Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Hamilə və süd verən qadının orucu

SUAL:
Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə bir hədisini oxumuşam. Hədisdə deyilir: “Allah hamilə və südverən qadının üzərindən oruc öhdəliyini qaldırmışdır”. Məşəqqət olub-olmamasından asılı olmayaraq, orucun hamilə və südverən qadınlara fərz olmadığı mənasını hədisdən bu cür başa düşə bilərikmi?
CAVAB:

Həmdü-sənalar Allaha məxsusdur.

Hədisi Əbu Davud, 2408; ət-Tirmizi, 715; ən-Nəsai, 2315; və İbn Macə, 1667 rəvayət etmişdirlər. Hədisdə Peyğəmbərin belə söylədiyi rəvayət olunur: “Allah Azzə və Cəllə misafiri (səfərdə olanı) namazın yarısından və oruc tutmaq öhdəliyindən, hamilə və südverən anaları isə oruc tutmaq vəzifəsindən azad etmişdir.” Şeyx Əlbani “Səhih Əbi Davud” əsərində bu hədisi səhih olaraq təsnif edib.

Hədisin mənası ümumidir və ilk baxışdan hər bir hamilə qadına şamil edilir.

Lakin alimlər hədisin mənasını və hökmünü hamilə qadının oruc tutması səbəbi ilə məşəqqətin hasil olmasına bağlamışdırlar.

Bir misal ilə bunu açıqlayaq:

Allah Təala buyurur: “Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır.)”  (əl-Bəqərə 2:185)

Ayənin zahiri mənası xəstəliyin nə dərəcədə yüngül olmasından asılı olmayaraq xəstə olan hər kəsə aiddir. Yəni bu ayənin zahirindən kimsə belə anlaya bilər ki, məsələn başı ağrıyan, dişi ağrıyan və ya yüngül bir xəstəliyi olan hər kəs bu səbəb ilə oruc tutmaya bilər. Lakin həqiqət bunun tam əksidir. Belə ki, elm əhli, habelə dörd məzhəb imamı ayənin ümumi tətbiqatını qəbul etməmiş və oruc tutmamaq üçün səbəb kimi bunu məşəqqət yaradacaq xəstəliklərlə məhdudlaşdırmışlar.

Bu məsələ barədə dörd məzhəb alimləri və digələri ittifaq etmişdir: 

1. Sələfdən rəvayətlər

Əbu Davud (2318) rəvayət edir ki, İbn Abbas “Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər.” (əl-Bəqərə 2:184) ayəsi barədə demişdir: Oruc tutmağa taqəti qalmayan yaşlı kişi və yaşlı qadına verilmiş rüxsətdir. Ayə onlara oruclarını açmağı və orucun əvəzində hər gün üçün bir kasıbı yedirtməyə icazə verir. Bu rüxsət eləcə də, zərər yaranacağından qorxurlarsa, hamilə və südverən qadınlara da aid edilir. Ən-Nəvəvi demişdir: bu rəvayətin isnadı həsəndir.

Odur ki, İbn Abbas hamilə və südverən qadınlara verilən rüxsəti onlar üçün zərər yaranacağı hallar, yəni özləri və körpələri ilə bağlı zərər yaranarsa, bu hallar ilə məhdudlaşdırmışdır.

Şafei “əl-Umm” əsərində rəvayət edir: Malik, Nafidən rəvayət edərək bizə xəbər verir ki, İbn Ömərdən öz uşağı üçün qorxan hamilə qadın barədə soruşdular və o dedi: Oruc tutmasın və tutmadığı hər bir gün üçün bir kasıbı (bir mudd buğda) yedirtsin.

İmam Buxari demişdir:

“Rüxsətli günlər”…sözləri barədə Fəsil…Həsən və İbrahim südverən və yaxud hamilə qadınlar barədə demişdirlər: Əgər onlar özləri və yaxud körpələri üçün qorxurlarsa, orucu açsınlar, sonradan bunun qəzasını tutsunlar. Sitatın sonu.

Bu hökmün məhdud olması barədə sələfdən İbn Abbas, İbn Ömər, Həsən və Nəxai rəvayət etmişdirlər.

2. Dörd imamın məzhəbləri

Onlar da bu hökmün məhdud olması barədə ittifaq ediblər:

a) Hənəfi məzhəbi

Əl-Cəssas “Quran Əhkamları”, (1/244) adlı əsərində Peyğəmbərin “Allah Azzə və Cəllə misafiri (səfərdə olanı) namazın yarısından və oruc tutmaq öhdəliyindən, hamilə və südverən anaları isə oruc tutmaq vəzifəsindən azad etmişdir” sözlərini iqtibas etikdən sonra belə demişdir:

Məlumdur ki, hamilə və südverən qadınlara verilən bu rüxsət (güzəşt, icazə) onların özləri və yaxud körpələri üçün qorxduğu hallara aiddir.

Həmçinin deyir (1/252):

Hamilə və südverən qadınlar oruc tutmaqla ya özlərinə, ya da körpələrinə zərər vermiş olurlar. Hər iki halda onların oruc tutmaması daha yaxşıdır və onların bu halında oruc tutmaq icazəli deyil. Əgər oruc tutmaqla onlara və yaxud körpələrinə zərər olmayacaqsa, bu halda onlar oruc tutmalıdırlar və belə olduğu halda orucu açmalı deyillər.

“Əl-Bəhr əl-Raiq” (2/308) əsərində deyilir:

Hamilə və südverən qadınlar özləri və yaxud uşaqları üçün qorxurlarsa, hər hansı məşəqqət, çətinliyi dəf etmək üçün oruclarını aça bilərlər.

Yəni, zərərin aradan qaldırılması üçün onlar orucu aça bilərlər…lakin bu “zərər yaranacağı barədə qorxu olduğu hallara” aiddir. Yəni, onlar düşünürlər ki, zərərin olma ehtimalı yüksəkdi. Çünki, onlar zərərin yaranacağından qorxmurlarsa, bu halda onlara heç bir rüxsət, icazə verilmir.

b) Maliki məzhəbi

“Şərh Muxtəsər Xəlil” (2/262) adlı əsərdə deyilir:

Hamilə qadın körpəsinin ölə biləcəyindən və yaxud şiddətli zərərə məruz qalacağından qorxursa, ehtiyat edirsə bu halda o orucunu açmalıdır. Əgər qadın xəstəlik baş verəcəyindən qorxursa, elm əhli arasında olan doğru rəyə görə orucunu aça bilər. Həmçinin, deyilmişdir ki, xəstəlikdən qorxursa orucunu açmalıdır. Eynisi südverən qadınlara da aiddir, südverən qadın körpəsinin ölə biləcəyindən və yaxud şiddətli zərərə məruz qalacağından qorxursa, ehtiyat edirsə bu halda o orucunu açmalıdır, xəstəlikdən qorxursa orucunu aça bilər. Burada qoyulan şərtlərdən biri budur ki, qadının körpəsi bu və ya digər hər hansı bir qadının ona süd verməsindən imtina etməlidir. Əks halda, qadın oruc tutmağa məcburdur.

c) Şafei məzhəbi

İmam Şafei “əl-Umm” əsərində deyir:

Hamilə qadın körpəsi üçün qorxursa orucunu açmalıdır. Eyni hökm südverən qadın südünün azalacağından qorxduğu hallara da şamil edilir. Lakin buna dözmək olarsa, qadın orucunu açmamalıdır. Oruc ola bilsin ki, südü azaltsın, lakin süddə baş verən bu azalma ola bilsin ki, dözüləcək bir həddə olsun, lakin süddəki azalma həddən çox olarsa, bu halda qadın orucunu aça bilər.

Ən-Nəvəvi “Əl-Məcmu” (6/274) əsərində deyir:

Bizim əshabələrimiz (çağdaşlarımız, yoldaşlarımız) belə deyirlər: Əgər hamilə və südverən qadın oruc tutmaqla onlara zərər yaranacağından qorxursa orucunu açmalı və sonra bunları qəza etməlidir. Xəstə insanın halında olduğu kimi onlar heç bir fidyə ödəməli deyil. Bu barədə heç bir fikir ayrılığı yoxdur. Hamilə və südverən qadın özü və körpəsi üçün qorxursa, eyni hökm bu vəziyyətə də şamil olunur və bu barədə heç bir fikir ayrılığı yoxdur. Bu barədə Darimi, əl-Sərxəsi və digərləri bildirmişdir. Əgər onlar özləri üçün deyil, körpələri üçün qorxurlarsa, oruclarını açsınlar və sonra bunun qəzasını tutsunlar, bu barədə də heç bir fikir ayrılığı yoxdur.

d) Hənbəli məzhəbi

İbn Müflih “əl-Füru” (3/35) əsərində deyir:

Özləri və yaxud körpələri üçün zərər yaranacağından qorxulursa, hamilə və südverən qadınların oruc tutması məkruhdur.

İbn Əqil bildirir ki, hamilə və yaxud südverən qadın hamiləlik və yaxud südəmər körpə üçün qorxursa, bu halda oruc tutmaq olmaz və əvəzində fidyə ödəməlidir. Əgər belə bir qorxu halı mövcud deyilsə, bu halda oruc tutmamasına icazə verilmir.

Şeyxul İslam ibn Teymiyyə (Allah ona rəhmət etsin) “Fətvalar Məcmusu” (25/218) əsərində deyir:

Əgər hamilə qadın dölü üçün qorxursa, orucunu aça bilər.

e) Zahiri məzhəbi

İbn Hazm “əl-Muhəllə” (4/411) əsərində deyir:

Oruc tutmaları hamilə və südverən qadınlar və yaşlı insanlara xitab edilir. Ramazan orucu onların hamısı üçün fərzdir, lakin südverən qadın körpəsinə vermək üçün südünün çox aşağı bir həddə düşəcəyindən qorxursa və körpəni qidalandıracaq başqa bir kəs yoxdursa və ya körpə başqa qadının südündən imtina edəcəksə və ya hamilə qadın öz dölü üçün qorxursa…və yaxud yaşlılığı səbəbi ilə yaşlı bir insan oruc tutmağa taqəti yoxdursa, bu halda onlar orucu aça bilərlər. Sitatın sonu.

“Əl-Məvsuəh əl-Fiqhiyyə” (28/55) əsərində deyilir:

Fakihlər (və yaxud fəqihlər) (bax. “Dinlər Təriqətlər Məzhəblər”, səh.88, Ziya Bünyadov) ittifaq ediblər ki, hamilə və südverən qadın xəstəlikdən və yaxud xəstəliklərinin artacağından, özləri və uşaqları ilə bağlı qorxursa və yaxud zərər və ya ölüm ilə nəticələyindən qorxurlarsa Ramazanda orucunu aça bilərlər. Hamilə qadının halında, döl onun bədəninin tərkib hissəsindən sayılır, odur ki, döl üçün yaranan qorxu qadının hər hansı bir əzası və yaxud fiziki üzvlərinə zərərin dəyə biləcəyi kimidir.

Şəukəni “Neyl əl-Əutər” (4/273) adlı əsərində “hamilə və südverən qadınların oruc tutmamasına icazə verilir” hədisini şərh edərkən belə demişdir:

Hədis göstərir ki, hamilə və südverən qadınların oruc tutmamasına icazə verilir. Bu fakihlərin rəyidir, südverən qadın südəmər körpəsi üçün qorxursa və ya doğulmamış körpəsi üçün qorxursa orucunu aça bilər. Onlar demişdirlər: Hamilə və südverən qadın orucu mütləq şəkildə aça bilər. Sitatın sonu.

“Fətvalar üzrə Daimi Heyət”in (10/226) fətvalarında deyilir:

Hamilə qadına gəldikdə, o hamilə olduğu zaman oruc tutmalıdır. Lakin oruc tutmaqla ona və ya hələ doğulmamış körpəsinə zərər dəyəcəyindən qorxursa bu halda onun oruc tutmaması üçün rüxsət var və körpəni doğduqdan və nifası başa çatdıqdan sonra oruclarını qəza etməlidir. Sitatın sonu.

Elm əhlinin irəli sürdüyü bu mətnlər dəlalət edir ki, oruc məşəqqətli olmadığı müddətcə hamilə və südverən qadınlar oruclarını aça bilməzlər.

Ən doğrusunu Allah bilir.