Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Niyə cinlər ancaq müsəlmanlara daxil olur, bu doğrudurmu?

Şübhə belədir: Bəzi insanlar sual verirlər? Nəyə görə cinlər ancaq müsəlmanlara problem törədir? Bəs nə üçün cinlər kafirlərə və başqa dində olanlara problem törətmirlər?

Şübhənin cavabı: Bu suala alimlərimiz qısa cavab verərək demişlər: «Şeytanın şeytanla işi yoxdur!». Bu bizə zahirdə görünən məsələdir.

Cinlərin zərərlərini müsəlmanlar bilirlər və peyğəmbərdən gələn vəhy elmi, Quran və hədislər yoluyla cinlərin vəsflərini, zərərlərini və onlardan qorunma yollarını öyrənmişlər. Bu o demək deyil ki, cinlər kafirlərə təsir etmirlər. Əlbəttə ki, cinlər kafirlərə də zərər verirlər. Lakin, onlar bunun fərqində olmurlar.

Sadəcə bu fikir ona görə yaranmır ki, kafirlərdən bəziləri cinlərin zərərlərini bilmirlər. Bəziləri isə cinlərin varlığını qəbul edirlər. Kafirlərdən başqa dində olanların bir çoxu cinlərin varlığını qəbul edirlər. Hətta, ən məşhur dinlərdən xristianlıq və yəhudilikdə cinlər vasitəsilə ən pis, ən təhlükəli cadular edilir. Əgər cinlər olmasaydı, cadugərlər caduları kimin vasitəsilə edəcəkdilər? Dinə inanmayan bir çox insanlar özləri də cadunun insanların həyatında necə bədbəxt hadisələr törətdiyini bilirlər. Bu hələ cinlərin varlığını göstərən çoxlu dəlillərdən biridir.

Cinlərin insan orqanizminə daxil olaraq müxtəlif xəstəliklər törətməsi də bəzən cadu yoluyla baş verir, bəzən də cadu olmadan onlara xüsusi əziyyət verildikdə bu baş verir; məsələn, qaynar suyu «bismilləh» demədən yerə tökdükdə, onların övladlarına bu yolla əziyyət verildikdə və s.

İslam alimləri insan xəstələnən kimi, hər dəfə bir sağlamlıq problemi olduqda dərhal cindən şübhələnməyi də qadağan edirlər. Lakin, insan bədənində ağrı hiss etdikdə dua və ovsun (ruqyə) edə bilər. İnsan məlum bir xəstəlik zamanı imkan daxilində həkimə müraciət etməlidir. İnsanın həkimlərdən əli üzüləndə yenə işi Allaha qaldığı zaman dua edə, ruqyə edib özünü müalicə edə bilər. Bunlar bilinən məsələlərdir. Çox təəssüflər olsun ki, bu gün radikal ateistlər və qeyriləri müsəlmanları bu məsələdə ifrat tənqid edir və olmayan iddiaları müsəlmanlara qarşı edirlər. Təbii ki, dindarları savadsızlıq ittiham edən ateist, deist və qeyrilərinin özləri də şiddətli dini savadsızlıq içindədirlər.

İslam alimlərinin icması ilə cin insanın bədəninə daxil ola bilir. Buna peyğəmbərin ﷺ səhih hədisləri də dəlalət edir. Bu həqiqəti qədim tayfalardan yalnız mötəzilələrdən bir qismi (Cübbai və s.) inkar etmişlər. Bir də müasir əqlanilərdən bəziləri onlara müvafiq olmuşlar.

Şeyxulislam ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: «Cinlərin varlığı Qur'an, sünnə və sələf imamlarının ittifaqı ilə sabitdir. Eynilə cinin insan bədəninə girməsi də əhli sünnənin imamlarının ittifaqı ilə sabitdir. Bu məsələ düşünən bir insan üçün sınaqdan keçmiş və bilinən bir məsələdir. Cin epilepsiyalı insana daxil olur, o naməlum, bilinməyən sözləri danışır, (bu durumda) ona çox şiddətli zərbələr vurulsa, epilepsiyalı olan kəs bunu hiss etməz, halbuki, əgər həmin zərbələr dəvəyə vurulsaydı, dəvəni öldürərdi». (Məcmuul-Fətəva, 3/12)

Cinlər möminlə kafir arasında fərq qoymurlar. Nə vaxt ki, epilepsiya halı və ya buna bənzər ağılın başdan getməsi, dəliliyə bənzər hallar olarsa, insan cindən qorunmadığı halda cin onun bədəninə daxil ola bilər.

Cinin insan bədəninə girməsinin məşhur üç səbəbini Şeyxulislam ibn Teymiyyə qeyd edərək demişdir:

«Cinin insan bədəninə girməsinin üç (əsas) səbəbi var: Bəzən cin həmin insana aşiq olur, ona görə də onu çılğın duruma salaraq onunla əylənmək istəyir, bu vəziyyətdən çıxış yolu digər hallardan daha asan və əlçatandır. Bəzən isə insan cinin üzərinə subaşına çıxmaq, üzərinə qaynar su tökmək, onlardan bəzilərini öldürmək və s. əziyyətlər etmiş ola bilər ki, cinlər bu zaman o insandan intiqam alır, hətta, çox vaxt həmin insanı öldürə də bilirlər. Bəzən də axmaq insanların müsafir bir insanı yolda tutub onunla istehza etməsinə bənzər şəkildə cinlər həmin insanla istehza edərlər». (Məcmuul-Fətəva, 13/82)

Bundan başqa, cinin insan bədəninə girməsinin səbəblərindən qəflət, günahlar, şiddətli qəzəb, asiliklər olan yerlərdə olmaq və böyük günahları işləmək və s. səbəblər də qeyd olunmuşdur.

Cinlərin kafirlərə daxil olmasını inkar etmək doğru deyil. Onlar buna dəlil gətirə bilməzlər. Xristian və yəhudi din xadimləri də cinlərin insana təsirini təsdiqləyir, onlar da cinlərin xəstə insanın bədənindən çıxarılması ilə məşğul olurlar ki, hətta, bilməyən müsəlmanlardan da təəssüf ki, onlara müraciət edənlər olur. Buna xristian və yəhudi din xadimlərindən şəkk edən olmadığı halda, azsaylı kafirlərin cinləri və onların insana daxil olmasını inkar etmələri əhəmiyyət kəsb etmir.

Cinlər müsəlmana da, qeyri-müsəlmanlara da daxil ola bilirlər. Kafirlərin bu səbəbləri bilməməsi və ya cinlərdən şikayət etməmələri və ya cinləri inkar etməyə bir dəlil deyildir. Onların çoxusu cinlər barədə məlumatlı olmaya bilər, cinlərin insanı hansı hallara gətirib çıxarması, dəlilik halına salması, epilepsiya və ya həkimlərin izah edə bilmədiyi bəzi hallara salmalarından bixəbər olmaları mümkündür ki, onlar belə vəziyyətdə öz maddi elmləri çərçivəsində bu duruma izah etməyə çalışa bilər və bu paranormal hadisələrin həqiqi səbəbini bilməyə bilərlər.

Epilepsiya isə həm hansısa bir fiziki xəstəlikdən də ola bilər. Həmçinin, cin vasitəsilə də insanda baş verə bilər. Necə ki, ibn Qeyyim bunu vurğulamışdır. (bax, Zədul-Məad, 4/66-67)

Birinci halda həkimlər bunu müalicə edə bilərlər. İkinci halda isə bunun müalicəsi şəri yolla mümkündür.

Onu da qeyd edək ki, cinlərin varlığını və insana təsirlərini təsdiqləməklə bərabər, təəssüflə cinlər məsələsində çoxlu xurafat, dində yenilik və bidət edənlərin olduğunu da bildiririk. Bu məsələdə bidətlə, uydurma yollarla müalicə edənlər də var, kifayət qədər yanlış təsəvvürlər də var. İnsan ovsunla (ruqyə) müalicəyə ehtiyac duyarsa, bunu mütəxəssislərə, həqiqi dindar birinə etibar etməli, yalançı və fırıldaqçı işbazlardan uzaq durmalıdır. İnsan cinlərdən qorunmaq üçün özü-özünü ruqyə etmək, şər qüvvələrdən qorunmaq üçün gündəlik dua və zikirləri də ehmal etməli deyil.

Eyni zamanda təəssüflə onu da qeyd edirik ki, xəstə, dəli, ağlını itirmiş insanlar üçün kifayət qədər xəstəxanalar olsa da, onları müalicə etmək üçün səy göstərən bir çox həkimlər bu xəstələrin müalicəsində yalnız maddi, fiziki səbəblərlə maraqlanır və bundan başqa səbəbləri araşdırmır, bu məsələlərdən xəbərsiz qalırlar.

Cinlər barədə dindən uzaq olan bir çox insanların başına gəlmiş çoxsaylı hadisələr ta qədim zamandan indiyə kimi də davam edir, bu hadisələri, faktları insan toplumu, xalqlar daim qəbul və nəql etmişlər. Günümüzdə də cinlərə əlaqəli çoxsaylı hadisələrin məhz dindar olmayan yüzlərlə şəxslər tərəfindən nəql edilməsi də çox düşündürücüdür. Onlar evlərində əşyaların gözlənilmədən qəribə hərəkətlər etməsi, evlərində eyni vaxtda bir neçə yerdə kiçik yanğınların baş verməsi, bəzi evlərdə paltarların xüsusi vaxtlarda kəsik-kəsik olması, bəzi rayonlarda qəribə qorxulu canlıların peyda olub bütün kənd əhalisini təlaşa salması kimi yüzlərlə paranormal hadisələrin baş verməsinə baxmayaraq bəzi insanlar onların varlığını inkar etməyə səy göstərirlər. Halbuki, cinlərin varlığı qeyb aləmini, Allahın varlığını və dinin söylədiyi bir çox məsələləri isbat həqiqətlərdən yalnız biridir. Bunun isbatı barədə geniş danışmağa lüzum görmürük.

Yazdı: Sahib Əsədov