Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Quran necə dəyişilmədən bizə gəlib çatıb?

SUAL:
Salam Aleykum. Bilirik ki, Quran Peyğəmbərimizə (sav) nazil olanda o səhabələrə onu əzbərlətdirirdi və Quran Peyğəmbər (sav)-ın ölümündən sonra yığılmağa başlayıb. Sual odur ki biz onu elmi faktlarla necə sübut edə bilərik ki onu əzbərləyib danışanlar tam peyğəmbərə( sav) nazil olan şəkildə yadında saxlayıb və deyib? Və Quran heç bir dəyişiklik olmadan bizə gəlib çatıb? Elmi faktlarla sübut istəyərdim zəhmət olmasa. Kömək etməyinizi xahiş edirəm, elmi faktlar istəyirəm. Qurandan ayələr yox.
CAVAB:

Vaaleykum salam va rahmatullah!

Sualınız iki hissədən ibarətdir:

Birincisi: Necə bilə-bilərik ki, səhabələr Quranı tam və nazil olduğu kimi əzbərləyib və yadda saxlayıblar?

İkincisi: Necə bilə-bilərik ki, Quran heç bir dəyişikliyə uğramadan bu günümüzə qədər gəlib çatıb.

İlk öncə bilmək lazımdır ki, Quran nazil olduqda tam bir kitab halında nazil olmamışdır. Əksinə, 23 il ərzində hissə-hissə nazil olmuş və hər nazil olan ayələr də Peyğəmbərin nəzarətində yazıya köçürülmüşdü. Beləcə hər nazil olan ayələr səhabələr tərəfindən əzbərlənirdi. Quranın 23 il ərzində hissə-hissə nazil olması da onun əzbərlənməsini asanlaşdırırdı. Onu da qeyd edək ki, Quran bir-iki nəfər tərəfindən deyil, onlarla, yüzlərlə səhabə tərəfindən əzbərlənirdi. Onu da nəzərə almaq lazımdır ki, o dövrün ərəbləri iti hafizələri ilə məşhur idilər. Hətta günümüzdə belə 6236 ayədən ibarət olan Quranı sinələrində daşıyan (əzbər bilən) onminlərlə insan mövcuddur və bu adət Quran nazil olan gündən bu günümüzə qədər 14 əsrdir kəsintisiz olaraq davam etməkdədir. Yəni günümüzdə və ya hansısa bir dönəmdə yerüzündə olan bütün müshəfləri (Quran kitablarını) məhv etsəydilər belə, bunu edənlər istəklərinə heç cür nail ola bilməyəcəkdilər. Çünki Quranı dildən-dilə, nəsillərdən-nəsillərə ötürən onminlərlə insan mövcuddur və daima da olub. Deməli, Quran bizə təvatürən gəlib çatıb. Yəni bir yolla və ya bir nəfər vasitəsilə deyil, çoxsaylı yollar və şəxslər vasitəsilə. Təvatürən (çoxsaylı yolla) gələn bu Quran isə hər dönəmdə, hər kəs tərəfindən eyni formada qələmə alınıb, oxunub və əzbərlənib. İş belə olduqda kim Quranın dəyişikliyə uğradığını iddia edə bilər?! Bütün bunlar Quranın heç bir dəyişikliyə uğramadığını isbat edən elmi, tarixi və məntiqi sübutlardır. Ona görə də bu həqiqəti bilən İslam düşmənləri tarix boyunca heç vaxt Quranın dəyişdiyini isbat etməyə cəhd etməmişdilər. Çünki bu cəhdin rahat bir şəkildə iflasa uğrayacağını bilirdilər. Əks halda isə meydan açıqdır. Bunu isbat edə bilən biri varsa, isbat etsin. Demək istədiyim budur ki, Quranın dəyişilmədiyini deyən yox, dəyişildiyini iddia edən isbat etməlidir. Çünki Quranın dəyişilmədiyini deyən kəs bu sözünü tək bir şey ilə - yer üzündə olan vahid bir Quranın varlığı ilə isbat edə bilir. Bunun əksini iddia edənlər öz iddialarını necə isbat edəcəklərsə, qoy onlar fikirləşsinlər, biz müsəlmanlar deyil. Misal üçün biz müsəlmanlar etiqad edirik ki, bu gün xristianların əlində olan İncil həqiqi İncil deyildir və dəyişilmişdir. Bunun isə çoxsaylı sübutu vardır və onlardan biri və ən bəsiti isə hal-hazırda əldə birdən çox, yəni 4-5 növ incilin mövcudluğu və bunların bir-birlərindən fərqli olmasıdır. Lakin belə bir şeyi Quran barədə iddia etmək mümkünsüzdür.