Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Dinsiz də yaxşı insan olmaq mümkündür?

Şübhə belə səslənir: dinsiz də yaxşı insan olmaq olur. Biz də yaxşılıq edirik, nə olsun ki!

Birincisi: yaxşılıq etmək mücərrəd şəkildə “mən yaxşılıq edirəm” deməklə olmur. Əgər insan Allaha ibadət etmir və üstəlik Allahın kainatı hədəfsiz şəkildə yaratdığını iddia edirsə, onun etdiyi “yaxşılıqlar” insanlıq baxımından “yaxşı” görünsə də, həqiqi yaxşılıq anlamını tam mənasilə vermir. Dinsiz yaxşılıq etmək insanı axirətdə xilas etmir. İslamda olmayan kəsə axirət savabı çatmır. Dinsiz (İslamsız) insana yaxşılıqlarının əvəzi bu dünyadaca verilir. Bu, Allahın ədalətindəndir. Lakin həmin kəs axirət savabından məhrum olur. Çünki, o, axirətə inanmır. Uca Allah buyurur: “Ayələrimizi və axirətə qovuşmağı yalan sayanların əməlləri puç oldu”(1). Bundan əvvəlki ayədə isə(2) deyilir: “Haqsız olaraq yer üzündə təkəbbürlük göstərənləri ayələrimdən uzaqlaşdıracağam. Onlar bütün möcüzələri görsələr də onlara inanmazlar. Onlar doğru yolu görsələr, ora yönəlməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bu ona görədir ki, onlar ayələrimizi inkar edir və onlara məhəl qoymurdular”(3). Bunu qeyd etməkdə məqsədimiz odur ki, “biz də yaxşılıq edirik” deyənlər bu yazını oxuduqda öz vəziyyətlərinə şahidlik edərək hansı halda olduqlarını xatırlasınlar. Çünki, yer üzündə yaxşılıq etməyi, fəsad törətməməyi Allah buyurmuşdur. Axirətə inanmayanların etdikləri yaxşılıqlar barədə isə bir səhih hədisdə belə buyrulur:

“Allah möminə etdiyi yaxşılığa görə mükafatlandıracaq və onu bu dünyada əvəzi verilər, axirətdə də buna görə mükafatlandırılar. Kafirə gəldikdə isə Allah yolunda bu dünyada etdiyi yaxşı əməllərə görə bu dünyada qarşılığı verilər, axirət yurduna gəldikdə isə onun qarşılığında mükafat alacağı bir yaxşı əməli olmaz”(4).

İkincisi: Din insanın yaxşılıqları məqsədyönlü və Allahın razılığını qazandıracaq şəkildə etməsinə vəsilə olur. Bu o qədər möhkəm rabitədir ki, insanı xəlvətdə də yaxşılıqlar etməyə sövq edir və onu riyakarlıqdan uzaqlaşdırır. Sadəcə “insanlar üçün” yaxşılıq edən kəs isə insanları razı salmağa niyyətlənir, onu öz əməllərini gizlətməyə, riyakarlıqdan uzaq olmağa və minnət etməməyə sövq edən mənəvi keyfiyyətlərə malik olmur. Çünki din yaxşılıqdan əvvəlki mərhələni də, yaxşılıq əsnasında olan mərhələni də, yaxşılıqdan sonrakı mərhələni də tənzimləyir. Dini təhrik olmadan edilən yaxşılıq isə kor-koranə olduğu üçün səmimiyətdən uzaqlaşmağa daha çox yaxın olur.

Əgər deyilsə ki, bəzən başqa insanları da təşviq etmək üçün yaxşılıqları açıq-aşkar etməyə ehtiyac olur, cavabında deyərik ki, bəli, din bu məqamlara da toxunmuş və izah vermişdir. Məsələn, Uca Allah Qurani-Kərimdə buyurur:

“Sədəqələri aşkarda verirsinizsə, bu çox gözəl. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha yaxşı olar. Allah sizin bəzi günahlarınızdan keçər. Allah nə etdiklərinizdən xəbərdardır”(5).


Alimlər bildirir ki, əgər insanlar müəyyən yaxşı əməlləri unudub və ya tərk ediblərsə, həmin gizlədilməsi tərcih edilən yaxşı əməlləri onlara öyrətmək və nümunə olmaq üçün bu əməlləri açıqdan etməkdə heç bir problem yoxdur. Bu məsələlər barədə əsrlər öncə də danışılmış və istisna hallar alimlər tərəfindən bəyan edilmişdir. Lakin dindən uzaq olan adamlarda əksər hallarda yaxşı əməlləri gizlətməyə, riyakarlıq etməməyə, öyünməməyə, minnət qoymamağa sövq edən amillər və zəruri zəmin olmur. Çünki, onlar əməlləri ilahi bir əsasa dayanaraq Allahın razılığını və ya savab qazanmaq üçün deyil, insanların razılığını qazanmaq üçün edirlər. Beləcə bu gün bir insanın razılığını qazanmaq üçün ona yaxşılıq edən kəs sabah riyakarlığa qapıla bilər, O, özü ilə öyünə və əməllərini yaxşılıq etdiyi insanların başına qaxaraq onlara minnət qoya bilər. O, əməlinin qarşılığında axirətdə mükafat gözləmədiyi üçün, bu dünyada ilk olaraq yaxşılıq etdiyi adamın razılığına niyyətlənir, sonra isə başqalarına yaxşı insan olduğunu göstərmək üçün ya bu əməlini reklam edir, ya da daha dərinə gedərək özüylə öyünür, özünü başqalarından üstün sayır, hətta riyakarlıq və lovğalıq edir, ən sonda isə yaxşılıq etdiyi şəxsə minnət qoyur.


Allah üçün və axirətə imanla edilən yaxşılıqlar isə insana mükafatın axirətdə olduğunu xatırladır. Beləcə insan dindən uzaq olan kəslərin etdiyi “yaxşılıqlar” əsnasında meydana gələn əxlaqi xətalara düşmüş olmur.


Üçüncüsü: bu məsələni ictimai sferada qaldıranlar əsasən humanizm ideologiyasını təbliğ edənlərdir. “Humanizm” sözü zahirən gözəl səslənsə də, bu ideologiya Allahın varlığını inkar edir, Allahı insanla əvəz edir. Humanizmdə insana xidmət məsələsi həddən artıq şişirdilir və hər şeyin insan üçün olması gərəkdiyi ifrat bir mövqe ilə ifadə edilir. Humanizmin “xoş”, “insanpərvər” siması bizi aldatmamalıdır. “Amerika Humanistlər Assosasiyası” humanizmə aşağıdakı tərifi vermişdir:


“Humanizm - ali varlığa inamın köməyi olmadan, özünü reallaşdırmaq və bəşəriyyətə daha çox fayda vermək məqsədilə etik həyat tərzi keçirməyə qadir olduğumuzu və buna məcbur olduğumuzu iddia edən mütərəqqi həyat mövqeyidir”(6).

Göründüyü kimi “Ali varlığa inamın köməyi olmadan” fikri, “dinə ehtiyac olmadan yaxşılıq etmək” fikri ilə tam uzlaşır. Artıq bu kimi fikirlərin haradan qaynaqlandığı və nəyə əsasən deyildiyi aydın olur. Avropada yaranan “Humanizm” cərəyanı kilsə zülmünə qarşı mübarizə məqsədi daşımış və yalnış dini təsəvvürlər fonunda meydana gəlmişdir. “Humanizmin” təşəkkül tapdığı dövrdə Qərbdə “din problemi” daha da qabarıq şəkil almışdı. Bu “dinə ehtiyacsızlıq” əvvəl də qeyd etdiyimiz kimi Avropanın digər dinsiz cərəyanlarının əsas prinsiplərindən biri idi. Çünki təhrif olunmuş xristianlıq insanların dini ehtiyaclarını ödəmək əvəzinə, onlarda mənəvi boşluqlara yol açır, batil inanclar onları dindən uzaqlaşdırırdı. Nəticə etibarilə isə Qərb insanları “dinə ehtiyac olmadan da yaxşılıq edilə biləcəyi” qənaətinə gəlib çıxdılar. Halbuki İslam dinində bütün yaxşı əməllərin əhkamları şəriət prizmasından izah edilmiş, əməllərin qəbul olunma və rədd olunma səbəbləri bəyan edilmişdir. İslam dininə görə bütün əməllərin qəbul olunması üçün iki vacib şərt var: İxlas(7) və peyğəmbərin sünnəsinə (yoluna) müvafiqlik, yəni əməli peyğəmbərin öz ümmətinə öyrətdiyi kimi etmək.

Müəllif: Sahib Əsədov

(1) “əl-Əraf” surəsi, 147
(2) Həmçinin, bax: “əl-Maidə”, 5, “əl-Bəqərə”, 217, “əl-Furqan”, 21-22
(3) “Əraf” surəsi, 146
(4) “Səhihi Muslim”, 17/428
(5) “əl-Bəqərə” surəsi, 271
(6) Məqalə: “Humanizm nədir? Allahsızlıq çağırışı, yoxsa, “insanpərvərlik?” Sahib Əsədov, 7-ci sətir. www.senxatirlat.com Daxil olma tarixi: 21.07.2020.
(7) Yəni əməli xalis şəkildə, sırf Allah rizası üçün etmək, insanların razılığını qazanmağa niyyətlənmədən yaxşılıq etmək.