Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Quran oxumağa başlarkən istiazənin hökmü
Bəzi elm əhli Quran oxumağa başlarkən istiazəni (şeytandan Allaha sığınmaq) istər namaz daxilində, istərsə də xaricində vacib görmüşlər. Onlardan Ata və ibn Həzim bu görüşü seçmişlər.
Bu görüş sahibləri dəlil olaraq uca Allahın bu ayəsinə isnad edirlər: ﴾Quran oxuduqda (Allahın rəhmətindən) qovulmuş şeytandan Allaha sığın!﴿
[Nəhl: 98].
Demişlər ki, ayədəki əmr məhz vacibliyə dəlalət edir.
Buna görə də, qari istiazəni unudarsa, o zaman qiraətini saxlayıb istiazəni deməlidir, sonra yenidən qiraətinə davam etməlidir.
Cumhur alimlərə görə isə; onlardan səhabələr, taabinlərin bəziləri istiazəni vacib görməmişlər.
Bu görüş ibn Ömərdən, Əbu Hureyrədən, Ata ibn əbi Rabahdan, Həsən əl-Bəsridən, İbn Sirindən, İbrahim ən-Nəxaidən, Əuzəidən və Səuridən rəvayət edilir.
Həmçinin, Əbu Hənifə və onun əshabı, İmam Əhməd və onun əshabı da bu görüşdə olmuşlar.
Onlar Nəhl surəsi 98-ci ayədə nəzərdə tutulan əmrin müstəhəb hökmündə olduğunu demişlər. Çünki, başqa ayədə uca Allah belə buyurur: ﴾Xoşunuza gələn (sizə halal olan başqa) qadınlardan ikisi, üçü və dördü ilə evlənin﴿
[Nisə: 3].
Necə ki, bu ayədə əmr vacibliyə dəlalət etmir.
Eyni zamanda demişlər ki, Peyğəmbər ﷺ bir çox ayələri hədislərin içərisində zikr edərkən ondan istiazəni deməsi rəvayət edilməmişdir. Bu da ona dəlalət edir ki, istiazəni demək vacib deyildir.
Həmçinin İmam Nəvəvidən belə nəql olunur ki, o, demişdir: "Cumhur alimlərə görə istiazə müstəhəbdir, tərk edən günah daşımır".
Nəticə olaraq, istər namazda, istərsə də namaz xaricində istiazəni demək vacib deyildir. Lakin, müstəhəbdir ki, qari Qur'an qiraətinə başlarkən şeytandan Allaha sığınsın.
Qeyd: İstiazənin edilmə forması: {Əuzu billəhi minəş-şeytanir-racim} (tərcüməsi: Allahın rəhmətindən qovulmuş şeytanın şərrindən Allaha sığınıram).
Hazırladı: Nail Paşa
SON ƏLAVƏLƏR