Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Quranın versiyaları haqqında şübhəyə cavab
Şübhə belədir: Quran bir versiyada mövcuddur. Heç bir hərf dəyişdirilməyib. Əslində Quranın 20 variantı var ki, mətndə kiçik fərqlər var, bəzi ayələrdə isə məna dəyişir və bu, kitabın aləmlərin Rəbbinin bəyan etdiyi tələblərə cavab verməməsi üçün kifayətdir!
Şübhənin cavabı: Quran haqqında iddialı danışmaq asandır. Lakin Quran elmlərini, ərəb dilinin incəliklərini, Quranda istifadə olunan dil qaydalarını, Quranın ərəbləri heyran qoyan bəlağətini bilmədən, Quranın cəm olunma mərhələlərini, Qurana hərəkələrin, nöqtələrin nə üçün və nə zaman qoyulduğunu bilməyən, ləhcələrin nə məna ifadə etdiyini, qiraətlərin nə olduğunu bilməyən insanın bu mövzularda danışması düzgün deyil. Kənardan bəsit görünsə də, bu məsələ tibb elmini bilmədən, oxumadan, ixtisası olmadan tibdən danışanın halına bənzəyir. Çünki hər elmin xırdalıqlarını, incəliklərini onun əhli bilir. Bu zaman ixtisas əhli həqiqətini bilmədiyi bir mövzuda elmsiz danışanın necə səhvlərə yol verdiyini gülərək izləyəcək, onun halına təəssüflənəcəklər. Bu şübhədə yazılan iddia da eyni qəbildəndir.
• İlk öncə baxaq görək Quran nə deməkdir? "Quran Allahın elçisi Muhəmmədə (Allahın ona salavatı və salamı olsun) endirilmiş, ecazkar, tilavəti ilə ibadət edilən, mütəvatir(1) yolla nəql edilmiş, kitablarda əvvəli Fatihədən başlayan sonu Nəs surəsində bitən Allah kəlamıdır".(2).
• Şübhədə deyilir ki, "Quran bir versiyada gəlib. Heç bir hərf dəyişdirilməyib". Sonra isə şübhə sahibi "əslində" deyib anlmadığı iddiaları edir. Bəli, Quran Allah tərəfindən bir versiyada gəlib və elə də yazılıb. Lakin bu bir versiyanı müxtəlif ərəb qəbilələri necə oxuyublar, uzatmalar, hərəkələr, ləhcələrlə bağlı məsələləri düzgün öyrənmək lazımdır ki, yanlış anlaşılma olmasın. Şəkk yoxdur ki, Allah elçisinin (Allahın ona salavatı və salamı olsun) vəhy katiblərinə yazdırdığı Quran bir nüsxə olmuşdur. Vəhy katibləri də bəzi səhabələrdən seçilmişdi. Peyğəmbər onlara surələrin, ayələrin sırasını yerini də öyrətmişdi.
Quranın ilkin yazıldığı nüsxə nöqtəsiz və hərəkəsiz idi. Hərflərin orijinalı isə olduğu kimi yerində idi. O səbəbdən də oxunuş zamanı müxtəlif ləhcəli qəbilələrin bəzi sözlərin hərflərini bir az fərqli oxuması halları müşahidə edilirdi. Allahın elçisi (Allahın ona salavatı və salamı olsun) Qurani-Kərimin enməyə başladığı vaxtdan vəhyin tamamlanmasına kimi – iyirmi üç il ərzində - namazlarında, dərslərində və moizələrində Quranı müxtəlif qiraətlər və ləhcələrlə oxumuşdur. Bu da müsəlmanlar üçün rahatlıq və genişlikdir. Bundan sonra da səhabələr öz dillərinə hansı qiraət rahat gələrdisə, onunla Quranı oxuyardılar. Bəzi hallarda isə bəzi səhabələr bəzi qiraətlər barəsində məlumatsız və elmsiz olduğu üçün Allah elçisinin yanına gəlib o qiraət haqqında soruşduğu zaman Allah elçisi həmin qiraətin Quran olduğunu təsdiqləmiş və demişdir: "Belə də nazil olmuşdur" (3). Yəni hər dəfə bir səhabə fərqli ləhcə və ya qiraətlə oxuyanda onlara "Belə də nazil olmuşdur" deyirdi(4). Bir daha qeyd edim ki, qiraətlərin mənbəsi elə peyğəmbərin özüdür. Bu qiraətlərin hər birini peyğəmbər şəxsən özü oxumuş, səhabələr də bu qiraətləri ondan öyrənmişdilər. Səhabələr də namazlarda öz ləhcələrinə uyğun şəkildə oxuyublar və bəzən xəstəlik, cihad və ya başqa üzürlü səbəbdən peyğəmbərdən bir ləhcəni eşitməyən bəzi səhabələr gəlib peyğəmbərdən düşdükləri kiçik çaşqınlıqlar haqqında soruşurdular. Mühakimə üçün peyğəmbərin yanına gələn iki səhabəni də peyğəmbər bu səbəbdən təsdiqləmişdi. Bununla da Allah elçisi oxunuş (qiraət) və ləhcə fərqlərinin ayələrdə ziddiyyət olmadığını, narahatlığa ehtiyac olmadığını başa salmışdı. Bununla da bütün ümmətə - ərəbə və qeyri-ərəbə - asanlıq olması üçün mövcud olan müxtəlif ləhcələrdən istifadə edilmişdir. Bu da ümmət üçün asanlaşdırma və genişlikdir. Çünki, bəzilərinin dili o sözlərə yatmaya bilər.
Bu məsələ peyğəmbərdən sonra olsaydı, peyğəmbər bu məsələyə bir istiqamət verməsəydi, bəziləri bunu daha çox istifadə edə bilərdilər. Lakin Allahın müvəffəqiyyətindəndir ki, peyğəmbər sağ ikən bu məsələ ilə qarşılaşmış və bu bu məsələyə münasibət bildirmişdir. Bu mövzuda olan bir hədis belədir:
Ömər ibnil-Xəttab deyir ki, Hişam ibn Həkimin "Furqan" surəsini oxuduğunu eşitdim. Mən onun Allah peyğəmbərin bizə oxutmadığı hərfləri oxuduğunu eşitdim. Ona dedim:
Sənə bu surəni kim oxudub?
- Dedi: Allahın elçisi (Allahın ona salavatı və salamı olsun).
– Dedim: Yalan deyirsən. Peyğəmbər sənə belə oxutmayıb! Sonra onun əlindən tutub Peyğəmbərin yanına apardım.
– Dedim: Ey Allahın elçisi! Sən mənə "Furqan" surəsini oxutdurmusan və mən bu adamın sənin mənə oxutdurmadığın hərfləri oxuduğunu eşitdim.
– Allahın elçisi (Allahın ona salavatı və salamı olsun) buyurdu: "Oxu, ey Hişam".
– O yenə öncə oxuduğu kimi oxudu.
– Allahın elçisi dedi: "Belə də nazil olmuşdur".
Sonra Peyğəmbər dedi: "Oxu, ey Ömər".
– Ömər dedi: Mən də oxudum. O dedi: "Belə də nazil olmuşdur". Sonra isə Allahın elçisi belə dedi: "Həqiqətən də Quran yeddi hərf üzərində nazil edilmişdir" (5). Quran ilk dəfə Əbu Bəkrin zamanında "yeddi hərf" üzərində cəm edilmişdir. "Yeddi hərf" sözünün mənası haqqında müxtəlif rəylər olsa da bu rəylərin ən məşhuru yeddi ərəb dili və ya ləhcəsidir. Bu haqda İbn Atiyyə demişdir: "Peyğəmbərin "Quran yeddi hərf üzərində nazil edilmişdir" sözünün mənası: yəni, Quran yeddi ərəb qəbiləsinin dilində nazil edilmişdir. Bəzən bir məna Qureyş ibarəsi ilə ifadə edilir, bəzən Huzeyl ibarəsi ilə, bəzən də başqa qəbilənin – daha müxtəsər, daha bəlağətli – sözü ilə ifadə edilir" (6). əl-Beyhəqi demişdir: "Yeddi hərf ifadəsinin doğru mənası, Quranda yayılmış yeddi dildir" (7). Əbu Ubeydin də buna bənzər sözü var(8).
Əslində fərqli hərflərin yaranma səbəbləri geniş mövzudur və bizim hərəkələr, nöqtələr, qiraətlər və ərəb ləhcələri haqqında geniş danışmağımıza ehtiyac ola bilər. Amma biz çalışıb məşhur səbəblərdən biri olan ləhcələr və qiraətlər mövzusu üzərində bir qədər dayanmaq istəyirik. İlk öncə gəlin ləhcələrdən danışaq;
• Ləhcələr: Bura qədər olan qeydlərdən aydın olur ki, Peyğəmbərin və səhabələrinin vaxtında da müxtəlif ərəb ləhcələri olub və bu Quranın cəm edilməsində də nəzərə alınıb. Məsələn; xəlifə Osman ibn Əffanın vaxtında Quran kitab nüsxələrinə köçürülərkən Osman dörd nəfər vəhy katibinə deyir: "Əgər siz və Zeyd ibn Sabit Quranın ərəb dili və ərəbcə (ləhcələr) üzərində nədəsə ixtilaf etsəniz, o zaman Qureyş dili (ləhcəsi) üzərində yazın. Çünki, Quran onların dilində nazil olmuşdur".(9). Sual verilə bilər ki, ləhcə fərqləri necə bir fərq olub? Qısa olaraq deyək ki, adətən Azərbaycan dilində olan ləhcələrin fərqinə bənzər fərqlər olub. Bu, ümumi bənzətmə və asan izahdır. Necə ki, başqa millətlərin də dillərində ləhcələr var. Azərbaycan ləhcələrinə Bakı, Şəki, Naxçıvan, Səlyan və s. ləhcələrini misal çəkmək olar. Bir azərbaycanlı bu ləhcələrdə danışanların hamısını başa düşür. Bu ləhcələrdə bəzi sözlərin uzatmaları fərqlidir, bəzi sözlərin vurğuları fərqlidir. Bəzən eyni mənanı verən fərqli sözlər də olur. Ərəb ləhcələrində də təxmini belə fərqlər olur. əl-Bəqərə surəsinin 10-cu ayəsinin "بما كَانوُا يَكْذِبُونَ" ifadəsi "yəkzibun" oxunur, bir ləhcədə qoşa samitlə şəddəli "يُكَذِّبُونَ" "yukəzzibun" oxunur. Burada mənaya bir sözlə təsir olsa da yekun məna bir arada cəm olur və ziddiyyət baş vermir. Çünki "yəkzibun" deyildikdə münafiqlərin peyğəmbər haqqında yalan danışması, "yukəzzibun" deyildikdə isə onların peyğəmbəri yalanlaması və inkar etməsi anlaşılır. Hər iki məna da doğrudur. Bunun kimi daha kiçik hərəkə fərqləri, sözlərin yerində qalması ilə yanaşı "ə" hərəkəsi əvəzinə "u" hərəkəsinin oxunması və ya bir "hu" əvəzlik hərfinin silinməsi (yenə məna sağlam qalır) عملته əvəzinə عملت kimi (Yasin. 35) oxunması və ya bir ləhcədə fəthə (ə) əvəzinə sözdə kəsrənin (i) oxunması və ya təcvid qaydalarında kiçik fərqlər kimi fərqləri misal çəkmək olar. Bəzi ayələrin bəzi sözlərində yaranan məna fərqlərinin ziddiyyət olmamasının izahını isə qiraətlərdən danışarkən verəcəyik.
• Qiraətlər: Mötəbər qiraətlər günümüzə mütəvatir(10) yolla gəlib çatmışdır. Bu yolla gələn mətnlər çoxsaylı səhabələr tərəfindən rəvayət edilir və onların yalan üzərində ittifaq etməsi mümkünsüzdür. Bu mövzuda hədis inkarçılarına da cavab var. Çünki, onlar Quranın mütəvatir yolla dövrümüzə gəlib çatdığını qəbul edir, hədislərin mütəvatir yolla gələnlərini isə inkar edirlər. Mövzuya qayıdaraq deyim ki, Şübhədə qeyd edilən 20 sayın hamısı mötəbər qiraətlər deyil. Cəmi 10 qiraət var ki, bu qiraətlər mötəbər qiraətlər hesab edilir. On qiraətdən başqaları şaz(11) qiraətlər hesab edilir. Bu şaz qiraətləri şübhə kimi gətirmək, mötəbər qiraətlərə əlavə etmək ayrı vaxt elmi dəqiqlikdən danışanlar üçün yaxşı göstərici deyil. On qiraətin hamısı peyğəmbərdən sabitdir və peyğəmbər bu qiraətlərin hər biri ilə oxumuşdur, bunlar nazil olmuş Qurandan sayılır, heç kim buna əlavə edə və ya artıra bilməz(12). Qiraətlərin fərqləri vurğu və uzatmaların (hərəkələrin) bəzi ayələrdə fərqli deyilməsində izhar olur. Bəzən də bəzi sözləri müqayisə etdikdə kiçik məna fərqləri də olur. Yuxarıda qeyd etdiyimiz kimi bu ziddiyyət hesab edilmir. Qarilər (qiraətçi alimlər) bəzi sözlərdəki "mədlərin" (uzatmaların) miqdarında da ixtilaf ediblər ki, bu cüzi, kiçik fərqlər oxunuşun gözəlliyinə və ya Allahın kəlamında olan məqsədin, muradın çatdırılmasında bir dəyişikliyə səbəb olmur. Qiraətlərdə məna dəyişikliyi əksər ayələrdə yoxdur. Bəzi azsaylı ayələrdə məna dəyişikliyi olan sözlər də olur. Lakin bu da ziddiyyət sayılmır. Çünki Quranda olan ixtilafdan danışarkən ixtilafın iki növünü bilməliyik. Növ ixtilafı ki bu, ziddiyyət sayılmır. Ziddiyyət ixtilafı ki, bu Qurani-Kərimdə yoxdur.
• Növ ixtilafına gəldikdə isə bu üç cürdür:
Birincisi: sözlər fərqli olsa da mənanın eyni olması; məsələn, Fatihə surəsində "əs-Sırat" sözü Nafi və onun rəyində olan qarilərə görə "sad" ص hərfi ilə الصِّرَاط yazılır, Həmzəyə görə isə "zeyn" hərfinə keçid edilərək الزِّرَاط "zirat" olaraq oxunur. Sözlər fərqli olsa da məna eynidir(13).
İkincisi: Söz və mənanın fərqli olması, eyni mənada cəm olması ehtimalı ilə; Nafi və onun rəyində olanlara görə مَلِكِ يَوْمِ الدِّينِ "məliki yəvmiddin" əlifin silinməsi ilə verilir. Asim, Kisəi, Yəqub və Xaləfə görə əlif silinmir مالِكِ يَوْمِ الدِّين "məəliki yəvmiddin" olur. "məliki" (hökmdar) və "məəliki" (yiyə, sahib) fərqli sözlər olsa da hər ikisində də Allah qəsd edilir. Hər iki vəsf də Allah üçün keçərlidir. Allah həm din gününün hökmdarı, həm də sahibidir(14).
Üçüncüsü: Söz və mənanın fərqli olması, söz və mənanın bir arada cəm olmasının icazəli olmadığı, lakin ziddiyyəti lazımlı etməyən bir aspektdə ittifaq etmələri; Buna Yusuf surəsi 110-cu ayədəki قَدْ كُذِبُوا "qad kuzibuu" sözünü misal çəkmək olar. Nafi isə ayədəki bu sözü qoşa samitlə قَدْ كُذِّبُوا"qad kuzzibuu" olaraq oxumuşdur. Birinci qiraət ayədəki digər "zənn" sözünü şəkk mənasına salır, ikinci qiraətdəki sözü isə "yəqin" mənasına salır. حَتَّى إذا اسْتَيْئَسَ الرُّسُلُ وظَنُّوا أنَّهُمْ قَدْ كُذِبُوا Yəni: Biri: "Nəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərinin yalançı sayıldıqları haqda şəkk etdikdə..." olur, digəri isə: "Nəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərinin yalançı sayıldıqlarını yəqin etdikdə..." olur. Lakin ayə hər iki qiraətdə tam oxunduğu zaman hər iki qiraətin yekun mənasında heç bir ziddiyyət olmur(15).
• Qiraətlərin müxtəlifliyinin faydasına gəldikdə isə, bu qiraətlərin bir çox faydaları var. Bunlardan biri:
- Ümmət üçün qiraətin asanlığı və yüngülləşdirmədir.
- Bir başqa faydası isə Qurani-Kərimin Allahın kəlamı olmasına açıq-aydın dəlil olmasıdır. Çünki bu qiraətlər sonda ziddiyyətə aparıb çıxarmır.
- Bu qiraətlərin bir başqa faydası isə iki müxtəlif hökmün bir arada cəm edilməsidir; Buna misal olaraq əl-Bəqərə surəsinin 222-ci ayəsindəki يَطْهُرْنَ sözüdür. Digər qiraətdə "yəthurnə" sözünün "ta" və "hə" hərfləri qoşa samitlə verilib və "يَطَّهَّرْنَ" olaraq oxunur. İki qiraət birlikdə iki məsələyə dəlalət edir: "Heyzli qadına onun əri təmizliyin əslinə çatana kimi yaxın gəlməli deyil. Bu təmizlik isə heyzin (aybaşının) kəsilməsi ilə baş verir. İkinci məsələ isə əri ona kamil təmizlənmədən, yəni qüsul almadan yaxınlaşa bilməz, çünki qadına ərinin yaxınlaşması üçün bu iki təmizliyin olması labüddür(16). Bu iki qiraətin ikisi də doğrudur və sanki bir-birini mənaca tamamlayır və məsələni daha aydın başa düşməyə yardım edirlər.
- Bu faydalardan biri də iki müxtəlif halda iki şəri hökmün dəlalət etdiyi mənanın ifadə edilməsidir; əl-Maidə surəsinin 6-cı ayəsindəki bir qiraətdə أرْجُلَكُمْ "ərculəkum" ifadəsi ayağı yumağa, digər qiraətdə isə أرْجُلِكُمْ "ərculikum" ifadəsinə görə isə ayağa məsh çəkmək lazımdır. Beləcə aydın olur ki, bir qiraət ilə peyğəmbər ayağına xüff geyinənlər üçün ayaqlarına məsh çəkməyin icazəli olmasını, ayağında bu və digər tipli geyim olmayanlara isə onları yumağın gərəkdiyini öyrətmiş olur.
- Qiraət fərqlərinin faydalarından biri də mübhəm olan sözün izahının verilməsi; əl-Qariə surəsinin 5-ci ayəsindəki العِهْن sözünün mənası digər qiraətdən aydın olur ki, "yun" deməkdir. Yəni, "Dağlar isə didilmiş yun görkəmi alacaq". (əl-Qariə. 5).
- Bu faydalardan biri də diqqətləri dil üslublarının müxtəlifliklərinə yönəltməkdir(17).
• Qiraətlər üç qismə bölünür:
Birinci qisim: Məşhur qiraətlər; o qiraətlər ki, ümmət bunları qəbulla qarşılamışdır və alimlər bu qiraətlərə mütəvatir(18) hökmünü vermişdir.
İkinci qisim: Səhih qiraətlər olsa da məşhurluq və qəbul səviyyəsinə çatmayan qiraətlər; bu qiraətlər tərk edilmişdir.
Üçüncü qisim: Bu iki qisimdən xaric olan qiraətlər, hansı ki, bəzi qarilərə sadəcə nisbət olunur və ya sənədi yoxdur. Bu qiraətlər ikinci qismə daxil olan qiraətlərə belə çatmır(19).
• Qiraətlərin qəbul edilmə şərtləri:
Qiraətlərin qəbul edilməsi üçün əsas üç şərt var. Bu şərtlərdən biri olmazsa, həmin qiraət qəbul edilmir:
1 – İsnadı səhih (mötəbər, sağlam) olmalıdır.
2 – Qiraət ərəb dilinə müvafiq olmalıdır.
3 – Ümmətin üzərində icma etdiyi Osmani rəsminə uyğun olmalıdır(20).
• Qiraətlərin adlarına gəldikdə isə:
Nafi əl-Mədəni, Abdullah İbn Kəsir, Əbu Amr ibnil-Alə əl-Bəsri, İbn Amir əş-Şami, Asim əl-Kufi, Həmzə əl-Kufi, Kisəi əl-Kufi, Əbu Cəfər əl-Mədəni, Yaqub əl-Hadrami, Xaləf əl-Bəzzar (Əbu Muhəmməd)(21). Bu on imamın on qiraəti üzərində müsəlmanlar ittifaq etmişlər.
Nəticə: Qurani-Kərimdə 20 mötəbər qiraət yoxdur. Əksinə, 10 mötəbər qiraət var. Qurani-Kərim Allahdan göndərildiyi kimi insanlara çatmış və qorunmuşdur. Nazil olmuş ayələrdə Allahın muradının, istəyinin olduğu kimi insanlara çatdırılmasında heç bir tərəddüd, şəkk və şübhə yoxdur və ola da bilməz! Qeyd etdiyimiz qiraət fərqliliklərinin faydalarından göründüyü kimi qiraətlərin olması və bu zaman ziddiyyətin yaranmaması özü ilə Qurani-Kərimin Allahın kəlamı olmasının açıq-aydın bir dəlilidir.
Qeydlər və istinadlar:
1 – Hədis elmində mütəvatir sözünün izahı: bir çox səhabələrin ittifaqla rəvayət etdiyi hədislərdir. İstilahi cəhətdən ən aydın təriflərdən biri belədir: "Mütəvatir hədis: Özləri kimi (etibarlı) insanların yalan üzərində razılığa gəlmələri və ittifaq etmələri mümkün olmayan bir toplum (çoxsaylı insan və ya səhabə) tərəfindən rədd edilən hədislərdir. Xəbərlərinin isnadı hisdir". Yəni eşitmək və ya görmək yoluyladır. (Bax: Teysiru Mustalah əl-Hədis. Dr. Mahmud ət-Tahhan. Səh. 21-22. Misir nəşri. 1415 hicri).
2 – Cəm`ul-Quran – Mədxəl fi Sual və Cavab. Əhməd Səlim. Səh. 17. İkinci Nəşr. Mərkəzut-Təfəkkur lil-Buhus vəd-Dirasət. "əl-Asriyyə" nəşriyyatı. 2016.
3 – Səhih ən-Nəsai. 935. Ömər ibnil-Xəttabın rəvayət etdiyi hədis.
4 – Alimlər qeyd edirlər ki, bu müxtəlif ərəb qəbilələrində olan fərqli ləhcə və qiraətlərin Ərəb dilinin inkişafı prossesində nəzərə alınması, Quranın yeddi hərf üzərində göndərilməsi Qurani-Kərimin ilahi bir kitab olmasının bəsit sübutlarından biridir. Çünki, müxtəlif ləhcəli qəbilələrin ancaq Qureyş ədəbi dilində Quran oxumağa məcbur edilməmələri bu qiraət, oxunuş azadlığının Ərəb dilinin inkişafına verdiyi töhfəni bizə göstərir. Bu faydanı dilçilər daha dərindən başa düşürlər. Çünki bütün dillərin müəyyən inkişaf mərhələləri olmuşdur. Qurani-Kərim də ərəb dilinin ən inkişaf edən çağlarında gəlmişdir deyə, hətta ləhcələrin və qiraətlərin qorunması, kitablara yazılması Peyğəmbərin səhabələrə bu mövzuda sərgilədiyi mövqe sayəsində baş vermişdir.
5 – Səhih əl-Buxari. 2419; Səhihu Müslim. 818.
6 – əl-Muharrar əl-Vaciz. 1/46.
7 – Şuabul-İman. əl-Beyhəqi. 2/421.
8 – Fədailul-Quran. Səh. 203.
9 – Səhih əl-Buxari. 4984. Ənəs ibn Malikin rəvayəti.
10 – Mənası ilk qeyddə izah edilmişdir.
11 – Şazz: Lüğəvi cəhətdən cumhura və ya camaata müxalif olan, tək qalan deməkdir. İstilahi cəhətdən isə müxtəlif İslami elmlərdə (hədis, fiqh, təfsir və s.) lüğəvi mənaya yaxın mənalar verilmişdir. (Daha ətraflı bax: əl-Mustalahat əl-Hədisə beynəl-İttifaq vəl-İftiraq. Səh. 288 və sonrası).
12 – Cəm`ul-Quran – Mədxəl fi Sual və Cavab. Əhməd Səlim. Səh. 64.
13 – ən-Nəşru fil-Qiraət əl-Aşr. 1/50.
14 – Öncəki mənbə.
15 – Öncəki mənbə.
16 – Ulum əl-Quran. Fəvaidu İxtiləful-Qiraəət fil-Quranil-Kərim. (Ərəbcə məqalə).
17 – Öncəki mənbə.
18 – Əvvəldə mənası verilmişdir.
19 – Cəm`ul-Quran – Mədxəl fi Sual və Cavab. Əhməd Səlim. Səh. 64.
20 - əl-Mənar fi Ulumil-Quran. 1/125.
21 – Şurutul-Qiraət əs-Sahiha və Əsəruhə fi ixtiləfil-Fuqaha. Abdur-Razzaq əs-Sadiqi. (Ərəbcə elmi məqalə). Məqalənin əvvəli, qarilərin adları və onlar haqqında məlumatlar hissəsi.
Yazdı: Sahib Əsədov
SON ƏLAVƏLƏR