Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
İslamdakı çoxarvadlılıq haqda şübhəyə cavab
İslamda çoxarvadlılıq məsələsi:
Günümüzdə İslam dinindəki bu çoxarvadlılıq məsələsini bəzi insanlar başqa cür təqdim etmək istəyirlər. Halbuki, çoxarvadlılıq İslam dinində müəyyən şərtlərlə icazəli edilmişdir. Bu şərtləri bildikdən sonra, çoxarvadlılığın günümüzdə nə qədər gerçəkliyə uyğun olduğunu, cəmiyyətimizdə bir çox kişilərin tək arvadı olsa da başqa qadınlarla gəzməsi, "bazlıq etməsi", gizlində əxlaqsız filmlərə baxması və s. problemləri cəmiyyətimizin sadə insanları çox yaxşı bilir. Evlilik yaşının yüksəlməsi, insanların ailə münasibətlərində ciddi olmamaları, boşanmaların pik həddə olması, hər il boşanma rekordlarının təzələnməsi insanlarımızın nə qədər mənəvi deqradasiyaya məruz qalmasından xəbər verir. Dini "utopiya" adlandıranların özlərini avropadakı hər cür əxlaqi rəzillikləri "insan haqları" deyə müdafiə etdikləri bir dönəmdə İslamda xüsusən də İslam cəmiyyətlərində bir faizə belə çatmayan çorarvadlılığı özlərinə dərd edinmişlər. İslam dini çoxarvadlılığa icazə versə də həyat yoldaşları arasında ədalətsiz davranmaq, birinə baxıb digərinə baxmamaq və s. kimi hallar olarsa, bu cür edən kişinin Qiyamət günü sifətinin bir tərəfinin əyri olacağı vəd edilib peyğəmbər tərəfindən. Belə kəslərə əzab vəd edilmişdir. Ədalətsiz olacağından qorxan kişilərə bir qadınla evlənmək məsləhət görülmüşdür. (Nisə surəsi, 3-cü ayə)
Çoxarvadlılığın şərtləri isə bunlardır:
1) Bu evlilik sayı dördü keçə bilməz (Nisə surəsi, 3-cü ayə)
2) Digər şərt isə ədalətli olmaqdır. (Nisə surəsi, 3)
3) Həmçinin, insanın maddi gücü də olmalıdır. Maddi gücü olmadan evlənib xalqın qızını boşayıb bədbəxt etməkdən də çəkindirən dəlillər, qadınları incidən kişiləri sərt tənbeh edən rəvayətlər var.
4) İki bacını eyni vaxtda almaq haram hesab edilir.
Çoxarvadlılığın bəzi hikmətləri:
1 - Cəmiyyətin rəzilliklərdən uzaq, təmiz qalmasını təmin etmək; Çoxarvadlılığı qadağan edən cəmiyətlərdə bu hallar müşahidə olunur:
● Qeyri-qanuni cinsi əlaqə nəticəsində atası bilinməyən, "vələdzina" uşaqlar dünyaya gəlir.
● Əxlaqsızlıq yuvaları və fahişəlik geniş şəkildə yayılır və cəmiyyətə mənfi təsir göstərir.
● Əxlaqsızlığın yayılması bir çox psixoloji problemlərə və fizioloji xəstəliklərə gətirib çıxarır.
● Ailə münasibətlərində ərlə arvad arasında möhkəm etibarlılıq bağlarının zədələnməsi baş verir; necə ki, bizim cəmiyyətdə də qadınların əksəriyyəti öz kişilərinə etibar etmirlər.
Çoxarvadlılığa qarşı gələn cəmiyyətlərdə bu və digər problemlər baş verir. (əz-Zəvac, lil-Həfnəvi, 223).
2 - Bəzi kişilərin psixoloji və bədən fiziologiyasının tələbatı çox güclü olduğundan onlar bir qadınla öz cinsi ehtiyaclarını ödəməklə kifayətlənə bilmirlər, onların özlərinə gizli sevgili tutmaları və ya fahişələrə müraciət etmələrinin qarşısı öz halal həyat yoldaşına müraciət edilərək alınır və onun bu ehtiyacı əxlaqını korlamadan ödənilir (Fiqhus-Sunnə, 2/250).
3 - Əgər kişinin bir həyat yoldaşı varsa və o qadın sağalmaz bir xəstəliyə yoluxubsa və yaxud da qadın sonsuzdur və uşağı olmursa, əri isə onu boşamaq istəmir, onunla evliliyini davam etdirmək istəyirsə, belə olduğu halda onu boşamaqla ona əziyyət verməlidirmi? Yoxsa, özünün və həyat yoldaşının rəğbətini nəzərə alıb ortaq razılığa gələrək həyat yoldaşını boşamadan başqa bir qadınla evlənməlidir?
Şəkk yoxdur ki, yeganə həll yolu vicdanı diri olan bir insanın bu işə razılıq verməsindədir (Fiqhul-İsləmi və ədillətuhu, 7/171). Çünki, qadını "uşağı olmur" deyə boşayıb dolanışığını təmin etməyəcək pis durumda qoymaq nə kişilikdən, nə də insanlıqdan deyil. Belə bir qadın sonsuz olduğu üçün başqa kişiylə evlənə bilmir, qazanc yeri də yoxdur, onu yardımsız qoymaq çox pis bir əməl olardı. Bu durumda övlad istəyən bir kişini övladdan məhrum etmək də doğru deyildir. Bu durumda yeganə çıxış yolu həmin qadının öz ərinin başqa bir qadınla evlənməsinə razı olmasındadır.
4 - İslami aspektdən cəmiyyət bir tərəzi kimidir, bu tərəzinin hər iki tərəfi gərək qadın və kişi sayının bərabərliyində də özünü göstərsin! Lakin, görəsən bu say tarazlığı və bərabərliyi pozularsa və qadınların sayı kişilərin sayını dəfələrlə üstələyərsə, o zaman nə etməliyik?
Görəsən qadın evlilik və ana olmaq nemətindən məhrum edilməlidirmi? Bəzi qadınlar ərə getməyərək evdə qalıb sonra da əxlaqsızlıq və rəzillik girdabına düşsünlərmi? Yoxsa, biz bu problemi şərəfli bir evlilik yoluyla həll edərək o qadının şərəfini, ailənin təmizliyini və cəmiyyətin salamatlığını qoruyaraq həll edə bilərik?! Əlbəttə ki, bu sonuncu daha məqbul həll yoludur! (Təadduduz-Zovcə't fil-Ədyən, 50-52).
5 - Cəmiyyətdə qadın və kişi sayının tarazlığının pozulması xüsusən də bir çox kişilərin öldüyü müharibələr, təbii fəlakətlər, kütləvi xəstəliklər, inqilablar və s. hallarda baş verir, bu zaman bir çox qadınlar evlənə bilmir və doğum sayı aşağı düşür. Həmçinin, bu vəziyyətdə qadınlara evlilik şəraiti yaratmadıqda o cəmiyyətdə əxlaqsızlığın nisbəti daha da artır. Bu zaman ailədaxili xəyanətlər, kənarda sevgili saxlamaq, cinsi təcavüzlər və qeyri-qanuni atası bilinməyən "vələdzina" uşaqların sayı artır. Görəsən bu zaman qadının şərəfini qoruyaraq normal evlilik etməsi çıxış yolu deyildimi? Əlbəttə elədir! (Təadduduz-Zovcə't fil-Ədyən, 520).
6 - Bir çox hallarda kişilər az olan cəmiyyətlərdə qadınlar evliliyə hazır durumda olurlar, lakin, bir çox kişilər bu zaman kasıb olduqları üçün evlilik ehtiyaclarını ödəməyə imkanları çatmır. Lakin, qadınlardan buna gücü çatanlar olsa da, evlənməyə kişi tapa bilmirlər. Belə durumda maddi durumu yaxşı olan qadınların maddi durumu pis olan kişilərlə evlənməsi mümkün olur. Əgər onlar gözləsələr ki, hər kişi bir qadınla evlənsin, bu zaman bir çox evliliyə imkanı olan qadınlar evlənməkdən məhrum olacaqlar. Bu da yenə cəmiyyətdə qeyd olunan əxlaqsızlıqların artmasına səbəb olacaqdır. (Ədvaul-Bəyən, 3/377).
7 - O kəslər ki, çoxarvadlılığın birinci qadına zülm olduğunu deyirlər, onlar ikinci qadının da qadın olduğunu, onun da evlilik haqqının olduğunu unudurlar. Bu evlilikdən həmin qadının da xeyirinin olduğunu unudurlar. Hətta, bunda birinci qadına müəyyən sıxıntı olsa da, - bu sıxıntı inkar edilmir - lakin, bütün qadın cinsinin bu qərarla faydalanacağı və xüsusən də dul qadınların azalacağını, birinci qadının sıxıntısı ilə dul qadınların və evlənə bilməyən qadınların sıxıntısı müqayisə olunarsa, o zaman bu qərarın daha çox cəmiyyətin xeyirinə olduğu məlum olar. Xülasə, çoxarvadlılığı qadağan etmək onu icazəli etməkdən daha çox cəmiyyətə zərər vermiş olur, bu zərər müqayisə olunmaz dərəcədə böyük olur. (Fiqhul-İsləmi və ədillətuhu, 7/171).
8 - Çoxarvadlılıq eyni zamanda çoxuşaqlılıq deməkdir. Nəsil davamçılarının çoxluğu, böyük ailə və çalışan insanların çoxluğu isə ümmətin gücü və istehsalatda da artım anlamına gəlir. (əz-Zəvac lil-Həfnəvi, səh, 224).
9 - Çoxarvadlılıq nəticəsində evlənən tərəflərin ailələri yaxınlaşır bə ailələr arasında qohumluq bağları yaranır. Bu da cəmiyyətdə ictimai münasibətlərin sıxlaşmasına səbəb olur. (əl-Mufassal, 6/240).
10 - İslam dini zinakarlığı qadağan etmişdir. Çünki, zinakarlıq əxlaqı, nəsilləri, ailə qanunlarını pozur, ona görə də insanlara çoxarvadlılığı asanlaşdırmaq kişilərdən buna çox meyilli olanları da bu cür fəsadlardan qorumuş olar. (ət-Təhrir vət-Tənvir, ibn Aşur, 4/226).
11 - Boşanmaların qarşısını almaq hikməti də bu hikmətlərdəndir; Çünki, çoxarvadlılıq sözündən də görünür ki, burada qadınların cəm edilməsi var, tərk edilməsi yoxdur. Yalnız zəruri hallar istisnadır ki, bu zəruri hallar hər kəsə demək olar ki, məlumdur. Çoxarvadlılıq qadında sonsuzluq, ciddi xəstəliklər olduğu halda da həmin qadını qoruyur və ərinin yanında qalmasına səbəb olur.
12 - Həmçinin, qadın bir ayın dörddə biri qədər müddətdə aylıq halı (menstruasiya) keçirir. Menstruasiya halı qadın üçün ağrılı günlərdir və bu haldan qadın əziyyət çəkir. Ailə münasibətlərində kişinin həmin vaxt qadına yaxınlaşıb cinsi yaxınlıq istəməsi həm tibbi cəhətdən, həm də dini cəhətdən doğru deyil. Qurani Kərimdə də bu hal barədə belə buyurulmuşdur: «Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlarla yaxınlıq etməkdən uzaq olun və pak olmayınca onlarla yaxınlıq etməyin.» (əl-Bəqərə, 222)
Ona görə qadının belə vəziyyətdə olduğu günlərdə kişinin digər xanımının yanına getməsi həm həmin xanıma əziyyət verməyin qarşısını alır, həm də ehtiraslı kişini çox vaxt pis durumdan xilas edir. Bizim yaşadığımız cəmiyyətdə də yoldaşı aylıq (menustrasiya) halında olan qeyri-dindarların həmin günlərdə əxlaqsız qadınları ziyarət etmələri xəbərləri məlumdur. Çünki, o qadınlar həmin günlərdə cinsi münasibəti adətən xoşlamırlar və bunu dini cəhətdən də etmirlər. Lakin, İslam dinindəki qanunlar bütün insanların fitrətinə uyğundur. Kaş ki, bunu biləydilər. Bundan başqa qadın xəstələnir, doğuşdan sonra isə uzun müddət qadından nifas qanı gəlir ki, bu zaman da qadınla yaxınlıq etmək icazəli deyil. Çoxarvadlılıq bu cür problemlərdən də kişini azad edir.
13 - Sonda sizdən bir sual soruşmaq istəyirik; Sizcə bir kişinin həyat yoldaşı var və o qadından övladları var. Bu kişi əgər istəmədən bir subay qadına aşiq olarsa, o nə etməlidir? Sizcə bu qadını heç cürə unuda bilmirsə, bunun həll yolu nədir? Həmin qadınla evlənmək istəsə, o birinci həyat yoldaşını boşamalıdırmı? Yoxsa, gizlində həmin qadınla öz həyat yoldaşına xəyanət etməlidir? Yoxsa, hər iki qadın onun halal həyat yoldaşı olsa, necə olar? Bu mümkün deyilmi? Sizcə nədir bunun həlli yolu? Əgər desəniz ki, birincini boşanmağa haqqı çatır, bəs onda birincinin günahı nədir? Əgər desəniz ki, gizlində görüşsün, bu da xəyanətdir. Son həll yolu hər ikisinin onun həyat yoldaşı statusunda olması deyilmi? Ona görə də Qurani-Kərimdə bu barədə buyurulmuşdur: «Xoşunuza gələn halal qadınlardan ikisi, üçü və dördü ilə evlənin» (Nisə, 3). Bu həll yolu təklif olunan yolların içində yeganə doğru həll yoludur. Düşünün, ey ağıl sahibləri.
Topladı və tərtib etdi: Sahib Əsədov
SON ƏLAVƏLƏR