Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Tilavət səcdəsi və onun hökmü

Alimlər tilavət səcdəsinin şəriətdə varid olması barəsində icma etmişlər. Lakin, hökmü barəsində isə ixtilaf etmişlər və bu barədə iki görüş vardır:

1. Tilavət səcdəsi müstəhəbdir, vacib deyildir. Elm əhlinin cumhuru, malikilər, şafilər və hənbəlilər bu görüşdədirlər. Onların dəlilləri isə aşağıdakılardır:

1. Zeyd ibn Səbitdən (رضي الله عنه) rəvayət olunur ki, o belə demişdir: «Peyğəmbərə ﷺ Nəcm surəsini oxudum, o, səcdə etmədi»
[Buxari: 1073, Muslim: 577]

Hədisin digər rəvayətində isə deyilir: «Bizdən heç kim səcdə etmədi»
[İbn Xuzeymə: 566 / "həsən" hədisdir]

2. Rabi ibn Abdullah ət-Teymi Ömər ibn Xəttabdan (رضي الله عنه) belə rəvayət etmişdir: «O, cümə günü minbərin üzərində Nəhl surəsini oxudu, hətta səcdə ayəsinə gəlib çatdı. Minbərdən enib səcdə etdi və insanlar da səcdə etdilər. Növbəti cümə günündə də bu surəni oxudu. Hətta səcdə ayəsi yetişdiyi zaman belə dedi: “Ey insanlar! Həqiqətən biz səcdə etməklə əmr olunmuşuq. Kim səcdə edərsə, o artıq doğru etmişdir. Kim də səcdə etməzsə, onun üçün heç bir günah yoxdur". Ömər də səcdə etmədi»
[Buxari: 1077]

İbn Abdul-Bərr (رحمه الله) demişdir: “Bu, Ömərdir və ibn Ömərdir (Abdullah ibn Ömər). Bu ikisinə səhabələrdən heç kim (bu məsələdə) müxalif olmamışdır”
[Əl-İstizkər: 2/508]

2. Tilavət səcdəsi mütləq şəkildə vacibdir. Bu görüş Əbu Hənifənin və imam Əhməddən rəvayət olunan bir görüşdür. Həmçinin, şeyxülislam ibn Teymiyyə də bu görüşü seçmişdir.
Onların dəlilləri isə budur ki, uca Allah Qurani-Kərimdə bir neçə yerdə səcdə etməyi əmr etmiş, səcdə etməyən isə məzəmmət edilmişdir. Necə ki, uca Allah buyurur: ﴾və onlara Quran oxunduqda səcdə etmirlər﴿
[İnşiqaq: 21].

Nəticə: Daha doğru olan görüşə görə tilavət səcdəsinin hökmü vacib deyildir, sünnədir. Buna da onların gətirmiş olduqları dəlillərin daha qüvvətli və açıq-aydın olmasıdır. Həmçinin, bu əməlin vacib olmasına dair açıq dəlil varid olmamışdır.

Tilavət səcdəsi haqqında qısa məlumat: Tilavət səcdəsi Quranda 15 yerdə keçir. İlki Əraf surəsində, sonuncusu isə Aləq surəsindədir. Bu səcdə Quran oxunarkən yaxud dinlənərkən səcdə ayəsinə yetişən zaman bir dəfə edilir. Ediliş şəkli namazın səcdəsində olduğu kimidir və eyni sözlər deyilir. Səcdəyə gedərkən bir tək əvvəlində təkbir gətirmək daha əfzəldir. Daha doğru rəyə görə dəstəmazlı olmaq şərt deyildir.

Hazırladı: Nail Paşa