Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Əşarilər haqda məlumat

SUAL:
Əs-sələmu aleykum. Mənə namaz öyrədənlər şafi məzhəbinə görə öyrədiblər və deyiblər ki, sən əqidədə əşarisən, lakin əşariliyin nə olduğunu izah etməyiblər. Bilmək istərdim ki, əşarilik nədir və onlar əhli-sünnətdirmi?
CAVAB:

Vaaleykum salam va rahmatullah!

Əvvəla onu deyək ki, əşarilər Əbi əl-Həsən əl-Əşariyə (Allah ona rəhmət etsin) nisbət olunan bir firqədir. Əbu əl-Həsən əl-Əşari bir çox mərhələlərdən keçib. İlk mərhələdə motəzili əqidəsində idi və təxminən qırx il bu əqidədə qalıb. Sonra motəzili əqidəsindən Abdullah ibn Səid ibn Kulləbin rəyinə keçir və ondan təsirlənir. Bu da ikinci mərhələ. 

Alimlər İmam əl-Əşarinin ibn Kulləbin rəyindən dönüb tam şəkildə əhli sünnənin rəyinə qayıtması ilə ibn Kulləbinin rəyində qalması arasında ixtilaf ediblər. Bəzi alimlər deyiblər ki, o əhli sünnənin rəyinə qayıdıb. Bunu ibn Kəsir və müasir alimlərdən olan Hafiz əl-Həkəmi qeyd ediblər. Dəlil olaraq da onun son yazdığı kitab olan "əl-İbənə"də dediyi sözünü gətirirlər.

İkinci rəy odur ki, əl-Əşari kulləbin məzhəbindən tam olaraq dönməyib. Lakin bir çox məsələlərdə əhli sünnə və camaata yaxınlaşıb. Bu rəyi ibn Teymiyyə, ibn Qayyim və digərləri tərcih görüblər. əl-Əşari bir çox məsələlərdə əhli sünnətin məzhəbinə yaxınlaşsa da ibn Kulləbin məzhəbindən onda bəzi şeylər qalmışdı.

Daha sonra əşarilərin əksəriyyəti (əçari alimləri) Əbu əl-Həsən əl-Əşarinin məzhəbinə uymadılar, əksinə məzhəblərini cəhmilərin və mötəzilələrin üsulları ilə qarışdırdılar. Hətta fəlsəfəçilərin üsullarıyla belə. Bunula əl-Əşarinin bir çox sözlərinə müxalif oldular. Onlar istəva, uluv, nuzul, əl və kəlam kimi Allahın özünə yaraşan şəkildə olan sifətlərini inkar edirlər. Bu sifətlərin hamısında əl-Əşariyə müxalif olublar.

Hal-hazırda şarilər qədərə iman məsələsində cəbri, əməl-iman mövzusunda murciyə, Allahın sifətlərinə imanda mötəzilidirlər, yeddi sifətdən başqa digər sifətləri isbat etmirlər. Çünki belə güman edirlər ki, ağıl bu yeddi sifətə dəlalət edir. Allahın ərşin üzərinə istifa etməsini, məxluqatın üzərində olmaslnı inkar edirlər və deyirlər ki, Allah aləmin nə daxilindədir, nə xaricində, nə üzərindədir, nə də aləmin altında və sair bu kimi müxalifətlər. O zaman necə onları əhli sünnətdən hesab edək?!