Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Nə üçün "hicab"?

“Azərbaycan qadını çadranı atanda "müasirləşirik" - deyə sevincimdən papağımı göyə tulladım, o gün bu gündür ki, papağımı tapa bilmirəm...”

Cəlil Məmmədquluzadəyə aid edilən bu ifadə heç də təsadüfi deyilməmişdir. Çünki örtük məsələsi ilə cəmiyyətin mənəvi dəyərləri əlaqəsinə diqqət çəkmişdir. Müsəlman qadın üçün hicab hər şeydən əvvəl Allahın əmrinə itaətin və dini kimliyin ifadəsidir. Hicab qadının dini məsuliyyətidir; həya və iffəti qorumaq isə həm qadının, həm də kişinin borcudur. Hicab qadınların örtüyü olduğu kimi, kişilərin də namusudur.

Sovet dövründə çadraya qarşı aparılan təbliğat dini örtüyü geriliyin əlaməti kimi təqdim edirdi. Bu yanaşmanın təsiri sonrakı illərdə də hiss olundu.
Məsələ yalnız geyimlə məhdudlaşmırdı: dini həyat tərzinə münasibət və insanların öz inanclarına bağlılığı da bu təbliğatın hədəfində idi.

Günümüzdə də bəzi media məzmunlarında və ictimai müzakirələrdə hicabın müasir həyata maneə kimi göstərildiyini görürük. Dini və milli-mənəvi dəyərlərin “köhnəlmiş” kimi təqdim olunması insanların həmin dəyərlərə münasibətini dəyişə bilər. Halbuki təhsil almaq, inkişaf etmək və cəmiyyətə fayda vermək dini kimlikdən uzaqlaşmağı gərəkli etmir.

Qərbdə kök salmış, sonradan bütün dünyaya nüfuz etmiş kapitalizmin insan bədənini reklam və qazanc vasitəsinə çevirən kommersiya yanaşmaları da həya və iffət kimi dəyərləri məhv edə bilir. Belə məzmunların davamlı şəkildə yayılması onların adi və qəbulolunan görünməsinə şərait yaradır. Bu isə qərbin müsəlman cəmiyyətlərinə qarşı açdığı fikir savaşıdır. Təəssüf ki, bir çox müsəlman cəmiyyətlərində bu savaş uğur qazanmış və qazanmaqdadır. Buna səbəb isə müsəlman toplumunun bir çoxunun öz dinindən bixəbər olması, milli-mənəvi dəyərlərinə bağlı olmaması və onların ideal göstərdiyi qərb mədəniyyətinə rəğbət göstərməsidir.

Başqa cəmiyyətlərin elmindən və faydalı təcrübəsindən öyrənmək təbiidir. Lakin bizlər cəmiyyət və millət olaraq öz dinimizə, tariximizə, ənənələrimizə sadiq olmalı, qərbin bu çirkin siyasətinə aldanmamalıyıq. Bilməliyik ki, bizim də dünyaya təqdim edəcəyimiz zəngin mənəvi irsimiz vardır.

Hazırladı: Nail Paşa