Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Debat etməyə ehtiyac yaranarsa, debat etmək olarmı?!
Bəli, əgər məqsəd haqqın artaya çıxması olarsa və müsəlman toplumun azğınlığa düşməsinin qarşısını almaq üçün şiddətli ehtiyac olarsa, bu cür debatları etmək icazəlidir. Xüsusən də cəmiyyətdə bidət, xurafat, dinsizlik və s. batillər, küfr və şirk yayılarsa, debatı yaxşı bacaran şəxslərin bunu etməsində fayda olur. Sələf alimləri bu durumu istisna hal kimi qəbul etmişlər. Amma debatları kütlə qarşısında etmək daha ağır, daha çətin şərtlərlə mümkündür. Əksər sələf imamları bu açıq (kütlə qarşısında edilən) debatları ehtiyac olmadığı təqdirdə məzəmmət etmişlər. Yenə də ehtiyac olarsa, alimlər bu işi yalnız elm əhlinin etməsini tövsiyə etmişlər. Əgər savadsız şəxslər debat edərlərsə, bu, artıq İslam dəvətinə zərərdən başqa bir şey gətirməz.
Sələf alimləri (ilk üç hicri əsrdə yaşamış İslam alimləri) dinin əsaslarını qorumaq üçün ehtiyac yarandıqda bidət əhli və fərqli firqələrlə debatlar (münazərələr) etmişlər. Onlar fərdi maraq üçün deyil, yalnız haqqı ortaya çıxarmaq üçün müzakirəyə icazə vermişlər.
Bu sahədə fərqlənən ən məşhur sələf alimlərindən bəziləri bunlardır:
• İbn Abbas (vəfatı. 68 hicri): O, (Allah ondan razı olsun) İslam tarixində ilk böyük debatçıdır. Xaricilərin (radikal qruplaşma olan xəvariclər) düşərgəsinə gedərək onlarla debat etmiş və fəsahətli arqumentləri ilə minlərlə insanı tövbə etdirmişdir. Mənbələrdə qeyd olunur ki, Əli İbn Əbu Talibin (Allah ondan razı olsun) zamanında baş tutan bu görüşdə 12.000 xəvaricdən 8.000 debat nəticəsində tövbə edib rəyini dəyişir. Rəyini dəyişməyən 4.000 nəfər xəvaric ilə isə xəlifənin ordusu döyüşüb onları məğlub edir.
• İmam Şafi (vəf. 204 hicri): O, (Allah ona rəhmət etsin) Fiqh və üsul elmində debat sənətinin zirvəsidir. O, həm İraq alimləri ilə fiqhi məsələlərdə, həm də Mötəzilə firqəsi ilə əqidə mövzularında məşhur münazərələr aparmışdır.
• İmam Əhməd ibn Hənbəl (vəf. 241 hicri): O, (Allah ona rəhmət etsin) "Xalqul-Quran" (Quranın yaradılması) fitnəsi zamanı xəlifənin sarayında Mötəzilə alimləri ilə təkbaşına debat etmiş və Əhli Sünnə əqidəsini qorumuşdur.
• Ömər ibn Əbdüləziz (vəf. 101 hicri): O, (Allah ona rəhmət etsin) xəlifə olduğu dövrdə xaricilərin rəhbərləri ilə elmi debatlar apararaq bir çoxunun silahı yerə qoymasına nail olmuşdur.
• İmam Əbu Hənifə (vəf. 150 hicri); İslami qaynaqlarda onun (Allah ona rəhmət etsin) xüsusən də zamanında olan bəzi dinsizlər, ateistlərlə debatlar etməsi barədə məlumatlar məşhur və yayqındır. O, ehtiyac olduqda bəzi alimlərlə də debatlar etmişdir.
• Qadı Əbu Yusuf (vəfatı: 182 hicri): Əbu Hənifənin ən böyük fiqh tələbəsi olub, dövrün mötəzili rəhbərləri və fərqli bidətçi qrupları ilə sarayda və elmi məclislərdə üzbəüz mübahisələr etmişdir.
• İmam Buxari (vəfatı: 256 hicri): Cəhmiyyə və digər azğın firqələrin şübhələrinə qarşı həm əsərlərində, həm də elm məclislərində rəddiyyələr vermişdir. İmam Buxarinin dövründə "Quran məxluqdurmu (sonradan yaradılmışdırmı)?" mövzusunda böyük fitnə və müzakirələr gedirdi. Nişaburda olarkən ondan bu barədə soruşulduqda, o, "Quran Allahın kəlamıdır (yaradılmayıb), lakin qulların əməlləri və Quranı oxuyarkən çıxardıqları səslər yaradılmışdır" cavabını verdi. Bu fərqli yanaşma dövrün digər böyük hədis alimi Məhəmməd ibn Yəhya əz-Zuhli tərəfindən sərt qarşılandı və aralarında ciddi elmi ixtilaf və debata səbəb oldu. Buxari öz elmi mövqeyini müdafiə etmək üçün sonradan "Xalqu Əfalil-İbad" (Qulların əməllərinin yaradılması) adlı məşhur əsərini yazdı.
İmam Buxari Bağdada gələrkən onun güclü hafizəsini yoxlamaq üçün şəhər alimləri böyük bir kütlə qarşısında planlı bir sınaq təşkil etdilər, onu sınaqdan keçirdilər, on alimin hərəsinə on uydurma və ya sənədləri (ravilər zənciri) qarışdırılmış hədis verildi (cəmi 100 hədis). Alimlər növbə ilə hədisləri oxudu, İmam Buxari isə hər birinə "Bunu bilmirəm" deyə cavab verdi. Hamı bitirdikdən sonra İmam Buxari hər 10 nəfərə tək-tək müraciət edərək, onların oxuduğu səhv variantları hafizəsindən ardıcıllıqla təkrarladı və dərhal hər birinin düzgün sənəd və mətnini bərpa etdi. Bu hadisə onun elmi üstünlüyünü hamıya sübut etdi, həm də mu sınaq bir debat hökmünü daşıdığı kimi böyük bir cəsarət də tələb edirdi.
• Əbdüləziz əl-Kinaninin (Allah ona rəhmət etsin) Bağdad mötəzilələrinin alimi və şairi Bişr əl-Mərisi ilə məşhur debatları olmuşdur. O, miladi tarixlə 854-cü ildə vəfat edib. O, imam Şafinin ən məşhur və aparıcı tələbələrindən biri olmuş, həmçinin Süfyan ibn Uyəynədən dərs almışdır.
Qeyd edilən debat xəlifə Məmunun dövründə baş vermiş və əl-Kinani əqidə məsələlərində (xüsusən Quranın məxluq olması və Allahın sifətləri mövzusunda) Bişr əl-Mərrisiyə üzbəüz rəddiyyə verərək onu təkzib etmişdir. Bu tarixi dialoq və təkziblər daha sonra əl-Kinaninin qələmə aldığı məşhur "əl-Haydə" əsərində toplanmışdır. Bu kitabın ərəbcəsini əldə etmək çox asandır. Ərəbcəsi الحيدة والاعتذار adı ilə məşhur olan bu kitabı kitab dükanlarından da əldə etmək mümkündür. Bu kitabı bizə Beynəlxalq Mədinə İslam universitetində əqidə mütəxəssisi şeyx Əltafur-Rahmən (Allah onu qorusun) bakalavr pilləsində ikən oxutdurmuş və ixtisar etdirmişdi. Bu kitabı oxuduqca sələfin bu böyük aliminin elminin və hazırcavablığının möhtəşəmliyi qarşısında valeh olmamaq mümkün deyildi.
Onlardan sonrakı sələf alimləri də ehtiyac olduğu zaman debatlar edərək haqqın ortaya çıxmasına töhfə vermişlər. Məsələn;
• Şeyxülislam İbn Teymiyyə (1263-1328 miladi): O (Allah ona rəhmət etsin), batil əhlinə qarşı çoxsaylı kitablar yazaraq rəddiyyə verməklə kifayətlənməmiş, bundan əlavə, onun dövrünün məşhur alimləri, sufi şeyxləri və müxtəlif dini cərəyanların nümayəndələri ilə baş tutan bir çox məşhur üzbəüz debatı və elmi müzakirəsi olmuşdur. O, bu debatları dövrün hakimlərinin və qazılarının iştirakı ilə keçirilən məhkəmələrdə və ya ictimai məclislərdə aparmışdır. Onun ən əhəmiyyətli üzbəüz debatlarından bəziləri bunlardır:
1 – Səfiəddin əl-Hindi ilə debat: Əhli-sünnənin böyük alimlərindən sayılan Səfiəddin əl-Hindi ilə Allahın sifətləri və əqidə məsələləri ətrafında dərin müzakirələr aparmışdır.
2 – Ər-Rifaiyyə təriqətinin nümayəndələri ilə debat: Hülakü xanın Bağdadı işğal etdiyi dövrdə, Ər-Rifaiyyə sufi təriqəti mənsublarının "oddan qorunma" (atəşə girmə) iddialarına qarşı çıxmış və bunun həqiqi kəramət olmadığını sübut etmək üçün onlarla münazirə etmişdir.
3 – İbn Ətaillah əl-İskəndəri ilə görüş (Sufizm mövzusu): Təsəvvüf və İbn Ərəbi fəlsəfəsinin bəzi məsələləri barədə Misirdə İbn Ətaillah ilə görüşərək əqidə və təsəvvüfə baxış fərqliliklərini müzakirə etmişlər.
• İbn Qeyyim (1292-1350 miladi): İbn Qeyyim əl-Cövziyyə... (Allah ona rəhmət etsin). Tam adı Şəmsəddin Məhəmməd ibn Əbu Bəkirdir. O da müəllimi ibn Teymiyyə kimi müxaliflərinə həm yazılı rəddiyyələr vermiş, həm də onlarla ehtiyac olduqda canlı debatlar da etmişdi.
İbn Qeyyim kor-koranə təqlidə, məzhəb təəssübkeşliyinə qarşı idi. Şafii, Hənəfi və digər məzhəb alimləri ilə fiqhi məsələlərdə (məsələn, talaq, namazda əllərin qaldırılması və s.) üzbəüz elmi mübahisələr etmişdir. Kəlamçılar və fəlsəfəçilərlə mübahisələr etmişdi. Əşari və Maturidi kəlam alimləri, eləcə də fəlsəfə tərəfdarları ilə Allahın sifətləri və tale (qədər) məsələlərində Şam və Qahirə məclislərində birbaşa debatlar aparmışdır. Onun bəzi yəhudilərlə də üzbəüz debat etməsi nəql olunur.
• Əsrin mücəddid alimi şeyx Nasiruddin əl-Albani (1914-1999): Müasir böyük sələf alimlərindən ən çox debat edənlərdən bəlkə də birincisi Şeyx Nasiruddin Albanidir (Allah ona rəhmət etsin). Onun debatları olduqca çoxdur. Onun hətta sələfi şeyxlərlə belə faydalı debatları olmuşdur. Şeyx Abbadla "altıncı gün oruc tutmaq" mövzusu barədə etdiyi debat internet üzərində də mövcuddur. Həmin debat iki böyük alimin bir-birinə qarşılıqlı hörməti, ehtiramı və böyük bir ədəb üzərində baş tutmuşdur. Şeyx Albani Bəşər Əsədin dəstəkçisi olan suriyalı Məhəmməd Səid Ramazan əl-Buti ilə də debat etmişdi. Bu debat "Məzhəb və təqlid" mövzusu üzərində olmuş, internet üzərində də mövcuddur. Onun Peyğəmbərə mövlud keçirmək barədə müxtəlif sufi nümayəndələri ilə də debatları olmuşdur. O, təbliğ, ixvan camaatlarının liderləri ilə də debatlar etmiş, həmçinin bəzi təkfirçi qruplarla da debatlar etmişdir. Şeyx Albani bununla kifayətlənməyib, başqa dinlərdən olanlarla da üzbəüz debatlar etmişdi. Məsələn, Lübnanlı Maruni keşişləri ilə də onun debatı olmuşdu. Ümumiyyətlə şeyx Albaninin "Silsilətül-Hudə vən-Nur" adlı səsyazı kasetlərində şeyxin çoxsaylı debatları arxivləşdirilmiş və qorunmuşdur. Şeyx Albaninin debat barədə çıxışlarında da onun debatı səsyazı ilə qeydə almağa icazə verdiyini, lakin geniş kütlələri bu işə cəlb etməyi zərərli görməsi ilə bağlı fikirləri var. Özünün debat etməsinə gəldikdə isə o, özünü bu işin əhli hesab etdiyi üçün debatlardan çəkinmirdi. Əvvəldə qeyd etdiyimiz fikrin təsdiqi kimi şeyx Albani də elmli insanın debat etməsinin tərəfdarı idi.
• İbn Useymin (1929-2001): Muhəmməd ibn Saleh əl-Useymin (Allah ona rəhmət etsin) debatları daha çox qapalı mühitdə baş verir və o, bu cür debatlara üstünlük verirdi. Xüsusən də o Səudiyyə Ərəbistanı "Böyük Alimlər Heyəti"nin fəal üzvü olduğu üçün həmin qapalı məclislərdə dövrün nəhəng alimləri ilə müxtəlif müasir fiqh və fətva məsələləri üzrə çox ciddi elmi mübahisələr aparırdı. Tələbələrinin xatirələrinə görə, bu elmi məclislərdə tərəflər dəlilləri ortaya qoyaraq bir-birləri ilə saatlarca debat edir, lakin məclis bitdikdə tam bir hörmət və qardaşlıq içində ayrılırdılar. Həmin məclislərdə onun debat etdiyi alimlərdən şeyx Əbdüləziz İbn Bəzz, Şeyx Saleh əl-Fövzan və şeyx Əbdürrəzzaq Afifi və s. qeyd etmək olar.
Şeyxin yanına gələnlərdən daha çox təkfir şübhələri içində olan şəxslərlə onun debatlarının olduğu nəql edilir. Xüsusən də ömrünün son on ilində radikal qrupların çoxaldığı bir zamanda şeyx bu tipli debatları etmişdir.
Amma şeyxin daha çox ictimai debatlara çıxmama səbəbi haqqında ondan soruşulduqda o, bu cür debatları "mən qalib gəldim" hissini təmin etmək məqsədilə olduğunu, əsas məqsədin haqqı tapmaq olmadığını deyirdi. Amma o, haqqı tapmaq üçün olan debatları çox sevir və bəyənirdi. O səbəbdən də həmin debatları qapalı şəkildə edirdi.
Saleh sələf alimlərinin həyatından bu mövzuya dair misalları çoxaltmaq olar. Uca Allah bu yazını faydalı etsin, bizlərə haqqı haqq, batili batil kimi görməyi nəsib etsin!
Yazdı: Sahib Əsədov
SON ƏLAVƏLƏR