Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Valideyn haqları
İlk olaraq özümə və sizə Allahdan qorxmağı tövsiyə edirəm.
Möhtərəm müsəlmanlar! İnsanın üzərinə düşən ən böyük və ən vacib haqlardan biri valideyn haqqıdır. Allah valideyn haqqının nə qədər önəmli olduğunu göstərmək üçün onların haqqını Öz haqqı ilə yanaşı çəkərək buyurur:
وَاعْبُدُوا اللَّهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا ۖ وَبِالْوَالِدَيْنِ
“Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə yaxşılıq edin!” (Nisə, 36)
Valideynlər kafir olsalar belə, uşaqlara günah və haramı əmr etmədikləri təqdirdə, Allah Təala onlara itaət və yaxşılıq etməyi bizə vacib etmişdir. Allah Təala belə buyurur:
وَوَصَّيْنَا الْإِنْسَانَ بِوَالِدَيْهِ حَمَلَتْهُ أُمُّهُ وَهْنًا عَلَىٰ وَهْنٍ وَفِصَالُهُ فِي عَامَيْنِ أَنِ اشْكُرْ لِي وَلِوَالِدَيْكَ إِلَيَّ الْمَصِيرُ وَإِنْ جَاهَدَاكَ عَلَىٰ أَنْ تُشْرِكَ بِي مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ فَلَا تُطِعْهُمَا ۖ وَصَاحِبْهُمَا فِي الدُّنْيَا مَعْرُوفًا
“Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq 9 ay daşımışdır. Onun süddən kəsilməsi isə iki ildir. Mənə və valideynlərinə şükür et! Axır dönüş isə Mənədir. Əgər valideynlərin Mənə şərik qoşmağın üçün (səni məcbur etməyə) cəhd göstərsələr, onlara qulaq asma! Dünya işlərində isə onlarla gözəl davran”. (Loğman 14-15)
Valideynlərə yaxşı davranmaq peyğəmbərlərin xüsusiyyətlərindən idi. Allah Təala Yəhyə (ə.s) barədə belə buyurur:
وَبَرًّا بِوَالِدَيْهِ وَلَمْ يَكُنْ جَبَّارًا عَصِيًّا
“O ata-anasına qarşı qayğıkeş (idi); lovğa və asi deyildi.” (Məryəm 14)
Həmçinin İsa (ə.s) dilindən belə buyurur:
وَبَرًّا بِوَالِدَتِي وَلَمْ يَجْعَلْنِي جَبَّارًا شَقِيًّا
“Uca Allah (məni) anama qarşı qayğıkeş (etdi); məni lovğa və bədbəxt etmədi.“ (Məryəm 32)
Əziz müsəlmanlar! Valideynlərlə xoş davranmaq dedikdə bunun həm sözlə, həm də hərəkətlərlə edilməsi nəzərdə tutulur. Danışdıqda onlara qarşı xoş sözlər işlətməli, səsi qaldırmamalı, xidmətlərində durmalı, ehtiyaclarını ödəməli və s. onları razı salacaq hər bir əməllər edilməlidir.
Əziz müsəlmanlar! Quran və Sünnədə valideynlərlə xoş davranmaq barədə çoxlu dəlillər vardır. Bu dəlillərdən bəzilərini qeyd edirik. Allah Təala buyurur:
وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا ۚ إِمَّا يَبْلُغَنَّ عِنْدَكَ الْكِبَرَ أَحَدُهُمَا أَوْ كِلَاهُمَا فَلَا تَقُلْ لَهُمَا أُفٍّ وَلَا تَنْهَرْهُمَا وَقُلْ لَهُمَا قَوْلًا كَرِيمًا وَاخْفِضْ لَهُمَا جَنَاحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ وَقُلْ رَبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَانِي صَغِيرًا
“Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına çatarsa, onlara:” Uf!”; belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de.” (İsra 23-24)
Allah Təala bu ayədə onlara “uf” belə deməyi qadağan etmişdir. Xüsusən də əgər valideyn yaşlı olarsa. İnsan yaşlı olduqda daha çox qulluğa, gözəl sözlərə ehtiyac duyur.
Möhtərəm müsəlmanlar! Valideyn kafir olsa belə bu bizə onların üzünə ağ olmağımıza haqq verməz. Onlar bizlərə Allaha qarşı çıxmağı əmr etmədiyi müddətcə onlara tabe olmalıyıq. Allah Təala bizə İbrahim peyğəmbəri (Allahın ona salamı olsun) və onun büt satan atasını örnək gətirir. İbrahim peyğəmbər (Allahın ona salamı olsun) atasının Allaha asi olmasına baxmayaraq yenə də onun qəlbini almaq üçün ona “atacan” deyə müraciət edir, onunla mülayim davranır və ona xoş sözlər deyirdi. Bunun qarşılığında atası kobudluqla cavab versə də peyğəmbər mülayim davranışına davam edirdi.
Allah Təala belə buyurur:
“Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi. Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim. Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan ər-Rəhmana çox asi oldu. Atacan! Qorxuram ki, ər-Rəhmandan sənə bir əzab toxunsun və beləcə şeytana yoldaş olasan. (Məryəm 41-45)
İbni Məsud (r.a) belə buyurur ki:
- أنه سأل النبي - صلى الله عليه وسلم -: أي العمل أحب إلى الله؟! قال: "الصلاة على وقتها"، فقلت: ثم أي؟! قال: "بر الوالدين"، قلت: ثم أي؟! قال: "الجهاد في سبيل الله".
İbn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki: “Allahın rəsulundan (Ona və ailəsinə Allahın salavatı və salamı olsun): Allah dərgahında hansı əməl daha sevimlidir?” — deyə soruşdum. “Vaxtında qılınan namaz” — deyə cavab verdi. Sonra hansı? — deyə soruşdum. “Ata-anaya yaxşılıq etmək”. Sonra hansı? — deyə soruşdum. Buyurdu ki: “Allah yolunda cihad etmək”. (Buxari və Muslim)
İyyas (Allah ona rəhmət eləsin) anası vəfat edəndə ağlamağa başlayır. Ondan “niyə ağlayırsan” deyə soruşurlar. O da “Məmin üçün Cənnətin iki açıq qapısı var idi. Artıq biri bağlandı”- deyə cavab verir.
Möhtərəm müsəlmanlar! Valideynlərə yaxşılıq övladın özü üçün etdiyi duaların belə qəbul olmasına səbəbdir. Peyğəmbər ﷺ məhşur mağara hədisində belə buyurur: "Bizdən əvvəlki ümmətlər dən 3 kişi mağaranın qabağına düşən böyük qaya səbəbi ilə, içəridə sıxışıb qalırlar. Onlardan biri belə dua edir: Ey Allahım! Mənim qoca ata-anam var idi. Mən hər axşam onlara süd içirtməmiş nə ailəmə, nə də xidmətçilərimə süd verməzdim. Bir gün mən bir iş dalınca çox uzağa getdim, evə qayıtdıqda onlar üçün süd sağıb gətirdım, lakin (gəlib) onları yatmış gördüm. Mən onlara süd içirtməmiş ailəmə və xidmətşilərimə süd vermək istəmədim. Odur ki, sübh açılanadək əlimdə (süd dolu) bardaq onların yuxudan oyanmasını gözlədim. Nəhayət, onlar yuxudan oyanıb südlərini içdilər. Ey Rəbbim! bu əməlimlə sənin razılığını qazana bildimsə bizi bu sıxıntıdan qurtar" - deyərək Allaha göstərdiyi sədaqət və səmimiyyətilə təvəssül etmiş. Allah da onları düşdükləri çətinlikdən qurtarmışdır.
Ey insanlar! Sizin var olma səbəbiniz məhz valideynlərinizdir. İnsanlar arasında sənə ən rəhimli olanı, sənə ən yaxın olanı, sən rahat olasan deyə yorulan, sən xoşbəxt olasan deyə özünün xoşbəxtçiliyindən vaz keçən, sən tox olanda o ac olan, sən əziyyət çəkməyəsən deyə əziyyət çəkən şəxs məhz sizin valideynlərinizdir.
Səni doqquz ay bətnində gəzdirən, səni doğuranda min-bir əziyyətə dözən, sən yatasan deyə oyaq olan kəs sənin anandır.
Sənin istədiklərini yerinə yetirmək üçün, sən ac qalmayasan deyə gününü yorğunlluqla keçirən kəs isə sənin atandır. Dünyada 60-70 il heç bir maaş almadan, əksinə sənin üçün cibindən xərcləyən, heç bir tətil götürmədən, səmimi qəlbdən sənin üçün işləyən yeganə işçinin adı valideyndir.
Buna görə də valideynin üzünə ağ olmaq ən böyük günahlardandır. Peyğəmbər ﷺ buyurur ki:
رغم أنف، ثم رغم أنف، ثم رغم أنف، قيل: من؟ يا رسول الله قال: من أدرك أبويه عند الكبر، أحدهما أو كليهما فلم يدخل الجنة.
Rəsulullahın (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) “Qoca ata-anası olub da Cənnətə girməyinin burnu yerə sürtülsün, burnu yerə sürtülsün, burnu yerə sürtülsün”. (Müslim)
Ərəblərdə burnu yerə sültürsün ifadəsi bizdə "Başın yerə batsın və yaxud başın yerə girsin" mənasına işlədilməkdədir.
Əbu Bəkr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) üç dəfə: “Sizə günahların ən böyüyü barədə xəbər verimmi?” – deyə soruşdu. Əshabələr: “Bəli, ya Rəsulallah!” – deyə cavab verdilər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun): “Allaha şərik qoşmaq və valideynlərin üzünə ağ olmaqdır” – dedi.
Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu: “Üç şəxs vardır ki, Uca Allah Cənnəti onlara haram etmişdir: içki düşkünü, valideynlərinin üzünə ağ olan, ailəsində xəbisliyi (əxlaqsızlığı) görüb buna göz yuman dəyyus.” (Nəsai 2562. Albani, Səhih ət-tərğib 2366)
Abu Dərda (r.a) buyurur ki, Allah Rəsulunun (sallallahu aleyhi va səlləm) belə dediyini eşitdim: “Valideyn Cənnətin orta qapısıdır. Bu qapını itirə də bilərsən, qoruya da bilərsən.” (Tirmizi 1900. Albani, Səhih Tərğib 2486)
Ənəs bin Malik (r.a) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu: “Kim ömrünün uzanmasını və ruzisinin artmasını istəyirsə, valideynlərinə yaxşılıq etsin və qohumluq əlaqəsini saxlasın.” (Heysəmi 8/139. Albani, Səhih Tərğib 2488)
Abdullah bn Abbas (Allah hər ikisindən razı olsun) belə deyib: “Ata-anası yanında olub səhər və axşam onlara xidmət edib yaxşılıq edən mömin qula Allah Cənnətdə iki qapı açar.”
Səhabələrdən bəzisi belə deyərdi: “Valideyn üçün duanı tərk etmək övladın yaşayışını dar edər.”
Abdullah ibn Avnun (Allah ona rəhmət etsin) anası onu çağırır. Anasına icabət edir, lakin, səsi anasının səsindən yüksək çıxır. Buna görə də iki qul azad edir.
Əbu Həzm (Allah ona rəhmət etsin) belə deyib: “Əbu Hureyra (Allah ondan razı olsun) anası ölənə qədər həcc etmədi”. (Anasına xidmət etdiyi üçün)
Humeyd (Allah ona rəhmət etsin) belə deyib: Əyyəs ibn Muaviyənin anası öldüyü zaman ağladı. Dedilər ki, səni ağladan nədir? Dedi ki, Cənnətə açılan iki qapım vardı, artıq biri bağlandı.
Ömər ibn Əbduləziz İbn Mehrana belə dedi: “Valideyninin üzünə ağ olanla yoldaşlıq etmə! Çünki, o səni qəbul edən deyil. Artıq onlara ağ olub”. (Yəni, onların haqqını verməyən sənin haqqını verməz).
Abdullah ibn Ömər (Allah hər ikisindən razı olsun) belində anasını daşıyaraq kəbəni tavaf edən bir kişini gördü. Həmən adam ibn Ömərə belə dedi: “Nə deyirsən, onun haqqını ödəyə bildimmi?” İbn Ömər belə dedi: “Doğuş sancılarından olan bir sancının əvəzini belə ödəyə bilmədin. Lakin, ona yaxşılıq etdin. Allah da kiçik bir yaxşınlığa görə səni çox mükafatlandırar”.
İbn Hənəfiyyə (Allah ona rəhmət etsin) anasının başını yuyar, darayar, onu öpər və saçını rəngləyərdi.
Abdullah ibn Abbas (Allah hər ikisindən razı olsun) belə deyib: “Valideynə yaxşılıq etmək kimi günahları yuyan heç bir şey yoxdu.”
Səid ibn Museyyib belə dedi: “Şübhəsiz ki, övladın duası ilə insanın dərəcəsi qalxar." Sonra əllərini qaldırıb ata anasına dua etdi.
İmam Əhməd belə deyərdi: “Valideynlərə yaxşılq etmək böyük günahlara kəffarədir.”
Möhtərəm müsəlmanlar! Xəta edib valideynlərinizi üzmüş, onları ağlatmısınızsa dərhal könüllərini alıb onları razı salmağa tələsin.
Kim Allahın rizasını qazanmaq istəyirsə valideynlərini razı salsın.
عن عبد الله بن عمر قال رضا الرب في رضا الوالد وسخط الرب في سخط الوالد
Abdullah ibn Ömər (Allah onlardan razı olsun) demişdir: “Rəbbin razılığı valideynin razılığına görə, qəzəbi də valideynin qəzəbinə görədir!” (Buxari)
Valideynlərin üzünə ağ olmayıb, onlara yaxşı baxmaq Allah yolunda vacib olmayan cihad və hicrət etməkdən belə üstündür.
عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو قَالَ: جَاءَ رَجُلٌ إِلَى النَّبِىِّ فَاسْتَأْذَنَهُ فِى الْجِهَادِ فَقَالَ: «أَحَىٌّ وَالِدَاكَ؟» قَالَ نَعَمْ، قَالَ: فَفِيهِمَا فَجَاهِدْ.
Abdullah ibn Amr dan (Allah ondan razı olsun) rəvayət olunur ki: “(Bir dəfə) bir nəfər Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib cihada getmək üçün izn istədi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşdu: “Valideynlərin sağdırmı?” O: “Bəli!”– deyə cavab verdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: “Elə isə onların xidmətində dur. Onlara itaətin qoy sənin Cihadın olsun.” (Buxari və Muslim)
Başqa bir hədisdə çox mühüm bir əlavə vardır.
Bir kişi yəməndən Peyğəmbərlə ﷺ bərabər, cihada qoşulmaq üçün onun yanına gəlir, Peyğəmbər ﷺ Onu geri Anasının xidmətinə qaytararaq belə deyir: Anana qulluqda sabit qal, ona itaətə davam et, çünki Cənnət onun ayağının yanındadır.
İmam Nəsəi rəvayət etmişdir. Şeyx Albani hədisi səhihləşdirmişdir.
Əziz müsəlmanlar, Allahın müxtəlif çətinliklər müqabilində müsəlmanlara vəd etdiyi əzəmətli Cənnət Ananın ayağına qədər enirsə onda Ananın haqqı hansı yüksəklikdədi özünüz fikirləşin.
O kimdir ki, iblis onun qəlbindəki məhəbbətin əyəmmir,
O kimdir ki, Allah ona uf deməyi bəyənmir,
O anadır, onun yeri Aləmlərin ən alisi üs qatıdır,
Ona görə də Cənnət onun ayağının yanındadır.
Rəhm eləmək qüdrətindən pay veribdir Allah ona,
O həyatın mənasıdır, özəyidir, məzunudur qayəsidir,
Ana Allah ayəsidir.
Sələflər valideynləri Cənnəti qazanıb Cəhənnəmdən qurtulmaq üçün mühüm vastə sayardılar. Valideynləri Allahın hər bir insana xüsusi olaraq göndərdiyi elçilər sayardılar.
Möhtərəm müsəlmanlar! Valideynlərə qarşı yaxşlığın növləri həddindən artıq çoxdur. Bunlardan; Allaha asiliyi əmr etməyincəyə dediklərinə tabe olmaq, maddi yardım göstərmək, onlara vaxt ayırmaq, yumşaq davranmaq, ondan qabaqda getməmək, onlardan qabaq oturmamaq, yeməmək içməmək vəfat etdikdən sonra daima onlar üçün dua etmək, onların oturub durduğu kəslərə hörmət etmək.
Möhrətəm müsəlmanlar! Valideynlərə yaxşılıq onların vəfatı ilə bitmir. Bir çox yaxşı əməllər vardır ki, övlad bunları edərsə valideynlərinə ölümündən sonra da savab ötürməklə yaxşılıq etmiş olur.
Əvvəla, onlar üçün bağışlanma diləmək. Nuh (əleyhissalam) belə buyurur:
رَبِّ اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِمَنْ دَخَلَ بَيْتِيَ مُؤْمِنًا وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ
“Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və (bütün) mömin kişi və qadınları bağışla!” (Nuh 28)
عن أبى هريرة قال ترفع للميت بعد موته درجته فيقول أي رب أي شيء هذه فيقال ولدك استغفر لك
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki: “Ölən adamın dərəcəsi onun vəfatından sonra da qaldırılar. O da: “Ey Rəbbim! Bu nəyə görədir?” deyə soruşar”. (Ona) “Övladın sənin üçün bağışlanma diləmişdir” - deyirlər”. (Buxari “Əbəd”)
Başqa bir hədisdə Peyğəmbər ﷺ belə buyurmuşdur:
أ «إِذَا مَاتَ الإِنْسَانُ انْقَطَعَ عَنْهُ عَمَلُهُ إِلاَّ مِنْ ثَلاَثَةٍ: إِلاَّ مِنْ صَدَقَةٍ جَارِيَةٍ، أَوْ عِلْمٍ يُنْتَفَعُ بِهِ، أَوْ وَلَدٍ صَالِحٍ يَدْعُو لَهُ
Peyğəmbərimiz ﷺ buyurmuşdur: İnsan öldükdə onun bütün əməlləri (savabı) ondan kəsilər. Yalnız üç şeydən başqa: “Ölümündən sonra faliyəti dayanmayan, xeyirli bir işin savabı, insanların faydalanmağda davam etdikləri bir elmin savabı və onun üçün dua edən saleh bir övladın duası”. (Muslim)
Peyğəmbər ﷺ buyurur ki:
نَفْسُ الْمُؤْمِنِ مُعَلَّقَةٌ بِدَيْنِهِ حَتَّى يُقْضَى عَنْهُ
"Ölən möminin canı borcu ödənilən qədər borcundan asılı vəziyətdədir". (Tirmizi, İbn Məcah)
Həmçinin, əgər valideyn oruc, ümrə və s. kimi əməlləri nəzir deyibsə övladları ölümündən sonra onları yerinə yetirməlidirlər. Əyər ödənməmiş kəffarələri varsa onu ödəməlidirlər
عن ابن عباس - رضي الله عنهما - قَالَ: جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صلى الله عليه وسلم فَقَالَ: يَا رَسُولَ اللَّهِ! إِنَّ أُمِّي مَاتَتْ وَعَلَيْهَا صَوْمُ شَهْرٍ، أَفَأَقْضِيهِ عَنْهَا؟ فَقَالَ: لَوْ كَانَ عَلَى أُمِّكَ دَيْنٌ أَكُنْتَ قَاضِيَهُ عَنْهَا؟. قَالَ نَعَمْ. قَالَ: فَدَيْنُ اللَّهِ أَحَقُّ أَنْ يُقْضَى.
Abdullah ibn Abbas (Allah onlardan razı olsun) dedi: Bir nəfər Peyğəmbərin ﷺ yanına gəlib dedi: Ey Allahın elçisi! Anam vəfat edib və boynunda bir ay (nəzir) oruc qaldı. Mən onun əvəzinə ödəyə bilərəmmi? (Peyğəmbər) buyurdu: “Əgər anasın borcu olsaydı, sən onu ödəyərdinmi? (kişi) “bəli” deyə cavab verdi. (Peyğəmbər) buyurdu: “Allahın borcu ödənilməyə daha haqlıdır”. (Muslim)
Həmçinin, onların vəsiyyətlərini yerinə yetirmək, onların adından sədəqə vermə onların dostlarını ziyarət etmək, hörmət etdiyi şəxslərə hörmət etmək onlara ölümündən sonra fayda verəcək əməllərdəndir.
Əziz müsəlmanlar! Valdeynlərimizə qarşı yol verdiniz xətalara görə gec qalmadan tövbə edək, bu cənnət qapılarının bizə bağlanmadan əvvəl onların qədrini bilək.
Allah bizləri valideynlərinə asi olan, onları incidən, onlara qarşı səsini yüksəldən, arvad uşağı, mal dövləti, nəfsin istək və arzularını onlardan üstün tutan qullardan etməsin, bizlərə: peyğəmbərlərdən sonra, Cənnətə girməyimizə səbəb ola biləcək valideynlərin itaətini laiqi ilə yerinə yetirməyi nəsib etsin və bizləri arxamızdan bizə dua edə biləcək övladlar yetişdirməyə müvəffəq etsin.
Sonda bilin ki Allah Təala bizə peyğəmbərinə salavat və salam deməmizi əmr edərək buyurur:
إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا
“Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın” (Əhzab 56)
SON ƏLAVƏLƏR