Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Sələfi biri nə zaman əhli-sünnət dairəsindən çıxır?
Təbdinin şərtləri, maneələri və bidətçi hökmünün verilməsində əsas meyarlar nələrdi?
Əhli-sünnə alimlərinin etiqad və mənhəc məsələlərində mühüm prinsiplərindən biri budur ki, bir şəxsin xəta etməsi ilə onun dərhal bidətçi adlandırılması arasında fərq qoyulmalıdır. Həmçinin hər bir bidətin eyni səviyyədə olmadığı, hər bir xətanın insanı Əhli-sünnə dairəsindən çıxarmadığı və müəyyən bir sözün və ya əməlin bidət olması ilə həmin şəxsin “mübtədi” adlandırılması arasında fərq olduğu nəzərə alınmalıdır. Bu məsələ xüsusilə “sələfi” olduğunu deyən insanlar arasında diqqətlə araşdırılmalıdır. Çünki bəzən müəyyən bir alimə, dəvətçiyə və ya müsəlmana aid edilən bir xəta səbəbilə dərhal “bidətçi”, “Əhli-sünnədən xaric” və hətta daha ağır hökmlər verilir. Halbuki Əhli-sünnə alimlərinin üsulu bundan daha dəqiq və ədalətlidir. Allah-Təala buyurur:
“Ey iman gətirənlər! Allah üçün ədalətlə şahidlik edənlər olun.”
(əl-Maidə, 8) Deməli, bu məsələdə əsas olan şəxslərə münasibətdə nə həddindən artıq yumşaq, nə də həddindən artıq sərt olmaqdır. Əsas olan şəri meyarları bilmək və hökmü həmin meyarlara əsasən verməkdir.
1. Bidət nədir?
Bidət şəriətdə Peyğəmbərin ﷺ gətirdiyi dinə sonradan daxil edilən və ibadət və ya etiqad olaraq dinə aid edilən hər şeydir.
2. “Bu söz bidətdir” ilə “bu şəxs bidətçidir” arasında fərqin olması:
Əhli-sünnənin mühüm üsullarından biri budur: Söz və ya fikir haqqında verilən hökm ilə onu söyləyən konkret şəxs haqqında verilən hökm ayrı ola bilər. Məsələn bir insanın söylədiyi söz batil və ya bidət ola bilər. Lakin həmin insanın:
məsələni bilməməsi,
yanlış təvil etməsi,
dəlilin ona çatmaması,
yanlış başa düşməsi,
müəyyən şübhəyə düşməsi
kimi maneələr ola bilər.
Buna görə də konkret şəxs haqqında hökm verməzdən əvvəl bu məsələlər araşdırılmalıdır.
3. Təbdi nə deməkdir?
“Təbdî” müəyyən şəxsin “mübtədi”, yəni bidətçi olduğuna hökm verməkdir. Bu hökm sadəcə “sən səhv etdin” demək deyil. Çünki insanın səhv etməsi qaçılmazdır. İmam Malik رحمه الله demişdir:
“Hər birimizin sözü qəbul da edilə bilər, rədd də edilə bilər; yalnız bu qəbrin sahibi istisnadır.” Burada məqsəd Peyğəmbərin ﷺ sözündən başqa insanların sözlərinin səhvdən məsum olmadığını göstərməkdir.
Deməli, alim və ya dəvətçinin müəyyən məsələdə səhv etməsi avtomatik olaraq onun Əhli-sünnə dairəsindən çıxması demək deyildir.
4. Təbdidin əsas şərtləri:
Bir şəxsin bidətçi adlandırılması məsələsində bir neçə mühüm şərtə diqqət edilməlidir.
Birinci şərt: Xətanın həqiqətən bidət olması.
Əvvəlcə mübahisə edilən məsələnin özü araşdırılmalıdır.
Bir məsələdə iki sünni alim arasında ixtilafın olması həmin məsələdə fərqli fikir söyləyən şəxsin bidətçi olması üçün kifayət deyildir.
Əgər məsələ:
ictihadidir, mötəbər alimlər arasında ixtilaflıdır, bir neçə şəri dəlilin fərqli başa düşülməsinə əsaslanırsa, belə məsələlərdə tələsik şəkildə təbdi etmək doğru deyil.
İkinci şərt: Dəlilin müəyyən olması.
Bir şəxsi bidətçiliklə ittiham etməzdən əvvəl onun qarşısında olan dəlil və həmin dəlilin bu məsələyə necə tətbiq edildiyi araşdırılmalıdır. Çünki insanın qarşısında dəlil olmadan etdiyi xəta ilə dəlil ona açıq şəkildə bəyan edildikdən sonra inadla ona müxalif olması eyni deyildir.
Üçüncü şərt: Hüccətin iqamə edilməsi.
Xüsusilə insanı Əhli-sünnə dairəsindən çıxaran ağır hökmlərdə alimlər hüccətin iqaməsinə böyük əhəmiyyət vermişlər.
İbn Teymiyyə رحمه الله bu məsələdə insanların fərdi hökmünün və ümumi hökmün bir-birindən fərqləndirilməsini vurğulamışdır.
Bir sözün bidət olması başqa məsələdir; həmin sözü söyləyən konkret şəxsin bidətçi olması isə ayrıca araşdırma tələb edir.
Dördüncü şərt: Təvil və cəhalət kimi maneələrin olmaması.
İnsan bəzən Quran və sünnədən dəlil olduğunu düşünərək yanlış nəticəyə gələ bilər.
Əgər insan:
səmimi şəkildə haqqı axtarırsa, məsələdə təvil edibsə, dəlili yanlış anlayıbsa, cəhalət üzündən xəta edibsə, onun haqqında hökm verərkən bu amillər nəzərə alınmalıdır.
Bu, xətanın doğru olması mənasına gəlmir. Əksinə, xətanın hökmü ilə şəxsin hökmünün fərqləndirilməsi deməkdir.
5. İnadla bidəti müdafiə etmək.
Təbdi məsələsində mühüm fərqlərdən biri də insanın öz xətasına münasibətidir.
Bir insan:
ona haqq bəyan edildikdən sonra, dəlil ortaya qoyulduqdan sonra, məsələni başa düşdüyü halda, inad və təəssüb göstərərək, bidəti müdafiə edir və ona çağırırsa, bu vəziyyət əvvəlki haldan daha ağırdır.
Lakin burada da hökm vermək üçün məsələnin həqiqəti, dəlillərin gücü və şəxsin vəziyyəti mütləq araşdırılmalıdır.
6. Hər bidət insanı Əhli-sünnədən çıxarırmı?
Xeyr.
Əhli-sünnə alimləri bidətlər arasında fərq qoymuşlar. Bəzi bidətlər insanın etiqadına çox ağır şəkildə təsir edə bilər, bəziləri isə insanı İslamdan çıxarmadığı kimi, avtomatik olaraq Əhli-sünnə dairəsindən də çıxarmaya bilər.
Bu səbəbdən:
“Bidət etdi” → “bidətçidir” → “Əhli-sünnədən tamamilə xaricdir” şəklində hər vəziyyət üçün avtomatik bir zəncir qurmaq düzgün deyil. Məsələnin növü, bidətin dərəcəsi, şəxsin mövqeyi və alimlərin həmin məsələ barədə hökmləri nəzərə alınmalıdır.
7. Sələfi olmaq sadəcə müəyyən şəxsləri təbdi etməkdən ibarət deyildir.
Sələfilik Quran, sünnə və səhabələrin yoluna tabe olmaqdır. Buna görə də sələfi mənhəcin mühüm xüsusiyyətlərindən biri ədalət və elmi dəqiqlikdir. Bir insanın çoxlu sayda şəxsi bidətçi elan etməsi onun sələfi mənhəcində olmasına avtomatik dəlil deyil. Əksinə, təbdi məsələsində alimlərin üsulunu bilmədən danışmaq özü ciddi xətalara səbəb ola bilər.
8. “Əhli-sünnə dairəsindən çıxmaq” ağır hökmdür.
Bir insanın müəyyən məsələdə səhv etməsi ilə onun Əhli-sünnə dairəsindən çıxması arasında böyük fərq vardır.
Əhli-sünnə alimlərinin böyük imamlarından olan İmam Əhməd رحمه الله bəzi şəxslər haqqında çox ağır sözlər söyləsə də, onun metodunu araşdıran alimlər göstərmişlər ki, bütün xətalar eyni səviyyədə qiymətləndirilməmişdir.
Ona görə də konkret şəxsin Əhli-sünnə dairəsindən çıxması haqqında danışarkən:
Məsələnin etiqadi və ya mənhəci əhəmiyyəti; Xətanın dərəcəsi; Dəlilin qəti olub-olmaması; Şəxsin məsələni bilməsi; Təvil və ya cəhalətinin olub-olmaması; Hüccətin ona çatdırılıb-çatdırılmaması; Onun xətasında israr edib-etməməsi; Həmin bidətə çağırıb-çağırmaması kimi məsələlər nəzərə alınmalıdır.
Ümumiyyətlə bilmək lazımdır ki, elm tələbəsi İslam dəvətçisi biri tərəfindən hər məsələnin sosial media mübahisəsinə çevrilməsi və hər kəsin qarşı tərəfi “bidətçi” elan etməsi Əhli-sünnənin elmi metodologiyasına yaddır. İnsan bilmədiyi məsələdə danışmamalıdır. Allah-Təala buyurur:
“Bilmədiyiniz şeyin ardınca getməyin.”
(əl-İsra, 36) Buna görə də hər bir müsəlman, xüsusilə də özünü sələfi mənhəcə nisbət edən şəxs, təbdi məsələsində çox ehtiyatlı olmalıdır.
Çünki məqsəd insanların sayını artırmaqla “bidətçi” siyahısı hazırlamaq deyil. Məqsəd haqqı ortaya çıxarmaq, sünnəni qorumaq və insanlara ədalətlə hökm etməkdir. Habelə bilmək lazımdır ki, təbdi şəriətdə məqsəd deyil, sadəcə olaraq (zərurət yarandıqda dini qorumaq üçün) bir vasitədir. Allah bizi haqqı haqq olaraq görüb ona tabe olanlardan, batili batil olaraq görüb ondan çəkinənlərdən etsin. Amin.
SON ƏLAVƏLƏR