinə yüklənəcək, daha sonra isə Cəhənnəmə atılacaqdır”.
Peyğəmbər ﷺ demişdir: “Bilirsinizmi müflis kimdir?” Dedilər: “İçimizdə müflis olan heç bir malı və heç bir dirhəmi olmayan kəsdir”. Peyğəmbər ﷺ belə dedi: “Ümmətimdən müflis olan o kəsdir ki, Qiyamət günü namaz, oruc və zəkat ilə gələcək, lakin dünya həyatında filankəsi söyüb, filankəsin malını haqsızcasına yeyib, filankəsi vurub, filankəsin qanını töküb. Beləcə onun savablarından alınıb həmin kəslər arasında paylaşılacaqdır. Hər kəsin haqqı tam ödənməmiş savabları bitəcək, buna görə də haqqına girdiyi kəslərin günahları onun üzərinə yüklənəcək, daha sonra isə Cəhənnəmə atılacaqdır”.
4. Özü qaytara bilmədiyi halda, əmanətlərin öz sahiblərinə qaytarılmasını yaxınlara vəsiyyət etmək. Peyğəmbər ﷺ demişdir: “Heç bir müsəlmana vəsiyyəti olduğu halda, onu yazıb başının altına qoymadan iki gecə yatması icazəli deyildir”.
5. Cənazə işləri ilə əlaqədar sonradan insanların uydurduğu və şəriətə müxalif olan şeylərdən çəkinməyi yaxınlara vəsiyyət etmək. Bu cür müxalif işlərə ölü üçün şaxsey deməyi, qışqır-bağır salmağı, paltarın yaxasını cırmağı, meyiti qibləyə tərəf uzadaraq mollalar gətizdirməyi, Fatihə və Yasin oxumağı, xaçpərəstlər kimi əklil qoymağı və dəfn əsnasında təlqin etməyi qeyd etmək olar. Meyiti evdə qibləyə yönəltmək ilə əlaqəli heç bir səhih hədis varid olmamışdır. Əksinə, sələfdən bunun xilafı varid olmuşdur. Belə ki, Səid ibn Museyyib gəldikdə cənazənin qibləyə yönəldiyini görür, buna görə həmin insanları danlayır və meyitin qiblədən çevrilməsini əmr edir.

(1) Müslim, 2999.
(2) Buxari və Müslim.
(3) Buxari, 2449.
(4) Müslim, 2591.
(5) Müslim, 2581, Tirmizi, 2420.
(6) Buxari və Müslim.
(7) İbn Əbu Şeybə Əbu Zuradan səhih sənədlə rəvayət etmişdir. Bax: Əhkəmul-cənaiz, 11.